Mafiyayla sövdələşmə, Dubayın “vizit kartı”, Çili bibəri…-Siyasətə biznesdən gələn milyarderlər...
Yenixeber.org: Pul və hakimiyyət bir-biriylə sıx bağlı olsa da, uzun müddət bu fikir hakim idi ki, biznesmenlər də, peşəkar siyasətçilər də yalnız öz işləriylə məşğul olmalıdılar. Lakin siyasi səhnəyə gələnlər arasında iş adamlarının sayının artmasından və son olaraq biznesmen Donald Trampın prezident seçilməsindən sonra bu fikir aktuallığını itirməyə başladı.
Biznes, media, futbol, hökumət…
Silvio Berluskoni
Biznesdən hökumət idarəçiliyinə gələn məşhurlardan biri mediamaqnat, "Fininvest" holdinqinin rəhbəri, "Milan" futbol klubunun keçmiş sahibi Silvio Berluskonidir.
Berluskoni 1936-cı il sentyabrın 29-da bankir ailəsində anadan olub. Atası oğlunun bank sistemində işləməsini istəsə də, Silvio öz seçdiyi yolla gedir və hüquq fakültəsinə daxil olur.
Tələbə ikən tikinti şirkətlərinin birində işləməyə başlayan gənc hüquqşünas bir az təcrübə toplayandan sonra bu sahə üzrə layihələr reallaşdırmağa başlayır.
Qurduğu tikinti şirkətləri sürətlə böyüyür və Milan ətrafında çoxsaylı mikrayonlarsalınırdı.
1970-ci ildə Silvio bir neçə qəzeti satın alır və telekanallar təsis edir. Bu media qurumları onun sonradan məşhurlaşan "Mediaset" imperiyasının əsasını təşkil edirdi.
Berloskoninin uğurunun əsas sirri onun sövdələşə bilmək bacarığına sahib olması ilə bağlıydı. Uzun illər sonra – siyasi karyerası başa çatanda mütəşəkkil cinayətkar dəstələrin "şefləri" Berluskoninin mafiya ilə əlaqələrindən, "krışalıq" müqabilində onlara böyük pullar ödəməsindən danışmışdılar.
Berluskoni ilk dəfə planetin zənginləri siyahısına ("Forbes"in təsis etdiyi siyahı) 1988-ci ildə düşüb və o vaxtdan bu yana həmin siyahını tərk etməyib.
Ölkənin siyasi həyatına isə o, 1994-cü ildə "İtaliya, irəli!" birliyi ilə daxil olub. Sonrakı 20 il ərzində Berluskoni ümumxalq seçkilərində 3 dəfə qələbə qazanıb və 4 dəfə baş nazir postunu tutub. 20 il baş nazir postunda qalan Berluskoni yerini Benito Mussolini və Covanni Colittiyə güzəştə gedib.
Berluskoni hökumətin başına ilk dəfə 1994-cü ildə – bir neçə partiya ilə koalisiyaya girərək gəlib. Lakin cəmi iki il sonra baş nazir postunu itirib. Səbəb də koalisiyadakı müttəfiqlərinin onunla işləməkdən imtina etməsi olub. Bununla belə, Berluskoninin reytinqi yüksək qalmaqda davam edir, 94-cü ildə olduğu kimi, ona 8 milyon italiyalı səs verir.
Hakimiyyəti itirəndən sonra Berluskoni müxalifətin başına keçir. Məhz bu illərdə (1995-2000) onun biznes imperiyası çiçəklənməyə başlayır və 2000-ci ildə pik nöqtəyə çatır. 2000-ci ildə onun sərvəti 12,8 milyard dollara yüksəlir.
2001-ci ildə Berluskoni yenidən baş nazir postuna qayıdır. Milyarder öz madia holdinqinin imkanlarından istifadə etməklə hədsiz dərəcədə aqressiv seçki kampaniyası aparır. Özü haqda 125 səhifəlik təşviqat curnalının hər bir italiyalının əldə etməsi üçün 26,5 milyon dollar xərcləyir.
Jurnalda seçkiqabağı kampaniya haqda məlumatlar, həmçinin seçiləcəyi təqdirdə vergiləri azaldacağı, pensiyaları artıracağı barədə vədlər yer alırdı.
