İRƏLİ GETMƏK ÜÇÜN FƏTULLAH GÜLƏNİN GİPSDƏN OLAN ƏLLƏRİNDƏN ÖP!
(2003-cü il. 21 aprel. Saat 18:15. Respublika sarayı. Prezident Heydər Əliyev: “...Burda məni istəyənlər də əyləşib, məni istəməyənlərdə...”)
(Fətullah Gülənçilərlə bağlı Azərbaycanda yeni kitab:
“Fətullahçı generallar və məmurlar: faktlar, sənədlər, sübutlar”)
Xeberinfo.com: Araşdırma materiallarına görə 2003-cü ildəRespublika sarayında C.Naxçıvanski adına Hərbi Litseyin 30 illik yubileyi ilə bağlı əsgər və zabitlər önündə çıxış edən Prezident Heydər Əliyev nitqini səhhətində baş verən ciddi problemə görə qısa bir müddət yarımçıq saxlamağa məcbur oldu, səhnəni tərk etdi...
Həmin vaxt Pensilvaniyaya (ABŞ) gedən təqribən 1438 telefon zəngi qeydə alınmışdı. (Bu bizim simalarımızdan biri idi). Xoca Fətullah Gülənə Xəzərdən salam göndərirdilər. Bəzilərinə elə gəlirdi ki, Heydər Əliyevin səhnədə yıxılmağı ilə qurulacaq Paralel respublikanın darvazaları açıldı, fişənglər atıla bilər...
Məhz o gecə Vaşinqtondan gipsdən və yaxud mərmərdən düzəldilmiş bir cüt əl Azərbaycanın MN-nə, litseylərinə, XİN-nə... və bir neçə əlavə strateji mərkəzinə hədiyyə edildi. Rütbə alan, litseyi bitirən, xaricə göndərilən hər kəs... istər-istəməz o soyuq, buz kimi əlləri öpməli, gözünün üstünə qoymalı idi. Xoca Fətullah Gülənin rəmzi olan bu əllərin mənası aydın idi.
... Məlumata görə həmin axşam Azərbaycan Dövlətinə Paralel bir qondarma Respublika qurulmalı, Dağlıq Qarabağ yeni erməni respublikası kimi tanınmalı idi. Amma bütün bunlar olmadı... Amerikanın məktəblərində qısa kursları keçənlər və Azərbaycanda kök salmış mətbuat və RT – işçiləri, müəllimlər Fətullah Güləni gözləyirdilər.
Nə baş vermişdi? Məlumata görə həmin gün, Heydər Əliyev əsgər və zabitlər önünə çıxmamışdan öncə onu bilərəkdən və düşünülmüş şəkildə, qurulmuş plan əsasında, hazırlanmış ssenari çərçivəsində əsəbləşdirmişdilər. Bəs Heydər Əliyevi həmin ərəfədə əsəbləşdirən kim idi və o şəxs nə istəyirdi? Bu elə bir vaxt idi ki, saraya yığılan əsgər və zabitlərin, hərbi məktəb dinləyicilərinin demək olar ki, yarısının qoltuğunda ABŞ-da və Türkiyədə 1988-ci ildə nəşr olunmuş “İtirilmiş Cənnətə doğru” kitabı var idi. Bu həm də elə bir vaxt idi, Fətullah Gülənin 10-cu emissarı Kamal Kökgöz Türkiyədə Ərdoğan hökumətinin ailəsinə qədəm qoyurdu. Faktiki olaraq Ərdoğanın ailəsi həmin vaxt ABŞ MKİ-nin sevimlisi olan Fətullah Gülən tərəfindən işğal olunmuşdu. Gülənçi emissarlar onun mətbəxinədək soxulmuşdular. Bütöv Türkiyə isə ABŞ-ın qucağında mürgüləyirdi. Azərbaycan Fətullah Gülən üçün “İtirilmiş Cənnət” timsalında idi. Məhz həmin gün sarayda baş verən olaylarla bağlı istintaq qrupu yaradılmalı, xalqa, millətə rəsmi qaydada Arayış verilməli idi. Amma verilmədi. Həmin vaxt Heydər Əliyevin “Məni elə bil tok vurdu” ifadəsinin ardınca gedilməli idi. Məsələn, paralel olaraq 1953-cü ildə Moskvada İ.Stalinin sədrliyi ilə keçən yığıncağa nəzər salaq. Dövlət başçsı İ.Stalin əlini mikrofona vuran kimi, “...Məni tok vurdu...” –demişdi. Nəticədə istintaq qrupu yaradıldı və sübut olundu ki, İ.Stalini məhv edib sıradan çıxarmaq üçün hər cür plan qurulurmuş. Nəticədə Stalinin göstərişiylə xeyli sayda əsgər və zabitlər, yüksək rütbə sahibləri istintaqdan çıxa bilmədi. Məlum oldu ki, Stalinə hörümçək toru hörmüş şəxs Kreml Administrasiyasında əyləşibmiş... Bu da dövrün və zamanın ən ictimai-siyasi hadisələrindən biri kimi qeyd olundu.
Ertəsi gün isə Avropa mətbuatı belə bir xəbər verdi ki, Azərbaycan Prezidentinin ölümünə cəmi yüz gün qalır. Baş verən hadisədən sonra İlham Əliyev Baş Nazir təyin edildi. Baş verən ciddi məsələlərdən biri bu idi ki, hadisədən yüz gün sonra, Xəzər sahili regionlardan təqribən iki yüz nəfərdən artıq Fətullah “Camaat”ı Azərbaycana daxil oldu. Hadisələri “Dünyanın yanacaq resursları” çərçivəsində regionu təhlil edən Pentaqon generallarından biri Miniqen Kennet yazır: “...Harda yanacaq resursları, var-dövlət və yaxud misilsiz bir sərvət varsa, Amerikalı Fətullah Gülən (?) ordadır. MKİ ona dünyanı rahat gəzib dolaşmaq üçün “Yaşıl Kart” verib... Onun maraqları ABŞ MKİ-nin maraqlarıdır. Vaşinqton onsuz əsasən müsəlman ölkələrində heç bir uğurlu iş görə bilmir. Onun çoxlu emissarı var... Mən Azərbaycanda olmuşam. Orada Fətullah Gülənə sığınan, qəlbini ona verən çoxlu dostları var. Əksəriyyəti vəzifə sahibi olan bu adamlar Azərbaycanı yox, Amerikanı və Fətullah Güləni sevirlər... Maraqlar isə çox dərindir... Qəribəliklər çoxdur. Pula, sərvət və dövlətə, vəzifəyə harın olan bu millət dostluğu, sədaqət və ləyaqəti çox tez unudur...”
Kəşfiyyat generalı üçün belə bir rəy adidir. Çünki hər şeyi özümüz yaratmışıq. Cənab M.Kennetə xatırladıram: “...Bizim ləyaqət və sədaqətimiz dünyaya bəllidir. Amma düz deyirsiz. Biz hər işi özümüz yaratmışıq. Nəfsizmiz anamızı həmişə ağlar qoyub...”
Bir az əvvələ qayıdaq. Yəni müstəqilliyə bir neçə addım qalmış. Həmin ərəfədə Vaşinqton 1991-ci ilin ortalarında Xoca Fətullah Güləni Azərbaycana yola salır. Maqsud Türkoğlu adı ilə Azərbaycana qədəm qoyan Fətullah Gülənin MKİ-nin siyahısı əsasında görüşləri başlandı. Məlumata görə Azərbaycanda mehmanxanada özünə yer alan Fətullah Gülənə 1991-ci ilin mayın 20-dən məsləhət görüldü ki, görüşlərini təxirə salıb, təcili çıxıb getsin. O, artıq missiyasını yerinə yetirib. Amma Fətullah Gülən Vaşinqtona deyil Ankaraya qayıtdı. Keçid məntəqəsində Türkiyə gömrükçüləri onun çantasından Azərbaycana məxsus xəritələr, məktub və yazışmaların foto surətləri və s. saxlamalı oldular. Həmin xəritələrin içərisində Qarakənd ərazisi ayrıca qeyd olunmuşdu. Sonradan bu xəritə ilə bağlı sorğu-suala çəkilən Fətullah Gülənin məhz həmin vaxt Möhtərəm Rəcəb Tayyib Ərdoğan Milli İstihbaratdan qanını xilas edib. Həmin vaxt R.Ərdoğan Türkiyədə “Bəy oğlu Bəylər Başqanı” adı ilə siyasi dairələrdə nüfuz sahibi idi. Fətullah Gülənə və onun altı nəfərlik dəstəsinə o vaxt Türkiyənin Baş Naziri olmuş Məsud Yılmaz da əl uzatdı. ABŞ-ın Türkiyədəki səfiri Morton Abramoviç (Abramyan) həmin vaxt Fətullah Gülənlə mütəmadi görüşlər keçirirdi! Milli İstihbaratın sənədlərinə görə görüşün əvvəli də Azərbaycan idi, sonu da. 1991-ci ilin noyabrın 17-də Morton Abramoviç Fətullah Gülənlə Türkiyəni tərk edir. Çünki Morton Abramoviç artıq Türkiyədə öz diplomatik fəaliyyətini bitirmişdi... 1991-ci ilin noyabr ayının 21-də Qarakənd üfüqlərində Azərbaycana məxsus Mİ-8 vertolyotu vuruldu. Terrorda ölkənin tanınmış ictimai-siyasi xadimləri məhv oldular...
Məsud Yılmaz tələm-tələsik Baş Nazir kreslosu ilə vidalaşdı. Amerikalı Morton Abromoviç MKİ-də və Dövlət Departamentində işə başladı... Həmin vaxt ABŞ-ın Bakıdakı səlahiyyətli nümayəndəsi MKİ-nin əməkdaşı Robert Fin də işini yarımçıq buraxıb, aradan çıxdı. Onun ardınca ABŞ MKİ-nin Yerevandakı səlahiyyətli nümayəndəsi Stiven Menn də gözdən itdi. Amma Azərbaycan üçün qurulmuş tələlər, hörülmüş hörümçək torları hələlik dağılmadı...
Tarix boyu belə olub. Az-az xalqlar olub ki, onlar öz milli maraqlarını, mənəvi dünyalarını heç kəsə satmadılar. Ürəyimdən keçir ki, Azərbaycan da belə olaydı kaş...
Azərbaycanda çox mətləblər var ki, hələlik üstü bağlıdır, qıfılı sındırılmayıb. Aparılan tədqiqata görə (həm RF-nin, həm Almaniyanın, həm İranın, həm Türkiyənin və s.) son beş ildə ölkədən 1745 nəfər iqtisadiyyatın müxtəlif sahələri üzrə tanınmış mütəxəssis çıxıb, gedib. Yəni elə qurulub ki, ölkədə qeyri-neft sektorunun inkişafında (tutalım pambıqçılıq və taxılçılıqda) iştirak edə biləcək mütəxəssis qalmasın. (Maraqlıdır, elə deyilmi?). Və yaxud hansı səbəbə görə Fətullah Gülənin generalları son bir neçə ildə 47 nəfər kvant fizikası ilə (raket texnologiyası və s.) məşğul olan adamları mənəvi və psixoloji cəhətdən iflic etdilər. İndi həmin adamlar düşdükləri depressiyalardan sonra RF-nın, İranın, Türkiyənin... nüvə tədqiqatları mərkəzlərində çalışırlar. Kənddə-kəsəkdə böyüyüb başa çatan, min bir əzabla oxuyub, elm öyrənən bu uşaqların sinəsindən basıb, öldürmək cinayət olaraq qalır. (Azərbaycanda ancaq Fətullah Gülənçilərə meydan var. Onun gipsdən düzəltmə əllərinə dodaqların çatırsa, öp... dönə-dönə öp, gəl keç yuxarıya... Lənətə gələsiz siz Gülənçiləri...)
