NAZARBAYEVİN GERÇƏK VARİSİ KİM OLACAQ? –Boşanmış qızı, general qardaşı oğlu, 52 yaşlı kürəkəni, yoxsa nəvəsi?
Nursultan Nazarbayevin Qazaxıstan hakimiyyətinin zirvəsində oynadığı kombinasiya getdikcə daha aydın cizgilər alır. Prezident postundan gözlənilməz istefa və bu vəzifənin Qasım Tokayevə keçməsi yalnız birinci mərhələ idi. Növbəti addım Nazarbayevin qızı Dariqanın senatın spikeri seçilməsi oldu. Nazarbayevin sonrakı gedişləri necə olacaq və əsil varis Dariqadırmı?
Yenixeber.org: Nursultan Nazarbayevin qəfil istefası 30 illik idarəçiliyin sonunu bildirmir. Sadəcə, müstəqil “Qazaxıstanın atası” artıq öz sağlığında nazarbayevsonrası hakimiyyətin dayanıqlı konstruksiyasını qurmağı qərara alıb. Yəni Nazarbayevin axirətə gedişindən sonra qazax elitası və xalqı hakimiyyət uğrunda mübarizə və qarğaşalığa batmasın deyə, vətəndaşları yeni başçının namizədliyinə alışdırmağı.
Qazaxıstanın bir dövlət kimi bir çox baxımdan Nazarbayevin şəxsiyyəti sayəsində qurulduğu və baş tutduğu nəzərə alınsa, belə bir strateji gediş sayğıya layiqdir: Sov.İKP MK Siyasi Bürosunun keçmiş üzvü istəmir ki, onun əsəri öz sağlığında önəmini itirsin. Amma Nazarbayev Qazaxıstanı kimə qoyub gedəcək?
Düzdür, yeni prezidentə – ömrü boyu xarici siyasətlə məşğul olmuş karyeralı diplomat Kasım Tokayevə tərk etməyəcək. Respublikaya müstəqil başçılıq etmək üçün onun nə müstəqil siyasi çəkisi, nə də nüfuzu var. Həm də yaşı 65-dir – yəni 78 yaşlı Nazarbayevə hər hansı bir varisliyi haqda söhbət ola da bilməz. Tokayev respublikaya, ən azı, bir il başçılıq edəcək – 2020-ci ilin aprelindəki növbəti seçkilərədək. Bundan sonra isə iki variant mümkündür – o, ya prezident postuna seçiləcək və Nazarbayevin sağlığında formal başçılığı davam etdirəcək ki, növbəti seçkilərdə – 2025-ci ildə elbasının gerçək varisi onu əvəz etsin. Ya da Nazarbayev artıq 2020-ci il aprel seçkilərində əsil varisi prezidentliyə irəli sürəcək.
Amma hətta birinci variant, yəni 2020-ci ildə seçilmə halında da aydındır ki, Tokayev prezident postunu bir vaxta qədər tutacaq ki, gərəkli anda istefaya getsin və hakimiyyəti konstitusiyada nəzərdə tutulan adama versin. Yəni Qazaxıstan yuxarı palatasının – senatın başçısına.
Dariqa Nazarbayeva, Nursultanın böyük qızı çərşənbə günü senatın spikeri olub.
Nazarbayevin oğlu yoxdur. O, hakimiyyəti oğlu İlhama vermiş Heydər Əliyevdən fərqli olaraq, üç qızından birini seçməli olur.
Məhz böyük qız Dariqaya artıq çoxdan əsas namizəd kimi baxılır. Digər iki qız siyasətlə heç vaxt məşğul olmayıb.