Siyasi karyerası Berluskoninin pul kisəsəsini əməlli-başlı silkələyir. 2003-cü ildə onun sərvəti iki dəfədən çox azalaraq 6 milyard dollara düşür.
2011-ci ildə Berluskoni baş nazir postunu qalmaqallı şəkildə tərk edir. Onun vəzifədən getməyinə İtaliya prezidenti Napolitano israr edir.
Berluskoninin rəhbərlik etdyi illərdə ölkə siyasəti dinamik şouya çevrilmişdi. Baş naziri tez-tez deputatları satın almaqda ittiham edirdilər. İddialara görə, bunun müqabilində onlar Berluskoninin xeyrinə olmayan qanun layihələrinə səs vermir, baş nazirə etimadsızlıq tələbini gündəmə gətirmirdilər.
2011-ci ildə Berluskonin sərvəti 7,8 milyard lollara yüksəlir. 2017-nin göstəricilərinə görə isə bu rəqəm 4,2 milyard dollardır. Hətta 2016-cı ildə "Milan" klubunu satması belə, Berluskoninin bu mənada köməyinə gələ bilmir.
Çili bibəri…
Sebastian Pinera
Çilidən olan uğurlu biznesmen Sebastian Pinera ölkəsində yayımlanan nəhəng"Chilevision" telekanalının, LAN Airlines hava yolları şirkətinin və Colo-Colofutbol klubunun sahibidir.
Pinera imkanlı və böyük əlaqələri olan ailədə böyüyüb. Atası bir vaxtlar Çilinin BMT-dəki səfiri postunu tutub.
70-ci illərin əvvəllərində Pinera təhsil almaq üçün ABŞ-a yollanır. Onun təhsil aldığı illərdə ölkəsində dövlət çevrilişi olur və hakimiyyətə general Auqusto Pinoçet gəlir.
Biznesə tikinti sahəsindən başlayan Pinera sonradan "Boncard" ödəmə kartları buraxmağa başlayır və LAN Airlines-in səhmlərini alır.
Siyasi fəaliyyətə isə 1980-90-cı illərdə xaricdə başlayır. Çilinin gələcək prezidenti Eduardo Ruisa-Taqlenin (Çilinin keçmiş prezidenti Eduardo Montalvanın oğlu) seçki qərargahının rəhbəri olur.
Maraqlıdır ki, bir vaxtlar Montalva və Pineranın atası birgə Xristian Demokrat Partiyasını təsis etmişdilər. Eduardo Ruisa-Taqle də seçkiyə məhz bu partiyadan qatılaraq qalib olur.
Daha bir maraqlı məqam da 2010-cu ildə Pineranın seçkidə dostu Eduardo Ruisa-Taqleyə qalib gəlməsidir.
2014-cü ildə Pinera seçkiləri uduzur və ikinci müddətə seçilə bilmir. Hakimiyyətdə olduğu illər ərzində onun sərvəti 300 milyon dollar artaraq 2,5 milyarda yüksəlir.
Rabitə biznesindən baş nazir postuna…
Taksin Çinavat
Taylanddan olan milyarder Taksin Çinavat nəhəng mobil rabitə holdinqi "Shinawatra Corporation"ın sahibidir.
Çinavat siyasətə 90-cı illərin ortalarında gəlib. 98-ci ildə partiya yaradıb və 2002-ci ildə parlament seçkilərində qələbə qazanıb.
Baş naziri kənd əhalisi yaxından dəstəkləyir, bir çox şəhərlilər isə onun cinayətkarlığa qarşı apardığı sərt mübarizədən narazılıq edirdilər.
Çinavatın reytinqini azaldan əsas səbəb isə "Shinawatra Corporation"ın səhmlərinin qanunsuz olaraq əcnəbi sərmayəçilərə satılması olub. İstintaq zamanı bəlli olur ki, Çinavat 1,6 milyard dollar dəyərində vergidən yayınıb. Bu məqamdan yararlanan müxalifət Çinavatı korrupsiyada və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham edir.
Qalmaqal böyüyür və ölkəni kütləvi etirazlar bürüyür. 2006-cı ildə növbədənkənar seçkilər pozulur və hərbiçilər hakimiyyəti ələ keçirir. Çinavat xaricə qaçmağa məcbur olur.
Onun dəyəri 2,3 milyrd olan aktivləri dondurulur. 2016-cı ildə Çinavat barəsində qiyabi həbs qərarı çıxarılır.
Hakimiyyəti itirən Çinovat siyasətdən kənarlaşıb bizneslə məşğul olmağa davam edir. Bir müddət də «Mançester Siti» futbol klubuna rəhbərlik edir.
Taksinin bacısı Yinqlak Çinavat qardaşının yolunu davam etdirərək baş nazir postunu tutur. O, Taylandın tarixində ilk qadın baş nazir olur. Yinqlak hər vəhclə çalışırdı ki, amnistya haqqında qanun qəbul edərək qardaşının ölkəyə qayıdışını təmin etsin. Lakin bunun əvəzində özü korrupsiya qalmaqalının mərkəzi fiquru olur.
Ölkədə yenidən etirazlar başlayır və 2014-cü ildə Yinqlak Çinavat 5 il müddətinəhəbs olunur. Qardaşı kimi o da ölkədən qaçdı və hazırda onların hər ikisinin Dubayda yaşadığı ehtimal edilir.
Deyilənlərə görə, Taksinin Serbiya vətəndaşlığını ala bilib və onun bank hesablarında1,7 milyard dollar var.
"Bürc Əl Ərəb", Palma adaları, Bürc Xəlifə…
Məhəmməd ibn Rəşid Əl Maktum
Dubayın çiçəklənməsi Rəşid ibn Səid Əl Maktumun adı ilə bağlıdır. 20-ci əsrin ortalarında Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) aparılan islahatları və iqtisadi yüksəlişi xarakterizə edən məşhur deyimin müəllifi də Maktumdur. Həmin deyim belədir: "Mənim babam, atam dəvədə gəzib. Mən Mersedes-də gəzirəm, oğlum isə Lendrover-də. Lakin oğlumun oğlu dəvədə gəzəcək".
Rəşid ibn Səid 1968-ci ildə Abu-Dabinin şeyxi Zeyd ibn Sultan Əl Naxayyanla görüşür. İki liderin görüşü səhranın ortasında çadır düşərgəsində təşkil olunur. Danışıqların nəticəsi olaraq federasiyanın yaradılmasına qərar verilir və sonradan bu federasiyaya digər əmirliklər də qoşulur.
Bununla belə Rəşid ibn Səid BƏƏ rəhbərliyinə iddia etmir. Baş nazir postuna isə oğlu Maktum ibn Rəşid Əl Maktumu göndərir. Oğlu 1979-cu ildə onun xeyrinə baş nazir postunu tərk edir. Lakin atası öləndən sonra – 1990-cı ildə yenidən bu vəzifəni tutur.
Rəşid ibn Səudun digər oğlu Məhəmməd ibn Rəşid Əl Maktum 2006-cı ildə Dubayın baş naziri və vitse-prezidenti olur. Kembric məzunu olan Məhəmməd ondan əvvəl Dubay polisinin rəhbəri və BƏƏ-nin müdafiə naziri postlarını tuturdu.
"Emirates Airlines" hava yolları şirkətinin dünyaca məşhur olmasının səbəbkarı məhz Məhəmməd ibn Rəşid Əl Maktumdur. Maktum bu şirkəti 1985-ci ildə qurub.
Dubayın "vizit kartı" sayılan möhtəşəm "Bürc Əl Ərəb" mehmanxanası Məhəmmədin şəxsi ideyası əsasında ərsəyə gəlib. Otel BƏƏ, Küveyt, Çin, İtaliya, Britaniya və Maldivlərdəki ən yaxşı otelləri birləşdirən "Dubai Holding" şəbəkəsinə daxildir.
Süni ada olan Palma və Bürc Xəlifə göydələni də Məhəmmədin dəstəyi ilə inşa edilib.
"Forbes" 2011-ci ildə Dubayın baş naziri və əmiri Məhəmmədin sərvətinin 4 milyard dollar olduğunu yazmışdı. "The Richest" isə ümumilikdə Maktum ailəsinin sərvətinin 18 milyard dollar olduğunu iddia edir. (strateq)