Məlumata görə Xoca Fətullah Gülənin qarşısında biri-birindən fərqli şərtlər qoyulurdu. 1993-cü ildə Azərbaycan Prezidenti Heydər Əliyevə qarşı, ümumən Azərbaycana qarşı ABŞ MKİ-nin “Setron-1”, 2004-cü ildən isə Prezident İlham Əliyevə qarşı “Setron-2” təxribat planı həyata keçməli idi. 2008-ci il Prezident seçkiləri baş tutmamalı idi. Rumıniyanın Bakıdakı səfirliyi olmasaydı, hər şey alt-üst olmuşdu. Səfirliyə daxil olan məxfi qovluqdakı materiallar Azərbaycanda çevrilişə hazırlıq görən Fətullahçıların planlarını alt-üst etdi... Amma necə oldusa onların bir qismi sonradan general oldu. Hələ qatı açılmayan nə qədər məsələlər var. 1992-ci ildə “Setron-1” əməliyyatı başlanılmalı idi. Bütün bu dağıdıcı əməliyyatlara qarşı birinci məsələ ölkənin bölünüb, parçalanmış və viranə qalmış təhlükəsizlik sisteminin qurulması idi. Prezident Heydər Əliyev bilirdi ki, təhlükəsizliyi olmayan ölkə ölümə məhkumdur. Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsindən oğurlanmış məlumat dolu disk və qovluqlar bazarlarda satılırdı. Arxiv materialları heç nədən yandırılmışdı. Materialların bir qismi isə xüsusən İran İslam Respublikası ilə bağlı ABŞ-ın və İsrailin emissarları tərəfindən alınırdı. Fətullah Gülənin həm müxalifətdə, həm iqtidarda olan dostları – “agentura şəbəkəsi” Azərbaycanın qədim təhlükəsizlik ənənələrinə ağır bir zərbə endirmişdilər. Artıq materiallardan görünürdü ki, Fətullah Gülənçilər Respublika MTN-də quracaqları Paralel Respublikanın “mikro təhlükəsizlik sistemi”ni qura bildilər. Ulu öndərin səhhətində olan problemdən istifadə edərək, onu faktiki aldadırdılar. Gülənçilərin mətbəxində hazırlanmış yalan informasiya və məlumatlar verirdilər. Milli Təhlükəsizlik Nazirliyinin potensial imkanları tükənirdi. İxtisaslı, səriştəli, nəfsi tox kadrları nazirlikdən sıxışdırıb, çıxarırdılar. Belə olanda Heydər Əliyev Prezident Yanında Xüsusi İdarəni yaratdı. Bu MTN-nə alternativ məxfi bir idarə idi. Fətullah Gülənçilər bu idarəyə də ilmək atdılar.. heç kəsin tanımadıqları, Azərbaycan Təhlükəsizlik Sisteminə ləkə olan birisini Prezident Yanında Xüsusi İdarəyə rəis təyin etdilər. Üstəlik layiq olmadığı bir general rütbəsi də verdilər. Ondan bir az əvvəl Fətullah Gülənin fitvası ilə Prezident Yanında Xüsusi İdarənin rəisi Şəmsi Rəhimov qətlə yetirilmişdi. Talançılıq, rüşvət və soyğunçuluq bu idarənin Nizamnaməsinə çevrildi. Fətullah Gülənçilər buranı da murdarladılar, işğal etdilər... Prezident Heydər Əliyevi isə aldadırdılar... Sonda cidanı çuvalda gizlədə bilmədilər. Nəticədə Prezident təhlükəsizlik sistemindəki biabırçılıqlara cavab olaraq, Xüsusi İdarəni məhv etdi, onu MTN-ə birləşdirdi. Fətullah Gülənçilər Xüsusi İdarənin səriştəsiz və heç bir siyasi savadı olmayan generalı ölkənin MN-nə göndərdilər... Fətullah Gülənin ana beşiyinə...
Qarşıda Fətullah Gülənçilərin daha ciddi bir addımı dayanırdı, ölkənin MTN-ni dağıtmaq... Bunun üçün onlara elə də böyük bir strateji plan lazım olmadı. Eldar Mahmudovun vəzifəyə gətirilməsi çoxları üçün gözlənilməz oldu. Lakin onu Fətullah Gülən və onun Camaatı vəzifəyə gətirməmişdi. Burda taktika başqa idi. Məxfi qaydalarla Camaata qoşulanların bir qismi (hansı ki, onlar vaxtilə Eldar Mahmudovla birgə çalışan adamlar idi) MTN-ə soxuldular... Az vaxt ərzində onlar sərvət və dövlət sahibi oldular, ən yüksək rütbəyə çatdılar. İnsanların qanına susayan, savad və mərifətdən uzaq olan, Azərbaycana qənim kəsilən general dəstəsi ölkənin təhlükəsizlik sistemini alt-üst qoydular... Gec də olsa ifşa olunmuş bu general dəstəsi Fətullah Gülənin yenicə çapdan çıxan “Müstəcəb olan dualar” kitabında öz əksini tapıb.
Maraqlıdır ki, Türkiyənin MİT-da geniş təmsil olunan bu kitabda çox mətləblərdən danışılır... Lakin eks-nazir Eldar Mahmudovdan bir kəlmə də danışılmır. Sadəcə 84-cü səhifədə Fətullah Gülən xatırladır: “...Mən sənin (yəni Eldar Mahmudovun) güvəndiyin təhlükəsizlik sistemini kökündən qopartdım...”. Kitabı təhlil edənMİT zabiti Arslan əfəndi isə yazır: “...Fətullah Gülən Camaatı eynilə Türkiyə yolunu Azərbaycanda tutdular. Eyni ssenari, eyni taktika... Eldar Mahmudova (o, Azərbaycan MTN-i idi) gəlincə onu hardasa ittiham etmək olar. Çünki Azərbaycanda haqsızlıq və viranedici qalmaqallar çoxdur. İstər müxalifət olsun, istər iqtidar... Onlar biri-birilərinə çoxdan qarışıblar. Lakin onu Azərbaycanın maraqlarının satılmasında ittiham etmək mümkün deyil. Bu ədalətsizlik olardı... Mənim onun haqqında öz düşüncəm var. Tarix olaraq qoy bu da qalsın. Eldar əfəndi (yəni Eldar Mahmudov) mənim fikrimcə başqa Azərbaycan generalları kimi öz xalqının, öz millətinin maraqlarını heç bir dövlətə, heç bir millətə satmadı... Bunu danmaq olmaz. Hər şeyi olduğu kimi görüb, danışmaq insandan hünər, cəsarət və sağlam ruh istəyir. Bakıda insanları şərləyən, onları mənəvi terrora məruz qoyan Fətullah Gülənin xəstə ruhuna tutulanlar çoxdur. Prezidentə kömək edin, cənablar. Onun ətrafındakı xəstə ruhları təmizləyin. Yoxsa gec olar; bayrağınız da gedər, diliniz də, himnininz də, dininiz də, imanınız da.”
Bütün bunlar, ABŞ MKİ-nin casusu olan Fətullah Gülənin istəyi ətrafında baş verənlər heç kəsi ağrıtmırdı, heç kəs düşünmək istəmirdi. Azərbaycan getdikcə iflic olur, onun icra və qanunverici orqanlarını Paralel Respublikanın icra və qanunverici orqanları əvəz edirdi.
Araşdırma materiallarına görə Fətullah Gülənin Paralel Respublikasında olmalı idi:
- Min nəfərdən ibarət “Mikropolis” departamenti.
- Beş yüz nəfərdən ibarət “Mikrotəhlükəsizlik” sistemi.
- Bir milyon nəfərdən ibarət əsgər və zabit heyəti – “Camaatın Müdafiəsi Departamenti”.
- Prokurorluq sistemi ləğv olunurdu.
- Yerlərdə “Mikroməhkəmə” sistemi qurulurdu. 365 yerdə hərbi məhkəmə sistemi qurulmalı idi.
- Mətbuat şurası yaradılmalı, Fətullah Güləni və onun Camaatını təbliğ edən RT və KİV “Məbədi” qurulmalı idi. Onlara Dəstək Şurası yaradılmalı.
- “Tərəfdaş” adı ilə Qeyri Hökumət Təşkilatları.
- Beynəlxalq siyasi sistemdə (yəni BMT, Haaqa Məhkəməsində, Avropa İttifaqında, Avropa Şurasında və s.) Fətullah güləni dəstəkləyən qruplar tərbiyə etmək.
- Gülən Camaatının “Diplomat Korpusu”nu təsis etmək.
- Fətullah Güləni və Camaatı təbliğ edən Şuralar yaratmaq və s.
- Camaat üçün kiçik bir qanunverici orqan yaratmaq.
Azərbaycan Dövlətçiliyinə zərbə vuran, onun varlığını sarsıtmağa, yaxşı nə varsa təsir altına salmaq, ləyaqətsiz və şərəfsiz bir cəmiyyət qurmaq və bizləri də bu şərəfsiz cəmiyyətin övladlarına çevirmək Gülən Camaatına, Xoca Fətullaha nəsib olmadı. Amma bu o demək deyil ki, Paralel Respublikası iflasa uğradı. İdeya hələ də yaşayır. Fətullah Gülən hələ də yaşayır. Azərbaycan Dövlətçiliyinin dərinliklərinə kök atmış bu ideyaların işartısı hələ kəsilməyib. Fətullah Gülən tamam məğlub olmayıb. ABŞ MKİ-nin onun üçün yaratdığı Paralel Respublika İdeyası Azərbaycanda hələlik ləğv olunmayıb. Fikrimcə Prezident İlham Əliyevin “Referendum” adı ilə keçirdiyi islahatın da özəyində ilğım kimi Azərbaycanı bürüyən, hər yerdə üfunət yaradan Fətullah Gülən Camaatından xilas etmək oldu...
Bu strateji kəşfiyyat proqramında hətta Azərbaycan himni, əlifbası ilə bağlı məsələlər qoyulurdu. Heydər Əliyev Ü.Hacıbəyovun “Koroğlu” uvertürası üstündə dayanmışdı, onu himn kimi görmək istəyirdi. Amma qoymadılar. Koroğlunun uvertürası səslənmədi. Bununla bağlı xüsusi plan da hazırlanmışdı. Hətta dövlətçiliyin digər atributlarına da əl uzatmışdılar.
ABŞ MKİ-nin Azərbaycan üçün hazırladığı “Setron” əməliyyatı isə hələ davam edir.
Amma deyim ki, bu istiqamətdəki tədqiqat və araşdırmalarda məlum olur ki, Fətullah Gülənlə qarşı-qarşıya dayanan, Heydər Əliyevin qurub, yaratdığı Azərbaycan Dövlətçiliyi naminə canını fəda etməyə hazır olan simalarımız, tanınmış şəxsiyyətlərimiz olub. Professor Məmməd Əlizadə vaxtilə ölkə başçısına xatırladırdı ki, “Fətullah Gülən adlı iblisdən... vətəni, ailənizi və özünüzü... xilas edin. Biz vətən, torpaq və millət naminə həmişə sizin yanınızdayıq...” Amma bütün strateji mərkəzlərdə özlərinə hörümçək toru quran Fətullahçılar professor Məmməd Əlizadənin qarşısında keçilməz bir sədd açdılar...
Araşdırma materiallarında, xüsusən Türkiyə MİT-nın materiallarında Fətullah Gülənin Azərbaycanla bağlı Xüsusi Planı və yaxud Proqramı olub.
Xoca Fətullah Gülən Pensilvaniyadan göndərilən məktublarda (biz həmin məktubları ümumiləşdiririk) qeyd edir: Camaat nümayəndələrinin Azərbaycan Parlamentində təmsil olunması, onların seçilib, yerləşdirilməsi. (Türkiyə Parlamentində onların sayı 117 nəfərdən 185 nəfərə çatıb).
Qeyd: ABŞ MKİ-si, Xoca Fətullah Güləndən Azərbaycan Prezidentinin ailəsi ilə bağlı informasiya və məlumatların toplanmasını istəyirdi. (Kəşfiyyatda belə informasiyalar daha qiymətli olur. “Canlı kəşfiyyat texnologiyası” əsrin ən ümdə və gərəkli strategiyası hesab olunur. “Kimdə informasiya var, hakimiyyət də ondadır” - əsas tutulur.)
Mənim cənab Prezidentə strateji bir mesajım var. Baxın. Diqqətlə baxın. Biz onu görürük. Amma necə ola bilər ki, Siz görmürsünüz. Azərbaycanı Gülənçilərdən xilas edin, Azərbaycanı robotlaşmış Fətullahçı düşmənlərdən qurtarın. Tədqiqatımıza görə ABŞ MKİ-də Fətullah Gülənüçün hazırlanmış “Setron” kəşfiyyat-təxribat planı bilavasitə Sizə və Sizin ailənizə doğru uzanıb. Millətin və xalqın təmiz ruhu sizinlədir. Kəsilən əlləri xilas edin, Fətullah Gülənin qara ipək dəsmalı ilə bağlanmış gözləri açın...
Məlumata görə Fətullah Gülən yeni bir taktikaya əl atıb. Maraqlı və ciddi plandır.
Bunun üçün əsasən qadın deputatlardan istifadəolunmağı məsləhət bilinir. MKİ-nin sənədlərinə uyğun olaraq Xoca Fətullah Gülənin Azərbaycan Parlamentinə soxulmuş qadın emissar deputatları artıq fəaliyyətdədirlər... Lakin onlar göründüyü kimi irəli gedə bilmədilər, qapıdan qovuldular. Amma təhlillərimiz göstərir ki, bu iş hələ tam bitməyib... Lap irəliyə gedib çıxan da, Prezident ətrafında qərar tutan Gülənçi də var. Görünür cənab Prezidentin əlinə-ayağına dolaşan bu ləyaqətsiz Gülənçilərin sonu çatır... Mən belə düşünürəm: Azərbaycanı xilas edin.
Rövşən Novruzoğlu.
Milli Təhlükəsizlik üzrə ekspert, politoloq.