Mahmud Hacıyevdən şok müsahibə
“Heydər Əliyevin qətiyyəti sayəsində Yura Süleymanov bir neçə il içəridə “dincəldi”
Sabiq müdafiə naziri Rəhim Qazıyevin mərhum prezident Əbülfəz Elçibəy və digərlər ilə bağlı səsləndirdiyi fikirlər cəmiyyətdə birmənalı qarşılanmayıb. O dövrdə baş verən proseslərin yaxın iştirakçısı və şahidi olan bir çox şəxslər R.Qazıyevin hadisə və prosesləri əsaslı şəkildə təhrif etdiyi, Azərbaycanın yaxın keçmişində baş verənləri yalnız ona sərf etdiyi şəkildə təqdim etdiyi qənaətindədir.
Moderator.az bütün bu məsələlərlə bağlı fikirlərini öyrənmək üçün o vaxt Nəsimi Rayon Polis İdarəsinin rəisi vəzifəsində çalışan tanınmış hüquqşünas Mahmud Hacıyevə müraciət edib:
“Rəhim Qazıyev kimisinin Sülhəddin Əkbər haqqında danışmağa mənəvi haqqı yoxdur”
-Mahmud müəllim, keçmiş müdafiə naziri Rəhim Qazıyev mediaya verdiyi son müsahibələrinin birində həm Əbülfəz Elçibəyə, həm də o dövrdə müxtəlif vəzifələrdə təmsil olunan bir çox şəxslərlə bağlı ciddi ittihamlar irəli sürüb. R.Qazıyevin bu ittihamları nə dərəcədə əsaslıdır?
-Qeyd etdiyiniz kimi, R.Qazıyevin son müsahibələri ciddi ittihamlarla zəngindir. Onun az qala hər kəsə yönəlik ittihamedici çıxışları hüquqi-məntiqi baxımdan doğru deyil. Çünki insanın özündən başqa hamını ittiham etməsi yanlışdır. R.Qazıyev müsahibəsində Ə.Elçibəyi, Sülhəddin Əkbəri və bir çoxlarını ittiham etdi. Halbuki, həmin dövr o qədər də uzaq keçmiş deyil. Bu, yaxın bir dövrdür. Azərbaycan da balaca bir ölkədir. ABŞ, Rusiya kimi böyük dövlət deyil ki, hər şey tez yaddan çıxsın. Həmin dövrdə mən polis idarəsinin rəisi vəzifəsində işləmişəm. Həmin hdaisələrin çoxunun şahidi olmuşam. R.Qazıyev S.Əkbər haqqında ağzına nə gəldi danışıb. Mən S.Əkbəri tanıyıram. Siyasətçilər arasında S.Əkbərə xüsusi üstünlük verirəm. Çünki bu şəxs çox böyük mədəniyyətə sahibdir. Danışığının, hərəkətinin yerini bilən, aristokrat bir şəxsiyyətdir. Onun müsahibələrində bu vaxta qədər pafoslu fikirlərə, kimlərəsə yönəlik ittihamlara rast gəlməmişəm.O, yüksək mədəniyyətə malik bir insandır. R.Qazıyev kimisinin S.Əkbər haqqında danışmağa haqqı yoxdur. R.Qazıyev rus qoşunlarının Azərbaycandan çıxarılmasını da, Ermənistanla müharibəni də öz adına çıxır. Adamdan soruşarlar ki, bəs o zaman niyə CM-nin bir neçə maddəsi ilə həbs edildin? Bu, nə üçün idi?
“Hiss etdim ki, o, “Yura müəllim” adlı şəxslə qorxa-qorxa danışır”
-Necə hesab edirsiniz, Surət Hüseynov tərəfindən həyata keçirilən qiyamda R.Qazıyev hər hansı formada iştirak edibmi?
-S.Hüseynov tərəfindən həyata keçirilən hərbi qiyam və çevrilişin aktiv iştiakçılardan biri də R.Qazıyev idi. Çox yaxşı oldu ki, “Yeni Müsavat” qəzetinin ötən nömrələrinin birində hörmətli vəkilimiz Aslan ismayılov onun cavabını verdi.
Yəqin ki, R.Qazıyev yaxın günlərdə A.İsmayılovun da çıxışı lə bağlı haylı-küylü, hirsli-hikəli bir müsahibə verəcək.
Sizə bir faktı deyim. Mən 1993-cü ildə Bakı Şəhər Polis Qarnizonunda Nəsimi Rayon Polis İdarəsinin rəisi idim. Gecənin birində 30 nəfərə qədər avtomat və əl pulemyotu ilə silahlanan hərbçi idarəyə basqın etdi. O vaxt polis idarəsinin rəhbərliyində təmsil oluna şəxslərin hamısı bu gün də sağ-salamatdır. Onlardan sadəcə bir nəfər rəhmətə gedib. O da həmin vaxt şəxsi heyət üzrə mənim köməkçim olan Şirin Şirinovdur. Onların bir neçəsi bu gün də işləyir.
Hərbçilərin basqını nəticəsində qarşıdurma riski yarandı. Polis idarəsi dövlət qurumudur. Ona basqın etməyin özü dövlət çevrilişinə cəhddir. Mən bu qarşıdurmanın qarşısını aldım.
O vaxt bizə dövlət telefonu vermişdilər. Mən o vaxt bu telefonla DİN-ə Rövşən Cavadova zəng etdim. Bildirdim ki, S.Hüseynovun 30 nəfərlik başıpozuq dəstəsi polis idarəsinə basqın edib, onu demək olar ki, ələ keçirib. O, mənə dedi ki, narahat olma, biz ölçü götürərik. Bir qədər sonra Bakı Şəhər Hərbi Polisinin rəisi hərbi polisin rəisi Sabir Əkbərov idarəyə gəldi.
Mən ona bildirdim ki, bu, sizin tək gəlməyinizlə düzələn iş deyil. Daha ciddi bir tədbir görmək lazımdır. O, mənə dedi ki, narahat olma, mən bunları sakitləşdirəcəm. O, mənə dedi ki, zəng etməliyəm. Amma telefonun yanından çəkilin ki, hansı nömrəni yığdığımı görməyəsiniz.
Baş verənlərədn bəlli idi ki, müəyyən şəxslər dövlət işində çalışan hansısa məmurun kabinetində oturub Bakıya hücum edən S.Hüseynovun dəstəsinə istiqamət verirdilər.
Gördüm ki, S.Əkbərov zəng etdi və “Yura müəllim” deyə kiməsə müraciət etdi. Hiss etdim ki, onunla qorxa-qorxa danışır. Rus-xristian adlarına müəllim sözü əlavə edəndə, bir növ ironiyalı, gülməli səslənir. Mən də güldüm. Bu zaman S.Əkbərov mənə göz-qaşla işarə etdi ki, niyə gülürsən? O, Yura müəllim adlı şəxslə danışandan sonra mənə dedi ki, sizinlə də danışmaq istəyən var. O bunu deyib telefonu mənə verdi.
“Rəhim Qazıyev polis idarəsini restoranla “səhv salıb” məndən onları yedizdib-içizdirməyi tələb etdi”
-Sizinlə kim danışdı?
-Ölənə kimi həmin sözlər və həmin səs tonu mənim yadımdan çıxan deyil. Xəttin o başından R.Qazıyev öz ləhcəsində dedi: “Ə, bura bax, Surətin uşaqları ordadır?” Dedim ki, bəs bayaqdan S. Əkbərov sizə izah etmir ki, burdadır? Bəli, burdadır. R.Qazıyev dedi ki, onları yaxşıca yedizdir-içizdir. Mənsə dedim ki, bura polis idarəsidir, restoran-kafe deyil ki, kimlərisə yedizdirək. O isə bildirdi ki, “az danış. Uşaqları yedizdir. Onlar hələ bir müddət orda qalacaqlar”.
R.Qazıyevdən soruşmaq lazımdır ki, sən kimsən ki, başıpozuq narkomanları yığıb polis idarəsinə göndərirsən, onun işini iflic edirsən? Hansısda dövlət məmuru olan yaramazın kabinetində oturub polis rəisinə göstəriş verirsən?
Bu gün hamıya qarşı ittihamlar səsləndirən həmin R.Qazıyevdir. Bu, R.Qazıyevin hansı oyunlardan çıxdığını təsdiq edən çoxsaylı faktlardan sadəcə biridir.
“Hərbçilərdən biri azyaşlığı qızı zorladığı üçün həbs edilən keçmiş məhkum idi”
-Nəsimi Rayon Polis İdarəsinə basqın edən 30 nəfərlik hərbçiyə kim rəhbərlik edirdi?
-30 nəfərin arasında onlara rəhbərlik edən yaşlı bir kiş var idi. Onun bizim polis nəfərlərindən biri ilə mübahisəsi düşdü. Qarşıdurma yarandı. Və mənim müdaxiləmdən sonra bu mübahisənin böyüməsinin qarşısı alındı. Mən polis nəfərini kabinetə dəvət etdim və ondan mübahisənin nə üstündə baş verdiyini soruşdum. O isə bildirdi ki, əvvəllər kalon sistemində çalışıb. O bildirdi ki, vaxtiylə çalışdığı kalonda indi bu hərbçilərə rəhbərlik edən şəxs azyaşlı qızı zorladığı üçün “srok” çəkib. Bu cür şəxslərə isə həm kalon rəhbərliyi, həm də dustaqlar tərəfindən çox pis baxılır və onların başına müxtəlif oyunlar açırlar. Kalonun özünün bu cür yazılmamış qanunları var. Polis nəfəri dedi ki, bu şəxs məni tanıdı. Bunu ona görə deyirəm ki, onların yığdıqları dəstənin hamısı bu gündə olan adamlardan ibarət idi. Həmin vaxt güc orqanlarına rəhbərlik edən şəxslər isə qətiyyət sərgiləyib bu cür qüvvələrlə bağlı sərt addımlar atmadı. Halbuki, buna ciddi ehtiyac var idi.
