Ermənistanda ikinci aprel xofu– “Ölkə növbəti “sindrom”dan çıxmayacaq...”
“Sürünən müharibə” hər an qaynar müharibəyə keçid ərəfəsində; erməni ekspertlər: “Sərkisyan zamana və tarixə uduzub”; “Aprel müharibəsindən sonra biz hələ də bilmirik ki, yeni situasiyada necə yaşayaq...”
Yenixeber.org: Bu günlər 2016-cı ilin aprel döyüşlərinin ikinci ildönümünü yaşayırıq. Məhz 4 günlük aprel müharibəsi işğalçı ordunun özü haqda illərdir yaratmağa çalışdığı “məğlubedilməzlik” mifini darmadağın elədi, Azərbaycan xalqını məğlubiyyət sindromundan qurtardı, ona böyük hərbi zəfəri dadızdırdı və bu zəfərin uzaqda olmadığını anlatdı, topluma misli görünməmiş özünəinam hissi aşıladı.
Eyni ölçüdə erməni cəmiyyətini Qarabağ məsələsi ilə, hakimiyyətdəki “Qarabağ klanı”nın verdiyi vədlərlə bağlı böyük xəyal qırıqlığına uğratdı, onu sonu görünməyən məyusluq zolağına soxdu, ölkədən kütləvi köçü daha da sürətləndirdi, hakim Sərkisyan rejiminin dayaqlarını, iqtidardakı “səhra komandirləri”nə inamı sarsıtdı. Bu proses hələ bitməyib. Hər halda erməni təhlilçilərinin şərhlərindən hasil olan qənaət həm də belədir.
“Aprelin 2-də (2016-cı il - red.) biz tamamilə yeni bir situasiyada oyandıq - hansı ki, heç vaxt 2 aprelədək olan vəziyyətə oxşamayacaq. Həmin hadisə təkcə yeni situasiyaya səbəb olmadı, həmçinin, keçid, dönüş oldu - əfsus ki, sözün pis mənasında. Eyni zamanda bizi sanki ayıltdı, 25 illik yuxudan çıxardı - o yuxu ki, təkcə Qarabağ məsələsi ilə bağlı deyildi. Bütövlükdə bizim hamımızın taleyi və həyatı ilə, dövlət idarəçiliyi ilə bağlıdır”.
“Yeni Müsavat”ın məlumatına görə, bu barədə 1 in.am portalının yazarı Aram Amatuninin dünənki məqaləsində deyilir. Müəllif ardınca yazır: “Aprelin 2-dən sonra biz hələ də bilmirik ki, yeni situasiyada necə yaşamalıyıq. Əgər 2 apreldən 2 aprelə qədər olan iki ilə yekun vursaq, bunu qeyd etməliyik ki, Ermənistanın əsrin 1/4-i qədər olan müstəqilliyi müddətində iki aprel arasında vakuum yaranıb. 25 il biz gələcəyimizi xərcləmək hesabına yaşadıq - ta ki, aprel sindromuna tuş gəlincə”.
*****
Müşahidə edilən həm də budur ki, hakim Sərkisyan rejimi aprel dərsinə rəğmən, öz xalqını uçuruma doğru aparmaqda israrlıdır. Əks halda, öz ömrünü israrla uzatmağa çalışmazdı. Amma hara kimi? Bu gün yerli siyasi icmalçılar Sərkisyanın hakimiyyət hərisliyinin mümkün hüdudları ilə bağlı suala da cavab axtarırlar.
“2015-ci ildəki konstitusiya referendumu ilə Serj Sərkisyan formal olaraq öz hakimiyyətinin ömrünü uzatmış oldu. Ancaq cəmi bir neçə ay sonra Ermənistan iki fors-major vəziyyətlə üzləşdi: 2016-cı ilin aprel müharibəsi və avqustda İrəvanda polis idarəsinin zəbt edilməsi. Bu iki hadisə hakimiyyətin qüdrəti haqda mifi sabun köpüyü kimi dağıldı, hakim sistemin dayaqlarını laxlatdı”.
