Qazaxıstan Prezidenti Nursultan Nazarbayev bu gün vəzifəsindən istefa verməsi gündəmdə bomba effekti yaratdı.
Yenixeber.org: “Prezident kimi öz səlahiyyətlərimdən imtina etmək qərarı qəbul etdim. Təhlükəsizlik Şurasının sədri olaraq çalışmağa davam edəcəyəm. Mən “Nur Otan” Partiyasının sədri və Konstitusiya Şurasının sədriyəm. Sizinlə olacam” - Nazarbayev yerli telekanallar vasitəsilə yayımlanan xalqa müraciətində deyib.
Prezidentin səlahiyyətlərini müvəqqəti olaraq Qazaxıstan Senatının spikeri Qasım-Jomart Tokayev icra edəcək. O, martın 20-də keçiriləcək andiçmə mərasimindən sonra yeni vəzifəsinin icrasına başlayacaq.
Politoloqlar istefanın səbəbləri barədə fikirlərini bildiriblər.
Qazaxıstanlı politoloq Tolqanay Umbetalievanın sözlərinə görə, Nazarbayevin istefa qərarı gözlənilməz addım olsa da, hərçənd onun simptomları görünürdü.
“Kadr dəyişiklikləri və Nazarbayevin Konstitusiya Məhkəməsinə müraciətindən sonra şəxsən əmin idim ki, hamı növbədənkənar seçkilərə gedir. İndi Qazaxıstanın üzərində iqtisadi və sosial problemlər sallanıb və deyəsən, onları həll etmək Nazarbayev üçün artıq çətindir. Mən düşünürəm ki, o, sadəcə çiyinlərində olan məsuliyyətdən yoruldu”, - o deyib.
Politoloq qeyd edib ki, son zamanlar onun reytinqi düşməyə başlamış, gənclərin arasında etiraz əhval-ruhiyyələri kəskinləşmişdi.
“Onun getməsi ciddi addımdır, amma bu düzgün qərardır. Hərçənd, o, əlbəttə siyasətdə qalır, bir çox proseslərdə iştirak edə biləcək və mövqelərini cidd saxlayacaq”, - politoloq əlavə edib.
“Fərqanə” saytının baş redaktoru Danil Kislovun sözlərinə görə, son bir neçə ayda hamı Nazarbayevin istefa verəcəyini gözləyirdi:
“O sadəcə özünü pis hiss edir və yəqin, özü anladı ki, prezident vəzifələrini daha icra edə bilmir. Bütün bunlar, görünür hakimiyyətin Yeltsin-Putin şəklində ötürülməsidir. Çünki Qasım-Jomart Tokayev Qazaxıstanda ən nüfuzlu, güclü siyasətçilərdən biridir. Ehtimal ki, Tokayev Qazaxıstanın gələcək prezidentinin soyadıdır. Mən deyərdim ki, bu, Qazaxıstan üçün ən yaxşı variantdır, o, Nazarbayevin ən yaxşı varisi ola bilər. O, savadlı və normal siyasətçidir. Hamı çox qorxurdu ki, Nazarbayev hakimiyyəti öz qızına verəcək və onda xaos başlanardı. Tokayevə gəlincə, deyərdim ki, Qazaxıstanın səhmi onun gəlişiylə yüksələcək”.