Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

“Qafqaz əsirləri”, yaxud Moskvanın yeni sərgüzəştləri -Azərbaycan və Ermənistan Rusiyasız dövrə qədəm qoyur

news content

Rusiya ilə həm Azərbaycan, həm də Ermənistan arasında münasibətlərdə aylardır ciddi gərginlik müşahidə olunur. Hadisələrin ardıcıllığı Kremlin bölgədəki nüfuzunun zəifləməsini və bunun əvəzində hər iki ölkədə təzyiq və təxribatlarla vəziyyəti nəzarətdə saxlamaq cəhdlərini açıq şəkildə göstərir.

Yenixeber.org: Yekaterinburqda azərbaycanlılara qarşı təşkil olunmuş zorakılıq, həbslər və qətllər, Bakının hadisələrə adekvat sərt reaksiya verməsi, ardınca Azərbaycanda Rusiya dövlət mətbuatının əsas dayaqlarından biri olan “Sputnik Azərbaycan” agentliyinə qarşı əməliyyat keçirilməsi, burada FTX ilə əlaqəli əməkdaşların saxlanması, bir sıra mədəni tədbirlərin (o cümlədən Rusiyaya bağlı təşkilatların festivallarının) ləğv edilməsi iki ölkə arasında münasibətlərin pozulmasının real indikatorlarıdır.

Rusiya öz “yumşaq güc” alətlərinin itirildiyini görür. Bu prosesdə Kremlin əsas təzyiq vasitələri informasiya, kəşfiyyat strukturları və iqtisadi asılılıq mexanizmlərinə söykənir.

                      Rusiyanın təzyiqlərinin arxasında nə dayanır?

Rusiya həm Bakını, həm də İrəvanı eyni vaxtda təzyiq altında saxlamağa çalışır. Bu təzyiqlərin arxasında duran əsas məqsəd Cənubi Qafqazda siyasi və təhlükəsizlik gündəminin mərkəzində qalmaq, alternativ vasitəçiləri neytrallaşdırmaq və post-müharibə normallaşma prosesinə nəzarəti itirməməkdir.

Bu kontekstdə bir neçə strateji dönüş nöqtəsini qeyd etmək vacibdir:

Azərbaycanın Rusiya sülhməramlı kontingentini 2024-cü ilin əvvəlində öz razılığı ilə ölkədən çıxarması;

Zəngəzur dəhlizinin danışıqlar gündəmindən və sülh layihəsindən çıxarılması, beləliklə 10 noyabr 2020-ci il bəyanatının faktiki arxivə göndərilməsi və Rusiyanın onun zəmanətçi statusundan uzaqlaşdırılması;

Ermənistanın KTMT və Avrasiya strukturlarından uzaqlaşması,

Qərb dövlətləri – ABŞ, Fransa, Avropa İttifaqı ilə əlaqələrin sistemli şəkildə dərinləşdirilməsi.

Bunlar Rusiyanın regionda artıq “arbitr” və ya “sülh təminatçısı” kimi qəbul edilmədiyini göstərən real faktlardır. Xüsusilə, Zəngəzur dəhlizi mövzusu Rusiya üçün regional geosiyasətdə mühüm rıçaqlardan biri idi. Lakin ötən ilki  danışıqlarda Azərbaycan və Ermənistanın razılığı ilə bu məsələ ümumiyyətlə gündəmdən çıxarılıb. Bununla da 10 noyabr 2020-ci il razılaşmasının siyasi bazası zəiflədilib və Rusiya bu sənədin əsas oyunçusu statusundan uzaqlaşdırılıb. Bu, həm də Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında Rusiya vasitəçiliyinin ləğvi, prosesin ikitərəfli xəttə keçməsi anlamına gəlir. 