“Yeni Müsavat” xəbər verir ki, bunu başqa bir erməni analitiki Sərkis Arsruni 9 aprel baş nazir seçkisi öncəsi hakim qüvvənin və Ermənistanın mümkün perspektivi barədəki məqaləsində yazıb. Onun sözlərinə görə, Serj Sərkisyanın əvəzedilməzliyi haqda bugünkü tezis də mifdən başqa bir şey deyil. “Bu mif ilk fors-major situasiyadaca və ya hətta ona ilk real alternativ ortaya çıxan kimi dağılacaq. Ona görə ki, avtoritar rejimlərin gücü instutusional əsaslara yox, ictimai xofa, cəmiyyətin laqeydliyi və apatiyana söykənir. Avtoritar hakimiyyət ilk baxışda nə qədər güclü, monolit və məğlubedilməz görünsə də, bir o qədər qeyri-standart vəziyyətlərdə həssas və gücsüz olur. Bu mənada obrazlı ifadə eləsək, Serj Sərkisyan hamını üstələsə də, zamana və tarixə uduzub. Zaman və tarix - daşürəkli hakimlərdir, onlar həddi aşan, özündən sonra bütün körpüləri yandırmış, keçmişdən və reallıqlardan qopmuş heç bir hakimiyyəti, lideri bağışlamır”, - deyə o vurğulayıb.
*****
Erməni şərhçilərin qeydlərindən həm də o qənaət hasil olur ki, Sərkisyan rejimi ikinci “aprel sindromu”ndan çıxmaya bilər. “Aprel sindromu” isə hökmən deyil ki, elə apreldə olsun. Sərkisyan rejimini bu sindrom, yəni fors-major vəziyyət mayda, yayda və ya hər hansı başqa ayda da yaxalaya bilər.
Doğrudur, bəzi həbi analitiklərə görə, 2016-cı ilin aprel presedentindən sonra Azərbaycan üçün yenə qəfillik imkanı olmayacaq, çünki işğalçı tərəf müəyyən mənada özü üçün dərs götürüb, bəzi yeni müşahidə cihazları əldə edib. Ancaq unutmaq olmaz ki, Azərbaycan öz hərbi potensialını durmadan artırır, daha müasir silahlarla təmin olunur, ordusunun döyüş qabiliyyətini artırır. O sırada qardaş Türkiyənin təcrübəsindən istifadə edir. Demək, bu dəfə qəfillik düşmən tərəfin gözləmədiyi başqa bir səmtdə və ya formada da özünü göstərə bilər.
İstənilən halda müharibə bitməyib, Azərbaycan prezidenti İlham Əliyevin bir neçə dəfə xatırlatdığı kimi, onun yalnız birinci hissəsi bitib. İkinci hissəyə kimi isə Azərbaycan öz ərazisindəki “çağırılmamış qonaqlar”ı mütəmadi şəkildə və bacardıqca daha ciddi canlı və maddi itkilərə məruz qoyacaq. İşğalçı qüvvələr ərazimizdə heç vaxt özünü rahat, təhlükəsiz hiss eləməyəcək. Yeri gələndə isə iki il öncəki kimi, lokal əməliyyatlara da baş vuracaq.
Buna “sürünən müharibə” də demək olar. O, hər an gerçək müharibəyə keçə bilər. Növbəti müharibədən isə nəinki Sərkisyan rejimi, bütövlükdə Ermənistan ölkə olaraq çıxmayacaq. Bunu boşuna yazmırıq - həm də ciddi yerli erməni və əcnəbi ekspertlərin fikirlərinə əsasən qeyd edirik. Böyük müharibə üçün Ermənistanın nə insani və maddi resursları, nə rüşeym halında olan iqtisadi potensialı yetərlidir, nə də çağırışçı problemi yaşayan ordusu Azərbaycan ordusu ilə hərbi-texniki baxımından ayaqlaşmaq iqtidarında...