ŞİMALİ KOREYANIN GİZLİ ARSENALI:Kim bütün sirləri ABŞ-a açacaqmı? - TƏHLİL
Cobi Uorrik
“Washington Post”
Ən azı 20 və bəlkə də 60-a yaxın döyüş başlığı Pxenyanın şimalındakı dağlarda, bunkerlərdə gizlədilib. Bu günə qədər Şimali Koreyadan onların üzə çıxarılması və ya təftişi, hətta konkret harada saxlandıqlarına dair heç bir açıqlama yoxdur.
Yenixeber.org: Ölkənin Yonbion yaxınlığında yerləşən radiokimya laboratoriyasında hər gün iş gedir, burada yeni bomba üçün yanacaq çubuqlarından plutonium hasil edilir. Laboratoriyadan kiçik bir çaya doğru uzanan yerdə, əlavə bombalar üçün nüvə yanacağı istehsal edə bilən 20 meqavatlıq reaktorda testlər davam etdirilir.
Şimali Koreyanın silah kompleksində mövcud olan bu qurğuların sayı yüzlərlədir, bu da təkcə nüvə və kimyəvi silah hazırlanmasını deyil, həm də onları ictimaiyyətdən gizlədilməsini tələb edir.
Dünyanın silah mütəxəssisləri çərşənbə günü prezident Trampın Pxenyanın onilliklər boyu silah istehsalının yaratdığı təhlükənin effektiv şəkildə aradan qaldırıldığına dair iddiasına təəccübləniblər. Trampın “Twitter”-də yazdığına görə isə, “Simali Koreyadan artıq nüvə təhdidi yoxdur”.
ABŞ-Şimali Koreya zirvəsi müharibə riskini azaltsa da, Şimali Koreya təhdidinin ortadan qaldırılması, silah mütəxəssisləri və Pxenyanla keçmiş danışıqların iştirakçılarının fikrincə, çox uzaq perspektivdir. Analitiklərin sözlərinə görə, belə bir uğur çətin danışıqlar, uzun sökmə və yoxlama illəri tələb edir və bəlkə də ən vacibi – böyük aldatma tarixi olan bir dövlətin davranışında dərin bir dəyişiklik öhdəliyi.
Trampın Sinqapur zirvəsində qələbə qazandığını elan etməsindən bir neçə saat sonra bəziləri Şimali Koreyanın dəyişməsinə həvəssiz, bəlkə də istehza ilə yanaşıb.
Brukinqs İnstitutunun alimi və sabiq məmur, daha əvvəl respublikaçılar və demokratlar dövründə ABŞ Dövlət Departamentinin silahlara nəzarət idarəsinin səlahiyyətlisi Robert Eynhorn deyib: “Şimali Koreyanın bugünkü imkanları bir həftə əvvəlki vəziyyətdən fərqli deyil”. Pxenyanla əvvəlki danışıqlarında iştirak etmiş Eynhornun fikrincə, Şimali Koreyanın nüvə təhdidinin ortadan qaldırılması yalnız prezidentin xəyallarında – “paralel kainatda” mövcuddur.
Eynhorn əlavə edib: “Vəziyyəti qəbul etməmə gülüncdür. Trampın sözlərinə görə, Şimali Koreyanın niyyətləri dəyişib, imkanları məhv olur. Düşünürəm ki, o, niyyət barədə sadəlövh və imkanlara dair yanlış fikirdədir”.
Şimali Koreyanın bu günə qədər nüvə silahı ilə bağlı yeganə ictimai vədi Kim Dzyan (Çen) In tərəfindən imzalanan, Trampla zirvədə qəbul edilən birgə bəyanatdakı 19-cu bənddir. Bununla yanaşı, Kim “Koreyanın yarımadasının tamamilə nüvəsizləşdirilməsi istiqamətində işləmə”yə söz verib. Bu, Koreya liderləri ilə 1990-cı illərin əvvəllərindən başlamış əvvəlki beynəlxalq danışıqlarda da əldə edilmiş vəddir. Həmin dövrdən bəri Pxenyan altı nüvə və daha uzun mənzilli raketlərin sınaqlarını keçirib. Onların bəziləri döyüş başlıqlarını Vaşinqton kimi çatdıra bilər.
İyunun 12-də keçirilən zirvə toplantısından sonra Şimali Koreyanın Dövlət Xəbər Agentliyi bütün Koreya yarımadasında “sülh, sabitlik və nüvəsizləşdirmə” əldə etməyə yönəlmiş danışıqlar zamanı ölkənin “mərhələli və eyni zamanda, biryönlü hərəkət prinsipinə əməl edəcəy”ini açıqlayıb. Lakin bəyanatda mövcud silahların məhv edilməsi, zavod və laboratoriyaların sökülməsi ilə əlaqədar xüsusi vədlər yoxdur.
