Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

UKRAYNA MÜHARİBƏSİ SƏMTİNİ DƏYİŞİR... - Rusiya rəhbərliyi bundan sonra hansı tədbirlər görə bilər?

Kremlə səfərbərlik də kömək etməyəcək

Ukrayna ordusunun Rusiya ərazisinə daxil olması və Kursk vilayətinin bir hissəsini zəbt etməsi Kiyevin cəsarətli strateji qərarıdır və bundan sonra müharibənin gedişi tamamilə yeni məcraya yönələcək.

Yenixeber.org: Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisinə girməsindən sonra Vladimir Putin Təhlükəsizlik Şurasının iclasında bildirib ki, bu, iri miqyaslı təxribatdır. Putin ”Ukrayna bizim torpaqlarımızı işğal edib” söyləməkdən çəkinir. Açıq görünür ki, gözlənilməz və çətin vəziyyətlə üzləşən Putin ictimaiyyətə konkret, tutarlı söz deməkdə, izahat verməkdə acizdir. O, sadəcə, növbəti dəfə hədəfə gəlməmək üçün manevrlər edir və “iri miqyaslı təxribat” ifadəsini də bunun üçün düşünüb tapıb. 

Putinin Ukraynaya müdaxilədən öncəki təhdidedici və arxayın tərzindən indi əsər-əlamət qalmayıb. Onun çıxışlarında ümumi şablon söz yığınından başqa heç bir yeni fikrə rast gəlinmir. Bu gün kimsə ona “bəs blitskriq necə oldu?” sualını vermir. Rəhbərdən hesab sormaq Rusiya cəmiyyətində tabudur, bunun yerinə Kursk vilayətinin sakinləri xorla “əziz Vladimir Vladimiroviç, bizə kömək edin” deməklə Rusiyadakı kollektiv şüurun reaksiyasını nümayiş etdirirlər.

Ümumiyyətlə, Rusiya rəsmiləri və jurnalistləri sözün əsl mənasında başlarını itiriblər və gülünc vəziyyətə düşüblər. Məsələn, Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova deyib: ”Biz beynəlxalq ictimaiyyəti kənarda qalmamağa və Kiyev rejiminin cinayət əməllərini qətiyyətlə pisləməyə çağırırıq”.

O, beynəlxalq ictimaiyyət deyəndə görəsən kimləri nəzərdə tutub? Maduronu? Kim Çen Inı?

Təbliğatçı teleaparıcı Sergey Klyuçenkov (Sergey Mardan) isə ukraynalılara qarğış edib. Beləliklə də bunların hansı səviyyəyə yuvarlandıqları göz önündədir...

               Operativ vəziyyət necədir?

Hazırda Ukrayna ordusu hücumun davam etdirilməsi və arxa cəbhə ilə öndəki hərbi birləşmələr arasındakı məsafəni uzatmamaq və qırmamaq üçün taktiki gedişlər edir. Avropanın ən böyük qazpaylayıcı məntəqələrindən olan “Sudja” stansiyası ələ keçirilib. Rusiyanın Avropa ölkələrinə yolladığı qaz həmin stansiyadan keçir.

Rusiya ordusu bütün imkanlarını Donbas, Zaporojye və Xerson istiqamətində cəmləşdirdiyi üçün ehtiyat qüvvəsi yetərli səviyyədə deyil. Bu üzdən Kursk vilayətinə gətirilən əsgərlərin əksəriyyəti çağırışçılardır. Ukrayna ordusu isə artıq çoxşaxəli hücumlara start verib. Kursk vilayətinə hücum ərəfəsində Lipetsk aviabazası və oradakı KAB(tənzimləyici avia bombalar) bombalarının saxlandığı anbar dronlar tərəfindən məhv edilib.

              Rusiya rəhbərliyi niyə “müharibə” sözündən qorxur?

Ən maraqlı məsələlərdən biri Rusiyanın “qırmızı xətti”nin nədən ibarət olmasıdır. Deyəsən, o artıq yaddan çıxıb və lətifələr obyektinə çevrilən Dmitri Medvedev nədənsə ortalıqda görünmür. Digər qəribəlik ”Xüsusi Hərbi Əməliyyat” terminin aqibəti ilə bağlıdır. Rusiya televiziyasının hərbi müxbiri, döyüş bölgəsində ağır yaralanan Yevgeni Paddubnı da digər həmkarları kimi reportajlarında dönə-dönə “Специальная Военная Операция ” kəlməsini təkrarlayırdı. Ancaq həmin bu “əməliyyat” onun ən azı ömürlük şikəst qalması, yataq xəstəsi oması ilə nəticələnməkdədir...

