XƏZƏRDƏ ABŞ-IN HƏRBİ BAZASI OLACAQ?-Vaşinqton Kremli indi də Qazaxıstanın əli ilə cəzalandırır
İ.Minin (News.ru)
Qazaxıstan parlamentinin yuxarı palatası ABŞ-a Pentaqonun bazalarını Xəzərdə yerləşdirməsinə (Əfqanıstana hərbi yüklərin tranziti üçün) icazə verən sənədi ratifikasiya edib. Qazaxıstanın xarici işlər naziri Qayrat Abdraxmanov bildirib ki, ABŞ-ın təklifi ilə xüsusi yüklərin Əfqanıstana tranziti üzrə marşrut indi Gürcüstan və Azərbaycan ərazisindən keçəcək. Əvvəlcə Xəzər dənizi vasitəsilə Qazaxıstana, ardından dəmiryolu nəqliyyatı ilə Sarıaqaş, Kələs və ya Beyneu-Karakalpakiya stansiyaları ilə Özbəkistana, oradan da Əfqanıstana.
Yenixeber.org: Yeri gəlmişkən, ABŞ-ın özünün 10 min, NATO-dakı müttəfiqlərinin isə 3 min nəfərlik hərbi kontingenti hələ də Əfqanıstanda qalmaqdadır.
Qazaxıstan Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunur ki, yoxlama-keçid məntəqələrinə Aktau və Kurık limanları da əlavə edilib. Bütün bunlar da ABŞ-ın (qonşu Əfqanıstanda sülhü və stabilliyi qorumağa çalışan ölkə olaraq) strateji müttəfiqi olan Qazaxıstanın maraqlarına tam cavab verir.
Əfqanıstana yüklərin tranziti ilə bağlı Xəzərdəki Aktau limanından istifadə imkanlarına dair ABŞ-la Qazaxıstan arasında danışıqların getdiyi ilk dəfə 5 il əvvəl ortaya çıxmışdı. Bu xəbər rəsmi Astananın istəyi xaricində sızdırılmış və nəticədə hökumət rəsmiləri etiraf etməli olmuşdular.
Xəbər Rusiya rəhbərliyində qıcıq yaratmışdı. Belə məlum olurdu ki, Rusiyanın yaxın tərəfdaşı, bütün inteqrasiya layihələrinin iştirakçısı olan Nursultan Nazarbayev Moskva ilə məsləhətləşmək zərurətini hiss etməyib. Üstəlik Rusiya tərəfini danışıqların detalları barədə də məlumatlandırmayıb.
“Biz Xəzərdə işləri birgə görmək barədə razılaşmışdıq. Orada Xəzərə aidiyyəti olmayan dövlətlərin silahlı qüvvələrinin peyda olması bu razılaşmanın ruhuna ziddir”, – deyə Rusiya Dumasının MDB məsələləri üzrə komitəsinin birinci müavini Konstantin Zatulin yaranmış durumdan narazı qaldıqlarını dilə gətirib.
Qazaxıstanın “Real Politik” analitik xidmətinin rəhbəri Talqat Mamırayımov isə ehtimal edir ki, Astana Kremllə ilkin məsləhətləşmələr aparıb: “Ola bilsin ki, bu məsələ Nazarbayevin hələ Vaşinqtona səfərindən əvvəl müzakirə olunub. Çünki səfər zamanı Nazarbayev ABŞ hərbçilərinin Əfqanıstan ərazisində mövcudluğunun vacib olmasından danışmışdı. Kremllə bəlli konsensus olmadan Nazarbayev bunu çətin ki, müzakirəyə çıxarardı. Böyük ehtimalla, onun Putinlə bu barədə söhbəti olub və tərəflər limanlardan tranzit üçün istifadə oluna biləcəyinə dair razılığa gəliblər. Əfqanıstanda stabilliyin olması Rusiyanın da marağındadır”.
