Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rüktoru Təhsil nazirinə qarşı:
Adı nurçularla hallanan “Aral Group” şirkətindən şikayət var:
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Günün xəbəri

İmperiyanın son banditi:xanım müstəntiqi yoldan çıxardı, sirri açmaq istədi, qəfil öldü...

news content


Əfsanəvi sovet qulduru “Çervonets”in heyrətamiz hekayəti

Yenixeber.org: 1989-cu ilin dekabrı, Leninqrad. “Orient” restoranının zalında Yeni il ərəfəsinin əhval-ruhiyyəsi hökm sürür — ofisiantlar masalar arasında ora-bura qaçır, qonaqlar isə cani-dildən söhbət edirlər. Amma 23 yaşlı qapıçı Valeriy Lütvinski sanki bu sevinci paylaşmır: o, qonaqların sonsuz axınından bezib və elə buna görə də, növbəti müştəri paltosunu çıxarmaqdan imtina edəndə əsəbləri tab gətirmədi.

— Hörmətli yoldaş! Bizdə üst geyimində zala daxil olmaq qadağandır, — deyə  sərt şəkildə müştəriyə dedi.

— Paltonu çıxarım, çıxarmayım, buna özüm qərar verəcəyəm, — müştəri cavab verdi.

Aralarında söz atışması başladı: gərginlik hər dəqiqə artır. Nəhayət, kişi hirslənərək, paltonun cibindən naqan çıxardı: atəş açıldı və başına güllə dəyən Lütvinski yerə yıxılıb keçindi. Restorana ölüm sükutu çökdü: qonaqlar və işçilər dəhşət içində qatilə baxırdılar.

— Bəlkə, başqa istəyən də var? — deyə o, buz kimi soyuq səslə soruşdu. Sonra sakitcə qarderob rəfindən əlcəklərini götürdü və tələsmədən “Orient” restoranını tərk etdi. Lütvinski SSRİ-nin son banditi hesab edilən, “Çervonets” ləqəbli xüsusilə təhlükəli cinayətkar Sergey Maduyev tərəfindən güllələnərək öldürülmüşdü.

***

Sergey Maduyev 1956-cı il iyunun 17-də Qazaxıstan SSR-in Karaqandı şəhərində xüsusi yaşayış məntəqəsində anadan olub.

Atası Arbi milliyyətcə çeçen idi və xalqının Şimali Qafqaza sürgün edilməsi zamanı müqavimət göstərdiyinə görə həbs olunmuşdu. Anası koreyalı idi, o da möhtəkirliyə görə cəza çəkirdi. Sergey beş yaşına qədər uşaq evində böyümüşdü, ailədə daha dörd uşaq var idi. Atası Arbinin cəza müddəti başa çatdıqda valideynləri boşandılar. O, iki böyük övladını götürüb, Çeçenistana qayıtdı. Anası isə üç kiçik uşağı ilə birlikdə Qazaxıstanın Valixanovo kəndinə köçdü və pozğun həyat yaşadı. 

Sergey Maduyevin xatirələrindən: “Uşaq yaşlarımda tez-tez və çox ac qalırdım. Soyuğu da, təhqiri də yaşamışam. Bizlə təkcə anam yox, onun “dostları” da çox pis davranırdı. Döyürdülər, gecənin istənilən vaxtında evdən qovurdular. Bu çirkab, zorakılıq və qəddarlıq yaddaşımdan silinməyib”.

Bir gecə, ana evə sərxoş dostları ilə gəlib uşaqları yuxudan oyadaraq buz kimi soyuğa qovduğu zaman, Sergey qonşunun evindən qoşalülə oğurlayır. Əlində silah anasının dostları ilə əyləndiyi otağa daxil olub hər kəsə hədə-qorxu gəlir. Kişilər ona bağırmağa başlayanda, Maduyev atəş açır və tüfəngi yenidən doldurur. Dostlar evdən qaçırlar. 

Maduyev etiraf edirdi ki, acı təcrübə ona dərs olub: uşaqlı qadınla münasibət qururdusa, uşaqları heç vaxt incitmirdi. 

Hamilə qadına görə qarətdən imtina etdim

Maduyev uşaqlıqdan çılğın və cəsarətli xarakteri ilə seçilirdi: bir dəfə mərc gəlib, gizlicə ölüxananın içinə girmiş və qorxudan əsə-əsə bütün gecəni orada keçirmişdi.

“Həmin hadisədən sonra şəkərli diabet xəstəliyinə tutulmuşam. Həkimlər sonradan bu əlaqəni təsdiqlədilər”, — deyə xatırlayırdı Sergey Maduyev.

Altı yaşında anasının göstərişi ilə anaşa satmağa başlayır. Özünü, qardaşını və bacısını geyindirmək və yedirtmək üçün yeddi yaşından oğurluq etməyə başlayır. Sonralar azyaşlı yoldaşları ilə birlikdə avtomobillər qaçırır, onları hissələrə bölür və satırdılar.

11 yaşında anası ilə münasibətləri tamamilə pozulur: ana Sergeyə başqasının törətdiyi qətli öz üzərinə götürməyi təklif etmişdi. 

Sergeyin şəfqətlə xatırladığı yeganə insan onun müəlliməsi idi – qadının bu oğlana yazığı gəlirdi və ona anasından qat-qat yaxşı yanaşırdı. 

Cinayət yolu ilə bir qədər pul toplayan Maduyev 14 yaşında evi tərk edir. Dörd il sonra — 1974-cü ildə, 18 yaşlı quldur Alma-Ata vilayətinin Kaskelen rayonunda törətdiyi cinayətlərə görə ilk dəfə həbsə düşür. Layiq görüldüyü 8 illik cəzanın 6 ilini çəkib, 1980-ci ilin mayında azadlığa çıxan Maduyev cinayət yoluna qayıdır.

Bu dəfə ona kiçik qardaşı Alvi və dostu Ağapaşa Tahirov qoşulur. Bəzi məlumatlara görə, bu cinayətkar üçlük hətta Daşkənd və Tbilisi “qanuni oğrular”ının “obşak”ından 250 min rubl oğurlamağı bacarıb. 

Qurbanlarından biri Karaqandı kərpic zavodunun direktoru olur — soyğun zamanı onu güllələdilər. Bir müddət sonra “Qazaxıstan SSR-nin 30 illiyi” kolxozunun kassası soyulur — 50 min rubldan çox pul ələ keçirilir. 

Əslində, Maduyev kolxoz sədrinin evinə hücum etməyi planlaşdırmışdı, lakin bir hadisə onu fikrindən daşındırır. “Sədrin həyatını gəlininin hamilə olması xilas etdi — qadın yad kişilərin su istəməsinə sadəlövhcəsinə reaksiya verib, evdən çıxmışdı. Hamilə qadını görən Maduyev fikrindən daşındı və kolxoz sədrinin evinə basqından imtina etdi”, —  o zaman Pavlodar vilayət kriminal axtarış idarəsinin rəisi vəzifəsini icra edən Nikolay Buran deyir. 

   Qanunsuz oğru

Residivist 1981-ci ilin fevralında növbəti dəfə müttəhimlər kürsüsünə oturur və bu dəfə 15 il azadlıqdan məhrum edilir, qardaşı və dostu isə 7 illik cəza ilə qurtulurlar. Koloniyada Maduyev özünü “qanunsuz oğru” adlandırır və dustaq qaydalarına tabe olmaqdan imtina edir.

Məsələn, administrasiyaya xəbərçilik edərək bir qrup dustağın qaçış planını pozur. “Zona”da dustaqların iş yerinə bölüşdürülməsi ilə məşğul olan naryadçı vəzifəsindən də imtina etmir. Bunu qəbul etməyən məhkumlar onu yerinə oturtmaq istəyirlər və 12 nəfərlik dəstə Maduyevə hücum edir. Lakin o, qanının son damlasına qədər döyüşməyə hazır şəkildə o qədər sərt müqavimət göstərir ki, dustaqlar onun qorxmazlığından təsirlənərək, geri çəkilirlər.

Bu hadisədən sonra Maduyev “qaydaları tanımayan” (bespredelşik) reputasiyası qazanır və artıq heç kim ehtiyac olmadan ona baş qoşmaq istəmir.

1988-ci ilin dekabrında Maduyev Taldı-Kurqan şəhərindəki (indiki Taldıkorğan, Qazaxıstan) koloniya-məntəqəyə köçürülür və ilk fürsətdə oradan qaçır. SSRİ üzrə axtarışa verilsə də, isti izlərlə onu saxlamaq mümkün olmur — Maduyev ölkəni dolaşaraq, yeni cinayətlər törətməyə başlayır. 

Qaçışdan sonra ilk basqın 1989-cu il yanvarın 4-də Krasnoyarsk yaxınlığındakı Boqotol şəhərində baş verdi. O, cinayət ortağı Aleksandr Prixodko ilə birlikdə rayon partiya komitəsinin katibi Ovçarenkonun mənzilinə daxil oldu. Quldurlar ev sahibinin əl-qolunu bağlayaraq, 3000 rubl dəyərində qiymətli əşyaları oğurladılar.

Bir müddət sonra o, “Çervonets” (on rubl) ləqəbini alır — çünki taksi sürücülərinə hər dəfə o dövr üçün böyük məbləğ sayılan 10 rubl verir və heç vaxt qalıq istəmirdi.

Az keçmir ki, Maduyev öz dəstəsini qurur — ona dostları Aleksandr Prixodko, Roman Çernışev, eləcə də Beslan və Kazbek Muzarbekov qardaşları qoşulurlar. Lakin bir neçə basqından sonra “Çervonets”ə elə gəlir ki, Muzarbekov qardaşları etibarsız adamlardır və onları daha işə götürmür. 

Onun əsas tərəfdaşı isə cavan, lakin son dərəcə qəddar Roman Çernışev olur. Soyğunlar zamanı dəstə CZ vz. 27 tapançasından və kustar səsboğucu ilə təchiz olunmuş naqandan istifadə edirdi.

          “İnanmırsınız? And içirəm!”

Maduyev dəstəsinin törətdiyi cinayətlərin coğrafiyası çox geniş idi: Leninqrad, Çeçenistan, Moskva, Rostov və Həştərxan vilayətləri. Sovet Rusiyasının məşhur quldurlarından Lyonka Panteleyev kimi, “Çervonets” də perestroyka dövrünün Robin Qudu kimi şöhrət qazandı. 

Əvvəllər o, həqiqətən də yalnız varlı adamları qarət edirdi və əgər qurban seçimində səhv etdiyini anlayırdısa, nəinki oğurladığı şeyi geri qaytarar, hətta üzrxahlıq kimi gül dəstəsi də hədiyyə edirdi. Deyilənə görə, Maduyev varlılardan əldə etdiyi qənimətin bir hissəsi ilə kasıblara kömək edirdi — məsələn, şirniyyat alırdı və kəndin ac uşaqlarına paylayırdı.

Zərərçəkənlərin bəziləri təsdiqləyirdilər ki, Maduyev qaniçən deyildi və bəzi hallarda çox gözlənilməz hərəkətlər edirdi. Məsələn, 1989-cu ilin martında Qroznıda Vatsuyevlər ailəsinin evinə hücum zamanı, ortağı Çernışevin ev sahibinin yeniyetmə qızını zorlamasının qarşısını almışdı. 

1989-cu ilin mayında isə Maduyevin dəstəsi Moskva ətrafında yaşayan Rebrovların evinə basqın etdi. Qorxudan halı pisləşən ev sahibi infarkt keçirəndə, Maduyev ona yardım etməyə qərar verir. 

Basqın qurbanı Qalina Rebrovanın ifadəsindən: “Maduyev əlini qaldırdı və dedi: “Mən təcili yardım çağıracağam. İnanmırsınız? And içirəm!”

Rebrovlardan qızıl boyunbağı, brilyant üzük və sırğalar götürən “Çervonets” sözündə durdu — apteklərdən birinə girib təcili yardım çağırdı.

Az sonra bandası ilə birlikdə beş videomaqnitofon ələ keçirdiyi biznesmenin hamilə arvadına da mərhəmət göstərdi. Qadın özünə birini saxlaması üçün yalvardı və “Çervonets” razılaşdı.

