40 illik qanlı terrorun sonu, yoxsa PKK-nın nəfəs dərmək cəhdi?-Regionun ən böyük terror təşkilatı siyasi fəaliyyətə keçəcəyini elan edir

Türkiyə və ona yaxın ərazilərdə Kürdüstan dövləti yaratmaq məqsədi ilə bir neçə onilliklər ərzində silahlı terror həyata keçirən Kürdüstan Fəhlə Partiyası (PKK) ləğv olunduğunu və silahı yerə qoyduğunu tərksilah bəyan edib.
Yenixeber.org: Bu barədə bazar ertəsi Türkiyə, ABŞ və Aİ-nin terrorçu hesab etdiyi qruplaşmaya yaxın olan “Fırat” xəbər agentliyi məlumat yayıb.
Xatırladaq ki, bir müddət əvvəl Türkiyə həbsxanasında ömürlük həbs cəzası çəkən PKK lideri Abdulla Öcalan təşkilatı ləğv etməyə çağırıb. Öcalanın müraciətinə cavab olaraq PKK yerləşdiyi Şimali İraqda qurultay keçirib və qərarı dəstəkləyib. Yayılan bəyanatda PKK-nın “tarixi missiyasını yerinə yetirdiyi” və kürd probleminin indi demokratik yolla həll oluna biləcəyi qeyd edilib. Bəyanatda 4 əsas maddə qeyd olunub:
PKK-nın Türkiyə dövlətinə qarşı apardığı siyasi və hərbi qarşıdurmaya son qoyulacaq. Bundan sonra PKK siyasi və hüquqi yollarla mübarizə aparacaq;
PKK-nın özünü buraxması ilə bərabər təşkilatın bütün fəaliyyətləri dayandırılacaq;
Ləğvetmə qərarının açıqlandığı tarixdən etibarən İraq, İran, Suriya və Türkiyədə PKK adına heç bir hərbi və siyasi iş aparılmayacaq;
PKK-nın silahlı mübarizəsinə son qoyulması prosesinin əməli icrasından PKK Başqanlıq Konseyi məsul olacaq. Türkiyədən PKK-ya qoşulan ünsürlərə aid silahların təhvil verilməsi üçün ortaq komitə yaradılacaq.
PKK-nın yaradılması, əsas hədəfləri
PKK (Kürdistan Fəhlə Partiyası) — 1978-ci ildə, Türkiyənin Diyarbakır vilayətinin Lice rayonuna bağlı Fis kəndində Abdullah Öcalan və tərəfdarları tərəfindən marksist-leninçi ideologiyaya əsaslanaraq qurulmuş silahlı təşkilatdır. Başlanğıcda məqsədi Türkiyənin cənub-şərqində müstəqil kürd dövləti qurmaq olub, daha sonra isə bu ideya muxtariyyət və ya federasiya tələbləri ilə əvəz olunub. 1984-cü ildən etibarən PKK Türkiyənin cənub-şərq bölgələrində silahlı hücumlara və terror aktlarına start verib. Hədəflərinə ordu, polis və bəzən mülki şəxslər daxil olub.
PKK Türkiyə, ABŞ, Avropa İttifaqı və bir sıra başqa ölkələr tərəfindən terrorçu təşkilat kimi tanınıb.
PKK-nın digər region ölkələrdə də qolları yaradılıb və onlar Türkiyəyə qarşı terror fəaliyyətlərinə genişmiqyaslı dəstək verib.
PYD (Demokratik Birlik Partiyası) - Suriya
2003-cü ildə Suriyada yaradılıb, ideoloji və təşkilati baxımdan PKK-nın bu ölkədəki qolu hesab olunur. YPG (Xalq Müdafiə Dəstələri) — PYD-nin silahlı qanadıdır.
Bu təşkilatın qadınlardan ibarət YPJ (Qadın Müdafiə Dəstələri) qrupu da fəaliyyət göstərib. PYD-nin əsas məqsədi Suriyanın şimalındakı kürd bölgələrində muxtar idarəetmə və federal sistem yaratmaqdan ibarət olub.
PYD/YPG Suriyada 2111-ci ildən başlayan vətəndaş müharibəsində ABŞ və Qərb koalisiyası tərəfindən İŞİD-ə qarşı müttəfiq kimi dəstəklənib. Bu isə Türkiyənin ciddi etirazına səbəb olub, çünki Ankara onları PKK ilə eyni təşkilat kimi görür.
PJAK (Kürdüstan Azad Həyat Partiyası) - İran
2004-cü ildə İranda yaradılıb və PKK-nın İran qolu kimi fəaliyyət göstərir. Məqsədi İranın kürd bölgələrində kürdlərə muxtariyyət və hüquqlarının genişləndirilməsidir. PJAK İrandakı təhlükəsizlik qüvvələrinə qarşı silahlı hücumlar həyata keçirib. İran tərəfindən terror təşkilatı kimi tanınır. Bu terrorçu qruplaşma əksər hallarda İraqın şimalında, Qəndil dağlarında yerləşir və oradan fəaliyyət göstərir.