Dariqa isə 55 yaşına doğru həm respublikanın ən böyük mediaholdinqinə, həm partiyaya, həm də banka başçılıq etməyə, parlamentin aşağı palatasının deputatı və baş nazirin I müavini olmağa macal tapıb. Onun üç elmi dərəcəsi var – tarix elmləri namizədi, siyasi elmlər doktoru və iqtisadiyyat elmləri doktoru. Qazaxıstanın müxtəlif xeyriyyə cəmiyyətlərinə başçılıq edir və bir neçə beynəlxalq mediaforumun rəhbərliyindədir (özəlliklə də Ümumdünya Rus Mətbuatı Assosiasiyasının vitse-prezidentidir).
Peşəkar ifaçı təhsili alıb və hətta bəzən konsertlə çıxış edir – bir zamanlar İosif Kobzon onun metso-sopranosunu dəyərləndirib. Dariqanın üç uşağı var və böyüyün – Nurəlinin artıq 34 yaşı var.
Amma, bax, Dariqanın əri yoxdur – 2007-də boşanıb. Və çoxları məhz bundan sonra onun siyasi karyerasını bitmiş sayıblar. Yəni onda atasının potensial varisini görməyi buraxıblar (indi aydınlaşdığı kimi, əbəs yerə). Xeyr, boşanmağa görə deyil, buna səbəb olan və ardınca baş verən hadisələrə görə.
Rahat Əliyev
Dariqa artıq 2007-də, demək olar, iyirmi beş il idi ki, Rahat Əliyevin – əvvəlcə həkim, sonra biznesmen, sonra general, Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi (MTK) sədrinin I müavini və Nazarbayevin mühafizə xidməti rəisi müavininin arvadı idi. Əliyevi Qazaxıstanda ən qüdrətli adamlardan biri sayırdılar, amma Nazarbayev 2002-nin başlanğıcında öz kürəkənini Milli Olimpiya Komitəsinin başçısı qoydu, yayda isə Avstriyaya səfir göndərdi.
Bu, gözdən düşmək idi. Əliyev 2005-də xarici işlər nazirinin I müavini olmaqla (nazir indiki prezident Tokayev idi) Astanaya qayıtsa da, çox duruş gətirməyib. Onu artıq 2007-ci il fevralın əvvəlində qismətində dönmək olmayan Avstriyaya yenidən səfir göndəriblər. Çünki mayın başlanğıcında onu səfir vəzifəsindən azad edib və şantaj məqsədilə adam oğurlamağa görə beynəlxalq axtarışa veriblər. Söhbət prezidentin kürəkəninin bankın keçmiş ən böyük səhmdarı kimi pul tələb etdiyi “Nurbank”ın üç başçısından gedib (görünür, onları oğurluqda ittiham edib). Onların ikisi bundan sonra itkin düşüb və cəsədləri yalnız bir neçə ildən sonra tapılıb.
Əliyev Avstriyaya səfir təyinatını fevralın 9-da alıb – düz, öz bankının işçilərini oğurladığı gün. Yəni faktiki olaraq xaricdə oturmağa ümid edib, amma mayda ona qarşı cinayət işi qaldırıblar, Nazarbayev onu işdən çıxardıb, sonra isə bütün təltiflərdən də məhrum edib. Əliyev 2008-də qiyabi məhkum olunub, lakin Avstriya keçmiş səfiri və keçmiş kürəkəni verməkdən imtina edib.
Dariqa cinayət işi qaldırıldıqdan tam bir ay sonra ərindən boşanıb və sıradakı bir neçə ildə diqqətini ictimai fəaliyyətə toplayıb. Qazaxıstan müxalifəti hətta onun mühacirətə getdiyi barədə şayiələr buraxıb, ancaq Dariqa Qazaxıstanda qalıb. Keçmiş əri özünü müxalif və rejimin qurbanı elan edib və yalnız 2014-ün yayında ekstradisya üçün növbəti məhkəməni gözləməklə Avstriya hökumətinə təslim olub. O, 2015-in mayında Vyana həbsxanasının hamam otağında asılmış tapılıb. Bəzi ekspertlər onun ölümünü intihar adlandırıblar.