            “Onları odda yandırdılar”

Bəzən olurdu ki, qənimət özü Maduyevin əlinə düşürdü. Məsələn, cənubda dincələrkən nahar üçün restorana baş çəkdi, amma yer tapılmadı. Kobud administrator onun restorandan getməsini tələb etdi, Maduyev isə qadının qızıl dişlərinə fikir verdi və başa düşdü ki, pulludur. Bundan sonra “Çervonets” onu izləyir, harada yaşadığını öyrənir və gecə evinə girir. Əl-qolunu bağlayır və tapdığı çoxlu sayda qiymətli əşyaları çətinliklə götürərək, gedir. 

Amma “nəcib quldur” şöhrətinə baxmayaraq, Maduyev bəzən imicinə zidd hərəkətlər edirdi. Bir dəfə Leninqrad ətrafında 12 yaşlı yeniyetməni tutur, tapançanı böyrünə dirəyərək, evlərinə aparmağı əmr edir. Qapını uşağın anası açır — bandit onun gözü qarşısında silahı uşağın başına dirəyir və pul tələb edir. Qadın bütün topladıqlarını verdikdən sonra “Çervonets” yeniyetməni azad edir.

1989-cu ilin əvvəlində isə quldur əlini qana bulayır: şərikləri ilə birlikdə Həştərxan vilayətində yaşayan Ayvazovlar ailəsinin evinə girir. Səs-küy qaldıran ev sahibləri güllələnir. 

Həmin ilin iyununda Maduyevin dəstəsi Rostov vilayətinin Kamensk-Şaxtinski şəhərində yaşayan kooperator Roman Şalumovun evini hədəfə alır. O, arvadı və bir yaşlı oğlu Mişa ilə birlikdə orada yaşayırdı. Banda başçısı öyrənir ki, ailə yeni ev almaq üçün 92 min rubl toplayıb. Maduyev dəstəsi ilə birlikdə Şalumovların evinə gəlir. Evə basqın edirlər və pulu axtarmağa başlayırlar. Nəhayət, ailə başçısının avtomobilinin baqajında tapırlar. Roman Şalumov pul olan çantanı geri almaq istərkən, onu tərəddüdsüz güllələdilər. Ardınca arvadını da boğaraq öldürdülər. Bütün qiymətli əşyaları götürən quldurlar, evi benzin tökərək yandırırlar — ikinci mərtəbədə yatan bir yaşlı Mişa yanaraq həlak olur. “Çervonets” sonradan istintaqa bildirmişdi ki, ikinci mərtəbədə uşaq olduğunu bilmədiyindən evi yandırmağa icazə verib. Quldurun sözlərinə görə, o, uşaqlara yaxşı münasibət bəsləyib: məsələn, sentyabrın 5-də onun dəstəsi Leninqrad sakini Sokolovların mənzilinə basqın edərkən onların oğluna toxunmayıb, tapşırıb ki, başını ədyalla örtsün və gözləsin.

Bu basqın “Çervonets”in dəstəsinə 8000 rubl qazandırıb. Növbəti qurban isə corab fabrikinin direktoru, daha sonra isə “üskükçü”lərin briqadiri və bir neçə xırda kommersantlar oldu. 

           Qızıl ovçuları

1989-cu il oktyabrın 11-də Maduyev və Çernışev Leninqrad sakini Anna (bəzi mənbələrdə Roza) Yurixin evinə soxuldular. O, qızıl alveri ilə məşğul olurdu və var-dövləti ilə tanınırdı. O qədər imkanlı idi ki, hətta qulluqçu saxlayırdı – qapını da quldurlara məhz o açdı.

Cinayətkarlar Yurixin evindən 134 min rubl və 1,5 kiloqram qızıl zinət əşyası aparırlar. Ev sahibəsi qaçmaq istəyərkən “Çervonets” tərəfindən yaralanır və iki ay sonra aldığı xəsarətlərdən ölür.