Cənubi Koreyada keçirilən mətbuat konfransında dövlət katibi Mayk Pompeo etiraf edib ki, Şimali Koreyanın tərksilah edilməsi illərlə çəkə bilər. Ancaq onun sözlərinə görə, nüvəsizləşdirmə proqramının detallarını işləyib hazırlamaq üçün danışıqların artıq gələn həftə başlana ehtimalı var və hələ açıqlanmasa da, bir sıra detallar razılaşdırılıb.
Silah mütəxəssisləri deyirlər ki, bomba və raketlərin fiziki məhv edilməsindən əvvəl ən azı bir çox paralel addımlar atılmalıdır. Başlanğıc üçün Şimali Koreyanın hipergizli hökuməti nəhəng reaktorların yerləşdiyi yerüstü sığınacaq və yeraltı tunelləri (onları kosmik şəkillərdən görmək mümkündür), Şimali Koreyanın ən qabaqcıl silahları və bu istiqamətdə tədqiqatları inventarlaşdırılmalıdır.
Bundan sonra, dünyanın ən qılaflı dövləti yüzlərlə xarici mütəxəssisin ölkə daxilində hər bir bina və saxlama mənbəyinin inventar yoxlanmasına və eyni zamanda, rəsmi siyahıda olmayan onlarla şübhəli məkanın araşdırılmasına razılıq verməlidir.
Bu addımlar başa çatdıqdan sonra faktiki sökülmə mərhələsinə başlanılmalıdır. Müxtəlif tədqiqatların 2 illə 15 il arasında çəkəcəyi proqnozlaşdırılır. Buna görə də, çətin və texniki cəhətdən ağır iş prosesinin qrafiki müəyyənləşməlidir.
Pensilvaniya ştatı ölçüsündə olan dağlıq ölkədəki təxminən iki yüzədək məkana səpələnmiş nüvə, kimyəvi silah və qabaqcıl raket sistemləri ilə əlaqəli yüzlərlə məlum obyekt var. Şimali Koreya səlahiyyətliləri son zirvəyə qədər qəti müsbət ton qəbul etsələr də, uzun müddət Şimali Koreyanı müşahidə edənlər Kimin belə dramatik addımlar atmağa hazır olmasına dair çox az sübutlar görürlər.
Silahsızlanmaya dair yeganə konkret addımlar keçən ay Punqi-ridə nüvə sınağı poliqonunun qismən məhv edilməsi və ötən həftə ölkənin raket sınaqlarından birinin təxirə salınması olub. Şimali Koreyanın qərbli müşahidəçiləri arasında şübhə var: Kim – onunla görüşmək üçün ABŞ prezidentini dünyanın yarısını dolaşmağa məcbur edən, dünyanın ən repressiv və iqtisadi cəhətdən sönük ölkəsinin lideri yeganə aktivindən imtina etməyə razı olacaqmı?
Şimali Koreya üzrə ekspert və Vudro Vilson Beynəlxalq Araşdırmalar Mərkəzinin vitse-prezidenti Robert Litvak deyir: “Nə qədər ki, Kim ailəsi iqtidardadır, sıfır döyüş başlığı planı masa üzərində qalacaq. Onun uzun oyunu rejimi qorumaq üçündür”.
Digər ekspertlərin fikrincə, zirvə görüşü ilə amerikalılar ən azı təhlükəni – ABŞ-la “nüvə zərbəsi mübadiləsi” şansını azaltmağı bacarıblar. Obama administrasiyasının Milli Təhlükəsizlik Şurasında Şimali Koreya üzrə məsləhətçisi olmuş, hazırda Nüvə Böhranı Qrupunun direktoru Con Volfsthal bildirib ki, yaxın aylarda Trampın silahlara nəzarət üzrə qeyri-ənənəvi yanaşması öz sələflərinin səylərindən daha uğurlu olduğunu sübut edə bilər.
“Ekspertlərin səslərində duyduğunuz tərəddüd “bu dəfə hər şeyin fərqli olduğuna kiçik bir şans var” mənası verir. Digər tərəfdən, Şimali Koreya ilə bu “rəqs”i təxminən 30 ildir ki, edirik. Nüvə proqramında Pxenyan böyük uğurlar qazanıb. Şimali koreyalıların bəzi sirlərini bizə verməsi mümkündür, amma bu, bir göz qırpımında baş verməyəcək”.
Tərcümə: Strateq.az