ÖLÜM TUNELİ - 2019: Bakı Metropoliteni faciənin astanasında
Yenixeber.org: Bakı Metropoliteninin rəhbərliyi Yeni İldə sərnişinlərin bayram əhvalına bir az daha sevinc qatmaq üçün relsə 1950-51-ci illərin istehsalı olan "Q" tipli nostalji ovqatlı retro vaqon buraxıb, Şaxta Baba və Qar Qız da içində. Amma zavallı sərnişinlər xəbərsizdirlər ki, hazırda metronun qatarları, vaqonları heç də ötən əsrin ortalarında olduğu qədər təhlükəsiz deyildir. "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin bir qrup işçisi metropolitenin zəhmətkeş kollektivi adından saytımıza məktub ünvanlayaraq qurum rəhbərliyinin rəvac verdiyi qanunsuzluqlar, baş alıb gedən neqativ hallar və sərnişinləri gözləyən təhlükə barədə yazdıqlarının ictimailəşdirilməsini xahiş etmişlər.
TƏMIR, YOXSA, KOSMETIKA?..
Metropoliten vaqonlarının əsaslı təmiri "Metropolitenin elektrik qatarlarının əsaslı təmiri Kitabı"na zidd olaraq demək olar ki, aparılmır. Bir qatarın avadanlıqlarının sökülüb digər qatara yığılması və kabinanın dəyişdirilib, qatarın rənglənməsi ilə vaqonların əsaslı təmiri bitmiş hesab edilir. Yüzdən yuxarı artıq qaçışlı, əsaslı təmirə ehtiyacı olan vaqonlar əvvəlki, metropoliten işini dərindən bilən Metropoliten rəislərinin vaxtında ehtiyat hissələrinin çatışmaması səbəbindən əsaslı təmir oluna bilmədi, necə olur ki, Metropolitendən xəbəri olmayan Zaur Hüseynov bunların hamısını az vaxtda təmir etdirdi? Bu cür "təmirdən" çıxmış vaqonlarda sərnişin daşınmasını yalnız sərnişinlərin həyatını təhlükə altında qoymaq, onların həyatı ilə oynamaq kimi qiymətləndirmək olar.
Metropoliten vaqonlarının dartı mühərriklərinin təmiri Ц Metro 3896 saylı Təlimatın heç bir bəndinə uyğun gəlmir. Yığılmış dartı mühərrikləri təmirdən sonra yoxlanılmır, stend tələblərə cavab vermir, vaqon formulyarlarına saxta parametrlər qeyd edilir. Bu cür dartı mühərrikləri ilə təchiz edilmiş vaqonlarla sərnişin daşınması sərnişinlərin təhlükəsizliyinə heç vaxt təminat verə bilməz.
"Bakı Metropoliteni" QSC-nin Depolar üzrə İş Departamentinin texniki şurasının 4 saylı 08.04. 2014-cü il tarixli protokoluna əsasən istismar müddəti bitmiş təkər cütlərinin, dişli çarxların, oxların və s. yenidən istismara buraxılmasına icazə verilir. Bu da təkər cütlərinin T. 3.25.103.00106 saylı Təlimata ziddir. Depolar üzrə İş Departamentinin təmir sexində iş bölgüsü təlimata uyğun aparılmır, işçilərə dərəcəsindən asılı olmayaraq istənilən iş verilir ki, bu da işin keyfiyyətinə mənfi təsir göstərir.
"BEŞ DƏQİQƏSİ KƏM" FƏLAKƏT FAKTLARI
29.11.2018-ci il tarixində 2659-2669 saylı qatar tərkibi sərnişinlə xətdə işləyərkən 2669 saylı vaqonda keyfiyyətsiz təmirin nəticəsində təkər cütlərinin reduktorunda "SERQA" adlanan detal sınmış, nəticədə sərnişinlər qatardan boşaldılıb, qatar depoya göndərilmişdir. Bu hadisə böyük bir faciə ilə nəticələnə bilərdi. (Həmin detalın görüntülərini sizə təqdim edirik. Bax: şəkil-1.). Gecə işində motovozlarla daşınan yüklər acınacaqlı vəziyyətdə daşınır. Yük platformalarının əyləc avadanlıqları sökülüb əyləcsiz platformalarla yüklərin daşınması, gecə tuneldə işləyən işçilərin həyatlarını təhlükə altına atmaq deməkdir.
"Avtovağzal", "Memar Əcəmi-2" xəttində işləyən qatarlar heç bir təhlükəsizlik tədbiri görülmədən işlədilir.
