Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Pakistan-İran münasibətlərində nə baş verir? –TƏHLİL

 

 

 

 

İran dövləti Sistan-Bəlucistan əyalətində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) əsgərlərinə qarşı törədilmiş terror aktına görə açıq şəkildə Pakistanı ittiham edib (27 hərbçi ölüb).

Yenixeber.org: Əvvəlcə SEPAH komandanı Məhəmməd Əli Cəfəri və parlamentin sədri Əli Laricani Pakistanın adını çəkdilər, sonra İran XİN bu ölkə səfirini dəvət edərək ona rəsmi etirazını çatdırdı.

Terroru 2010-cu ildə “Cundullah” (“Allahın ordusu”) terror təşkilatının lideri Abdulməlik Riginin yaxalanıb edam olunmasından sonra bu qruplaşmanın bölünməsi nəticəsində yaranan “Ceyş ül Adl” (“Ədalət ordusu”) adlı qrup törədib.

İran qrupun qərargahının Pakistanda yerləşdiyini və bu ölkə kəşfiyyatı (İSİ) tərəfindən dəstəkləndiyini iddia edir.

“Ceyş ül Adl” və Sistan-Bəlucistanda fəaliyyət göstərən digər separatçı-terrorçu sünni qruplaşmalar bəlucların hüquqları və regionun müstəqilliyi uğrunda mübarizə aparır. Bəlucların yaşadığı geniş ərazilər İrandan əlavə, Pakistan və Əfqanıstanı da əhatə edir. Ən böyüyü 347 min kv. km olan Pakistan Bəlucistanıdır. İran Bəlucistanı 181 min kv. km, Əfqanıstanda bəlucların yaşadığı ərazi isə 70 min kv. km-dir. Müstəqil Bəlucistan yaranarsa, Hind okeanına çıxışı olan, 600 min kv km əraziyə malik böyük bir dövlət ortaya çıxar.

Pakistan dövləti maraqlıdır ki, bu bəlanı mümkün qədər öz sərhədlərindən kənara, İrana tərəf itələsin. Bu səbəblə İranın ittihamlarında həqiqət payı olmamış deyil. Şübhə yoxdur ki, bölgənin Səudiyyə Ərəbistanı ətrafında bloklaşmış dövlətləri də (başda BƏƏ olmaqla) sünni qruplaşmalara əl altından dəstək verir. ABŞ və İsrailin də bu işdə marağı kimsəyə sirr deyil. Göründüyü kimi, öz bütövlüyünü qorumaq İran üçün getdikcə çətinləşən vəzifəyə çevrilir (Ağırlaşan iqtisadi böhran da bir tərəfdən).

Tehranlı qıcıqlandıran və narahat edən başqa bir məqam odur ki, Pakistan son vaxtlar Səudiyyə Ərəbistanı ilə ciddi şəkildə yaxınlaşıb. Bu yaxınlaşmanı şərtləndirən əsas faktorlardan biri İran kimi, Pakistanın da üzləşdiyi iqtisadi böhrandır. Əvvəlki hökumətlərin yanlış idarəçiliyi, korrupsiyaya qurşanması Pakistanı iflasın astanasına gətirib. Pakistan Mərkəzi Bankının cəmi 8,2 milyard dollar valyuta ehtiyatı qalıb ki, bu da ölkənin 2 aylıq idxalı üçün tələb olunan vəsaitdən də azdır. Pakistanı müflisləşdirən digər amil isə Çin-Pakistan İqtisadi Dəhlizi (CPEC) çərçivəsində həyata keçirilən böyük infrastruktur layihələridir.

Çin özünün nəhəng “Bir qurşaq, bir yol” (One Belt, One Road) geopolitik və infrastruktur layihəsi çərçivəsində Pakistanın Qvadar və Karaçi limanları vasitəsilə Hind okeanına çıxmaq üçün bu ölkənin ərazisində magistral avtomobil yolları, dəmir yolları, körpü, tunel tikintisi (və ya modernləşdirilməsi) işləri ilə məşğuldur. (Məqsəd həm də Çinin geridə qalmış qərb regionlarının inkişafına nail olmaqdır.) Mexanizm belə işləyir: Çin bankları bu layihələr üçün Pakistana kredit xətti açır, Pakistan həmin pulları alır və qeyd edilən işləri görmək üçün Çin firmalarına verir, yəni pul Çinin sağ cibindən çıxır, sol cibinə qayıdır. Sonra Pakistan həmin kreditləri geri ödəməli olanda çətinliklə üzləşir, ya Pekinə üz tutub yenidən kredit istəyir, ya da tikilən yeni obyektləri bu ölkənin icarəsinə vermək məcburiyyəti ilə üzləşir. Amerikalılar bu sistemi “borc tələsi diplomatiyası” kimi dəyərləndirir. Məsələn, Hind okeanı sahilindəki Hambantota limanının tikintisi üçün Çindən kredit alan Şri Lanka hökuməti borcunu ödəyə bilmədiyi üçün limanı 99 illik müddətə Çinə icarəyə verib. Yəni Çin verdiyi borcun müqabilində Hind okeanı sahilində strateji əhəmiyyətli limana sahib olub. (Liman ətrafındakı torpaqlar da Çinə məxsusdur və orada binalar tikib, öz vətəndaşlarına, yəni çinlilərə satmaq planları var.)

İndi şübhələr var ki, Çin eyni sxem üzrə Pakistanın Qvadar limanını da ələ keçirə bilər. İmran Xan iqtidara gəldikdən sonra İslamabad Çinlə münasibətlərdə bir qədər ehtiyatlı siyasət yeritməyə başlayıb. Yeni baş nazir infrastruktur layihələrində böyük pulların yeyildiyini və ölkənin böhrana sürüklənməsində bu amilin də rol oynadığını deyib. (Yeri gəlmişkən, Malayziyada korrupsioner Nəcib Razak iqtidardan getdikdən sonra yeni hökumət ölkə dəmir yollarının modernləşdirilməsi üçün Çinin həyata keçirdiyi 20 milyard dollarlıq layihəni dayandırıb. Nepal Çin tərəfindən ölkədə 2 Hidroelektrik Stansiyasının tikintisi üzrə layihəni ləğv edib. Myanmar hökuməti Şri Lanka təcrübəsindən sonra Çin tərəfindən ölkədə liman tikintisi barədə razılaşmanın şərtlərini dəyişmək istəyir və s.)

Vəziyyətdən çıxmaq üçün Pakistan həm Beynəlxalq Valyuta Fondu, həm də Səudiyyə Ərəbistanı ilə danışıqlar aparır, yəni Çinə möhtac qalmadan mənbələri diversifikasiya etməyə çalışır. ABŞ 2017-ci ildən Pakistana yardımı dayandırıb, lakin İMF kreditlərinin ayrılması üçün şərtlər müəyyənləşdirilərkən Vaşinqton söz sahibi olacaq.

Bu gün Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın Pakistana rəsmi səfəri başlayıb. Bir az əvvəl xəbər gəldi ki, Səudiyyə dövləti Pakistana 20 milyard dollar sərmayə yatıracaq və bu barədə rəsmi anlaşma imzalanıb. Səfərdən öncə Qvadar limanında Səudiyyə tərəfindən neft emalı zovodunun inşası və bu ölkə şirkətlərinin Pakistanın 2 hidroelektrik stansiyasını satın alması barədə razılaşmaların imzalanması da gözlənilirdi. Bunun əvəzində Pakistan, təbii ki, İran və Yəmən məsələlərində Ər Riyadın mövqeyini dəstəkləməlidir.

 

 Şahin CƏFƏRLİ

politoloq


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam