Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

Cəhənnəmdən sağ çıxanlar: Bakı məktəblisinin ölümdən dönüşü -Sovet hərbi əsirlərinin ağlasığmaz dəhşətli aqibəti

news content

Əvvəli: Burada

                 Vətənin sərt ağuşu 

Yenixeber.org: Nasist Almaniyasının əsir düşərgələri üzrə idarəsinin rəhbərləri sovet əsirlərinə qarşı soyqırımı siyasətinə görə məsuliyyətdən yaxa qurtara bildilər. Yeganə istisna 1944–45-ci illərdə bu idarəyə rəhbərlik etmiş SS oberqruppenfürer Qottlob Berger oldu. Amerika hərbi tribunalının qərarı ilə o, yəhudilərin məhv edilməsində günahkar sayıldı və 1949-cu il aprelin 11-də 25 il həbs cəzasına məhkum edildi. 1951-ci ilin yanvarında həbs müddəti 10 ilə endirildi, həmin il dekabrın 16-da isə azad olundu. Beləliklə, əsirlərin “ölüm marşları”nda günahkar olan nasist cinayətkar cəmi altı ildən bir qədər çox həbsdə qaldı. 

Hamburq yaxınlığındakı Zandbostel ətrafındakı Stalag X-B düşərgəsinin hospitalına gətirilən Dmitri Lomonosovun çəkisi 26 kiloqram idi. 1945-ci ilin aprel ayının sonunda düşərgə müttəfiq orduları tərəfindən azad edildi: “Aprelin 26-da cəbhə xətti lap yaxınlaşdı. Partlayan və ulayan mina və mərmilərin, şığıyıcı  bombardmançıların tanış səsləri, partlayış şəlalələri düşərgənin hasarının yanından eşidilirdi. Lakin düşərgəyə heç bir mina, mərmi və ya bomba düşmədi.

Üç gün ərzində ingilislər nasistlərin ön cəbhə xəttini sistematik və fasiləsiz atəşə tutdular. Əvvəlcə nasistlər yetərincə intensiv cavab atəşi açırdılar, lakin daha sonra atəş vasitələri susduruldu. Aprelin 29-da ingilislər hücuma keçdilər, hətta başlarını belə əymədən önlərini gülə yağışına tutdular. Nasistlərin yararsız hala gəlmiş blindajlarında hələ sağ qalanlar vardısa, bu atəş sıxlığından sarsılmış və tamamilə ruhdan düşmüşdü...

1945-ci il aprelin 29-da düşərgə azad olundu, sevincli əsirlər hasarı dağıdaraq, azadlığa qaçdılar. Ətrafdakı alman kəndlərinin sakinlərinə qibtə etməzdin. Ac rus əsirlər vicdan əzabı ilə özlərinə əziyyət vermədən alman fermerlərinin anbarlarını bütün ərzaqdan təmizlədilər. Amerika hərbi polisi tezliklə düşərgəni nəzarətə almalı oldu. Lakin illər ərzində ilk dəfə azadlığın dadını hiss edən insanları zor tətbiq etmədən saxlamaq mümkün deyildi; amerikalılar isə bunu özlərinə rəva görə bilmirdilər. Yeriyə bilənlər əsasən içki axtarışı ilə ətrafda dolaşırdılar, çünki azadlıqdan sonrakı artıq ikinci gün heç bir ərzaq qıtlığı yox idi. Ağ və yumşaq Kanada çörəyi, həqiqi kərə yağı, təbii süd, limitsiz miqdarda ət konservləri və kolbasalar peyda oldu. Bu bolluğun nəticələri kədərli oldu: çoxlarının mədəsi dözə bilmədi, simptomları dizenteriyanı xatırladan aclıq ishalına tutuldular, əsirliyin bütün əzablarına dözsələr də, bolluqdan öldülər. Biz bit-birə ilə dolu taxta baraklardan ingilislərin tərk etdiyi rahat kərpic kazarmalara köçürüldük, bir həftə və ya daha çox tibbi müayinədən keçirildik. Mayın 8-də müharibənin bitməsi və Almaniyanın tam kapitulyasiyası elan olundu. Həmin gün demək olar ki, hiss olunmadı: bizim üçün müharibə bir həftə əvvəl başa çatmışdı."

Düşərgədəki əzablar, zorakılıq, məcburi işlər, aclıq və ən kiçik müqavimətə görə edamlarla yanaşı, əsir düşmüş hərbçilərin taleyində daha bir faciəli amil öz vətənlərinin hakimiyyətinin onlara münasibəti oldu. 1926-cı ilin RSFSR Cinayət Məcəlləsinin 193-cü maddəsində belə təhdid vardı: “Döyüş şəraitindən doğmayan əsir düşmək — əmlakı müsadirə olunmaqla güllələnmə". Yalnız cinayət məcəlləsinə yazılmış əlçatmaz şərhdə qeyd olunurdu ki, “müəyyən hallarda döyüş meydanında elə vəziyyət yarana bilər ki, müqavimət mümkünsüz və döyüşçülərin məhv edilməsi mənasız olur. Bu hallarda əsir düşmək qəbul edilən aktdır və məhkəmə təqibinə səbəb ola bilməz”.

Ali Baş Komandanlıq qərargahının 16 avqust 1941-ci il tarixli 270 saylı əmrinə əsasən, belə bir qayda tətbiq edildi: “Döyüş zamanı fərqlənmə nişanlarını çıxarıb arxaya qaçan və ya düşmənə əsir düşən komandirlər və siyasi işçilər fərari kimi qiymətləndirilsin, onların ailələri andı pozan və vətənini satmış fərarilərin ailələri kimi həbs olunsun. Bütün üst rütbəli komandirlər və komissarlar komandir heyətindən bu cür fərariləri dərhal yerində güllələməyə məcbur edilsin”. Qoşunlara mühasirədə “son nəfəsə qədər döyüşmək” əmri verilirdi, hansısa qrup əsir düşməyi üstün tutsa, “onlar istər yerüstü, istər hava qüvvələri ilə məhv edilsin, əsir düşən qırmızı ordu əsgərlərinin ailələri dövlət müavinətindən və yardımından məhrum edilsin”.

Belə əmr Qırmızı ordunun sıravi heyətində komandanlığa etibarı açıq şəkildə sarsıtdı. Cəzanın sərtliyi döyüşənlərdə tam ümidsizlik hissi yaratdı ki, bu da öz borcunu yerinə yetirməyə çətin kömək edərdi. Eyni zamanda, bu əmr, komandanlığıın yanlış, manevrli müharibənin şərtlərinə uyğun olmayan qərarları səbəbindən çıxılmaz vəziyyətə düşənlərin kütləvi əsir düşmənin qarşısını ala bilməzdi.

Artıq 1941-ci ilin payızında SSRİ-də azad olan əsirləri və mühasirədən çıxanları yoxlayan müəssisələr şəbəkəsi yaradıldı. Dövlət Müdafiə Komitəsinin 27 dekabr 1941-ci il tarixli qərarı ilə arxa cəbhədə “Qırmızı ordu hissələrinin düşmən ordusundan azad etdiyi ərazilərdə əsirlikdə olmuş və mühasirədə qalmış keçmiş hərbi qulluqçular üçün ordu arxasında toplama-köçürmə məntəqələri” yaradıldı. Belə şəxslərin saxlanması və filtrasiyası üçün xüsusi düşərgələrin təşkili NKVD-yə tapşırıldı. Əvvəlcə 10 xüsusi düşərgə yaradıldı. 1942-ci ildə Voloqda, Tambov, Ryazan, Kursk, Voronej və digər vilayətlərdə daha 22 düşərgə açıldı. Tədqiqatçılara açıq 1944-cü il hesabatına görə, 701 666 nəfər xüsusi kontingentin 85 faizdən çoxu yoxlamanı uğurla keçmişdir. 

1941-ci ilin oktyabrından 1944-cü ilin martınadək olan ümumi məlumatlara əsasən: NKVD və SMERŞ xüsusi yoxlama düşərgələrinə göndərilmiş 317 594 keçmiş əsirdən 227 618 nəfər (71,6%) Qırmızı Ordu və NKVD qoşunlarına qaytarılmışdır. 8 225 nəfər (2,5%) həmlə taborlarının formalaşdırılmasına, 5 716 nəfər (1,7%) müdafiə sənayesinə, 1 529 nəfər (0,4%) xəstəxanalara göndərilmiş, 11 283 nəfər (3,5%) həbs edilmiş, 1 779 nəfər (0,5%) yoxlama zamanı ölmüş və hesabatın tərtib olunduğu anda 61 394 nəfər (19,3%) yoxlama prosesində qalmışdır. Statistika göstərir ki, müharibə vaxtı əsirlikdən azad olunmuş hərbi qulluqçular çox vaxt hərbi xidmətə bərpa olunurdu, sıravi və serjantlar əsasən adi qoşun hissələrində xidmət edirdi. Komandir heyətindən olanlar isə çox vaxt zabit rütbələrindən məhrum edilərək “günahlarını qanla yumaq” və ya 2-3 ay ağır döyüşlərdə xidmət etmək üçün zabit həmlə (cərimə) taborlarına göndərilirdilər. Sonralar alman stalaglarından daha 1,8 milyondan çox əsirlikdən azad olunmuşların axını başlandı. Onlardan 1,2 milyonu hücumlarda qan itirmiş Qırmızı orduya daxil edildilər. 

                                    Müharibədən sonra 

Dmitri Lomonosovun xatirələrinə görə, müharibədən sonra repatriasiya komissiyaları fəaliyyətə başladı. “Düşərgədə zabitlər - Qırmızı Ordu komandanlığının nümayəndələri peyda oldu. Şəhərciyin böyük mərkəzi meydanında Stalin, Çörçill və Ruzveltin portretləri ilə bəzədilmiş səhnə quruldu. Düşərgənin bütün “əhali”sinin toplaşdığı mitinqdə repatriasiya komissiyasının üzvləri çıxış edirdilər. Onlar fədakar əmək və vətənpərvərlik coşqusu kimi şablonlardan istifadə edərək, vətəndəki vəziyyətdən danışırdılar. Onlara müxtəlif nemətlər vəd edən, əslində isə kölə ordusunu artırmaq istəyən kapitalist ölkələrin təbliğatına uymamağa çağırırdılar. Vətən sizi xatırlayır. Gözləyir və qəhrəman kimi qarşılayacaq deyirdilər. Düşünürəm ki, onların çıxışları evə qayıtmaq istəməyənləri inandırmaq üçün idisə, yalnız əksinə nail oldular. Bununla belə, könüllü əsir düşməklə ifadə olunan xəyanətə görə Vətəndə mühakimə və cəza gözləməsi barədə yayılan söhbətlərə baxmayaraq, böyük əksəriyyət qayıtmağa can atırdı. O nümayəndələr vasitəsilə məktub göndərmək mümkün idi. Mən də yazdım, yaşadığımı və sağlam olduğumu, tezliklə evə dönməyə ümid etdiyimi bildirdim, hərçənd, hara gedəcəyimi bilmirdim”

Digər ölkələrin emissarları da düşərgəyə baş çəkdilər. Kanadaya və Avstraliyaya dəvət edir, azad və firavan həyat vəd edir, bol illüstrasiyalı reklam bukletləri paylayırdılar.

600 mindən çox şəxs yoxlama və filtrasiya düşərgələrinə göndərildi. Onlardan 233 min nəfər məhkum olundu, 370 mini isə formal azad edildi. Yaşlılar tərxis edilib evə göndərildilər. Dmitri Lomonosov hospitallarda müalicə aldıqdan sonra Polşadakı yoxlama düşərgəsinə düşdü. “Tezliklə məni xüsusi bölməyə çağırdılar. Gənc, nəzakətli kapitan əsir düşmə şəraitini uzun-uzun soruşdu, sözlərimi protokola ətraflı yazdı. Hansı düşərgələrdə olduğumu, mənim sözlərimi təsdiq edə biləcək şəxsləri qeyd etdi. Sonra daha bir neçə dəfə çağırdılar, ad-soyad deyib tanıyıb-tanımadığımı, onlar haqqında nə bildiyimi soruşdular. Bəzən tanış adlar olurdu və mən onlar haqda məlumat verirdim. Gizlədəcəyim heç nə yox idi, əlaqədə olduğum şəxslərin nasistlər və ya vlasovçularla bağlılığı ola bilməzdi. Güman edirəm, onlarda da mənim barəmdə soruşmuşdular, dosyem tərtib olunanda fikirləri nəzərə alınmışdı”

Tez-tez Şərqə göndərilən qruplar formalaşdırılırdı, “xidməti davam etdirmək üçün” deyirdilər. Lakin zaman keçdikcə həyəcanverici şayiələr dolaşmağa başladı. Bu məlumatların haradan sızdığı bilinmirdi, amma deyilirdi ki, xidməti davam etdirmək əvəzinə, həmin şəxslər yenidən SMERŞ nümayəndələrinin əlinə düşür və sonda QULAQ düşərgələrinin çoxmilyonluq sakinlərinə qatılırdılar. Dmitri Lomonosov 1945-ci ilin sonunda yoxlamadan keçdi və Qafqazda tikinti qoşunlarına daxil edildi, 1948-ci ildə ordudan tərxis edildi.