“Rəis müavinini azad etmək üçün Etibar Məmmədovun şəxsi mühafizəçilərindən xahiş etdim”
-Deməli, rəhbərlikdən heç kim bu hərbçilərlə bağlı konkret tədbir görmədi?
-Xeyr. Sabir Əkbərov da, Rövşən Cavadov da bunlarla bağlı ölçü götürmədi. Səhərsi gün isə mənə xəbər çatdı ki, 20-ci polis bölməsinin rəis müavinini başqa silahlılar maşına basaraq naməlum istiqamətə aparıblar. Hansı ki, həmin polis zabiti indi təqaüddədir.
Mən bu xəbərdən təşviş keçirdim. Polis zabitini necə azad etmək haqqında götür-qoy etməyə başladım. Həmin vaxt mənə bildirdilər ki, Etibar Məmmədovun şəxsi mühafizəsində Mahir və səhv etmirəmsə, Şakir adında iki şəxs var. Mənə məsləhət gördülər ki, onlarla əlaqə saxlayım. Bildirdilər ki, onların bu işlərdən bir az anlayışları var.
Mən onların bu məsələdə iştirakçı olduğunu demirəm. Bunu qətiyyən söyləyə bilmərəm. Onları ittiham edə bilmərəm. Həmin an düşündüm ki, axı niyə E.Məmmədovun şəxsi mühafizəsində olan bu şəxslər bu cür işli bilməlidir? Həmin vaxt mən bunun dərininə getmədim. Çünki həmin vaxt daha önəmli olan bölmə rəisinin müavini azad etmək idi. Mən həmin iki gənci tapdım. Onlardan xahiş etdim ki, kömək etsinlər. Onlar bir saat, saat yarım vaxt istədilər. Təxminən iki saatdan sonra bir nəfər mənə zəng etdi ki, filan patiyadanam. O soruşdu ki, siz əminsiniz ki, onu S.Hüseynovla R.Qazıyevin adamları aparıb? Mənsə dedim ki, bəli, başqa kim apara bilər ki? Bu dialoqdan təxminən bir saat sonra rəis müavinini azad etdilər.
“Məni onlara nişan verib demişdilər ki, Mahmud Hacıyev sizin üçün təhlükədir”
-Sizcə niyə 30 nəfərlik hərbçi kontingent Bakıdakı digər rayon polis idarələrinə deyil, məhz sizin çalışdığını Nəsimi Rayon Polis İdarəsinə basqın etdi?
-Bu sual məni də düşündürürdü. Düşünürdüm ki, Bakıda 11 rayonun polis iarəsi var. Onlar niyə məhz bura hücum ediblər? Odur ki, bəzi araşdırmalar apardım. Sən demə bunlara Səbail Rayon Polis İdarəsinin rəhbərliyində təmsil olunan yüksək çinli zabit, hansı ki, indi təqaüdddədir, o belə bir “məsləhət görüb”. O, bunlara izah edib ki, Nəsimi Rayon Polis İdarəsinin rəisinin şəxsi heyət arasında müəyyən nüfuzu var, polis əməkdaşları da ona qarşı böyük hörmətlə yanaşırlar, o, rotanı silahlandırıb sizə qarşı qaldıra bilər. Bunlar da gecənin birində 30 nəfərlik dəstə ilə Nəsimi Rayon Polis İdarəsinə giriblər.
Həmin vaxt S.Hüseynovun başıpozuq dəstəsi Bakıya həm Hacıqabul istiqamətdən, həm də Biləcəri tərəfdən irəliləyirdi. S.Hüseynov Bakıya elə hücum etdi ki, sanki İrəvana hücum edir.
“Bu adam Heydər Əliyevin qətiyyəti sayəsində həbs edildi”
-Yura müəllimin kimliyini necə müəyyənləşdirə bildinizmi?
