ABŞ VƏ RUSİYA “DƏRİN DÖVLƏT”LƏRİNİN GİZLİ RAZILAŞMASI… –Suriya kürdləri üçün hansı həll modeli seçilir? - TƏHLİL
Sərdar Turqut,
“Habertürk”ün Vaşinqton təmsilçisi, 17 yanvar 2019-cu il
Bir il öncə, dəqiq desək, 2018-ci ilin fevralında Vaşinqtonda Suriya kürdləri üçün ABŞ və Rusiya “dərin dövlət”lərinin zirvə görüşü keçirildi.
Yenixeber.org: İndiki Xarici işlər naziri Pompeonun MKİ direktoru kimi təşkil etdiyi həmin zirvə görüşündə iştirak etmək üçün ABŞ-ın qadağa qoyduğu Rusiyanın bütün kəşfiyyat xidmətlərinin rəhbərləri, birbaşa bu qadağanın müəllifi Vaşinqton tərəfindən MKİ-nin mərkəzi ofisinə gətirildilər.
Orada müzakirə edilən əsas məsələ Fəratın şərqində yaradılacaq yeni nizam və bu nizamda kürdlərin yeri idi.
Masada kürd məsələsi – keçmişdə Bərzaninin dağda, mağarada gizlənən atasını birbaşa özü ziyarət edəcək qədər yaxınlıq duyan Vitali Naumkinin hazırladığı böyük plan müzakirə edilirdi.
Professor Vitali Naumkin dünyada hörməti olan və Putinin Orta Şərq siyasətinə görə məsuliyyət daşıyan elm adamıdır.
ABŞ “dərin dövləti” bölgədə kürd dövləti qurma sevdasını, ən azı, 26 ildir davam etdirir.
Xəritə məsələsi
Mənə üzərində aparılan işin davam etdiyi “regional kürd dövləti xəritəsi”ni Pentaqonun əməkdaşı olan Harold Rod hələ 1992-ci ildə göstərmişdi.
O zaman orada iştirak edən digər şəxslər PKK, Bərzani və Təlabaninin Vaşinqton təmsilçiləri idi. İndi düşünürəm ki, hazırda Vaşinqtonda yevangelistlərə yaxın bir neokon olaraq çalışmalarını davam etdirən Harold Rod kimi son dərəcə ağıllı bir insan, yəqin, mənim o xəritəni görməyimi xüsusi planlaşdırıbmış. Görünür, o zaman işlədiyim qəzetdə (“Hürriyet”) bunu yazıb bildirməyimi istəyib. Mən bunu həmən deyil, üstündən bir müddət keçəndən, baş verən hadisələri izlədikdən sonra yazmağı seçdim.
O xəritəni Türkiyə cırdı
O xəritə uzun illər ərzində əldə tutuldu, ancaq indi Türkiyə sayəsində cırılaraq zibilliyə atıldı. Çünki o xəritədə Türkiyənin cənub sərhədləri boyunca gedərək, İraqdakı qurumla birləşəcək bir dövlət strukturu nəzərdə tutulurdu.
Prezident Ərdoğan bu oyunu pozdu. Türkiyə böyük bir təhlükəni dəf etdi.
Yeni plan məcburiyyətdən doğdu
Təqribən bir il öncə “dərin dövlət”lərin həmin zirvə görüşü keçirilərkən ABŞ artıq o xəritənin reallaşdırılmasının mümkün olmadığını bilirdi. Və yeni bir plan qurmağa ehtiyac vardı.
Bu planı amerikalılara Vitali Naumkin təqdim etdi. Onun özünün “Şimali İraq modeli”, amerikalıların isə “Qamışlı modeli” adını verdiyi plan həmin zirvə görüşündə müzakirə edildi.
ABŞ və Rusiya “dərin dövlət”ləri Türkiyənin sərhəd təhlükəsizliyi və milli təhlükəsizlik maraqlarına qətiyyən toxunulmaması ilə bağlı prinsipial anlaşma da əldə etdilər.
Naumkinin “Şimali İraq modeli”nə görə, Suriya kürdlərinə idarəçilik muxtariyyatı veriləcəksə, bu, sərhəddin, ən azı, 30 km cənubunda olmalıdı. Bu muxtar bölgənin ordusu olmayacaq və sərhədlərində Suriya bayrağı dalğalanacaq. Silahlı kürd qrupları gələcəkdə bu bölgə daxilində sadəcə polis funksiyası yerinə yetirəcək. Dövlət idarələrində Suriya bayrağı olacaq və Suriyanın ərazi bütövlüyü pozulmayacaq. Suriya ordusu idarəçilik muxtariyyatı olan bölgəyə girməyəcək və birbaşa sərhəddə yerləşəcək.
Corctaunda yeyilən yemək
Vitali Naumkin, ABŞ tərəfinin də qəbul etməyə meyl göstərdiyi bu böyük planı, bölgənin yeni reallığını ABŞ elitasına anlatmaq üçün “dərin dövlət”lərin zirvə görüşündən sonra Vaşinqtona gəldi. Corctaun Universitetində təşkil edilən, yalnız dəvətli şəxslərin qatıldığı yeməkli toplantıda Naumkin bu planı ABŞ-ın idarəedici təbəqələrinə anlatdı.
Barham Salih
Yeri gəlmişkən, 1992-ci ildə Pentaqonda keçirilən, mənə xəritənin göstərildiyi o toplantıda iştirak edənlərdən biri də Barham Salih idi. Onun bu yaxın günlərdə İraq prezidenti olaraq Türkiyəyə ziyarətə gəlməsi həmin köhnə xəritənin necə yırtılıb atıldığının bir başqa göstəricisidir.
Naumkin çıxış etdikdən sonra Moskvaya uçdu. O uçduqdan sonra Prezident Tramp, Putinə zəng etdi və onunla bu plan haqqında bir saat yarım danışdı.
Danışıq zamanı Türkiyənin milli təhlükəsizlik qayğılarına xüsusi önəm veriləcəyi və sərhəddində istəmədiyi strukturların olmaması ilə bağlı prinsipial anlaşma əldə edildi.
Deməli, Prezident Trampın ABŞ hərbçilərinin Suriyadan geri çəkilməsi haqqında verdiyi qərar da Putin üçün sürpriz ola bilməz. Çünki ötən il bunun olacağı və “Naumkin planı”nın tətbiq olnmasının lazım olduğu ilə əlaqədar anlaşma əldə edilmişdi.
İndi növbə Türkiyə, ABŞ və Rusiya arasında keçiriləcək üçlü zirvə görüşünə gəlir. Nümayəndə heyətləri arasında bu yöndə aparılan danışıqlar artıq çoxdan başlayıb.Tərcümə: Strateq.az