Yaşına görə dərhal tərxis edilməyən keçmiş əsirlər “sənayedə və xalq təsərrüfatının bərpasında işləmək üçün” işçi taborlarına yönləndirildilər, Çox vaxt bu, Donbas mədənləri idi. 1946-cı ildən taborlar ləğv olunduqdan sonra da tərxis olunmayıb müəssisələrə təhkim edildilər, oradan getməyə icazə verilməyərək, illərlə qul vəziyyətində saxlanıldılar.

Məhkum olunmuş əsirlər QULAQ düşərgələrində saxlanılırdılar. 1950-ci illərdən etibarən faktiki olaraq katorqa rejimli xüsusi düşərgələr şəbəkəsi yaradılmışdı (Ozerlaq, Berlaq və digərləri). Bu düşərgələrdə siyasi maddələrlə, o cümlədən vətənə xəyanət ittihamı ilə cəzalandırılmış şəxslər ağır fiziki əmək — mədənlərdə və meşə qırmalarında işlədilir, yarıac qida rasionu ilə yaşayırdılar.

SSRİ müdafiə naziri marşal Georgi Jukovun təşəbbüsü ilə Sov.İKP MK və SSRİ Nazirlər Sovetinin 29 iyun 1956-cı il tarixli “keçmiş əsirlər və onların ailələrinə qarşı kobud hüquq pozuntularının nəticələrinin aradan qaldırılması” adlı birgə qərarı qəbul olundu. NKVD-nin Xüsusi müşavirəsinin və ya hərbi əsirlərlə bağlı məhkəmələrin qərarı ilə sovet düşərgələrinə göndərilənlərin böyük hissəsi, bu sənədin ortaya çıxmasından sonra, SSRİ Ali Soveti Rəyasət Heyətinin 1955-ci il 17 sentyabr tarixli fərmanına əsasən amnistiya olundu. QULAQ-dan sağ çıxmış keçmiş hərbi əsirlərin cəza müddəti faktiki çəkilmiş müddət səviyyəsinə endirildi və onlar azadlığa buraxıldılar. Sonradan onların bir çoxu tam bəraət aldılar. Amnistiya və reabilitasiya insanlıq əleyhinə cinayətlərdə iştirak etmiş şəxslərə şamil olunmurdu. Əsirlik faktı şəxsi işlərdə qeyd edilirdi və bütün sovet dövrü boyunca, 1980-ci illərin sonlarınadək karyera irəliləyişinə mane olurdu. 

...İsveçrədəki sovet repatriasiya missiyasında tərcüməçi kimi çalışandan sonra Pyotr Astaxov SSRİ-yə qayıtdı. Burada NKVD Xüsusi müşavirəsi onu Amerika kəşfiyyatı ilə əməkdaşlıqda ittiham edərək hökm oxudu: əvvəlcə 5, sonra 15 il düşərgə cəzası. 1956-cı ilə qədər əvvəlcə Vorkutada, sonra Krasnoyarskda oldu, mədən və zavodlarda işləmək məcburiyyətində qaldı. 1955-ci ildə cəzasının qalan hissəsi Karagandıya sürgünlə əvəzləndi. 1956-cı il amnistiyası onu burada haqladı və o, evə qayıda bildi. Pyotr Astaxov Amerika kəşfiyyatı ilə əlaqə kimi əcaib ittihamların götürülməsinə və tam bəraətə yalnız 1982-ci ildə SSRİ Ali Məhkəməsi vasitəsilə nail ola bildi. O, öz əhvalatını xatirələrində təsvir edib. Pyotr Astaxovun bəxti gətirdi: o,  XX əsrdə həm Hitler, həm də Stalin diktaturalarının qurbanı olmuş milyonlarla sovet hərbi əsirindən fərqli olaraq, repressiyalar cəhənnəmindən sağ çıxdı.(pressklub)

Hazırladı: Yadigar Sadıqlı

Mənbə: Burada


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam