TEATR BİTDİ, REALLIQLA ÜZLƏŞMƏK ZAMANIDIR! –“İndi “xalqın xidmətçisi” üçün ciddi işlər başlayır”
Bazar günü Ukraynada keçirilən prezident seçkilərində 41 yaşlı məzhəkəçi Zelenski inamlı qələbə qazandı. Vladimir Zelenski inauqurasiyadan sonra, iyun ayının əvvəlində prezident vəzifəsinin icrasına başlayacaq.
Yenixeber.org: Prezident olandan sonra o, “Xalqın xidmətçisi” televiziya komediyasında oynadığı və təxəyyül edilən Ukrayna prezidentinin qarşılaşdığı çoxsaylı problemlərlə real həyatda üz-üzə gələcək. Seçki məntəqələrinin bağlanmasından dərhal sonra Poroşenko öz məğlubiyyətini etiraf edərək, Ukrayna xalqının iradəsinə hörmət göstərəcəyini bildirdi. Lakin Poroşenko xəbərdarlıq edib ki, Zelenskinin qələbəsi Rusiya prezidenti Vladimir Putinin qələbəsidir.
Poroşenko “twitter”də yazıb: “Seçkinin nəticələrinin Kremldə necə təntənə ilə qeyd edilməsini görmək olar. Onlar hesab edirlər ki, yeni və təcrübəsiz prezidentlə Ukraynanı tezliklə Rusiyanın təsir orbitinə qaytarmaq olar”.
Rusiya ilə münasibətlər beynəlxalq ictimaiyyətdə də ciddi narahatlıq doğuracaq. Son beş ildə Rusiya Ukraynanın şərqindəki separatçılara hərbi və maliyyə dəstəyi verib və oradakı döyüşlər nəticəsində 13 min nəfər ölüb.
Qərb diplomatları Zelenskinin komandasını separatçılarla birbaşa danışıqlara girməklə “strateji səhv” etməməyə çağırıblar. Onlar xəbərdarlıq ediblər ki, bu cür danışıqlar Rusiyanın bəyanatlarını əsaslı çıxara bilər. Çünki Rusiya deyir ki, bu Ukraynanın daxili işidir.
Zelenski söyləyib ki, onun ilk işlərindən biri ötən il Kerç boğazından keçərkən Rusiya tərəfindən həbs olunmuş 24 dənizçinin azad edilməsinə nail olmaq olacaq.
Lakin bütün bu qarmaqarışıqlığa baxmayaraq, hələlik heç kim Zelenskinin Poroşenko ilə müqayisədə Kreml üçün daha mötədil olacağını qətiyyətlə deyə bilmir. Zelenski Poroşenkonun millətçi bəlağətindən imtina etsə də, onun hər şeyi improvizasiya etməsi Kremli ehtiyatlı davranmağa sövq edəcək. Hər halda Moskva ən azından Poroşenkonu yaxşı tanıdığından ondan nə gözləniləcəyini bilirdi.
Bazar günü qələbə qazanan Zelenskinin bəzi frazlarına diqqət edək: “Mən Ukrayna vətəndaşı kimi bütün postsovet ölkələrinə deyə bilərəm: Bizə baxın – hər şey mümkündür!” Onun bu sözləri Ukraynadakı prezident kampaniyasını izləmiş əksər rusiyalılarda belə sual yarada bilər ki, görəsən Rusiyada analoji rəqabətli seçkilər necə olardı.
Rusiyalı müxalif siyasətçi Aleksey Navalnı öz “twitter” səhifəsində yazıb: “Keçmiş SSRİ ərazisində nadir zarafat olan ədalətli seçkilər münasibətiylə Ukraynanı və ukraynalıları təbrik edirəm”.
Ukraynanın xalq deputatı Aleksey Ryabçin deyir: “Zelenski Rusiyada populyardır, təsəvvür edin ki, o, instaqrama daxil olur və rus dilində sadə rusiyalılara məlumat göndərməyə başlayır. O, birbaşa danışa bilər, Rusiya isə buna hazır deyil”.
Ayrıca onu da əlavə etmək lazımdır ki, Kremlin reaksiyası təmkinli olub. Putinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov deyib: “Prezident Putinin cənab Zelenskini təbrik etməsi haqqında və müştərək işin mümkünlüyü barəsində danışmaq hələ tezdir”.
Zelenski ölkə daxilində ciddi problemlərlə qarşılaşacaq. Poroşenkonun idarəetməsindən narazılıq onun qələbəsinə səbəb olub və o, bir vilayət istisna olmaqla, bütün Ukrayna vilayətlərində rəqibindən daha çox səs alıb.
Oktyabrda nəzərdə tutulan parlament seçkilərinə qədər Zelenski potensial “düşmən” parlamentlə işləmək məcburiyyətindədir.
Zelenskinin komandası korrupsiyanın yaxına buraxılmayacağı yeni dövrün başlayacağı, siyasi və biznes maraqlarının məhkəmə sisteminə təsir etməyəcəyi vədini verib. Zelenskinin komandasının üzvü Ruslan Stefançuk deyib: “Prezident administrasiyası, məhkəmə və prokurorluq arasındakı əlaqəni dağıtmaq lazımdır”.
Beş il bundan öncə Poroşenko da prezident vəzifəsinə başlayanda eynilə bu cür vədlər vermişdi, lakin o, bunları yerinə yetirə bilmədi. Digər yandan Zelenskinin qalmaqallı oliqarx İqor Kolomoyski ilə əlaqələri əksəriyyəti şübhəyə salır. Zelenski “Kolomoysikinin marionetkası” olması iddialarını qəti şəkildə rədd etsə də, onun bu oliqarxla əlaqələri var. Ona görə də, yeni prezidentin öz himayədarı qarşısında borclu olmasından ehtiyat edənlər az deyil.
Digər ukraynalı oliqarxlar da Zelenskinin qələbəsindən narahatdırlar. Onlar islahatların tərəfdarı kimi çıxış etsələr də, düşünürlər ki, Zelenskinin qələbəsi onların rəqiblərindən birini üstün mövqeyə daşıyacaq.
Üç mövsüm ərzində davam edən “Xalqın xidmətçisi” serialında Zelenskinin real prezidentliyinə oxşayan və oxşamayan xeyli nüans tapmaq olar. Prezident kampaniyasının gedişi zamanı təxəyyül və reallıq arasındakı sərhəd demək olar ki, hiss olunmurdu, amma seçki axşamı Zelenski serialda səslənən musiqi sədaları altında səhnəyə çıxıb öz qələbəsini elan edən zaman bu hisslər daha da gücləndi. Kiyevdə işləyən bir çox diplomatlar bu seriala baxıb Zelenskinin ölkəni necə idarə edəcəyi barədə yeni faktlar aşkarlamaq istəyirlər. (“The Guardian”-Böyük Britaniya)
“AzPolitika”dan: Bütün seçki kampaniyası ərzində Zelenski populist çıxışlar üzərindən məharətlə oynadı. Onun nitqlərində proqram xarakterli heç nə yox idi.Zelenski Poroşenko sayəsində qalib gəldi, çünki sadə ukraynalılar Poroşenko və onun korrupsioner komandasından təngə gəlmişdilər və kleptoktarik məmurlardan canlarını qurtarmaq istəyirdilər. Hətta bunu stadiondakı debat zamanı Zelenski də söyləmişdi. O, Poroşenkoya üzünü tutub deyirdi ki, mən sizin fəaliyyətinizin nəticəsiyəm və qarşınıza çıxmışam.
Onu da demək lazımdır ki, oliqarx İqor Kolomoyskinin əlində olan televiziya kanalları planlı şəkildə Zelenskinin təbliğatına hələ çoxdan başlamışdılar. Bir maraqlı nüansı da yaddan çıxarmayaq. Zelenski qələbəsini elan edəndə postsovet məkanına üzünü tutub dedi: “Bizə baxın – hər şey mümkündür!” Əslində Zelenski dolayı yolla rəsmi Moskvaya söz ilişdirirdi. Onun bu frazası rusiyalılara və Putinə ünvanlanmışdı.
Ancaq artıq seçki geridə qaldı və bunadan sonra artist Zelenski anlayacaq ki, teatr səhnəsi qurtardı və əsl siyasi-iqtisadi reallıqlar gəlir.(azpolitika)
Vaqif NƏSİBOV