PUTİNİN YENİDƏN YARATDIĞI RUSİYA –Kreml üç əsas istiqamətdə fəaliyyətini davam etdirəcək
Soli Özel
“Habertürk”, Türkiyə
Martın 18-də Rusiyada prezident seçkilərinin ilk turu keçiriləcək. Vladimir Putinin bu seçkini udacağına heç kim şübhə etmir. O, 1990-cı illərin darmadağın olmuş və zəif düşmüş Rusiyasının yerinə, bu gün xoşlamadığı rejim müxaliflərini xaricdə neytrallaşdıra, ABŞ və ehtimal ki, həm də Avropadakı seçkilərə müxtəlif formalarda müdaxilə edə biləcək bir Rusiya qurub.
Yenixeber.org: Avropa siyasi sistemində Putin tərəfdarı olan ifrat sağçı partiyalar Moskvadan aldıqları dəstəyin də təsirilə güclərini artırıblar. Tramp dövründə ABŞ-ın sürətlə nifrət hədəfi halına gəlməsi, ölkə hakimiyyətinin başıpozuqluğu və sarsaqlığı Rusiyanın önəmli strateji mövqelər əldə etməsinə də yol açıb.
1990-cı illərin dövlət başçısı Boris Yeltsinin yerinə gələn zaman Putinin qarşısında duran ən önəmli məsələ Rusiya dövlətini yenidən qurmaq və onun imkanlarını artırmaq idi. 2007-ci ildəki Münhen təhlükəsizlik konfransında Sovet İttifaqının dağılmasını XX əsrin ən böyük fəlakəti adlandıraraq, Qərb dünyasına “Bizi əsla bir daha 1990-cı illərdəki kimi gözümçıxdıya sala bilməyəcəksiniz” deyən Putin, dediyini böyük ölçüdə yerinə yetirdi. Sovet İttifaqının dağılması ilə “torpaqlarının 23,8%-ni, əhalisinin 48,5%-ni, milli gəlirinin 41%-ni, hərbi gücünün isə 44,6%-ni” itirmiş olan Rusiyanı dünya siyasətində önəmli bir güc halına gətirdi. Rusiya keçmiş sovet respublikalarındakı ağırlığını artırdı, Ukraynanı böldü, Krımı ilhaq edərək, torpaqlarını genişləndirdi.
Rusiya bu gün çatdığı nöqtəyə yalnız hərbi gücünün tətbiqiylə – Gürcüstanı işğal edərək, Ukraynadakı separatçılara, Suriyadakı rejimə dəstək verərək öz yaxın çevrəsində quş uçurtmayaraq gəlmədi. Eyni zamanda diplomatiyadan da öz maraqları yönündə həm təsirli, həm də geniş şəkildə istifadə etdi. Bu səbəblə də xüsusilə Orta Şərqdə hamı Moskva ilə yaxşı münasibətlər qurmağa çalışdı. “Süni intellektdən ən yaxşı formada kim istifadə edəcəksə, gələcək dünyaya o hakim olacaqdır” deyən Putin, kibermüharibəyə də ciddi investisiya qoydu və bu şəkildə demokratik ölkələrin seçkilərinə təsir edəcək şəbəkəni yarada bildi.
1 martda etdiyi çıxışında isə Putin beynəlxalq münasibətləri yenidən hərbi rəqabət əsasında müəyyən etmək istədiyinin mesajını verdi. Rus politoloqu Yekaterina Şulmanın dediyi kimi, Putinin bu çıxışındakı əsl hədəf kütləsi Qərb ölkələri, xüsusən də ABŞ idi: “Dünyanın bölüşdürülməsi üçün ən güclü ölkələrlə aparacağı xəyali müzakirələrdə Rusiyanın əlini gücləndirməyə çalışdı. Biz, yəni, Rusiya onların bizi ciddiyə almasını, bizə hörmət etməsini istəyirik”.
Putinin Rusiyanı dünya səhnəsinə yenidən güclü və sözükeçən, tutduğunu qoparan bir ölkə olaraq çıxarması ölkə ictimaiyyətinin də xoşuna gəlir. Ölkə iqtisadi baxımdan əlverişli durumda olmasa da, demoqrafiyası sürətlə və ruslar baxımından təhlükəli şəkildə düşsə də, cəmiyyətdəki mövcud ab-hava onu dəstəkləməkdədir.
Avropa Xarici Əlaqələr Şurası üçün “Putin sonrasının Rusiyası” (“The arrival of post-Putin Russia”) başlıqlı hesabat yazan İvan Krastev və Qleb Pavlovskiyə görə, “Putin yalnız bir prezident deyil, postsovet Rusiyasının əsl qurucusudur”. Onlara görə, Putin Rusiyada yeni bir rejim qurub. Bu rejimə uyğun insan və seçici profilini formalaşdırmağı da bacarıb.
Krastev və Pavlovski Putinin öz qurduğu rejimdən güclü olduğunu yazsa da, Rusiyanın üç əsas hədəfi izləməsi davam edəcəkdir. Bunlardan birincisi, "AB ilə ABŞ-ı bir-birindən uzaqlaşdırmaqla bərabər, AB üzvlərinin arasını pozmaq"; ikincisi, "Avrasiyada Çinin iqtisadi liderliyini qəbul edərək, dominant təhlükəsizlik və diplomatik nizamlayıcı olmaq"; üçüncüsü isə, "Türkiyə ilə Qərb arasındakı böhrandan faydalanaraq, Türkiyənin ancaq sözdə NATO üzvü olmasını təmin etməkdir"…