HPŞ və ya HPG (Xalq Müdafiə Gücləri) – PKK-nın hərbi qanadı
PKK-nın əsas silahlı strukturu HPG (Hezen Parastina Gel) adlanır. Bu birliklər həm Türkiyədə, həm də bölgədəki digər PKK-yönlü qurumları hərbi baxımdan dəstəkləyir.
PKK-nın 1984-cü ildən bəri Türkiyədə həyata keçirdiyi silahlı fəaliyyətlər nəticəsində təxminən 40 mindən artıq insanın həyatını itirdiyi bildirilir. Bu rəqəmə qadınlar, uşaqlar və körpələr də daxildir. Rəsmi mənbələr 1984–2015-cı illər arasında Türkiyədə PKK ilə bağlı qarşıdurmalarda 6,741 mülki vətəndaşın həyatını itirdiyini açıqlayb. 2015-ci ilin iyul ayından etibarən isə PKK hücumları nəticəsində azı 631 mülki şəxs öldürülüb.
PKK-nın son illərdə həyata keçirdiyi bəzi hücumlar nəticəsində mülki vətəndaşlar hədəf alınıb. Məsələn:
2018-ci ildə PKK tərəfindən həyata keçirilən hücumlarda 27 mülki şəxs öldürülüb;
2021-ci ildə Türkiyənin şimalında yerləşən Qara bölgəsində PKK tərəfindən 13 Türkiyə vətəndaşı qətlə yetirilib.
Minlərlə terrorçu öldürülüb...
Türkiyə Silahlı Qüvvələrinin PKK-ya qarşı 1984-cü ildən bəri apardığı hərbi əməliyyatlar nəticəsində zərərsizləşdirilən terrorçuların dəqiq sayı ilə bağlı rəsmi və tam statistik məlumat yoxdur. Lakin müxtəlif dövrlərdə keçirilən əməliyyatlar və rəsmi açıqlamalar əsasında bəzi məlumatlar təqdim etmək mümkündür:
1994–1995-ci illərdə Türkiyənin cənub-şərqində və İraqın şimalında keçirilən qış kampaniyası zamanı 6,000-dən çox PKK üzvü öldürülüb. 1997-ci ildə həyata keçirilən "Şafak" əməliyyatı zamanı Türkiyə ordusu 865 PKK üzvünü öldürüb və 37 nəfəri əsir götürüb.
Son illərin statistikasına gəldikdə, Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatına görə, 2023-cü ilin ilk yeddi ayında PKK, PYD/YPG, FETÖ və İŞİD daxil olmaqla ümumilikdə 848 terrorçu zərərsizləşdirilib. Bu rəqəm təkcə PKK üzvlərini əhatə etmir, lakin əhəmiyyətli bir hissəsini təşkil edir. 2019–2020-cu illərdə gerçəkləşdirilmiş "Pençe" əməliyyatları çərçivəsində Türkiyə ordusu İraqın şimalında PKK-nın 289 üzvünü zərərsizləşdirib.
Bu məlumatlar göstərir ki, Türkiyə ordusunun PKK-ya qarşı apardığı əməliyyatlar nəticəsində minlərlə PKK üzvü ölüdürlüb və ya əsir götürülüb. Lakin dəqiq və ümumi bir statistika təqdim etmək çətindir, çünki bu məlumatlar zamanla dəyişir və müxtəlif mənbələrdə fərqli rəqəmlər göstərilə bilər.
PKK lideri Abdullah Öcalanın 1999-cu ildə həbsindən sonra PKK-nın fəaliyyətində əhəmiyyətli dəyişikliklər baş verib. Öcalanın 1999-cu ilin fevralında Keniyada ələ keçirilməsi və Türkiyəyə təhvil verilməsi təşkilatın fəaliyyətini zəiflətdi və bir müddət sonra PKK atəşkəs elan etdi. Lakin 2004-cü ildə bu atəşkəs pozuldu və təşkilat silahlı fəaliyyətini yenidən bərpa etdi.
2015-ci ildə Türkiyə ilə PKK arasında sülh prosesi uğursuzluqla nəticələndi və qarşıdurmalar yenidən alovlandı. Bu dövrdə Türkiyə ordusunun həyata keçirdiyi əməliyyatlar nəticəsində PKK-nın ciddi itkilər verdiyi bildirilir. Məsələn, 2015-ci ilin iyul ayından etibarən Türkiyə ordusunun əməliyyatları nəticəsində PKK-nın minlərlə üzvünün zərərsizləşdirildiyi qeyd olunur. Bu əməliyyatlar əsasən Türkiyənin cənub-şərq bölgələri və İraqın şimalında həyata keçirilib.
Onu da qeyd edək ki, PKK dəfələrlə tərksilah və ya fəaliyyətini dayandırmaq məsələsini gündəmə gətirsə də, bunun yalnız müəyyən siyasi və hüquqi tələblərin yerinə yetirilməsi şərti ilə mümkün olduğunu açıqlayıb.
Məsələn, 2013-cü ildə “Barış sürəci” prosesində PKK lideri Abdullah Öcalan barış çağırışı etmişdi və nəitcə etibarı ilə PKK dağlardan çəkilməyə başlamışdı. Lakin 2015-ci ildə bu proses çökdü və qarşıdurmalar yenidən başladı. Əsas səbəb tərəflərin bir-birinə inanmaması, Öcalanın statusu, PKK-nın bölgədən tam çıxmaması, siyasi mühitin gərginləşməsi və s. gösərilir.
Ekspertlər nə düşünür?
Maraqlıdır, Türkiyəli ekspertlər PKK-nın silahlı mübarizəni dayandırması və özünü buraxması ilə bağlı nə düşünürlər?
Siyasi analitik, akademik Cengiz Aktar PKK-nın özünü buraxması qərarını "tarixi dönüş nöqtəsi" kimi qiymətləndirib. O, bu addımın Türkiyədə demokratikləşmə prosesinə və kürd məsələsinin sülh yolu ilə həllinə töhfə verəcəyini bildirib.
Jurnalist və siyasi şərhçi Murad Yetkin də PKK-nin silahlı mübarizəni dayandırmasının Türkiyə üçün yeni bir dövrün başlanğıcı olduğunu qeyd edib. O, bu qərarın bölgədə sabitliyin təmin olunmasına və Türkiyənin beynəlxalq imicinin yaxşılaşmasına xidmət edəcəyini vurğulayıb.
Siyasi analitik və akademik Nuray Mert PKK-nin özünü buraxması qərarını müsbət qarşılayıb, lakin bu prosesin uğurlu olması üçün Türkiyə hökumətinin də kürd vətəndaşların hüquqlarının təmin olunması istiqamətində konkret addımlar atmasının vacibliyini qeyd edib.
Beynəlxalq münasibətlər üzrə ekspert İlhan Uzgel PKK-nin bu qərarının regionda, xüsusilə də Suriya və İraqla sərhəd bölgələrində təhlükəsizlik vəziyyətinə müsbət təsir göstərəcəyini bildirib. O, bu qərarın Türkiyənin xarici siyasətində də yeni imkanlar yaradacağını vurğulayıb.
Müxalifət PKK-nn qərarını alqışlayır, amma...
PKK-nın özünü buraxması və silahlı mübarizəni dayandırması qərarı Türkiyə müxalifətində müxtəlif reaksiyalara səbəb olub. Müxalifət partiyaları bu qərarı ümumilikdə müsbət qarşılasalar da, prosesin uğurla nəticələnməsi üçün hökumətin konkret addımlar atmasının vacibliyini vurğulayırlar.
Cümhuriyyət Xalq Partiyası (CHP) PKK-nın özünü buraxması qərarını müsbət bir addım kimi qiymətləndirir. Lakin partiya rəhbərliyi bu prosesin davamlı və səmərəli olması üçün hökumətin şəffaf və inklüziv bir siyasət yürütməsinin vacibliyini qeyd edir. CHP, xüsusilə parlamentin bu prosesdə aktiv rol almasının və cəmiyyətin bütün təbəqələrinin iştirakının təmin olunmasının əhəmiyyətini vurğulayır.
DEM Partiyası da bu qərarın bölgədə sülh və sabitliyin təmin olunmasına töhfə verəcəyini bildirir. Eyni zamanda, DEM Partiyası hökumətin bu prosesi dəstəkləyəcək hüquqi və siyasi islahatlar həyata keçirməsinin vacibliyini vurğulayır.
Gelecek Partiyası və DEVA Partiyaları da qərardan məmnun olduqlarını bəyan ediblər. Onlar, bu addımın Türkiyədə demokratikləşmə və insan haqları sahəsində irəliləyişə səbəb olacağını qeyd edirlər. Lakin bu partiyalar da hökumətin bu prosesi dəstəkləyəcək konkret siyasətlər və islahatlar həyata keçirməsinin vacibliyini vurğulayırlar.
Ümumilikdə, Türkiyə müxalifəti PKK-nin silahlı mübarizəni dayandırması və özünü buraxması qərarını müsbət bir addım kimi qiymətləndirir. Lakin bu prosesin uğurla nəticələnməsi üçün hökumətin şəffaf, inklüziv və hüquqa əsaslanan bir siyasət yürütməsinin vacibliyini qeyd edirlər.
Bəs, PKK bir gün yenidən silaha əl ata bilərmi? Sual açıq qalır...(pressklub)