-Əlbəttə, mən keçmiş əməliyyatçıyam. Aradırmalar nəticəsində mənə bəlli oldu ki, Sabir Əkbərovun “Yura müəllim” dediyi Yura Süleymanovdur. Y.Süleymanov isə S.Hüseynovun “şillə vuranlarından” biri idi. Silahlı dəstəyə başçılıq edənlərdən biri də bu şəxs idi. Hansı ki, daha sonra hakimiyyətə gələn Heydər Əliyevin qətiyyətli tədbirlər nəticəsində o da həbs edildi, 14-15 il gedib “dincəldi”.
R.Qazıyev həbsə edilənə qədər min cür hoqqadan çıxıb. İndi bu şəxs ayıbına kor olmaq əvəzinə hamıya qarşı ittihamlar irəli sürür. Sanki R.Qazıyev Milli Qəhrəmandır, yerdə qalan nə qədər adam varsa, hamısı vətən xainidir. S.Əkbərə, digər şəxslərə qarşı ittihamlar irəli sürür. Halbuki, S.Əkbərin çəkisinin 50-də 1-i R.Qazıyevdə yoxdur. Istər mədəniyyət, istər alicənablıq, istər danışıq tərzi və s. baxımından R.Qazıyev ona tay ola bilməz.
“Polis idarəsinə basqın Surətin, R.Qazıyevin tapşırığı ilə olmuşdu”
-Nəsimi Rayon Polis İdarəsinə basqın edən hərbçilər birbaşa R.Qazıyevin əmri ilə hərəkət etmişdi, yoxsa onlara bu əmri S.Hüseynov vermişdi?
-O vaxt bu kimi məsələlərə onların hər ikisi göstəriş verirdi. R.Qazıyev bu məsələdə yaxasını kənara çəkə bilməz. Surət o qədər də təcrübəli adam deyildi. İstənilən bir adam onu müəyyən danışıqlarla ələ ala bilirdi. R.Qazıyevdə isə bu “intellekt” var idi. Polis idarəsinə basqın Surətin, R.Qazıyevin tapşırığı ilə olmuşdu.
Cinayət axtarış şöbəsinin baş əməliyyat müvəkkili var idi. O mənə dedi ki, gələn avtomatçılara arasında bəziləri idarənin həyətindəki tut ağacının altında oturub narkotik qəbul edir, özlərinə iynə vururlar. Həmin dəstə bu cür narkomanlardan, keçmiş məhkumlardan ibarət idi.
“Biz polis idarəsi olaraq onlara müqavimət göstərə bilməzdik, çünki...”
-Mahmud müəllim, həmin vaxt Nəsimi Rayon Polis İdarəsinin özü öz şəxsi heyəti hesabına bu hərbçilərə müqavimət göstərə bilərdimi? Əgər bilərdisə, niyə belə bir müqavimət göstərilmədi?
-Biz qarşıdurma yaşanmasın deyə həmin şəxslərlə bağlı ölçü götürmürdük. Biz polis idarəsində 30 avtomatçı ilə atışa bilməzdik axı. Orada məxfi işlər, istintaq materialları, əməliyyat materialları, böyük bir dəftərxana var idi. Situasiya problemin daha incə və qarşıdurmasız həllini tələb edirdi.
“Guya Ağdama köməyə gedən bu dəstə Ağdamı verib gəldi”
-Hərbçilər polis idarəsinin binasında neçə gün qaldılar?
-Binanın hərbçilər tərəfindən zəbtinin 3-cü günü, axşam saat təxminən 7-8 radələrində bir də gördüm ki, iki yük maşını gəldi. İdarəni zəbt edən avtomatçılar silah-sursatlarını götürüb maşınlara minməyə başladı. Həmin vaxt səhv etmirəmsə, Ağdamdan olan bir şəxs bunlara rəhbərlik edirdi. Mən öz əməliyyatçı təcrübəmdən istifadə edərək onunla yalançı mehriban ünsiyyət yaratmışdım. Bu ünsiyyət əsnasında ondan müəyyən məlumatlar əldə edirdim. Hərbçilər maşınlara minən zaman ona yaxınlaşıb nə üçün getdiklərini soruşdum. Yarızarafat-yarıciddi dedim ki, qalıb 1-2 gün də qonağımız olardınız. O isə dedi ki, Ağdamda vəziyyət pisdir. Biz Ağdamı xilas etməyə gedirik. Mən o zaman hərbçilərin nə üçün getdiyini soruşan polis zabitlərinə dedim ki, bunlar guya Ağdama kömək etməyə gedir, lakin bunlar Ağdamı verib gələcəklər. Mən deyən kimi də oldu. Bunlar gedəndən bir müddət sonra Ağdam itirildi. Bütün bunlar zərərçəkmiş bir şəxs kimi mənim gözlərimin qarşısında baş verib. Bunu deməkdə məqsədim odur ki, insanlar R.Qazıyevin necə bri adam olduğu, hansı səviyyənin yiyəsi olduğu bir daha bilsinlər.