FƏTULLAH GÜLƏNİN AZƏRBAYCANDAKI “ALTINCI BARMAQLARI”... ARAŞDIRMA
Fətullah Gülənin Azərbaycanda Dövlət daxilində kiçik dövlət arzusu istiqamətində araşdırmalarımız davam edir. Gülənin altıncı barmaqlarının 426-sı Türkiyədə, 169-u RF-da, 112-si Azərbaycanda peyda oldu. Dünya mətbuatı bunlardan yazmağa hazırlaşır. Fətullah Gülənin “altıbarmaq” bələdçilərini xaricdəki diplomatik korpuslarımızda fəaliyyət göstərən hərbi attaşelər ilə nə bağlayır?
Azərbaycanda yaxın gələcəkdə 3,5 milyon nəfər, Ermənistanda 2 milyon nəfər, Gürcüstanda isə 1,5 milyon nəfər əhali qalmalıdır...
Xeberinfo.com: Biz Fətullah Gülən strategiyasının Azərbaycana vurduğu psixoloji, mənəvi yaraların ağrılarını hələ bir müddət sonra hiss edəcəyik
Fətullah Gülənin “Beyinlərin yuyulması” (yəqin ki, təmizlənməsi – R.N.) kitabı haqqında danışılsa da onu hələ heç kəs açıq şəkildə görməyib. Bilavasitə ABŞ-ın kəşfiyyat orqanları üçün nəzərdə tutulan bu kitabın bir yerində qeyd edilir ki, məsələn Qafqaz regionundakı xalqların, millətlərin bir qismi 2025-ci ilədək öz dilləri, dinləri, adət-ənənələri ilə birgə tarixdən silinəcək. Azərbaycan, Gürcüstan, Ermənistan respublikaları olmayacaq... sadəcə bütün bunlar Qafqaz regionu altında təmsil olunacaq. Digər tərəfdən ABŞ MKİ-sində hazırlanmış “Yeni əsrin yeni strategiyası”nda Fətullah Gülən və onun hələ indiyədək adı məxfi saxlanılan “İmamilər” qrupuna aid də görüləsi missiyalar var. Təhlillərə görə (“Demoqrafik proqram” bölümündə) Azərbaycanda yaxın gələcəkdə 3,5 milyon nəfər, Ermənistanda 2 milyon nəfər, Gürcüstanda isə 1,5 milyon nəfər əhali qalmalıdır... Bu məsələnin müzakirəsində Fətullah Gülən, Soros və s. də iştirak ediblər. (?)
Hələ indiyədək heç kəs Fətullah Gülənə məxsus məxfi çağırışları, daxili sərəncam və imzaları, ayrılan pul və hədiyyə kimi verilən digər zinət əşyalarının ümumi məbləğini rəsmi sənədlərdə görməyib. Türkiyədəki MİT-nın və RF-nın FTB-nun atdığı sərt addımlardan sonra bütün bunlar açıldı. Məsələn, məlum oldu ki, İstanbul və Ankara məhkəmələrində çalışan vəkillər və hərbi prokurorlar üçün Fətullah Gülən son onsəkkiz ay ərzində 40 milyon dollar maliyyə yardımı ayırıb. (Fakt və sənədlər çox olduğundan məsələni burada saxlayırıq. Keçirik bilavasitə Azərbaycanla bağlı məsələlərə.)
Fətullah Gülənin beş barmağını hamı görür. Özü də ən çox sol əli ilə işləyir. Sol əli ilə imza atır... Onun “Altıncı barmağ”ını isə heç kəs görmür, heç kəs hiss etmir. Pərdə arxasında dayanan və həmişə məqam gözləyən bu “Altıncı barmaq” Azərbaycanda Dövlət daxilinə dövlət arzusundadır. Fətullah Gülənin “Altıncı armaq”ları bir qayda olaraq görünmür. Amma o dövlətin hər bucağında, hər küncündə davranışı ilə özünü təsdiq edir. Bir fransız jurnalisti M. Pyer yazır ki, Fətullah Gülən zahirən sakit və təmkinli görünsə də, onun içində ağlasığmaz tufan var. Onda istənilən ölkənin ordusunu, təhlükəsizliyini və sərhədlərini dağıtmaq ehtirası var.
Hesablamalara görə 2017-ci ildə Türkiyədə, 2018-ci ildə Qazaxıstanda, 2019-cu ildə Qırğızıstanda və Türkmənistanda, 2020-ci ildə Özbəkistanda və Tacikistanda... Fətullah Gülən hərəkatı qələbə çalmalı və hakimiyyət çevrilişində iştirak etməli idilər. (Sakitliyi və əmin-amanlığı ilə Türk dünyasında seçilən Azərbaycan parçalanmalı, dağılmalı, xırda millətlərin və kiçik mafioz qrupların əlində viranə qalmalı idi. Fətullah Gülən istəyirdi ki, (?) “Azərbaycanı dənizə töksün...”. Amma buna gücü çatmadı). Bütün bunları mənə “Əl-Cəzirə” telekanalının (Qətər) Moskva bürosunda danışdılar. Görünür Fətullah Gülənin “Azərbaycan qisası” hələ irəlidədir.