16.08.2017-ci il tarixdə maşınist Rafiq Hüseynovun və maşinist köməkçisi Valeh Heybətovun idarə etdikləri qatar "Memar Əcəmi-2" stansiyasını 73 metr keçmiş, tuneldə iki yolun arasında yığılmış relslərə dəyərək dayanmışdır. Nəticədə 8857 saylı vaqonun 1-ci təkər cütünün reduktoru sınmış, 2-ci təkər cütünün reduktoru zədələnmiş və digər aparatlarda zədə almışlar (Hadisənin görüntüləri təqdim edilir. Bax: şəkil-2). Yoxlama zamanı məlum olmuşdur ki, stansiyalarda quraşdırılmış KPVA qurğularının (qatar stansiyaya verilmiş sürət həddindən artıq sürətlə daxil olduqda onu saxlamaqdan ötəri olan qurğu) heç biri işləmir. Bu hadisədən indiyədək Metropoliten rəhbərliyi heç bir nəticə çıxarmayıb, "THALES" sistemi hələ də işləmir.
"ÖLÜ CANLAR" VƏ İŞLƏMƏYƏN ODSÖNDÜRƏNLƏR
Qatarların hərəkət təhlükəsizliyinin və sərnişinlərə xidmət göstərməsini təmin edən "Dəmir yolu və Metropoliten işçilərinin ayrı-ayrı kateqoriyaları üçün iş və istirahət vaxtlarının tənzimlənməsi xüsusiyyətlərinin tətbiqi haqqında" qanunun "Metropolitenin qatar briqadalarının iş vaxtının təşkili və iş saatlarının hesabatı" başlığının 4.1, 4.2, 4.3, 4.4. bəndlərinin heç birinə riayət olunmur. İş qrafiklərinin hansı əsaslarla tərtib olunduğu bilinmir. Ay ərzində maşinistə iş qrafiki verilmir, istirahət günləri yox dərəcəsindədir. Həkim komissiyası tərəfindən təzyiqi 160-170 olan maşinistlər işə buraxılırlar. Maşinistlərə cədvələ əsasən məzuniyyət verilməli olduğu halda, demək olar ki, verilmir.
Qatar tərkiblərinin hər vaqonunda odsöndürənlər olmalıdır. Həmin odsöndürənlərin istismar vaxtı bitmişdir, lakin Metropoliten rəhbərliyi onları dəyişmək əvəzinə hələ də istifadəsinə icazə verir (xətti məntəqələrə vurduqları elanın şəklini təqdim edirik. Bax: Şəkil-3).
Zaur Hüseynov "Bakı Metropoliteni" QSC-nin sədri təyin edildikdən indiyədək heç bir işçini qəbul etməyib, şikayətə baxmayıb, qol çəkdiyi əmr, sərəncam, təlimat və s. sənədləri oxumur, çünki həmin sənədlərin heç birinin icrası olmur (işdən çıxarılma, mükafatların kəsilməsi, aşağı işə keçirilmələrdən başqa).
"Sahil" stansiyasında Mustafayeva Şəfiqə adlı bir işçiyə dörd ilə yaxındır ki, əmək haqqı yazılır, lakin bu günə həmin qadın nəinki stansiyaya gəlmir, heç onun yolunu belə tanımır. Bu barədə "Sahil" stansiyasının rəis müavini Yunusov Bəxtiyar İzzət oğlu dəfələrlə rəhbərliyə məlumat verdiyinə baxmayaraq heç bir tədbir görülməyib.
2018-ci ilin sonuna "Bakı Metropoliteni" QSC-nin mal-material anbarlarında 4000000-dan yuxarı lazımsız anbar qalığı aşkar edilib. Metropoliten rəhbərliyi xidmətlərə həmin qalığın silinməsini tapşırıb. Lazımsız mal və materialların alınması halları Metropolitendə istənilən qədərdir, rəhbərliyin bunların alınması zamanı niyə göz yumması məlum deyil.
Azərbaycan Respublikası Prezidenti hörmətli İlham Əliyev cənablarının dediyi kimi, "hər bir məmur xalqın keşiyində durmalı, xalqa xidmət etməli və Azərbaycan Respublikasının qanunlarına hörmətlə yanaşmalıdır". Lakin "Bakıl Metropoliteni" QSC - də Azərbaycan Respublikasının heç bir qanunu işləmir, yeni rəhbərlikdən qanunla işləmək tələb etdikdə, "burada Zaur Hüseynovun qanunları işləyir, heç kəs bizə bata bilməz" cavabını almaq olur.
Məktubu "Şöhrət" ordenli, Prezident təqaüdçüsü, müharibə veteranı, 54 nömrəli metro və dəmir yolu sistemində daima rəhbər vəzifələrdə işləyən Akif Mehdi oğlu Zeynalov, BMP QSC-nin baş müfəttişlik aparatının Qatarların hərəkət təhlükəsizliyi üzrə müfəttişi, 37 ildən artıq fasiləsiz Metropolitendə çalışan Nazim Mədət oğlu Abdullayev, maşinist, Qarabağ müharibəsi veteranı Asif Mirzə oğlu Rzayev, maşinist Fikrət Sərvər oğlu Şıxaliyev, "Sahil" stansiyasının rəis müavini Bəxtiyar İzzət oğlu Yunusov və qeyriləri imzalamışlar.
Nüşabə Əhməd
Redaksiyadan: Qarşı tərəfi də dinləməyə hazırıq.