Bu ilin əvvəlində Nursultan Nazarbayevin Vaşinqtona üçgünlük səfəri olmuşdu. Və ABŞ prezidenti Donald Tramp onu yüksək səviyyədə qarşılamışdı. Hələlik görünən odur ki, ABŞ-la Qazaxıstanın bütün sahələrdə, eləcə də hərbi sahədə əməkdaşlıq səviyyəsi artan xətt üzrə gedir.
Bu yaxınlarda Vaşinqtonda hərbi əməkdaşlığa dair 2018-2022-ci illəri əhatə edən beşillik plan imzalandı. Deyilənlərə görə, sənəddə Xəzərin Aktau limanında ABŞ Hərbi-dəniz qüvvələrinin bazasının yaradılacağı imkanlarından da bəhs olunur. Lakin bu barədə hələ hər hansı rəsmi məlumat verilmir.
Bundan başqa, planda Xəzərdə Qazaxıstan dəniz donanmasının inşasına ABŞ-ın dəstəyindən də bəhs olunur. Aktau limanında təlim poliqonu qurula bilər ki, onu da asanlıqla hərbi-dəniz bazasına çevirmək olar.
ABŞ Qazaxıstana hərbi texnika verib. Bu ölkənin ordusuna NATO standartlarında təlimlər keçir ki, Qazaxıstan hərbçiləri alyansın xaricdəki əməliyyatlarında iştirak edə bilsin. Qazaxıstanda keçirilən bütün hərbi təlimlərdə amerikalı müşahidəçilər iştirak edir. Rusları isə bu təlimlərə heç də həmişə dəvət etmirlər.
Qazaxıstan prezidenti mütəmadi olaraq ölkəsinin çoxşaxəli xarici siyasətindən danışır. Ölkə heç kimlə mübahisə etmək istəmir. Kremlin xoşuna gəlsə də, gəlməsə də Moskvanın təşəbbüsləri ilə bağlı neytral mövqedə dayanır.
Məlum olduğu kimi, Xəzər bir neçə ölkəyə – Azərbaycan, İran, Türkmənistan, Rusiya və Qazaxıstana məxsusdur. Bugünədək bu dövlətlər Xəzərin hüquqi statusuna dair bütün mübahisələri həll edib bitirə bilməyiblər.
Bəzi ekspertlər ehtiyat edir ki, Xəzər sularında ABŞ-ın peyda olmasından sonra vəziyyət bir qədər də dolaşacaq.
Məsələn, ABŞ-ın Qazaxıstan limanlarından tranzit üçün istifadə etməsinə İran necə yanaşacaq? Sözsüz ki, Tehran bundan məmnun qalmayacaq. Amma hələ ki, İran hökuməti məsələ ilə bağlı rəsmi mövqe bildirməyib.
2016-cı ilin əvvəlində İranın üzərindən Qərbin əksər sanksiyaları götürüldü. Təbii ki, Tehran bütün sanksiyalarlan azad olunmaq istəyir. Ona görə də bir müddətdir, ABŞ-ın ünvanına o qədər də sərt bəyanatlar səsləndirmir.
Digər Xəzər dövlətlərinin də məsələyə qarşı çıxacağı gözlənilmir. Ən azı ona görə ki, tranzit məsələsinin onların milli maraqlarına hər hansı mənfi təsiri yoxdur.
Rusiyalı ekspertlər hesab edirlər ki, Qazaxıstanın məlum qərarı Moskvaya sərfəli olmasa da, birbaşa təhdid də yaratmır: “Yəqin ki, Kremlin kəskin bəyanatına şahid olmayacağıq. Qazaxıstan suveren dövlətdir və özünə lazım olduğu kimi davrana, addım ata bilər. Keçid məntəqələrindən biri sonradan hərbi bazaya çevrilsə, nə olacaq? ABŞ-ın bu gün xaricdə 700 hərbi bazası var. Bu da növbəti olar. Rusiya üçün xoşagəlməzdir, amma Moskva buna mane olmaq iqtidarında deyil”.Tərcümə Strateq.az-ındır