Şoyqu Dağıstanda müşavirə keçirdi, Xəzərdə yeni hərbi bazanın yaradılması haqda danışdı-"Kaspiysk ən münasib yerdir"
Ötən bazar günü Qazaxıstanın Aktau şəhərində Xəzərin statusuna dair Konvensiyanın imzalanmasının ardınca Rusiyanın müdafiə naziri Sergey Şoyqu Dağıstanda xüsusi müşavirə keçirib və Xəzərdə yeni hərbi bazanın yaradılması işlərini müzakirə edib. “Rossia Today” kanalı xəbər verir ki, müdafiə naziri Dağıstanın Kaspiysk şəhərində mühəndis, naviqasiya-hidroqrafiya və maddi-texniki təchizat sistemlərinə malik yeni hərbi dəniz bazasının tikilməli olduğunu tapşırıb.
Yenixeber.org: Şoyqu müşavirədə bildirib ki, hazırda bazanın tikintisinə hazırlıq gedir, buxtanın hərbi donanmanı iri gəmilərinin hərəkəti üçün genişləndirilməsi üçün işlər aparılır, eyni zamanda quruda infrastrukturun qurulması həyata keçirilir.Rusiyanın müdafiə naziri Kaspiyskdə qurulacaq yeni hərbi bazada hərbi qulluqçuların sayının “dəfələrlə artırılacağını” bildirib.
Müdafiə nazirinin sözlərinə görə, ən mühüm məsələlərdən biri Xəzər donanmasının gəmilərinin yeni bazada təmiri və texniki xidmət göstərilməsi üçün müvafiq infrastrukturun yaradılmasıdır. Şoyqu Mahaçqala limanında hərbi obyektlərin tikildiyini, o cümlədən 177-ci dəniz piyada polku üçün tədris-maddi bazanın yenidən qurulduğunu deyib.
Rusiya ekspertləri hesab edirlər ki, müdafiə nazirinin Xəzərin hüquqi statusuna dair Konvensiyanın imzalanmasının ardınca Dağıstanda müşavirə keçirib yeni hərbi dəniz bazasına dair işləri müzakirə edilməsi təsadüfi deyil. Bu, Rusiyanın Xəzərdəki strateji maraqlarını göstərir və Moskva işarə edir ki, qapalı su hövzəsi olan Xəzərə kənar güclərin daxil olmasına qətiyyən yol vermək niyyətində deyil.
Əslində Rusiya Xəzər donanmasını son illərdə durmadan gücləndirib. Donanmanın silahlanmasına 18 yeni hərbi gəmi və köməkçi gəmilər verilib. O cümlədən “Kalibr” universal raket kompleksləri ilə silahlanmış “Qrad Sviyajsk”, “Uqliç”, “Velikiy Ustyuq” kimi raket gəmiləri Xəzərdə üzür.
“Strateji baxımdan Rusiya üçün Kaspiyskdə bazaya malik olmaq Rusiyanın maraqlarının müdafiəsi üçün çox sərfəlidir. Müdafiə nazirinin ideyasını tam dəstəkləyirəm. Yeganə deyəcəyim odur ki, orada həddən artıq iş görülməlidir, amma buna getməyə dəyər”-Rusiya Dövlət Dumasının müdafiə komitəsinin sədr müavini, general Viktor Zavarzin bildirib.
“Arsenal Oteçestva” jurnalının baş redaktoru, ehtiyatda olan polkovnik Viktor Muraxovski də Kaspiyskin hərbi baza yerləşdirmək üçün Xəzərdə ən münasib istiqamət olduğunu deyir. Ekspert xatırladır ki, sovet dövründə Xəzər donanmasının bazası Bakıda yerləşirdi, SSRİ dağılandan sonra baza Həştərxana köçürüldü. Amma Həştərxan münasib liman deyil, dəniz sahilindən uzaqdır. Üstəlik hidroloji şərait də münasib deyil. Kaspiyskdən isə gəmilər dərhal Xəzərin açıq akvatoriyasına daxil ola bilir və əməliyyat vəzifələrini daha sürətlə yerinə yetirə bilər.
Xatırladaq ki, Xəzərin statusuna dair Konvensiyada regiondan kənar dövlətlərin dənizdə hərbi iştirakını istisna edir. Ekspertlər bu məqamı Rusiyanın geosiyasi nailiyyəti hesab edirlər.(virtualaz)
F.Məmmədov