Ərəstun Oruclu: “Trampa qarşı sui-qəsdin səbəbi elə Trampın özüdür. O, cəmiyyəti radikallaşdırdı, qütbləşdirdi”
Yenixeber.org: İyunun 14-də ABŞ-ın sabiq Preizdenti və Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Trampa sui-qəsd edilib. Tramp Pensilvaniyada keçirilən mitinqdə çıxışı zamanı tribunada güllələnib. Snayper silahından atılan güllə Trampın başının bir santimetrindən keçib və o, qulağından yaralanıb. Hadisədən sonra Tramp təhlükəsizlik tədbirləri ilə ərazidən uzaqlaşdırılıb.
Trampa qarşı sui-qəsd zamanı bir nəfər həlak olub. Sabiq Prezidentə atəş açan şəxs isə öldürülüb. ABŞ Prokurorluğunun yaydığı məlumata görə, hadisə zamanı şübhəli bilinən şəxs polis tərəfindən zərərsizləşdirilib.
Donald Tramp Pensilvaniyada ona qarşı olan sui-qəsddən sonra açıqlama verib. Sabiq Prezident “Truth Social” sosial şəbəkəsində sağ qulağından yaralandığını və çoxlu qan itirdiyini bildirib. Onun sözlərinə görə, atəş açan hücumçu öldürülüb, lakin onun haqqında hələlik məlumat yoxdur.
“Birləşmiş Ştatların Məxfi Xidmətinə və bütün hüquq-mühafizə orqanlarına Pensilvaniya ştatının Butler şəhərində baş verən atışmaya tez reaksiya verdikləri üçün təşəkkür etmək istəyirəm. Ən əsası, mitinqdə həlak olan şəxsin ailəsinə başsağlığı vermək istəyirəm. Bunun ölkəmizdə baş verməsi inanılmazdır. Hazırda atəş açan haqqında heç nə məlum deyil. Mənə atılan güllə sağ qulağımın yuxarı hissəsini deşib. Fit səsi, atəş eşitdim və dərhal güllənin dərimi qopardığını hiss etdim. Ağır qanaxma başladı və sonra nə baş verdiyini anladım. Allah Amerikanı qorusun!”, – Tramp yazıb.
Trampa atəş açmış şəxsin kimliyi və fotosu üzə çıxıb. Adı Tomas Metyu Kruks olan şəxs Pensilvaniyada keçirilən mitinqdə sabiq Prezidentə güllə atıb. Kruks Pensilvaniya ştatının Bethel Park şəhərindəndir. O, AR tüfəngi ilə binanın üzərinə çıxaraq sabiq Prezidentə və tərəfdarlarına atəş açıb. Bundan əvvəl insanlar Məxfi Xidmətə və polisə xəbərdarlıq etməyə çalışsalar da, onlar buna əhəmiyyət verməyiblər. Snayperin bu addımı nə üçün atdığı araşdırılır.
ABŞ Prezidenti Co Bayden Trampa qarşı sui-qəsd cəhdini pisləyib. Prezident Pensilvaniyada Trampın mitinqində baş verən atışma ilə bağlı məlumat aldığını yazıb: “Onun ailəsi və mitinqdə olanların hamısı üçün dua edirəm, əlavə məlumat gözləyirik. Cill və mən onu təhlükəsiz yerə apardıqları üçün Məxfi Xidmətə minnətdarıq. Amerikada belə zorakılığa yer yoxdur. Bunu pisləmək üçün bir millət kimi birləşməliyik”.
ABŞ-da keçiriləcək prezident seçkilərinə üç ay müddət qaldığı bir vaxtda əsas namizədə qarşı sui-qəsd ətrafında dünya mediasında bir sıra mülahizələr səsləndirilir. Bəzi analitiklər bildirirlər ki, bu, Trampa rəqib qüvvələr tərəfindən təşkil oluna bilən aktdır və siyasi terrordur. Sui-qəsdin Trampın mənsub olduğu Respublikaçılar tərəfindən hazırlana biləcəyi ehtimalını irəli sürənlər var və onlar hesab edirlər ki, ölümlə nəticələnməyən sui-qəsddən seçki kampaniyasında istifadə nəzərdə tutulub. Hadisənin sıradan cinayət olması versiyası də səsləndirilir.
ABŞ-da yaşayan azərbaycanlı politoloq, “Şərq-Qərb” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu hadisə barədə suallarımızı cavablandırarkən bildirib ki, Amerikada bu cür hadisələr çox olur:
- ABŞ tarixinə baxsaq, bu ölkədə üç Prezident öldürülüb, bir neçə Prezidentə qarşı sui-qəsd edilib. Hesab edirəm ki, Trampa qarşı sui-qəsdin səbəbi elə Trampın özüdür. 2016-cı ildə prezident seçkiləri kampaniyasına qoşulan Tramp cəmiyyəti radikallaşdırma və qütbləşmə siyasəti həyata keçirdi. Ortaya müxtəlif konspiroloji nəzəriyyələr atdı, demokratları uşaq ölümlərində, pedofiliyada ittiham etdi. Ağılagəlməz bəyanatlar verdi, heç bir siyasi etika, siyasi korrektə olunmamış ifadələrdən istifadə etdi. Əlbəttə, belə kampaniyanın cavabı demokratlar düşərgəsinin müəyyən bir hissəsindən gəldi. Bununla da, ABŞ cəmiyyəti qütbləşdi. Bu qütbləşmə bəzi insanların – psixoloji problemləri olan, yaxud Trampın təbliğatının təsiri altında əsəbi pozğunluğu yaranan insanların radikallaşması prosesinə çevrildi. Nəticə də ortadadır – bu, Trampın özünün başında çatlayır. Trampı sevməyən, onu ABŞ üçün təhlükə hesab edən biri çıxır və sabiq Prezidenti öldürməkdən başqa yol olmadığını düşünür, icraya əl atır.