Maduyevin son qətli isə Daşkənddə baş verir — o, sadiq Çernışevlə birlikdə 1990-cı il yanvarın 7-də buraya gəlmişdi. Onlar yerli kriminal avtoritetlərdən olan Brusnetsovun evinə baş çəkirlər. Quldurlar nəzakətli, amma kompromissiz tonda ondan bütün pullarını verməsini tələb edirlər. Lakin Brusnetsov da elə-belə adam deyildi və atışma başladı. Çernışev Brusnetsovu güllələyir, amma özü də ağır yaralanır. Maduyev yerə yıxılmış şərikinin yanına gəlir, boynundakı qızıl xaçı çıxarır, onunla vidalaşır və güllələyir. 

Çernışevi öldürdükdən sonra “Çervonets” Moskvaya getmək üçün Daşkənd dəmiryolu vağzalına yollanır. Amma o, qapıçı Lütvinskinin qətlindən sonra (məqalənin əvvəlindəki əhvalat) milis əməkdaşlarının onu Leninqradda gəzdirən taksi sürücüsünü tapdıqlarından xəbərsiz idi. Sürücü Maduyev və Çernışevin gələcək Daşkəndə səfərindən danışdıqlarını xatırlamışdı.

Bundan sonra əməliyyatçılar Daşkənd dəmir yolu vağzalında pusqu qururlar. Maduyev 1990-cı il yanvarın 8-də qatara minmək istəyərkən, fotorobot vasitəsilə tanıyıb, zərərsizləşdirirlər.

         Qumbara gedişi 

Amma “Çervonets” belə asan təslim olmağa razı deyildi: əməliyyatçılardan birinin onun qolunu qandalla özününkünə bağlaması belə onu dayandırmadı. Azad olan əli ilə cibindən əl qumbarası çıxardı, dişi ilə halqanı çəkdi və partlayışla hədələyərək, danışıqlar üçün nazir və prokuror çağırılmasını tələb etdi.

Quldur razı oldu ki, onu polis bölməsinə aparsınlar, orada əməliyyatçılara əmr verdi ki, mühüm sübut olan qeyd dəftərçəsini yandırsınlar. Milislər Çervonetsin diqqətini yayındırarkən, hadisə yerinə snayper çatdı. O, banditin qoluna atəş açdı. Qumbara yerə düşdü, əməliyyatçılardan biri dərhal götürüb, açıq pəncərədən atmaq istədi. Amma dəhşət içində gördü ki, düz atmadı: qumbara pəncərə çərçivəsinə dəyib yerə düşdü. Bununla belə, hər şey yaxşı qurtardı: təlim qumbarası imiş. 

Sonradan məlum oldu ki, Maduyevə dörd döyüş və bir təlim qumbarası satılıb. O isə hamısını döyüş qumbarası sanırdı. Qumbara satanlardan incidi və onları ələ verdi. 

On nəfərin qətlində şübhəli bilinən banditi paytaxta gücləndirilmiş konvoyla gətirdilər: deyilənlərə görə, o, bir dəfə milisləri kamerada kilidləyərək qaçmağa nail olmuşdu. Amma bu dəfə hər şey dəqiq alındı — bandit Moskvadakı məşhur “Butırka” istintaq təcridxanasında ölüm hökmü gözləyənlər üçün nəzərdə tutulmuş təkadamlıq kameraya yerləşdirildi.

Bir müddət sonra gözətçilər kameraya baxış keçirərkən, “Çervonets”in gizlətdiyi camaşır ipindən ibarət bir yumaq tapdılar – qaçmaq üçün hazırlıq görürdü. Ona heç bir şans qoymamaq üçün Peterburqdakı “Krestı” istintaq təcridxanasına köçürülməsinə qərar verildi — çünki oradan heç kim qaça bilməmişdi.

“Çervonets”in dindirilməsi və üzləşdirilməsi üçün içəridə möhkəm dəmir qəfəsli otaq hazırlanmışdı. Amma məhbus “Krestı”də qalmaq fikrində deyildi və bunu təcridxananın rəisi Stepan Demçuka açıq şəkildə dedi: “Nənədən də qaçmışam, babadan da qaçmışam, buradan da qaçacağam, özü də səninlə birlikdə”.

         “Çervonets gözəl qadınları sevirdi”

O vaxt heç kim Maduyevin sözlərini ciddi qəbul etmədi — zaman göstərdi ki, bu, böyük səhv idi. 1991-ci il mayın 3-də, bandit Moskvaya məhkəmə iclaslarına aparılmalı olduğu vaxt, gözlənilmədən paltarın altından nagan silahını çıxardı. O, əvvəlcə xəbərdarlıq atəşi açdı və sonra hər kəsi divara söykənməyə məcbur etdi. Təcridxana əməkdaşlarının və konvoyun müqavimətini önləmək üçün silahını növbə ilə onlara tərəf tuturdu.

Hadisə həbsxana koridorunda baş verdi: mayor Yeqorovu qarnından yaralayan “Çervonets” çıxışa doğru qaçmağa çalışdı, lakin avtomatçının gəlməsi ilə dayanmaq məcburiyyətində qaldı. Sonra bandit kiçik bir küncdə gizlənərək, atəş açmağa başladı, amma naqan dalbadal ilişdi. 

Silahı yerə atan cani təslim oldu. Sonradan məlum oldu ki, onu Moskvaya mayın 4-də, şənbə günü aparmalı idilər və Maduyevin ümidi buna imiş: həftəsonu “Krestı”da az əməkdaş olacaqdı. 

Hadisənin araşdırılması şok kəşfə səbəb oldu: məlum oldu ki, naqanı təcridxanaya keçirən və Maduyevə verən xüsusi işlər üzrə müstəntiq Natalya Vorontsova olub —istintaq qrupunun dustağa aşiq olmuş qərargah rəisi. 

Qadınlar ümumiyyətlə Çervonetsin ən böyük zəifliyi idi. Onlar da ona qarşılıq verirdilər — oxumuş, içki içməyən və idmançı kişi xoşlarına gəlirdi.  

Vorontsova da quldurun ovsununa qarşı dayana bilmədi. Silahı əldə etmək üçün o, Maduyevin bacısı Lyudmilaya müraciət etdi, amma o kömək edə bilmədi. Nəticədə Vorontsova özü risk edib, həmkarı Leonid Proşkinin seyfindən naqanı oğurladı. Bu, Maduyevin Leninqrad və Daşkənddə qurbanlarına atəş açdığı revolver idi.

Naqanın ilişməsinin də səbəbi məlum oldu: müstəntiq fərqli kalibrli patronlar tapmışdı və onların bəziləri revolverə uyğun gəlmirdi. 

Maduyevin iki döyməsindən biri, üzərində “Məni sevəcəksən — özünü məhv edəcəksən” yazılanı Vorontsova üçün kəhanət kimi çıxdı: 1992-ci ilin aprelində qadın 7 il azadlıqdan məhrum edildi. Cəzasının beş ilini Leninqrad vilayətinin Ulyanovka qəsəbəsində yerləşən ümumi rejimli qadın koloniyasında  keçirdi. Azad ediləndən sonra Ukraynaya köçdü və vəkil oldu.

           Çörəkdən hazırlanmış tapança

“Krestı”dan qaçma cəhdi ətrafındakı səs-küylər səngiməmişdi ki, Maduyev yenidən qaçmağa cəhd etdi. Bu dəfə o, çörəkdən tapança forması yoğurub, onu kül ilə boyamışdı. Lakin həbsxana əməkdaşlarını qorxuda bilmədi — o, “silahı” elə səylə yellədi ki, birdən lüləsi qopdu. 

Amma bu da onu usandırmadı: 1994-cü ilin sentyabrında o, üçüncü qaçış cəhdini etdi, rüşvətlə satın alınmış təcridxana əməkdaşları Roman Kumaçov və Viktor İsakovun köməyi ilə. Onlar həbsxanaya çeçen avtoritet Capar Uxayevdən əsl “centlmen dəsti” keçirtdilər — səsboğucusu olan TT tapançası, ona aid iki dolu daraq, bıçaq, radiotelefon, kamera açarlarının surətləri, 3000 dollar və s.

Bəzi məlumatlara görə, çeçen avtoritetin köməyi heç də təmənnasız deyildi. “Çervonets” onun “Broyler” ləqəbli rəqibi, kriminal avtoritet Sergey Miskarevi aradan qaldıracağına söz vermişdi. 

Lakin qaçış cəhdi uğursuz oldu: gizli yer yoxlanış zamanı nəzarətçilər tərəfindən aşkarlandı. 

           “Hamımız öləcəyik”

Sübutlar qarşısında divara dirənən Kumaçov dedi ki, Maduyev onu hipnoz edib. Lakin bu hiylə işə yaramadı — o, 4 il həbs cəzası aldı. İsakov isə 1 il həbslə canını qurtardı. Maduyev də çeçen avtoriteti Uxayevi ələ verdi və o, 2 il 4 ay həbsə məhkum edildi.

Bu hadisədən sonra “Çervonets” “Krestı”dan Şpalernaya küçəsindəki təcridxanaya  köçürüldü, amma oradan da qaçmaq istədi. O, təsərrüfat işlərində çalışan dustaq qadını ona dırnaq pilkası verməyə razı saldı. Ondan istifadə edərək pəncərə barmaqlıqlarını kəsməyə çalışdı, amma bu işlə məşğul olarkən nəzarətçilər yaxaladı. 

Bundan sonra onu başqa kameraya köçürdülər və orada məhkəməyə qədər ciddi nəzarət altında saxladılar. Dinləmələr zamanı onu 20 avtomatçı və xidməti rotveyler müşayiət edirdi. Onlar təkcə “Çervonets”in qaçış cəhdlərini önləmirdilər, həm də Maduyev bandası qurbanlarının qohumları tərəfindən ola biləcək linçdən qoruyurdular. 

Dəstə başçısının isə edam olunacağına şübhəsi yox idi: “Məni gözləyən hökmdən heç qorxum yoxdur. Peşmanlıq duyğusu var ki, bəzi şeyləri elə yox, başqa cür etməli idim. Amma qorxu yoxdur. Hamımız ölümlüyük, mən öləcəyəm, siz də. Hamımız öləcəyik”.

1995-ci il iyulun 10-da 85 cildlik cinayət işini nəzərdən keçirən məhkəmə Serqey Maduyevi ikiqat ölüm cəzasına məhkum etdi. 39 yaşlı bandit hökmü sakitliklə dinləyib, dedi: “Çox sağ olun! Hamınıza uğur və səadət!” Onun ortaqları Prixodko və Muzarbekov qardaşları uzunmüddətli həbs cəzaları aldılar. Lakin Maduyevi edam etmək mümkün olmadı — Rusiyada edam cəzasına moratorium qüvvəyə minmişdi.

Sergey Novoçerkassk həbsxanasına gətirildi. Burada onun qaçışa meylli olması barədə məlumatlı idilər. Onu videomüşahidə və dinləmə qurğusu ilə təchiz olunmuş təkadamlıq kamerada yerləşdirdilər. Nəzarətçilər hər yarım saatdan bir gözlükdən baxmalı idilər, gəzintiyə isə gücləndirilmiş mühafizə altında çıxarırdılar.

Amma “Çervonets” artıq qaçmaq istəmədi — şəkər xəstəliyindən xeyli zəifləmişdi, çox yatırdı və daim kitab oxuyurdu.

2000-ci il noyabrın 1-də Sergey Maduyev Sol-İletskdəki xüsusi rejimli “Qara delfin” koloniyasına köçürüldü — burada o, həyatının son ayını keçirdi. Kamerada iki qafqazlı dustaq vardı, onlar şəkər xəstəliyinin kəskinləşməsindən yatağa düşən Maduyevə qulluq edirdilər.

Dekabrın 10-da Maduyev nəzarətçilərə müraciət edib, FSB əməkdaşı ilə görüşmək istədiyini,  ölkə üçün vacib məlumat verəcəyini söylədi. Lakin ertəsi gün Sovet İttifaqının son banditi oyanmadı. Gecə ürəyi dayanmışdı... 

Hazırladı: Yadigar Sadıqlı

Mənbə: Burada


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam