GÜRCÜSTANDA 1200, AZƏRBAYCANDA 250 DOLLAR…– İki hökumətin təhsilə münasibəti
Qonşu ölkədə müəllimlərin əmək haqları bizim müəllimlərin maaşlarını 5 dəfəyədək üstələyəcək
Azərbaycanda nə sabiq baş nazir Artur Rəsizadənin, nə də indi həmin vəzifəni daşıyan Novruz Məmmədovun təhsilimizin inkişaf istiqamətləri, yaxud onun maliyyələşməsində hər hansı ciddi artım perspektivləri barədə heç bir yaddaqalan çıxışının, açıqlamasının şahidi olmamışıq. Elə bunun özü hökumətin təhsilə münasibətinin göstəricilərindən biridir.
Yenixeber.org: Ancaq azərbaycanlı həmkarlarından fərqli olaraq, qonşu Gürcüstanın baş naziri Mamuka Baxtadze rəhbərlik etdiyi hökumətin təhsil sahəsinə nə dərəcədə önəm verdiyininə dair çox məntiqli və ibrətamiz çıxış edib. Məlumata görə, baş nazir deyib ki, gələn il onun hökuməti xüsusi qanun paketi təqdim edəcək və bu paketdə məhz təhsil sahəsi Gürcüstan iqtisadiyyatının ən prioritet sektoru kimi önə çəkiləcək.
İlk olaraq, müəllimlərin yenidən hazırlanması və onlara təhsilə innovativ yanaşmanın aşılanmasından başlanacaq. Baxtadze gələcək 5 ildə hökumətin tamamilə prinsipcə yeni təhsil sistemi yaratmaq və bununla da onu Avropa standartlarına çatdırmaq niyyətində olduğunu deyib. Nəticədə təhsilə ayrılan xərclər Ümumi Daxili Məhsulun 11 faizinə (!) çatdırılacaq. O, həmçinin qeyd edib ki, 2022-ci ilədək müəllimlərin əmək haqları 3 dəfə artırılacaq.
Azərbaycanın təhsil işçiləri üçün fantastik görünən bu rəqəmlərin fonunda onu qeyd edə bilərik ki, hal-hazırda Gürcüstanda müəllimlərin orta aylıq əmək haqları bizdəki analoji göstəricidən 1.6 dəfə yüksəkdir. Belə ki, Azərbaycanda bu rəqəm 250 dollar olduğu halda, Gürcüstanda 400 dollara yaxındır. Baxtadzenin dediklərinin həyata keçirilməsi isə o deməkdir ki, 2-3 ilə Gürcüstanda müəllimlərin orta aylıq əmək haqları 1200 dollara çatdırılacaq. Bu göstəricinin neft ölkəsi olan Azərbaycanın müəllimləri üçün nə qədər uzaq və əlçatmaz olduğunu təsəvvür etmək çətin deyil. Yaxın illərdə bizim ölkədə də maaşların artacağını ehtimal etmək olar. Ancaq artıq öyrəşdiyimiz ənənəyə görə, bizdə yalnız cərimə və rüsumlar dəfələrlə arta bilər, maaşlar isə ancaq kiçik faizlərlə…
Müqayisə üçün bildirək ki, Azərbaycanda təhsilə ayrılan xərclər heç ÜDM-in 4 faizini də təşkil etmir, Gürcüstanda isə bu rəqəmin artıq 11 faizə çatdırılacağı bildirilir. Onu da vurğulayaq ki, ölkəmizin təbii sərvətlər baxımından zəngin olmasına baxmayaraq, adambaşına düşən ÜDM göstəricisi Azərbaycan və Gürcüstanda təxminən eynidir. Deməli, yaxın gələcəkdə təhsilə ayrılan xərclərin ÜDM-ə nisbətdəki faiz göstəricisinə görə, Gürcüstan ölkəmizi 3 dəfəyədək üstələyəcək, müəllimlərin maaşlarına görə isə bu fərq 5 dəfəyə yaxınlaşacaq…
M.Baxtadzenin çıxışındakı maraqlı məqamlardan biri də prestijli məktəblərlə bağlıdır: “Biz istəmirik ki, Gürcüstanda sadəcə bir neçə, yaxud onlarla prestijli məktəb olsun. Bütün məktəblər yüksək standartlara cavab verməlidir”. Azərbaycana da eyni şeyi sadəcə arzulaya bilərik. Çünki hazırda ölkəmizdə keyfiyyətli təhsil verən bahalı və prestijli orta təhsil müəssisələrilə adi orta məktəblərin arasındakı fərq az qala uçurum səviyyəsindədir.
Gürcü baş nazirin hökumətin təhsilə nə dərəcədə önəm verdiyini açıqlayan son fikri: “21-ci əsrdə yüksək səviyyəli təhsilə malik olmayan heç bir dövlət və iqtisadiyyat uğur qazana bilməz. Və ölkənin qarşısında duran bütün problemlərin həlli yolu məhz təhsildən keçir…”
Əlbəttə ki, eyni fikirləri Azərbaycana da aid etmək olar. Məhz təhsilin lazımi səviyyədə olmaması bugün böyük təbii sərvətləri olan Azərbaycanın öz iqtisadi potensialından tam istifadə edə bilməməsinin əsas səbəblərindən biridir.
Biz bilmirik, Gürcüstanın da öz Hadı Rəcəblisi və ona bənzərləri var, yoxsa yox. Ancaq onu bilirik ki, bir hökumət təhsili doğrudan da əsas prioritetə çevirdiyi təqdirdə, heç bir deputat, yaxud digər birisi müəllimə dolanışıq üçün bənnalıq, əkinçilik, dulusçuluq, yaxud halvaçılıq təklif edərək, onu ələ sala bilməz. Hökumət təhsilə doğrudan da ciddi önəm versə, güclü maliyyə dəstəyi göstərib, müəllimi ələbaxım etməsə, o zaman məktəblər təhsil yox, attestat verən, ali məktəblər isə ölkəyə yüksək səviyyəli mütəxəssis yox, sadəcə diplom verən rəsmi qurum funksiyası daşımayacaq, uşaqlar repetitorlara üz tutmayacaq, məmurlar hazırlıq kursları açıb, milyonlar qazanmayacaqlar və s…(azpolitika)
Cəlal