- Sui-qəsdin arxasında rəqibin, yaxud hansısa təşkilatın olması ehtimalı nə qədərdir?
- Bu hadisənin arxasında hansısa bir qruplaşmanın, təşkilatın olduğunu düşünmürəm. İnanmıram ki, sui-qəsdin arxasında hansısa təşkilat dayansın, çünki ABŞ-da belə şeyləri gizlətmək mümkün deyil. Ölkənin həm hüquq-mühafizə orqanları çox güclüdür, həm təhqiqat qurumları yüksək peşəkarlığa malikdirlər. Sadəcə ABŞ o qədər qütbləşib ki, tərəflərin gücü bərabərdir və onlar bir-birinin hərəkətlərinə nəzarət edirlər. Hətta Trampa qarşı sui-qəsd rəqib tərəfindən hazırlansaydı, qısa müddətdə üzə çıxardı.
Yeri gəlmişkən, Trampa sui-qəsd həyata keçirən şəxsin özü respublikaçıdır. Bu, “nifrət cinayətidir”. O vaxt Hyustonda Ronald Reyqana sui-qəsd olmuşdu. Sonradan məlum oldu ki, qəsdçi anormal, psixikası pozulmuş şəxsdir. İfadəsində bildirmişki ki, Reyqanı məşhurlaşmaq istəyi səbəbindən öldürmək istəyib. Amerika cəmiyyətində təəssüf ki, belə fenomenlər də var. Kifayət qədər müddət Amerikada yaşayan şəxs kimi, cəmiyyət haqqında bunu deyə bilərəm.
- Məsələ bu qədər sadədir?
- ABŞ-da adam öldürməkdən asan heç nə yoxdur. 340 milyona yaxın əhalinin əlində 400 milyondan yuxarı silah mövcuddur və bu silahlar arasında avtomat da, tapança da, snayper də var.
- Belə fikirlər var ki, bu hadisə Trampın piarı məqsədilə həyata keçirilib. Əsas da bu gətirilir ki, necə olur, snayperlə həyata keçirilən sui-qəsd bu qədər qeyri-dəqiq olur, Tramp sağ qalır...
- Bu hadisəni təşkil olunmuş sui-qəsd aktı kimi qiymətləndirmirəm. Bu gün məlum olan faktlardan bu, görünmür. Ümumiyyətlə, hadisənin baş vermə mexanizmi, icra mexanizmi də göstərir ki, tutaq ki, bunu kimsə piar məqsədilə edirdisə, Trampa dəstək məqsədilə edirdisə, hər bir halda, bu, olduqca ciddi risk daşıyan əməliyyat idi.
Eyni zamanda, 120-150 metrdən snayperdən güllə atılır və o güllə Trampın qulağına dəyir. Qulaqla gicgah arasındakı məsafə bir santimetrdir. Yəni ki, snayper gülləsi qulağa yox, gicgaha da dəyə bilərdi. Təbii ki, nəzəri baxımdan düşünmək olar ki, bu sui-qəsddə iki ssenari olub: birincisi, yaralayıb təhdid etmək, ikincisi, Tramp ölərsə, bunun üzərində başqa proqram həyata keçirmək.
- Bu hadisə ABŞ-dakı seçkilərə təsir edə, Trampın seçkilərdə qələbəsini təmin edə bilərmi?
- Hər şey seçki kampaniyasının bundan sonrakı gedişatından asılıdır. Amerikada siyasətçiyə güllə atılması, haranınsa , kiminsə atəşə tutulması adi haldır. Belə hadisələrə adətən 2-3 gün, uzağı bir həftə reaksiya olacaq, sonra isə məsələ unudulub gedir. Seçkilərə isə hələ 110 gün vaxt qalıb. Bu 110 gün ərzində başqa hadisələr ola bilər. Kampaniyanın gedişində başqa məsələlər üzə çıxa bilər.
Uzağa getməyək, Tramp-Bayden debatının ardınca dünya və ABŞ mediasında hay-küy qaldırıldı ki, Bayden pis vəziyyətdədir, fiziki baxımdan seçki yarışını apara bilmir. Bununla da, Trampın reytinqi sürətlə qalxdı. Cəmi bir həftə, on gün keçdi və məlum oldu ki, Trampın reytinqi nəinki Baydenin, hətta vitse-prezident Kamala Harrisin reytinqindən açağıdır. Demək istəyirəm ki, bu, göstərici deyil. Bəli, Respublikaçılar Partiyası Trampa sui-qəsd hadisəsini istismar etməyə başlayıblar və təbliğatda bunu sonadək istismar edəcəklər. Amma bu istismarın iki başı var: bu, Trampın xeyirinə də ola bilər, əks-effektiv nəticə də göstərə bilər.
Məsələn, 1912-ci ildə Franklin Ruzvelt çıxış edən zaman ona sui-qəsd həyata keçirilib. Güllə onun sinəsindən dəyib, hətta bundan sonra çıxışını davam etdirib. Amma həmin vaxt Ruzvelt seçkiləri uduzub. Demək istəyirəm ki, belə hadisələr müvəqqəti effekt verir. Yenə deyirəm, Amerika cəmiyyəti çevik cəmiyyətdir. Seçkilərə üç ay qalmış sui-qəsddən istifadə edərək təbliğat aparmaq və Trampı qalib etmək mümkün deyil. Ölkədə gündəm o qədər sürətlə dəyişir ki, ölkədə ictimai şüur o qədər aktivdir ki, iki həftədən sonra hadisə unudulacaq. Bu hadisəni istismar etdikcə də, bu, əks-effekt verəcək.(AYNA)