Paytaxtın Nizami rayonu öz ampulasında:“yaşıl soqırım”, “torbayla satılan torpaq” və s.
Yenixeber.org:Bakının Nizami rayonu digərləri ilə müqayisədə haqqında daha çox yazılanlardan biri və bəlkə də birincisidir. ( Söhbət tənqidi yazılardan gedir.Red.) Şübhəsiz ki, bu göstərici də təsadüf deyil... Google üzərindən bir axtarış kifayətdir ki, paytaxtın Nizami rayonu ilə bağlı saysız tənqidi yazılarla tanış ola biləsiniz. Bu yazılarda rayon ərazisində “yaşıl soyqırım”, qanunsuz ərazi satılmasından tutmuş icra başçısı Arif Qasımovun özünün və doğmalarının ərköyün əməllərinə qədər ciddi faktlar yer alır. Yeri gəlmişkən paytaxtın Nizami rayonunun medianın ulduzuna çevrilməsi Arif Qasımovun rəhbərliyindən (22 sentyabr 2015) başlayır. Məhz bu iki ilə yaxın müddətdə rayon ərazisində qanunsuz ağac kəsilmələri, ərazilərin “hərraca” çıxarılması, məmur ərköyünlüyü və s. konkret istinadlarla ictimailəşir.
“Maklerlik” ənənəyə çevrilib
Paytaxtın Nizami rayonu ilə bağlı yenixeber.org-a daxil olan yeni məlumatlar sırasında “maklerliy”in ənənəyə çevrilməsi də yer alır. Bu sırada isə müxtəlif məsul şəxslərin adı hallanır: deputat köməkçisindən tutmuş İcra Hakimiyyətinin vəzifəli şəxslərinə qədər...
Bu haqda az öncə mediada (Arqument .az) ciddi ittihamlarla zəngin yazılar dərc olundu. Bu yazılarda Fəttah Heydərovun köməkçisi Ramin Babayevin bu rayonda yol verdiyi qanunsuzluqlara diqqət çəkilir:
Bu gün rayonda hazırda yoxa çıxan yaşıllıqların yerində tikilən obyektlərin əksəriyyəti fövqəladə hallar naziri Kəmaləddin Heydərovun atası, millət vəkili, Fəttah Heydərovun Azərbaycan Ağsaqqallar Şurasında köməkçisi vəzifəsində işləyən Ramin Babayevə məxsusdur.
Bir neçə ildir ki, Ramin Babayev bu rayonda "əmlak kralı"na çevrilib. Hazırda Fəttah Heydərovun köməkçisinin Nizami rayonunda 100-ə qədər obyektinin olduğu bildirilir. Bunların arasında Ticarət Mərkəzləri, restoranlar, müxtəlif xidmət sahələrinə aid olan obyektlər var.
Mənbə bildirir ki, Ramin Babyevin əsas işlərindən biri Nizami rayon icra hakimiyyəti başçısının "alqı-satqı" işlərinə nəzarəti həyata keçirməkdir. Nizami rayonunda istənilən bir sahibkarın işinin həlli üçün vasitəçiliyi Ramin Babayev həyata keçirir. Ona kimsə qadağa qoymağa da cəsarət edə bilmir.
"Ramin Babayev iş adamlarına ərazi satmaqla məşğul olur. Bu ərazilərdəki ağaclar isə gecələr Ramin Babayevin adamları tərəfindən sakitcə kəsilir və ərazi
elə gecəylə də hasarlanır. Bundan sonra isə ərazinin sahibi peyda olur və həmin ərazidə tikinti işləri başlayır".
Ramin Babayevin bu əməllərindən Fəttah Heydərovun xəbərinin olub-olmaması da bəlli deyil: "Deyilənə görə, Fəttah Heydərovun bunlardan xəbəri yoxdur. Amma bu, inandırıcı görünmür. Deputat oliqarxa çevrilən köməkçisinin əməllərindən necə məlumatsız ola bilər ki?... Hətta məlumat var ki, son günlər yaşıllıların qırılmasının səs-küyə çevrilməsi və yuxarı dairələrin narazılığına səbəb olması Ramin Babayevi həyacanlandırıb və o, Nizami rayonundakı işlərinə son vermək istəyir".
"Fəttah Heydərovun köməkçisi olan bu gənc iş adamı öz gələciyini hakimiyyətdə ciddi bir vəzifə tutmaqda üzərində qurmağa çalışır. Ancaq onun adının yaşıllıqların məhv edilməsində çəkilməsi bu məqsədə çatmasına əngəl ola bilər".
Onun sözlərinə görə, Ramin Babayev o qədər uzağa gedib ki, hətta yeni yaradılmış bir media orqanına gizli maddi dəstək verir və öz nüfuzunu bu sayt vasitəsi ilə qorumaq haqqında düşünür.
***
Yenixeber.org-a daxil olan məlumtda isə icra başçısının bütün “qara işlərini” şöbə müdirlərindən biri vasitəsi ilə gerçəkləşdirməsindən bəhs olunur. (Bu şəxsin adının açıqlanmasını hələlik uyğun bilmirik. Red.) Hazırda müxtəlif ünvanlarda tikintisi standartlara uyğun olmayan kommersiya obyektləri haqqında məlumatlarımız var... Yüksəktəzyiqli qaz, su, yüksəkgərginlikli elektrik xətləri nəyinsə qarışılığında kimlər üçünsə gözəgörünməz olub. Az qala “torpağı torbayla satılan” rayonun icra başçısı hörmətli Arif Qasımovun bütün bu olub bitənlərdən xəbərsiz olması da inandırıcı deyil.
Qarşıdakı günlərdə bu istiqamətdəki araşdırmalarımızı yekunlaşdırmaqla geniş yazı hazırlamağa çalışacağıq.
Tariyel