Amma çox təəssüf ki, bu qisasa yardım edənlər içərisində əslən azərbaycanlıların da olması bizi düşündürməyə bilmir. Məsələn, bir neçə gün öncə ölkənin Müdafiə Nazirliyi sistemindən kənar edilib, ordudan qovulan yüksək rütbəli zabitlərin bir neçəsi Türkiyənin aparıcı qəzet redaksiyalarında müəyyən adamlara xəlvəti maliyyə yardımı ayıraraq ciddi iş görürlər. Onların bir neçəsinin Pensilvaniya görüşləri tarix olaraq qalır.
Araşdırma materiallarına görə Fətullah Gülənin yağlı tikəsini gəmirən (?) hər kəsin tərcümeyi-halı ABŞ MKİ-nin kəşfiyyat kartotekasında saxlanılır. Lazım olanda onlardan ən iyrənc məqsədlərlə istifadə olunur. Azərbaycandakı Gülənçilər Azərbaycana Fətullah Gülənin gözü ilə baxır,onun ağıl və düşüncəsi ilə hərəkət edirlər. Ölkənin bütün strateji nöqtələrində, hərəkətverici mərkəzlərində qərar tutan, zahirən qalstuklu, səliqə-sahmanla daranıb, geyinmiş bu adamlar üçün Azərbaycan və azərbaycanlıdan başqa hər şey əziz idi. Heç kəsin xəbəri olmadan Gülənçilər Azərbaycanın orta və ali məktəblərində, uşaq bağçalarında məxfi proqramlar çərçivəsində “Beyinlərin yuyulması” üçün “Daim yaşıl” dərslərini təsis edirdilər. Bu dərslərdə bir qayda olaraq təhsil sistemində Azərbaycançılığı öldürür, beyinlərə ancaq Fətullah Gülənin kəlamları doldurulurdu... Fətullah Gülən tərəfdən verilmiş dini dərəcələrin sayı artmışdı. Xarici mətbuatın qeydlərinə görə Azərbaycan ABŞ MKİ-si üçün Fətullah Gülən tərəfindən sərhədləri və qapıları götürülən poliqon idi.
Məlumata görə hazırda Türk mətbuatında, Azərbaycandakı Fətullah Gülən ocaqları ilə bağlı yeni yazıların çapına start veriləcəyi gözlənilir. Məsələn tanınmış türk yazarlarından Əbdül İldırımın, Faruk Çakırın yazılarında Azərbaycanın Gəncə, Qazax, Şəmkir, Tovuz... rayonlarında Fətullah Gülənçilərin artdığını, hökumət və dövlət qulluğunda mövqe tutduqları qeyd olunur. Gizlində Pensilvaniyanın vəzifələrini icra edən deyək ki, Şəmkir rayonu ərazisində formalaşan Fətullah Gülənçilər bir qayda olaraq (bu bütün rayonlara xasdır) ABŞ-a məxsus təhlükəsizlik departamentlərinin vəzifələrini icra etməklə məşğul olurlar. Türk qəzet və yazarları Şəmkir rayonunda tanınmış iş adamı Vaqif İsrafil oğlu Məmmədovu Fətullah Gülənin regiondakı “Barmaq”larından biri sayır. Onun bir az öncə ABŞ-da, Pensilvaniyada Fətullah Gülənlə görüşlərindən bəhs edirlər.
Amma araşdırmalarımız isə bizə başqa şey dedi: nəticə və sorğularımıza görə iş adamı Vaqif Məmmədov səmimi, xalqa, millətə yaxın bir şəxs kimi tanınır və onun Gülənlə bağlılığı absurd görünür.
Türk yazarları bu işlərdə ciddi olsalar daha yaxşı olardı. Biz bir az da fikirlərimizdə dəqiqlik yaratmaq üçün bu məsələyə qayıdacağıq. Bu materiallar sırasında Azərbaycanın 24 rayonunda özlərinə yuva qurmuş və hər ay Fətullah Gülənin Bank hesabına “üzvlük haqqı” yola salan şəxslər, vəzifə sahibləri,... haqqında geniş açıqlamalar olacaq. MİT-nın materialları və sorğuları əsasında hazırlanmış bu yazılar (“Cümhuriyyət”in məlumatına görə) ola bilsin, Azərbaycanda ciddi bir siyasi panoram yaratsın və nəticədə Azərbaycan faktoru ilə Fətullah Gülən faktoru qarşı-qarşıya dayansın...
Biz qeyd etdik ki, hələlik indiyədək Fətullah Gülənin “Nurçu Camaatı”nın nizamnaməsini nə görən olub, nə də oxuyan.
Heydər Əliyev kitablarını, Dağlıq Qarabağ haqqında oxunan kitablara görə şagirdlər özlərinin cəza paylarını alırdılar və sonda məktəbdən qovulurdular. Türkiyənin, RF-nın istintaq materiallarında insanı düşündürən və yadda qalan maraqlı və ciddi arqumentlər irəli sürülür. Məsələn Moskva ətrafında bağlanılan “Nur”çu məktəblərinin sənədlərində qeyd olunur ki, Azərbaycanda Fətullah Gülən üçün qızıl saplardan araqçın və başmaqlar toxunub, Pensilvaniyaya göndərmək üçün diplomatik korpusa təqdim edilib. Məlumata görə hədiyyə kimi Pensilvaniyaya səkkiz belə araqçın, dörd başmaq yola salınıb.
Biz ötən yazılarımızda qeyd etmişdik, ölkə ərazisindəki avtomobillərin bir qisminin dövlət nişanları sırasında məhz Fətullah Gülənə məxsus işarələr var (?)
Biz bu günlərdə respublika ərazisində, əsasən strateji mərkəzlərdə (nazirik və komitələrdə, şirkətlərdə... cəmiyyətlərdə) apardığımız çox ciddi bir strateji araşdırmanı bitirdik. Fətullah Gülən MKİ-nin icrası üçün ayırdığı xətt belə idi: Azərbaycanın güc strukturlarını iflic etmək. Bu başlıca addım idi. Maraqlı və həm ciddi, həm də çox vacib bir məsələni öyrəndik. (Şübhəsiz özümüzə görə).
Fətullah Gülənin əsas hədəfində Respublika Müdafiə Nazirliyi, onun qurumları, xüsusən hərbi kəşfiyyatı, Daxili İşlər Nazirliyi, onun qurumları (xüsusən arxivi), Təhsil Nazirliyi və onun qurumları, Ədliyyə Nazirliyi, onun qurumları (xüsusən qeydiyyat idarəsi), Parlament, onun komitələri... və s.
KİV və telekanalların buraxdığı siyasi səhvlər, Azərbaycan dövlətçiliyindən kənar hazırlanmış “Nurçu” təlimli proqramların və aparıcıların sayı xeylidir. Azərbaycan KİV və Telaradio kanallarında bu gün “Doxsan doqquz İmam övladı” (?) adı altında Fətullah Gülənin ideoloqları ABŞ Mərkəzi Kəşfiyyat İdarəsində hazırlanmış proqramları beyinlərə yeritməklə məşğuldurlar. Fətullah Gülənə məxsus danışıq tərzləri, cümlə quruluşları, hərəkət və oturuş qaydaları... eləcə də onun çətin başa düşülən, auditoriyası olmayan Şou-proqramlarındakı “boşanma və evlənmə dərsləri”, “əxlaq dərsləri”... Azərbaycan televiziyalarında kifayət qədərdir. Etiraf edək ki, (ermənilər bir yana) biz Fətullah Gülənlə informasiya müharibəsində artıq uduzan tərəf olaraq qalırıq.
Fətullah Gülən kiçik dövlət deməkdir. O, harada peyda olursa öz dövlətini qura bilir. Bəzən düşünürsən: bizdəki bu biganəlik nədəndir? Məlum olur ki, hamısının kökündə Fətullah Gülən Proqramları dayanır və millətə tədricən kimliyini unutduran bu proqramların telekanallarda və KİV-də xüsusi “agentlər şəbəkəsi” rahatlıqla işləyirlər.
Araşdırmalar göstərir ki, Azərbaycanın Təhlükəsizlik sistemini viran qoyan, onun sütunlarını dağıdan... Fətullah Gülənin təlimatları ilə orqanlara rüşvətlə soxulan və “Nur”çu pulları ilə general rütbəsinədək qalxan nökərlər olub. Türkiyədə, RF-da onların general libasları əllərindən alınıb. Bakıda isə həmin generallar təqaüdə göndərilir. Onlar üçün Azərbaycan anlayışı olmayıb. Arxiv materiallarına görə “Nurçular”ın əsas fəaliyyət dövrü 1992-ci ildən genişlənib.
Plana uyğun olaraq onlar bir qayda olaraq düşündükləri ərazilərdə “Qeydiyyat İdarələrində” möhkəmlənirlər. Hər şeyi oradan görmək onlar üçün asan gəlir. Belə olanda qeydiyyata gələn və yaxud qeydiyyata duranın şəxsi anketini, tərcümeyi-halını asanlıqla götürmək mümkündür. Sonra bütün bunlar bir qayda olaraq ABŞ MKİ-nə ötürülür. Azərbaycan dövləti onun rəhbərləri və milləti haqqında “Vaşinqton Post” (ABŞ) qəzetinin əməkdaşlarına, Dövlət Departamentinin əməkdaşlarına və Konqressmenlərə... eləcə də təhlükəsizlik qüvvələrinin başçılarına yalan və iftira deyən, bizi “satqın”, “heç bir müsəlman əxlaqına sığmayan”, “kəfənsiz” və “Quransız”, “dinsiz və imansız”... adlandıran Fətullah Gülənin atddığı addımlar və ləyaqətsiz davranışlar heç bir ölçüyə sığmır.
Rövşən Novruzoğlu,
Milli Təhlükəsizlik üzrə ekspert,
politoloq