Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

İçməyən “əyyaş”, baş naziri “qəbul etməyən” artist və Kosıginin “Volqa” hədiyyəsi –ciddi kloun Nikulinin həyatı

 

75 illik ömrünün 50 ilini sirkə həsr etsə də, kino ona daha çox populyarlıq qazandırıb. 

Yenixeber.org: Düzdür, SSRİ-də sirkə maraq böyük olub, kifayət qədər tamaşaçı auditoriyası da formalaşıb, amma Yuri Nikulin fəth etdiyi zirvələrə sirk səhnələrindən ucalmayıb.

Onun hər yerdə sözü keçərliyi heç də məşhur kloun olduğundan irəli gəlməyib. Təbii ki, heç vaxt sirkə getməyən Stalinin, sirkin yolunu tanımayan Xruşovun, əyləncələri sevən Brejnevin Nikulinə xoş münasibəti sirklə bağlı olmayıb. Amma əvvəlkilərdən fərqli olaraq Leonid İliç Brejnev bir dəfə Yuri Nikulini sirk səhnəsində canlı olaraq görmək arzusuna düşüb, sirkə təşrif buyurub və gəlişi ilə sözün əsl mənasında fərqli bir sirk səhnəsi yaradıb. Leonid İliç xüsusi lojaya keçən məqamda tamaşaya uyğun olaraq işıqlar söndürülüb və cəmisi 3 pilləsi olan lojaya qalxanda Brejnev yıxılıb. Bax, elə əsl sirk də bundan sonra başlanıb. Uzun müddət sirkdə istintaq aparılıb, işığın məhz niyə həmin anda və kim tərəfindən söndürülməsi araşdırılıb, cəzalar tətbiq olunub...

Yuri Nikulin 1921-ci ildə Smolenskdə anadan olub, 1925-ci ildə valideynləri Moskvaya köçüblər. İki müharibənin, sovet-fin və 1941-45 Almaniya-SSRİ müharibəsinin iştirakçısı olub. Hər iki müharibədə orden və medallarla təltif olunub, müharibədən kontuziya ilə qayıdıb.

Nikulin uşaqlıq illərindən teatr səhnələrinə, sirk manejlərinə, çəkiliş meydancalarına böyük maraq göstərib. O, ordudan tərxis olunduqdan sonra uşaqlıq illərinin arzusunu gerçəkləşdirmək üçün sənədlərini Moskvada Kinematoqrafiya institutuna verib. Elə ilk müsabiqədən “səndə kino ilə bağlı heç nə yoxdur, sən bu sahə üçün yaramırsan” deyib geri qaytarıblar.

Növbəti dəfə Nikulin teatr institutuna üz tutub. Eyni sözləri burada da eşidib: “Biz sizdə heç bir istedad, talant görmürük...”
Cəbhə dostlarından biri Nikulinə Moskva sirkinə getməyi məsləhət görüb. Nəhayət, Nikulini sirkin nəzdində fəaliyyət göstərən məktəb-studiyaya qəbul ediblər. Nikulin burada təhsilini başa vurduqdan sonra elə Moskva sirkində də fəaliyyət göstərməyə başlayıb. İlk illərdə o, məşhur kloun Karandaşın köməkçisi vəzifəsini daşıyıb. Bununla da Nikulinin həyatı Moskva sirkinə bağlanıb və o, 1981-ci ildə baş rejissor, bir il sonra isə sirkin direktoru vəzifəsində çalışıb.

Sirkdəki fəaliyyəti ilə paralel Yuri Nikulin bir çox filmlərdə rollar alıb. “Gitara çalan qız”, “Araq çəkənlər”, “Köpək Barbos və qeyri-adi kross”, “I əməliyyatı və Şurikin başqa macəraları”, “Qafqaz əsiri”, “Brilyant əl”, “Qoca quldurlar”, “Müqəvva”, “Ağaclar böyük olanda”, “Müharibəsiz iyirmi gün” və 40-dan çox digər filmlərdə Nikulin yaratdığı obrazlarla milyonların sevimlisinə çevrilib.

Nikulin sənət adamları arasında xeyirxahlığı, mərhəməti, təmmənasız yaxşılıq etmək bacarığı ilə fərqlənib. Özü birotaqlı kommunal evdə yaşasa da, o, çoxlarının mənzilə sahib olmasının səbəbkarı olub. Yuxarıların qapısını heç vaxt özü üçün döyməyən Nikulin bəzən heç tanımadığı insanların problemlərini həll edib.

Nikulin maşın sürməyi yaxşı bacarmasa da, avtomobil həvəskarı olub. Məlum olduğu kimi, SSRİ-də şəxsi avtomobilə sahib olmaq bugünkü kimi asan olmayıb. Nikulin bir neçə dəfə sənət dostlarına maşın almaq üçün Mərkəzi Komitə üzvlərinə ağız açıb və sözü yerə düşməyib. Onun bu xeyirxahlığından və avtomobilə həvəsindən SSRİ Nazirlər Sovetinin sədri Kosıginin də xəbəri olub və baş nazir Nikulin üçün sürpriz edib. Məşq zamanı Nikulinə deyiblər ki, onu təcili telefona çağırırlar. Aktyor məşqi yarımçıq qoymayıb, inzibatçıya deyib ki, zəng vuran kimdirsə, deyin, nömrəsini qoysun, məşqdən sonra zəng vuraram. 1-2 saatdan sonra məşq sona çatıb. Nikulin həmin nömrəyə zəng vurub, xəttin o başından qız səsi eşidilib:

- Salam, Aleksey Nikolayeviçin qəbul otağı, eşidirəm sizi.

Nikulin çaş-baş qalıb:

- Salam, mən heç bir qəbula yazılmamışam. Bu hansı Aleksey Nikolayeviçdir?

Xanım Nikulinin səsini dərhal tanıyıb və zarafatyana deyib:

- Bəli, siz qəbula yazılmamısınız, amma yoldaş Kosıgin sizin qəbulunuza düşmək istəyib. Bir dəqiqə xəttə qalın, sizi birləşdirim.

Kosıgin dəstəyi götürüb salamlaşdıqdan sonra zarfatla mətləbə keçib:

- Yuri Vladimiroviç, məşqlər arası vaxt tapsanız Kaşirski şossesindəki avtomobil bazasına baş çəkərsiniz, sizi orada gözləyirlər. Bir də imkan olanda bizim kimi qeyri-məşhurların da telefonuna cavab verin...

Səhərisi gün Nikulin bazaya gedib. Onu böyük hörmətlə qarşılayıblar və “Volqa”nın açarını Kosıginin adından ona təqdim ediblər.

Nömrə almaq üçün Dövlət Avtomobil Müfəttişliyinə gedən Nikulin orada da böyük mehribanlıqla qarşılanıb. Hörmət əlaməti olaraq Nikulinin avtomobilinə 00-13 nömrəsini veriblər. Həyat yoldaşı bu nömrənin uğursuz olduğunu söyləsə də, Nikulin “mən belə şeylərə inanmıram” deyərək nömrəni götürüb. Amma nömrədən asılı olmayaraq maşın tez-tez “uğursuzluqlarla” üzləşib. Bir neçə gündən sonra Nikulin maşını çörək maşınına vurub, sonra bir neçə dəfə maşını qəsdən çızıblar...

Nikulin 1950-ci ildə Tatyana Pokrovskaya ilə ailə həyatı qurub. Onlar sirkdə tanış olublar. Tatyana atçılıq idman növü ilə məşğul olub. Yeni yumoristik səhnədə at oynatmaq nəzərdə tutulunda Karandaş Tatyanadan sirkə at gətirməyi xahiş edib. Tatyana məşhur klounun xahişini yerə salmayıb. Atı manejə salıblar, Nikulin onun tərkinə qalxmaq istəyəndə at onu yerə çırpıb və Nikulin ciddi xəsarət alıb. Təcili yardım briqadası aktyoru xəstəxanaya çatdırıb və həkimlərin tövsiyəsi ilə Nikulin bir həftədən artıq xəstəxanada müalicə alıb. Həmin həftə ərzində Tatyana hər gün xəstəxanada Nikulini ziyarət edib, müalicənin sonunda isə onlar evlənmək qərarına gəlib. Cütlüyün bir oğlu olub.

Nikulin Tatyananı hədsiz dərəcədə sevib. Yeni rolların birində Nikulin gözəlliyi ilə seçilən Lyudmila Qurçenko ilə tərəf-müqabili olub və ssenariyə görə Nikulin Qurçenkoya sevgi etirafı etməli imiş. Bununla razılaşmayan Nikulin roldan imtina edib. Rejissor səbəbi aydınlaşdıranda Nikulinin cavabı qısa olub: “Mən Tatyanadan başqa heç kimin qarşısında sevgi etirafı edə bilmərəm...”

Uzun söhbətdən sonra Nikulinə başa salıblar ki, bu ssenaridir, real həyat deyil. Nəhayət, razılıq əldə olunub. Sonralar Nikulin bu film haqqında danışanda deyib ki, həmin səhnədə mən Qurçenkonun əvəzinə Tatyananı görürdüm.

Oğlu Maksim atasının yolunu secib, Nikulinin vəfatından sonra o, sirkin direktoru vəzifəsini aparır.

Yuri Nikulin çəkildiyi filmlərdəki obrazlardan fərqli olaraq sağlam həyat tərzi sürüb. Ömrünün son iyirmi ilində yoqa ilə məşğul olub, qida rasionundan ət və ət məhsullarını, sağlamlıq üçün məqbul olmayan ərzaqları çıxarıb və olduqca gümrah görünüb. Və heç kim onun qəfil ürək tutmasına inana bilməyib. Təcili əməliyyata götürülsə də, həkimlər heç bir teatr institutunu bitirməyən böyük aktyoru xilas edə bilməyiblər.

Yuri Nikulin 21 avqust 1997-ci ildə 75 yaşında vəfat edib. O, hərbi orkestr təntənəsi ilə Moskvada, Novodeviçye qəbirstanlığında dəfn edilib.(müsavat)

İlham Cəmiloğlu


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam