CAHANGİR ƏSGƏROVUN AİLƏ ŞİRKƏTİNDƏ DƏYİŞİKLİKLƏR -Holdinqin rəhbəri də işdən çıxarıldı
“Silk Way Holding”in rəhbəri dəyişdirilib. “Silk Way Holding” MMC-nin prezidenti Zaur Axundov vəzifəsindən azad edilib.
Yenixeber.org: Bu haqda redaksiyamıza özəl mənbələrdən məlumat daxil olub. Məlumatda bildirilir ki, “Silk Way Holding” MMC-nin prezidenti vəzifəsi hələlik Zaur Axundovun müavininə tapşırılıb.
Bundan əlavə, holdinqin tərkibinə daxil olan “Silk Way Connect” MMC-nin rəhbəri də dəyişib. Belə ki, Emin Etibar oğlu Ələkbərzadəni Zaur İbrahim oğlu Nəsirov əvəz edib. O həm də holdinqə daxil olan “Silk Way Bank” ASC-nin Audit komitəsinin üzvü, “Silk Way Insurance” ASC-nin isə Təftiş komissiyasının sədridir.
Eyni zamanda “Silk Way Holding” MMC-nin bu il aprelin 24-də təsis etdiyi “Silk Way Connect” MMC-nin nizamnamə kapitalı kəskin artırılaraq 200 manatdan 1 mln. ABŞ dollarına çatdırılıb.
Xatırladaq ki, “Silk Way Holding” AZAL prezidenti Cahangir Əsgərovun biznes imperiyasına daxildir. 4 iyul 2006-cı ildə C.Əsgərovun yaxın qohumlarından birinin adına təsis etdiyi holdinq AZAL şefinin “xidmətləri” sayəsində güclənib. Rəsmi hesabatlara görə, AZAL prezidenti Cahangir Əsgərovun ailə üzvləri – həyat yoldaşı Zərifə Həmzəyeva, qızları Məlahət və Cəmilə aviaşirkətin infrastrukturundan istifadə edən «Silk Way Holding» şirkətlər qrupunun, qrupa daxil olan sığorta şirkətinin və bankın əsas payçılarıdır. Əsas ofisi beynəlxalq hava limanında yerləşən “SW Holding”in tərkibinə əsasən aviasiya sahəsində fəaliyyət göstərən xeyli sayda şirkət daxildir.
Holdinqə daxil olan şirkətlərin siyahısı isə C.Əsgərovun biznes imperiyasının nə qədər böyük olduğundan xəbər verir. Təsəvvür edin ki, ona məxsus tək bir şirkətə – “SW Holding”ə aşağıdakı böyük müəssisələr daxildir.
Airport Gate;
Airport Hotel;
Azal Sığorta;
Baku Cargo Terminal (BCT);
Duty Free;
Euroasian Cargo;
Ground Handling Company (GHC);
Silk Way Airlines;
Silk Way Bank;
Silk Way Business Aviation;
Silk Way Construction;
Silk Way Helicopter Services (SWHS);
Silk Way Technics (SWT);
Silk Way Information Technologies (SWIT);
SW Catering & Supply;
Sky Catering;
SW Travel;
Turan Air.
Qeyd edək ki, Əsgərov bu holdinqi yaratmaqla «AZAL» QSC-yə, yəni dövlətə məxsus gəlirli sahələri öz şirkətlərinə transfer edib. Bu qurumun bütün gəlirli sahələri Əsgərovun «Silk Way Holdinq»inə transfer olunub. Cahangir Əsgərov bu holdinq vasitəsi ilə Azərbaycan SƏMASINI sözün həqiqi mənasında İNHİSARA ALIB və bu sahədən HƏR İL külli miqdarda qazanc götürür. Təkcə karqo daşınmalardan -xarici ticari əməliyyatlar Əsgərovun holdinqinin qazancı 100 milyonlarla ölçülür.
Belə ki, Cahangir Əsgərovun holdinqi karqo-daşınmaların vahid və bölünməz sahibidir. Karqo-daşınma – xarici ticari əməliyyatlarda gəmilərin dəqiq ad göstərmədən yük daşınmasıdır. İstənilən miqdarda və istənilən malın, o cümlədən silah, pul və narkotik maddələrin daşınması. Bir sözlə, göydən qızıl yağışı. Karqo daşınmaları Əsgərovun ona məxsus offşor kampaniyasının vasitəsilə həyata keçirdiyi bildirilir. Bu, ona ildə bir neçə yüz milyon dollar gəlir gətirir.
Qeyd edək ki, Əsgərov yükdaşımaları özünün «Silk Way” Aviaşirkəti vasitəsilə həyata keçirir. Maraqlıdır ki, “Turan Air” kimi «Silk Way” Aviaşirkəti də əvvəlcə dövlətə məxsus olub. 9 oktyabr 2001-ci ildə Azərbaycan Respublikasının Mülki Aviasiyası tərəfindən yaradılıb. Azərbaycanda əsas aviadaşiyıcılardan biri olan, 7 ədəd İL-76 və 3 ədəd AN-12 yükdaşıyan təyyarəsi olan bu şirkətin necə olub 2006-cı ilin iyul ayının 14-də təsis edilən «Silk Way Holdinq»in tərkibinə qatıldığı məlum olmasa da, bunun Cahangir Əsgərovun istəyilə reallaşdığı şübhə doğurmur. Məqsəd isə yükdaşımaları öz nəzarətinə almaq və burdan gələn qazancı ələ keçirmək olduğu şübhə doğurmur.
Elə bu məqsədlə də Holdinqi tərkibindəki Baku Cargo Terminal və Euroasian Cargo ölkə daxilində və beynəlxalq miqyasda yükdaşımalardan gələn gəlirin böyük hissəsini ələ keçirir. Belə ki, «Baku Cargo Terminal» Amerika və Avropadan Asiyaya, Asiyadan Avropa və Amerikaya daşınan yüklər üçün yükboşaltma məntəqəsi kimi fəaliyyət göstərir. Xüsusi saxlama anbarları ilə təchiz olunmuş “Baku Cargo Terminal”da tez xarab olan yüklərin saxlanılması üçün soyuducu və dondurucu kameralar, qiymətli yüklərin saxlanılması üçün videonəzarət olan yerlər, müxtəlif kateqoriyalı xüsusi təyinatlı, təhlükəli yüklərin saxlanılması və emal edilməsi otaqları var ki, bu da sahibkarların onun xidmətindən istifadə etməsinə və beləliklə də qazancın dövlətin deyil, C. Əsgərovun ailə holdinqinin büdcəsinə axmasına səbəb olur. Qeyd edək ki, dəyəri cəmi 19 milyon dollar təşkil edən bu terminalın tikilməsi üçün vəsaitin dövlətdən deyil, məhz C. Əsgərova məxsus olduğu bildirilən Britaniyanın “İnternational Handling Company” tərəfindən alınmasında da məqsədin qazancı ələ keçirmək olduğu şühə doğurmur.
«Euroasian Cargo” Şirkətlər qrupu isə ölkə üzrə yükdaşımaları bazarında liderdir. Onun Bakıda, Xyustonda, Nyu-Yorkda, Londonda, Lüksemburqda, Dortmunda, Moskvada, Bişkekdə, Kiyevdə, Aktauda və bir çox başqa şəhərlərdə nümayəndəlikləri fəaliyyət göstərir. Şirkətlər qrupunun Xyustonda, Lüksemburqda, Bakıda, Dubayda, İstambulda, Şanxayda və Urumçidəki mərkəzləri dünyanın müxtəlif yerlərinə daşınan yük axınlarını öz əlində cəmləşdirməklə, yüklərin daşınmasından gələn pulların bir ünvana axmasına şərait yaradır.
2006-cı ilin may ayında “Euriasian Cargo” Şirkətlər Qrupunun yeni hissəsi – “Euroasian Fuel” yaradıldı. Bu şirkət yerüstü xidmət, yanacaq təminatı, diplomatik uçuşlar və enməyə icazə, bortda qidalanma, aeroportdan və aeroporta daşımalar, mehmanxanalarda yerləşdirmə sahələrində xidmət göstərir ki, burdan daxil olan gəlirin də həcmin təsəvvür etmək çətin deyil. Bu şirkətin yalnız yanacağı ARDNŞ-dən daxili qiymətlərlə ucuz alıb xarici şirkətlərə baha satmasından əldə etdiyi qazanc 100 milyonlarla ölçülür.
Rəsmi statistikaya əsasən, 2003-cü ildə hava nəqliyyatında daşımalardan 133 milyon manata yaxın gəlir əldə edilmişdi. 2006-cı ildə bu gəlirlər 223 milyon manatı keçdi, 2007-ci ildə 327 milyon manata yaxın oldu. 2011-ci ildə isə hava daşımalarından əldə edilmiş gəlirlər 558 milyon manata yaxın idi. 2012-ci ildə gəlirin həcmi 617 milyon, 2013-cü ildə 780 milyon manata yaxın, 2014-cü ildə 1 milyrd 400 milyondan artıq, 2015-ci ildə 1 milyard 680 milyon, 2016-cı ildə 2 milyardan artıq, 2017-ci ildə isə 2 milyard 200 milyon manatdan artq olub. Bu il bu rəqəmin daha da artacağı şübhə doğurmur. Hələ qeyri-rəsmi gəlirləri demirik. Bu vəsaitlərin əhəmiyyətli hssəsi isə məhz «Silk Way Holdinq»in büdcəsinə yönəldilir.
Holdinqin tərkibindəki digər şirkətlərin də gəliri 10 milyonlarla ölşülür. Elə bu ilin aprel ayında yaranan , “Silk Way Connect” MMC-nin də qısa müddətdə böyük gəlirlər əldə etdiyi şübhə doğurmur. Görünür, şirkətin gəlirləri o qədər çox olub ki, onun nizamnamə kapitalını birdən-birə belə kəsgin artırılıb. Hər halda 100 milyonların dövr etdiyi holdinqdə hansısa şirkətininin nizamnamə kapitalının cəmi 200 manat olması gülünc görünürdü.(azpolitika.info)
Murad