          Azərbaycan xarici siyasətini Rusiya ilə balanslaşdırmaqdan imtina edir

Azərbaycan uzun müddətdir ki, Rusiya ilə balanslı münasibətləri qorumağa çalışsa da, sülhməramlı kontingentin çıxarılması, daha sonra Kremldən qaynaqlanan sərt informasiya müdaxiləsinə cavablar, FTX strukturlarına qarşı tədbirlər, diasporla bağlı nəzarətin artırılması artıq Bakının öz təhlükəsizliyini birbaşa təmin etmək kursunu götürdüyünü göstərir.

Paralel olaraq, Azərbaycanın xarici siyasət kursu aşağıdakı istiqamətlərdə güclənir:

Avropa İttifaqı və Böyük Britaniya ilə enerji və iqtisadi əməkdaşlığın güclənməsi. Məsələn, bu il ərzində Azərbaycan neft məhsullarının 95 faizini Avropa ölkələrinə satıb, Almaniya Azərbaycan qazını, Macarıstan neftimizi almağa başlayıb, Aİ-nin 10 ölkəsi ilə yaxşı iqtisadi-ticari, siyasi əlaqələr qurulub. 

Türkiyə ilə hərbi-siyasi müttəfiqlik və TDT çərçivəsində inteqrasiya. Bu istiqamət Rusiyanın bölgədəki tarixi imperiya ambisiyalarını qılınclayır. Bu mərhələdə Azərbaycanın dəstəyi ilə Türkiyə regionda möhkəmlənir, eləcə də Rusiyanın nəzarətində olan Orta Asiyada nüfuzunu artırır, iqtisadi, mədəni, humanitar əlaqələri dərinləşdirir.

Bu sıraya İsraillə strateji təhlükəsizlik əməkdaşlığı və nüvə dövləti olan Pakistanla yaxın hərbi-siyasi əlaqələri də qeyd etmək olar. Bu, Azərbaycanın təhlükəsizlik çətirinin tamamlanması və “toxunulmazlıq” statusunu əldə etməsidir. Bu kontekstdə, Xankəndidə keçirilən İƏT zirvəsinə Türkiyə, Pakistan kimi ölkələrin liderlərinin qatılması xüsusi ilə əhəmiyyətlidir.

Azərbaycanın xarici siyasətində yeni istiqamətlərdən Çinlə "Bir kəmər - bir yol" çərçivəsində nəqliyyat və logistika əməkdaşlığını, Mərkəzi Asiyanın Avropaya çıxışında Azərbaycanın mühüm tranzit platformaya çevrilməsi imkanlarını da qeyd etmək lazımdır. 

Beləliklə, Azərbaycan Rusiyanın təzyiqlərini balanslaşdırmaq üçün artıq çoxölçülü addımlar atır. Perspektivdə isə Türkiyə ilə mümkün hərbi baza yerləşdirilməsi müzakirələri başlaya, Pakistanla strateji müttəfiqlik razılaşmaları gündəmə gətirilə bilər. Bu tədbirlər Moskvanın əl-qolunu bağlamaqla yanaşı, onun təsir dairəsini daha daraldar və Azərbaycanın bölgədəki siyasi çəkisini artırar. 

                             Ermənistan da Rusiya ilə “döyüşür”

Ermənistana gəlincə, ölkə rəhbərliyinin son aylarda atdığı addımlar Moskva ilə münasibətlərdə keyfiyyətcə yeni mərhələyə keçidi nümayiş etdirir. Paşinyan hökuməti bir tərəfdən KTMT və Avrasiya strukturlarından uzaqlaşır, digər tərəfdən Qərbə inteqrasiyanı açıq şəkildə prioritet elan edir. Məsələn, iki gün əvvəl Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas İrəvanda Ermənistan rəhbərliyi ilə yüksək səviyyəli danışıqlar apardı. Xarici işlər naziri Ararat Mirzoyanla keçirdiyi birgə mətbuat konfransında Kallas bildirdi ki, “Avropa İttifaqı və Ermənistan heç vaxt indiki qədər yaxın olmayıb” və Aİ bu tərəfdaşlığı dərinləşdirməyə hazırdır.

Ararat Mirzoyan da bu fikirləri tam şəkildə dəstəkləyərək bildirdi ki, Ermənistan artıq Aİ ilə təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığa başlayıb. 

Kallasın İrəvanda olduğu günlərdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov KTMT Xarici İşlər Nazirləri Şurasının iclası sonrası verdiyi açıqlamada Ermənistanın təşkilatdan uzaqlaşmasını sərt şəkildə tənqid etdi.

Lavrov açıq şəkildə bildirdi ki, Ermənistan KTMT-nin hələ də tamhüquqlu üzvüdür, lakin bu status nizamnamə sənədlərində nəzərdə tutulmuş öhdəliklərin tam yerinə yetirilməsini tələb edir. Nazir eyni zamanda qeyd etdi ki, Ermənistan artıq üzvlük haqqını belə ödəməkdən imtina edib.

Bunların fonunda isə Kreml İrəvana qarşı hibrid təzyiq mexanizmlərini işə salır. Moskva Ermənistanın Qərbə inteqrasiyasını əngəlləmək, Paşinyan hökumətini devirmək və bölgədə özünə loyal qüvvələri hakimiyyətə gətirmək üçün bir neçə paralel alətdən istifadə edir:

Ermənistan Apostol Kilsəsi açıq şəkildə Paşinyanın əleyhinə mövqe tutub və anti-hökumət düşərgəsinə qoşulub;

Ermənistanın enerji sektoruna və iqtisadi resurslarına nəzarət edən, Rusiyada güclü maliyyə dayaqları olan milyarder Samvel Karapetyan Kremlin təkidi ilə hökumətin əleyhinə kampaniyada iştirak edib, daha sonra həbs olunub;

Rusiyanın əsas təbliğatçılarından olan Vladimir Solovyov dövlət televiziyasında Paşinyanı “satqın və xəyanətkar” adlandıraraq, onu Qarabağı Azərbaycana “satmaqda” ittiham edib.

Ermənistan hökuməti bu təzyiqlərə qarşı müqavimət göstərməyə çalışır. Baş nazir Nikol Paşinyan ölkədə sabitliyi pozmaq və çevriliş həyata keçirmək niyyətində olan qüvvələrin zərərsizləşdirildiyini bəyan edib. Rusiya ilə əlaqəli dini-siyasi çevrələrin dəstəklədiyi keşiş Baqrat Qalstanyan daxil olmaqla 14 nəfər həbs olunub. Rəsmi versiyaya görə, çevriliş planında 25 nəfərlik 250 qrupun yaradılması və bu dəstələrə minlərlə keçmiş hərbçi və idmançıların cəlb olunması nəzərdə tutulurdu.

Bu hadisələr Ermənistanın siyasi kursunu dəyişmək istəyən Moskvanın gizli müdaxiləsinin və daxili sabitliyi pozmaq planlarının konkret nümunəsi kimi qiymətləndirilir.

Yekun olaraq qeyd edək ki, Azərbaycanın müstəqil xarici siyasət kursu, öz milli maraqlarına əsaslanan strateji tərəfdaşlıqları və Rusiya təsirindən çıxma siyasəti artıq dönüşü olmayan mərhələyə çatıb. Ermənistanın da Qərbə yönəlməsi fonunda Rusiya Cənubi Qafqazda tarixən sahib olduğu mövqeləri bir-bir itirir.

Kreml təzyiqlərlə bu prosesi dayandırmağa çalışsa da, Bakı və İrəvanın artan manevr imkanları və alternativ təhlükəsizlik və iqtisadi platformalara çıxışları Rusiyanın manevr sahəsini məhdudlaşdırır. Cənubi Qafqaz yeni dövrə qədəm qoyur - Rusiyasız dövrə.(pressklub)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam