Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Paşinyan üçün yaxınlaşan “X” günü... -Ermənistan hakimiyyəti Ərdoğana qulaq asmağa məcburdur

news content

ABŞ-də hakimiyyətə qayıdan Donald Tramp və onun administrasiyasının atdığı gözlənilməz addımlar Birləşmiş Ştatların ən yaxın müttəfiqlərini, tərəfdaşlarını və hətta düşmənlərini hərəkətə gətirib. Dünyada cəmi 2 ay əvvəlki qaydalar işləmir, yeni nizam da yoxdur, keçid dövrünə xas olan xaotik proseslər gedir, bu da öz növbəsində böyük risklər yaradır. Qlobal güclərin, iqtisadi nəhənglərin maraq toqquşması, dünyanı yenidən nüfuz dairələrinə bölmək cəhdləri kiçik ölkələr üçün “ölüm-qalım” məsələsinə çevrilib.

Yenixeber.org: Cənubi Qafqaz regionu da geosiyasi qarşıdurmadan ciddi şəkildə təsirlənir, burada Ermənistan ən həssas duruma malikdir. Rusiya-Ukrayna müharibəsinin şərti olaraq birinci mərhələsində (Tramp dövrünə qədər) müttəfiqlərlə onların düşmənləri arasında manevr edərək yaxşı mənfəət qazanan Paşinyan hökuməti üçün indi şərtlər tamamilə dəyişib. Onun siyasi, iqtisadi, hərbi dayağı hesab olunan ABŞ-Avropa İttifaqı arasında getdikcə dərinləşən uçurum yaranıb. Bunun əksinə, Birləşmiş Ştatlar Paşinyanı hakimiyyətdən qovmağa çalışan Rusiya ilə münasibətləri sürətlə bərpa edir. Hətta münasibətlər o qədər yaxşılaşıb ki, prezident V.Putin Rusiya Xarici İşlər Nazirliyinin Şimali Atlantika Departamentinin direktoru Aleksandr Darçiyevi ABŞ-yə yeni səfir təyin edib. 

ABŞ ötən 3 ildə Ermənistan hökumətinə nəhəng miqdarda maliyyə, iqtisadi, texnoloji və hərbi yardımlar göstərib. Şübhəsiz ki, bu sıraya Paşinyanın təhlükəsizliyi də daxil olmaqla genişmiqyaslı kəşfiyyat mübadiləsi də daxildir. Vaşinqton Azərbaycanla sülh danışıqlarında Ermənistanı açıq şəkildə dəstəkləyib, hətta Türkiyə ilə aparılan ikitərəfli dialoqun gündəminə bu prosesi də daxil etməyə nail olub. Ankara-Vaşinqton arasında aparılan müzakirələrdə Ermənistanla Türkiyənin dövlət sərhədlərin açılması, regionda eskalasiyanın yolverilməzliyi və Azərbaycana sülhün təşviq edilməsi daxildir. Bir neçə gün öncə Ankarada Azərbaycan prezidenti İlham Əliyevi qəbul edən Türkiyə lideri R.T.Ərdoğan bu mövzuya yenidən qayıtmışdı: 

Türkiyə və Azərbaycan sülhün, əmin-amanlığın, firavanlığın tərəfindədir. Regionumuzda sadəcə sülh istəyirik, əməkdaşlıq istəyirik, birlikdə inkişaf etmək istəyirik. İnşallah, bundan sonra regional sülhə, rifaha və əmin-amanlığa yönəlmiş hər cür layihələri birlikdə həyata keçirmək əzmindəyik”.

Ərdoğanın bu mövqeyi nizamı itmiş, dəngələri pozulmuş dünyada Ermənistan hakimiyyəti üçün çox vacibdir. Amma verilən mesajların həyata keçirilməsi həm də sülh müqaviləsinin imzalanması, kommunikasiyaların açılmasını ehtiva edir. Türkiyə hazırkı geosiyasi proseslərə dünyada və regionda imkanlarının böyüməsi üçün fürsət kimi baxır. Nüfuzlu analitik mərkəzlər də bu ölkənin postsovet məkanında, Yaxın Şərqdə, Afrikada, Qara dəniz hövzəsində mövqelərini gücləndirəcəyini proqnozlaşdırır. Paşinyan hökuməti Azərbaycanın müttəfiqinə diqqətlə qulaq asmağa məcburdur, çünki Qərb müttəfiqləri parçalanıb, ABŞ çəkilir, Avropanın başı özünə qarışıb, ona görə hələ bir müddət bu regiona diqqət ayırması inandırıcı deyil.

Paşinyan hökuməti üçün daha bir problem ABŞ-İran münasibətlərində müharibəyə yol alan istiqamətdir. Məlumdur ki, Birləşmiş Ştatlar regionda ən böyük səfirliyini İrəvanda saxlayır, burada yerləşdirilmiş personalın - kəşfiyyatçılar qrupunun əsas missiyası gecə-gündüz İranı izləmək, nəzarət altında saxlamaqdır. Tehranda ABŞ ilə dialoq tərəfdarı olan qüvvələrin mövqeləri zəifləyir, vitse-prezident Məhəmməd Cavad Zərif istefa verib, prezident Məsud Pezeşkian isə dini liderin Vaşinqtonla sülh danışıqlarına qarşı olduğunu deyir. İranın mühafizəkar qanadının təsiri altında olan dövlət televiziyası İrəvanda Nikol Paşinyandan geniş müsahibəsi yayılıb. Sualların əhəmiyyətli hissəsi Qərbin İrana müdaxiləsi fonunda Ermənistanın hansı mövqeyi tutacağı barədə olub. Jurnalistin “kənar düşmənlərdən İran-Ermənistan münasibətlərini necə qorumaq olar” sualına Paşinyan cavabında deyib ki, “biz münasibətlərin təbii maraqlara əsaslanmasına diqqət yetirməliyik”.

Qeyd etdiyiniz kimi, mənfi təsir göstərən amillər var, bu amillər heç kimə sirr deyil, o cümlədən İran İslam Respublikası ilə bizim də əlaqələrimiz olan bir sıra Qərb ölkələri arasında mürəkkəb münasibətlər var. Biz İranın bu həssas maraqlarını nəzərə almağa və proseslərimizdə ziddiyyət yaratmamağa çalışırıq”, - o əlavə edib.

Baş nazir Paşinyan hökumətinin qərbyönümlü kimi xarakterizə edilib-edilməməsi və bunun Tehranla münasibətlərə təsir edib-etməməsi ilə bağlı suala cavab verib ki, rəsmi İrəvan hər hansı qərəzlilik təzahürünü istisna edən balanslaşdırılmış xarici siyasət yürüdür. “İranla əlaqələrimiz çox vacibdir və biz İslam dünyası ilə münasibətlərimizin bundan sonra da dərinləşməsini istəyirik”, - deyən Paşinyan, - “digər münasibətlərimizdə İran üçün heç bir təhlükə olmadığını” bəyan edib.

İranlı jurnalist “Əgər Qərb dövlətləri İranı təhdid etsələr, Ermənistan hakimiyyətinin hərəkətləri necə olacaq” sualına Baş nazir belə cavab verib: “Biz demişik ki, Ermənistan İrana qarşı heç bir aksiyada iştirak etməyəcək”.

Əlbəttə, Paşinyanın dedikləri İran hakimiyyəti üçün qarantiyalar demək deyil. İranın kəşfiyyat strukturlarında ABŞ-nin Ermənistanda hansı imkanlara malik olduğunu, yerli hakimiyyətin onların qarşısında iradəsizliyini təxmin edirlər. Risklər qiymətləndirilərkən əsas təsiredici faktorlar nəzərə alınır, sözlər, vədlər bu sıraya daxil deyil... 

Yaxın perspektivdə həmçinin Ermənistan hakimiyyətinin Tramp administrasiyasının güclü dəstəyindən ruhlanan Rusiya ilə ciddi problemləri gözlənilir. 44 günlük müharibədən sonra Paşinyanın Rusiyadan uzaqlaşmaq, Qərbə inteqrasiya xətti seçməsi Kremldə möhkəm qəzəb yaradıb. İlk fürsətdə Ermənistan hakimiyyəti ilə haqq-hesab çürüdüləcəyi istisna deyil. Nəzərə alsaq ki, bu zaman həm Ermənistandakı anti-hakimiyyət qüvvələrinin, həm də Paşinyanın imkanları xeyli fərqli olacaq. Əvvəlki qüvvələr nisbətinin pozulması isə Ermənistanın yenidən qeyri-sabitlik mərhələsinə daxil olması deməkdir. 

Yekunda qeyd edək ki, geosiyasi turbulensiya dövründə Paşinyan gözə görünməməyə çalışır. Onun diplomatik trafiki, bəyanatları xeyli səngiyib, indi o həyəcanla kənardan gələn səsləri dinşəməklə məşğuldur.(pressklub) 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam