ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi:“Azərbaycanda 80 minə yaxın Rusiya agenti var...”
Yenixeber.org: Latviyada müstəqillik dövründə iki dəfə baş nazir olmuş şəxsin ”KQB” agenti çıxması haqqındakı son xəbər bu sualın yenidən qoyulmasına şərait yaratdı: “Niyə Pribaltika, Ukrayna, Şərqi Avropa ölkələrində qərbpərəstlərin “kommunizm qalıqlarından təmizlənmə qanunu” adlandırdıqları Lüstrasiya haqqında qanun qəbul edilir, hətta qonşu Gürcüstanda buna cəhdlər olur, amma bizdə nə parlamentdən, nə digər qurumlardan belə bir təşəbbüs səslənmir? Düzdür, dəfələrlə təhlükəsizlik üzrə ekspertlər agentlərin kütləvi çəkildə açıqlanmasının çətin və təhlükəli bir proses olduğunu, hətta ölkədə ailədaxili münaqişələr, siyasi qarşıdurmalar yarada biləcəyini vurğulayırlar...
Yaxşı yadımdadır, 1994-cü ilin avqustunda Kələki kəndində mərhum eks-prezident Əbülfəz Elçibəylə jurnalist kimi bir saatdan çox davam edən söhbətimizdə suallarımdan biri də “Siz hakimiyyətə gələndə DTK arxivlərini niyə açmadınız” oldu.
Sabiq dövlət başçısı cavabında bunun Azərbaycanda vətəndaş müharibəsi ilə nəticələnə biləcəyini bildirdi... Amma maraqlıdır ki, AXC hakimiyyəti dövründə Elçibəydən sonra ikinci şəxs olan sabiq parlament sədri və Müsavat başqanı İsa Qəmbər ondan təxminən 8 ay öncə -1994-cü ilin yanvarında bəndənizin oxşar sualına “Mən və dostlarım DTK arxivlərinin açılmasından ehtiyat etmirik” cavabını vermişdi...
Doğrudur, vətəndaş müharibəsi təhlükəlidir. Amma əvvəla, sual olunur: bəs niyə “KQB” arxivlərinin açıldığı digər ölkələrdə, o cümlədən Latviyada belə bir müharibə olmadı? Heç xırda bir iğtişaş da, ailə münaqişəsi də yaranmadı. Biz də onların təcrübəsindən yararlanıb, arxivlərin açılması mexanizmini öyrənib eyni işi görə bilərik...
İkincisi, müstəqil hesab edilən ölkədə nəhəng bir imperiyanın xüsusi xidmət və kəşfiyyat şəbəkəsinin qalıqlarının, inventarlarının belə, qalması və açıqlanmadan, arın-arxayın Azərbaycan əleyhinə fəaliyyətini davam etdirməsi vətəndaş müharibəsindən də təhlükəlidir. Üçüncüsü də, biz demirik ki, agentura şəbəkələri xırdalığına qədər açıqlansın. Ən azı, önəmli vəzifə postları tutan, siyasət meydanında fəallıq göstərənlərin üzə çıxması önəmlidir... Necə ki, xəbər verildiyi kimi, son dövrlərdə Latviyanın arxivlərinin müəyyən qisminin açılması nəticəsində ölkənin tanınmış ictimai-siyasi xadimlərinin, dövlət rəsmilərinin, jurnalistlərin və idmançıların DTK agenti olması üzə çıxıb. Arxivlər açıqlanarkən Latviyanın müstəqilliyi dövründə iki dəfə baş naziri olan İvars Qodsmanın, Riqa və bütün Latviya mitropolu Aleksandrın, Latviyanın müstəqilliyi uğrunda tanınmış ictimai-siyasi xadim Mavrik Vultsfon, Dauqvapilsin sabiq meri Rixard Eyqim, əfsənavi basketbolçu, SSRİ yığmasının keçmiş kapitanı Valdis Valters, populyar “Lida” iaşə şəbəkəsinin yaradıcısı Qunars Kirsons və digərlərinin DTK agenti olması rəsmi qaydada təsdiqlənib.
Düzdü, SSRİ dağılarkən Moskvanın Bakıdakı kəşfiyyat arxivlərin xeyli hissəsini çıxarması, yandırması mümkündür. Sovet Latviyası DTK-nın əks-kəşfiyyat idarəsinin sabiq rəisi Bruno Şteynbrik də təsdiq edib ki, Latviya müstəqilliyini əldə edəndə ölkə ilə bağlı əsas informasiyalar və vacib olan agentlərin kartotekaları ölkədən çıxarılıb. Amma buna rəğmən
Latviya DTK ilə əməkdaşlıq etmiş şəxslərin adlarını açmaqda israrlıdır və bu işi davam etdirmək niyyətindədir... Ona görə ki, öncə dediyimiz kimi, ölkədə imperiyadan qalma xarici kəşfiyyat şəbəkəsinin varlığı hədsiz dərəcədə təhlükəlidir...
Təxminən, 2001-ci ildə Mirzə Xəzər “Azadlıq” radiosundakı bir şərhində ABŞ MKİ-yə istinadla belə bir faktı səsləndirmişdi: “Azərbaycanda 80 minə yaxın Rusiya agenti var...” O dövrdə əhalinin 8 milyon nəfərə yaxın olduğunu nəzərə alsaq, bu o demək idi ki, hər 100 nəfərdən biri Rusiya agenti olub. Və belə çıxır ki, hər kiçik kənddə, binada belə, Rusiyanın agenti olub və hələ də var... “Həmin agentura şəbəkəsi məhz DTK arxivlərinin açılmaması sayəsində bir ordu sayına bərabər olub” desək, yəqin ki, yanılmarıq...
Dərindən düşünəndə adamı dəhşət bürüyür. Bəlkə elə on illərdir işdən azad edildikcə, tutulduqca bitib tükənməyən, ölkənin sərvətlərini, milyonlarını talayana bu korrupsionerlər, dələduzların başçıları elə “KQB” agentləridir? Yəqin, elə o boyda keçmiş Milli Təhlükəsilik Nazirliyini dələduzxanaya, “gestapo”ya çevirən də, Beynəlxalq Bankı talan edən də və s. elə həmin agentura şəbəkəsi imiş... İndi oturaq gözləyək ki, bu dələduz, “KQB”-korrupsiya şəbəkəsi rüşvətxorluğu yaymaqda davam etsin?..
Birdən adama elə gəlir ki, 1991-ci ildən bəri Kremldən “KQB”-nin, “QRU”-nun ölkəmizdəki gizli qalmış agentura şəbəkələrinə tapşırıq verilib ki, daraşın bu müstəqil olmaq istəyən Azərbaycanın bütün mövcud strukturlarına və onları rüşvətxorluğa, korrupsiyaya, bürokratiyaya elə bələyin ki, xalq daim hökumətdən narazı qalsın və sonda SSRİ nostaljisi ilə desin ki, biz yenidən Moskvanın tabeliyində yaşamaq istəyirik...
DTK arxivlərinin açılmasının Qarabağın azad edilməsində də rolu ola bilər. Çünki bəzi mənbələrə görə, 1987-ci ildən bəri Azərbaycan və erməni xalqları arasındakı ziddiyyətləri qızışdırmaq və silahlı qarşıdurmaya çevirmək üçün hər iki tərəfdən məhz SSRİ-ni çökürtmək istəyən ABŞ, Britaniya və s. kəşfiyyatları ilə əlbir işləyən “KQB”, “QRU” agentləri böyük rol oynayıblar...
Əlbəttə, Azərbaycanın söylədiyimiz təhlükələrə qarşı mübarizə apara bilən müvafiq qurumları var və onlar ölkədəki durumu da, gələcək üçün hansı tədbirlər görülməli olduğunu da bizlərdən yaxşı bilirlər. Biz, sadəcə, bir vətəndaş, jurnalist olaraq bizləri narahat edən məsələri dilə gətirməyi özümüzə boc bilirik. Gerisi təqdiri-ilahidir...(Enter.Newsa)
Sultan Laçın