Dariqa həmin ilin sentyabrında baş nazirin I müavini olub. Amma bu vəzifədə cəmi bir il qalaraq senata keçib. İndi aydınlaşdığı kimi, bu, uzaq hədəf üçün edilib.
Dariqanı tanıyanlar onun ağlı və xarakteri haqda yaxşı rəy söylədikləri halda, təsəvvür etmək çətindir ki, Nazarbayev ölkəni zərif qadın çiyninə yükləyər. Amma bunu etməyə hazırlaşmır da – bax, buna görə.
Dariqa Nazarbayevlərin ailə qəbiləsinə söykənərək idarə edəcək. O isə yetərincə böyükdür və savadlı şəkildə əsas mövqelərə yerləşdirilib.
Nursultanın iki qardaşı var idi – hazırda yalnız Bolat yaşayır, amma siyasi çəkisi yoxdur. Balaca qardaş Satıbaldıisə lap gənc ikən 34 yaşında avtoqəzada həlak olub. Amma iki oğlu artıq böyüyüb və general olub. Böyük oğlu Kayratın 49, kiçik oğlu Samatın 40 yaşı var və 2015-in dekabrından Milli Təhlükəsizlik Komitəsi başçısının I müavini işləyir. Samat soyadını Abiş qoyub – babasının, Nursultanın atasının şərəfinə.
Nazarbayev və Samat Abiş
General Abişə indi Nazarbayevin tamamilə mümkün varisi kimi baxılır. Hətta söz-söhbət gəzir ki, əmisi hələ bir neçə il qabaq onu bu qismdə Vladimir Putinə təqdim edib. Aydındır ki, Nazarbayebin Samat Abişə münasibətdə planları haqda onun ən yaxın illərdə alacağı təyinatlar əsasında fikir yürütmək mümkün olacaq, amma daha çox ağlabatandır ki, Dariqanın idarəçiliyi dönəmində onun ən önəmli dayaqlarından biri olacaq.
Nazarbayevin nazirliklər daxil olmaqla müxtəlif rəhbər postları tutan daha bir neçə qardaşı uşağı var. Amma onlar da Alma-Atanın keçmiş başçısı Əhmətjan Yesipov və senatın, MTK-nın keçmiş başçısı və Moskvada keçmiş səfir Nurtay Abıkayev kimi artıq yaşlıdırlar – Yesipovun 68, Abıkayevin isə 71 yaşı var. Əvəzində Əliyevdən daha uğurlu kürəkən var. Timur Kulibayev – ortancıl qız Dinaranın əri.
Qazaxıstanın ən varlı adamı, yerli olimpiya komitəsi və iş adamlarının milli komitəsinin prezidenti yetərincə gəncdir –52 yaşı var. Problem bundadır ki, bir vaxtlar Kulibayevi də Əliyev kimi Nazarbayevin varisi təklif ediblər və Dariqa qəbilənin başçsı olanda onun münasibətlərinin necə biçimlənəcəyi qətiyyən aydın deyil.
Timur Kulibayev
Bundan savayı, Nazarbayevin bir neçə nəvəsi də var və böyüyün indi cəmi 34 yaşı olsa da, aydındır ki, onlar zaman keçdikcə daha görkəmli postlar tutacaqlar.
Nazarbayev qəbiləsinin gücü eyni zamanda onun zəifliyidir. Hələlik onları elbası baba birləşdirir, amma zəmanət haradadır ki, onun ölümündən sonra dalaşmayacaqlar?
Nazarbayev əlüstü iki vəzifəni həll etməlidir – elə etməlidir ki, qəbiləsinin hakimiyyət varisliyi hüququ bütünlükdə Qazaxıstan elitası tərəfindən höcətə salınmasın və artıq özü olmayanda qəbilə içində didişməyə yol verilməsin. İkinci vəzifə birincidən sadə görünmür və Nazarbayev buna görə də qalan vaxtında elə etməyə çalışacaq ki, qəbiləiçi münasibətlər balanslaşsın. Bununla belə, yenə də tək varis-lidersiz keçinməyəcək – bunun Dariqa, Samat Abiş, nəvələrdən kiminsə olacağı Nazarbayevə nə qədər ömür verildiyindən asılı olacaq. Deyək ki, 10 ildən sonra indi hətta babaya varis olmağa iddia etməyən nəvələrin şansı xeyli artacaq.
Əlbəttə, ailə daxilində hakimiyyəti ötürməkdə Nazarbayevi ikiüzlücəsinə ittiham etmək olar, amma onun hansı alternativləri var? Qazaxıstan SSRİ-nin faciəli məhvi üzündən dünya xəritəsində təsadüfən meydana çıxıb. Bu sovet respublikası bütün minusları və problemlərilə məhz Nazarbayevin sayəsində, amma İttifaqın başqa qırıntılarından daha uğurlu şəkildə dövlət kimi baş tutub.
Qazaxların dövlətçilik ənənəsi olmayıb, tayfa və qəbilə prinsiplərilə bölünüblər və Nazarbayevin ölümündən sonra orada hakimiyyət uğrunda mübarizə başlasa, onda qurduğu dövlət, sadəcə, dağıla və yox ola bilər.
Əlbəttə, Nazarbayev öz övladına belə bir aqibət istəmir, hakimiyyəti ötürməkdə özəl hazırlanmış varislə, ya da beləcə hazırlanmış qohum arasında seçim edərkən, şübhəsiz, qohumun üzərində duracaq. Heç olmasa, onlara daha çox inandığı, onları daha yaxşı tanıdığı üçün – onların hakimiyyəti onun öz vətəndaşlarından qazandığı ad və nüfuzuna görə müqəddəs sayılacaq.
Postsovet məkanında hakimiyyətin varislik üzrə verilməsində hələlik yalnız bir sınaq olub – Azərbaycanda Heydərdən İlham Əliyevə. Amma düşünmək lazım deyil ki, hakimiyyətin belə təşkili yalnız islamçı və ya avtoritar rejimlərə xasdır. Xeyr, bu, təkcə monarxiyaların deyil, ən müxtəlif dövlətlərin özəlliyidir. İndiki dünya ölkələrinin çoxu II dünya savaşından sonra formalaşıb və orada ali hakimiyyətin necə biçimləndiyinə diqqətlə baxsaq, çoxlu ümumi yönlər görərik. Bhutto qəbiləsi fasilələrlə olsa da, Pakistanı, Neru qəbiləsi Hindistanı, Bandaranaike ailəsinin bir neçə təmsilçisi Şri-Lankanı yönəldib. Filippində prezident kürsüsündə bir neçə ailə bir-birini əvəzləyib, İndoneziyada və Myanmada respublikanın qurucularının qızları hakimiyyətə gəliblər. Bəli, bu, heç də hər yerdə birbaşa uğurlu olmayıb, amma onlar 27 yaşlı Qazaxıstandan xeyli artıq mövcuddur. Sabitləşmiş dövlətlər – Qərb ölkələri isə özlərini belə hesab edir – sanki varisliyi tətbiq etmir. Amma hətta Buşları və Tüdorları örnək gətirməyəcəyik – anqlo-saks ölkələrində hakimiyyətin gerçək mexanizmləri, pul və nüfuz artıq bir neçə on ildir, bəzən isə yüz illərlə bir neçə ailənin əlindədir.
Baş nazir və prezidentlərin görünüb yox olması bu dövlətlərin varlığına təsir etmir – dövlət aparatının özü və elitalar bu qədər dayanıqldır. Amma Qazaxıstanla bağlı halda hər şey olmasa da, çox məsələ birinci şəxsin əvəzlənməsindən asılıdır. Nazarbayev istəyir ki, Qazaxıstan ondan çox yaşasın.Tərcümə: Strateq.az
Pyotr Akopov
vzqlyad.ru, 21.03.2019