Rusiya rəhbərliyinin Kursk vilayətində gedən döyüşlərdən və ərazilərin itirilməsindən sonra da müharibəni “Xüsusi Hərbi Əməliyyat”(XHM) adlandırması isə tragikomediya təsiri bağışlayır. Görürük ki, Putin və komandası hələ də “müharibə” sözündən bərk qorxur - niyə, səbəb nədir?

Əgər Rusiya Ukrayna ilə müharibə etdiyini etiraf etsə, əvvəlcə gərək bunu elan edə, sonra isə yeni səbəblər açıqlaya. Ölkə daxilində isə müharibə qanunlarına uyğun xüsusi rejim və komendant saatı tətbiq olunmalıdır. Bundan başqa, Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət etməli və səfərbərliyə getməlidir. Amma Putin ölkədəki daxili vəziyyəti gərginləşdirmək istəmir. Hakim elita düşünür ki, cəmiyyət heç nə olmamış kimi sabit həyat tərzini davam etdirməli, gündəlik qayğıları ilə məşğul olmalıdır.

Əlbəttə, prinsip etibarı ilə səfərbərliyə gedə bilərlər. Bir dəfə səfərbərlik kampaniyasına girişdilər, 300 min adam yığdılar, lakin gördülər ki, bu, tamamilə əks effekt verir. Digər yandan, hələ ki, pulları var və muzdlu əsgərlər cəlb edə bilirlər.

          Rusiya rəhbərliyi bundan sonra hansı tədbirlər görə bilər?

Rusiya komandanlığı Kursk istiqamətinə tez-tələsik əlavə qüvvələr göndərsə də, heç nəyə nail olmayıb. Bəs, rəhbərlik bundan sonra vəziyyətdən çıxış yolu kimi hansı tədbirlər görə bilər?

Birincisi, Rusiya ordusu Kursk vilayətində geri çəkilərək arxada istehkamlar qurmağa cəhd göstərəcək və təbliğat komandası bunun tamamilə normal hal olmasını cəmiyyətə təlqin etməyə başlayacaq.

İkincisi, Kreml muzdlu döyüşçülərin sayını artırmaq məqsədi ilə onlara ödənilən məbləği bur az da yüksəldəcək. Bəlkə də bu, axırıncı artım olacaq. Əks təqdirdə bunun öhdəsindən gəlinməsi mümkün olmaya bilər. Hələlik yəqin ki, bir müddət bu üsullardan istifadə ediləcək.

Üçüncüsü, Rusiya rəsmiləri yenidən nüvə dəyənəyi şousuna başlaya bilərlər, lakin artıq bunun təsiri getdikcə azalır. Amma bütün bunlarla yanaşı, Zaporojye Atom Elektrik Stansiyasında təxribat törədəcəklərinin siqnallarını verəcəklər.

Dördüncüsü, Rusiya hərbi komandanlığı müəyyən hazırlıqdan sonra ehtimal ki, Ukraynadan Kursk tərəfə əsgər gətirəcək və Pokrovsk, Çasov Yar, Toretsk istiqamətlərindəki intensiv hücumlarına ara verəcək. Çünki itkilərın artım tempi ilə onlarınyerinin doldurulması arasında mənfi nisbət yaranacaq.

Beşincisi, Belarus ərazisindən hücuma hazırlıq imitasiyası edəcəklər ki, Ukrayna ordusu Kiyevə hücum təhlükəsinə görə həmin istiqamətdə xeyli qüvvə saxlamğa məcbur olsun. Moskva həmişəki kimi ən kritik anda Lukaşenkonun köməyinə ehtiyac duyur. Yevgeni Priqojinin qiyamı zamanı da Belarusi prezidenti dövriyyəyə qoşulmuşdu.

Altıncısı, səfərbərliyin həyata keçirilməsi barədə xüsusi bir plana start veriləcək, texnika, silah və lazımı hərbi ləvazimatların hazırlanması prosesinə başlanılacaq. Yəqin ki, muzdlular, çağırışçılar və səfərbərlikdən yığdıqları əsgərlərdən ibarət hansısa simbioz ordu quracaqlar. Ancaq bu format qarşıya qoyulan tapşırıq və məqsədlərin yerinə yetirilməsi üçün olduqca mübahisəli və risklidir. Təxminən buna oxşar format yaratmışdılar. Belə ki, Rusiya komandanlığı Ukrayna ilə sərhədin qorunmasını Kadırovun batalyonlarına və çağırışçılara həvalə etmişdi. Lakin Kurska hücum zamanı “Axmat” batalyonu arxasına baxmadan qaçdı, çağırşçıların əksəriyyəti isə öldürüldü, ya da əsir götürüldü. Əsir götürülənlər arasında qaçmağa macal tapmayan “kadırovçular” da var.

                       Ukrayna ordusu təşəbbüsü ələ alıb

Ukrayna ordsunun Kursk vilayətinə daxil olması və bu istiqamətdə uğurla irəliləməsi ona operativ üstünlük verir. Əgər hadisələrin gələcək dinamikası məhz bu cür gedərsə, Ukrayna müharibədə strateji dönüş yaratmağa müvəffəq ola bilər. Düşmən qoşunları ilə təmasın Rusiyanın içərilərinə çəkmək ən düzgün taktikadır. Çünki Rusiya əsas güclərini işğal zonasında saxladığı üçün Ukrayna ordusunun önündəki əngəlləri aşması asanlaşır.

Beləliklə, Rusiyanın demək olar ki, “qırmızı xətti” qalmayıb. Bundan sonra 300 kilometr uzaqlıqdakı hədəfləri vurmaq özəlliyinə sahib “ATACMS” raketləri ilə Rusiyanın dərinliklərinə sarsıdıcı zərbələr vurulması heç də uzaqda deyil. Bu baş verdikdən sonra Kreml yetkililəri və Rusiya cəmiyyəti müharibənin hər iki ölkə ərazisində gedəcəyi reallığını qəbul edəcəklər.

Rusiya deyirsə ki, mən demilitarizasiya ilə məşğulam, bunun eynisini Ukrayna da söyləyəcək. Amma bir məsələ açıq qalır. Ukrayna ordusu nə qədər ərazi zəbt etmək gücündədir? Ən ideal variantlardan biri odur ki, Ukrayna ordusu sərhədə yaxın vilayətlərdən birinin mərkəzini tutsun. Məsələn, bu, Belqorod və Kursk şəhərləri ola bilər. Kursk Atom Elektrik Stansiyasının tutulması isə Kremli və Rusiya cəmiyyətini mənəvi cəhətdən sındıracaq.

Eyni zamanda, Ukrayna ordusu gözlənilməz həmlələrini davam etdirməyə çalışmalıdır. Buna müəyyən imkanlar da var. Məsələn, “Dnestryanı Respublika”nın mövcudluğuna son qoymaq və bu ərazilərdə demilitarizasiya əməliyyatının keçirilməsinin tam vaxtıdır...

               Səfərbərlik Rusiyanın ən zəif yeridir

Rusiya komandanlığı görsə ki, hazırkı əsgər sayı ilə Kurskun müdafiəsini təşkil etmək mümükün deyil, səfərbərliyə gedəcəkmi? 

Belə görünür ki, əgər Ukrayna Silahlı Qüvvələri təzyiqi artırıb bir qədər də irəliləyərsə, səfərbərliyə getmək qaçılmaz olacaq. Lakin burada Rusiya gözlənilməz ağır zərbə yeyəcək, çünki ordunun formalaşması formatının dəyişdirilməsi prosesi vaxt tələb edəcək. Bu vaxt isə yoxdur. Putin 750 min müqaviləçidən ibarət muzdlu ordu qurub. 

Muzdlu əsgər toplamağın da məhdudiyyəti, həddi var. Ayda təxminən maksimum 30 min adam cəlb edilir. Əgər indi birdən-birə təcili 200-300 min əsgərə ehtiyac duyularsa, bunu müqavilə yoluyla qısa müddətə həyata keçirmək mümkün olmayacaq. Putin müəyyən mənada muzdlu ordu quruculuğunun tələsinə düşüb. Səfərbərliyə gedilməsi rejimin sabitliyini pozmaqla yanaşı, ordunun hazırkı formatını və döyüş qabiliyyətini də alt-üst edər. Ordunu pul alanlar və pul almayanlar kateqoriyasına bölmək olmaz...

              Lukaşenkonun reaksiyası

Vəziyyətin kəskin pisləşdiyini anlayan Belarus Prezidenti Aleksandr Lukaşenko deyib ki, əgər Rusiya dağılarsa, MDB dövlətlərini də bu aqibət gözləyəcək. Lukaşenko bunu söyləməklə öz təlaşını ifadə edir. O, bilir ki, müharibə Rusiya üçün ən xoşagəlməz ssenari ilə getsə, Putini mütləq yeni adam əvəzləyəcək və proseslərin axarı kəskin dəyişəcək. Putinin hakimiyyətdən uzaqlaşdırılması isə Lukaşenko üçün qorxulu röyadır. 

Ona görə də Lukaşenko Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin kimi Rusiyanın taleyini Putinlə assosiasiya edir, onunla eyniləşdirir. Lakin onsuz da Putinin gələcək aqibəti qaranlıqdır və yəqin ki, manevr ustası olan Lukaşenko da bunu yaxşı bildiyindən tədbirli olmağa çalışacaq...(Azpolitika)

Vaqif Nəsibov


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam