Yenixeber.org:Goranboy rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevin oğlu, Nərimanov Rayon Məhkəməsinin hakimi Ramin Quliyev Nərimanov rayonu, Dərnəgül qəsəbəsi 507-ci məhəllədə yaşayan və kiçik sahibkarlıqla məşğul olan qaçqın və məcburi köçkünlərin yaşayış evlərinin sökülməsi və torpaq sahəsindən çıxarılması barədə qərar qəbul edib.

 Asya Əskərova, Lətifə Bəşirova, Arman Nağıyev, 50-dən çox qaçqın və məcburi köçkün prezident İlham Əliyevə, həmçinin birinci vitse-prezident Mehriban Əliyevaya məktubla müraciət edərək, kömək istəyiblər. 

"Qaynarinfo"nun redaksiyasına göndilən məktubu təqdim edirik:

"Bildirmək istəyiəm ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və vitse-prezident xanım Mehriban Əliyeva qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, məşğulluğun artırılması ilə bağlı aidiyyəti dövlət orqanlarına göstəriş vermələrinə baxmayaraq, Goranboy rayon icra başçısı Nizaməddin Quliyevin oğlu, Nərimanov rayon məhkəməsinin hakimi Ramin Quliyev Azərbaycan Respublikasının Prezidentinin 1 iyul 2004-cü il tarixli 298 nömrəli Sərəncamının tələblərini ciddi şəkildə pozaraq Ermənistan (İrəvan mahalı), Şuşa və Zəngilandan qaçqın və məcburi köçkün düşmüş ailələrin sahibkarlıq fəaliyyətinin dayandırılması və onlara məxsus yaşayış evlərinin sökülməsi ilə bağlı özünə məlum olan səbəbdən qanunsuz qərar qəbul edib. Sərəncamının 2-ci bəndində qeyd olunur ki, Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanlarının rəhbərlərinə tapşırılsın ki, məcburi köçkünlər öz doğma yurdlarına qayıdana, həmçinin müvəqqəti yaşamaq məqsədilə yeni qəsəbələrə və evlərə köçürülənədək mülkiyyətindən asılı olmayaraq 1992-1998-ci illərdə müvəqqəti məskunlaşdıqları ictimai binalardan, mənzillərdən, torpaq sahələrindən və digər obyektlərdən çıxarılması hallarına yol verməsinlər. 

Qeyd etmək istəyirəm ki, mən ailə üzvlərimlə birlikdə 1988-ci ildə Ermənistandan, bacım Lətifə Bəşirova 1992-ci ildə Şuşa şəhərindən, Nağıyev Arman Əhməd oğlu isə Zəngilandan məcburi köçkün düşərək Nərimanov rayonu, Dərnəgül qəsəbəsi 507-ci məhəllədə yerləşən 480 kv metrlik torpaq sahəsində öz vəsaitimiz hesabına ev tikərək xırda sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq himayəmizdə olan 50-yə yaxın şəxsi dolandırmağa başladıq. Həmin vaxtdan rəsmi məktub əsasında mənzil növbəsinə dayanmağımıza baxmayaraq, bu günədək yaşayış evi ilə təmin olunmamışıq. Bir müddətdən sonra həmin torpaq sahəsini Nərimanov rayon bələdiyyəsi vasitəsilə müqavilə bağlayaraq sənədləşdirdik. 20 ildən çox müddətə orada yaşayıb sahibkarlıq fəaliyyəti ilə məşğul olmağımıza baxmayaraq, qonşuluqda kafe (əslində əxlaqsızlıq yuvası) işlədən İntizam Novruzov torpağın ona heç bir aidiyyəti olmadığı halda müxtəlif rayon məhkəmələrində əsassız iddialar qaldıraraq bizi həmin torpaq sahəsindən çıxarmaq istəyir. Bakı şəhər İcra Hakimiyyətinin məsləhətçisi Cəlal Bağırov isə ona qanunsuz əməlini həyata keçirməkdə köməklik göstərir.

Hətta İntizam Novruzov həmin məmurun dəstəyi əsasında bizim ərazinin 2 metr hissəsində qanunsuz tikinti işləri apararaq obyekt tikib. Bununla bağlı 2016-cı ilin əvvəlindən Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova dəfələrlə yazılı müraciət etməyimizə və qəbuluna yazılmağımıza baxmayaraq, nəinki bizi qəbul etməyib, həm də bununla bağlı heç bir tədbir görülməyib. “Vətəndaşların müraciətlərinə baxılması haqqında” Qanunun tələbləri isə ciddi şəkildə pozularaq müraciətimizi barəsində şikayət olunan Cəlal Bağırovun üstünə yazıblar. O isə bizi qarşıladıqdan sonra İntizam Novruzovu müdafiə edərək, bizi yaşadığımız evlərin söküləcəyi ilə hədələyib. İntizam Novruzov himayədarı Cəlal Bağırovun köməkliyi ilə “müqavilənin etibarsız sayılması” və “torpaq sahəsindən çıxarılma” tələbi ilə Binəqədi rayon Məhkəməsi və 2 saylı Bakı İnzibati-İqtisad Məhkəmələrində əsassız iddia qaldırsa da hakimlər tərəfindən onun tələbinin qanuna zidd olması qərara alınaraq iddianın mümkünsüz sayılması barədə qərar çıxarılıb. 2016-cı ildə isə o, həmin əraziyə heç bir sənədi olmadığı halda yenə əsassız tələblə bu dəfə Nərimanov rayon Məhkəməsində iddia qaldırıb. Etdiyi iddianın baxılmamış saxlanılması ilə bağlı Nərimanov Rayon Məhkəməsinin hakimi Ramin Quliyev 25.07.2016-cı il tarixli 2(005)-508/16 saylı qərar qəbul edib. İntizam Novruzov yenidən narazlığını bildirərək öz qanunsuz əməlinə hakim Ramin Quliyevi də alət edib. Məhkəmədə “Qaçqınkom” və Nərimanov rayon bələdiyyəsinin əməkdaşlarının ədaləti müdafiə etmək çağırışlarına baxmayaraq hakim Ramin Quliyev 1997-1998- cı illərdə tikilmiş yaşayış evlərinin sökülməsi və torpaq sahəsindən çıxarılmağımız barədə qanunsuz qərar qəbul edib. Azərbaycan Respublikasının Prezidentinin 1 iyul 2004-cü il tarixli 298 nömrəli sərəncamını məhkəmədə dəfələrlə xatırlatmağımıza baxmayaraq hakim Ramin Quliyev sərəncama qarşı çıxaraq, öz mənafeyini üstün tutduğunu sübut edib. Yəni, hakim Ramin Quliyev bu qərarı qəbul edərkən heç düşünmədi ki, öz doğma yurdlarından didərgin düşmüş, hazırda ağır vəziyətdə yaşayan 50-dən çox qaçqın ailələri harada yaşayacaq, necə dolanacaq? Azərbaycan Respublikasının Prezidentinin Sərəncamına, vitse-prezident xanım Mehriban Əliyevanın göstərişinə bu qədər saymamazlıq olar? 

Qanunsuzluğun qarşısının alınması ilə bağlı 50-dən çox qaçqın və məcburi köçkün ailəsi olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və vitse-prezident Mehriban Əliyevadan dəstək və kömək gözləyirik. 

Hörmətlə, Asya Əskərova, Lətifə Bəşirova, Arman Nağıyev və 50-dən çox qaçqın və məcburi köçkün".

 

Çingiz Səfərli