Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Qarışıq düşüncələrlə seçkiyə:inam, inamsızlıq, tərəddüd

     Azərbaycanda parlament seçkiləri  bu tarixdə keçiriləcək

Ekspert: “Sima olaraq dəyişiklik gözləniləndir, mahiyyət olaraq isə…”

Yenixeber.org: Sentyabrın 1-də Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkiləri ilə bağlı prosedur qaydalar həyata keçirilməkdədir. Mərkəzi Seçki Komissiyası (MSK) seçkilərin təbliğat-təşviqatı, namizədlərin irəli sürülməsi ilə bağlı prosedur qaydaları həyata keçirir. Ölkədəki seçkilərdə iştirak etmək istəyən ictimai-siyasi təşkilatlar, partiyalar, müstəqil şəxslər də namizədlərin, seçki dairələrinin müəyyənləşdirilməsi, irəli sürülməsi kimi məsələlərlə məşğuldurlar.

Əksər siyasi partiyalar bu seçkilərin əvvəlki seçkilərdən fərqlənəcəyinə ümid bəsləyirlər. Qənaətlərə görə, ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş Azərbaycanda parlament seçkiləri qalib ölkənin adına layiq şəkildə - demokratik, şəffaf və bərabər mübarizə mühitində keçirilməlidir.

Ötən gün Prezidentin köməkçisi Zeynal Nağdəliyev bəyan edib ki, seçkilərdə namizəd olacaq şəxslərə təbliğat-təşviqat aparmaq üçün bərabər şərait yaradılacaq, seçkilər şəffaf şəkildə həyata keçiriləcək, hakimiyyətin bu mövqeyinə zidd addımlar atanlar, seçki prosesini pozanlar cəzalandırılacaqlar. MSK rəhbərliyi də seçkilərin yüksək səviyyədə, demokratik şəraitdə keçiriləcəyi vədini verib.

Bu bəyanatlar seçkidə namizəd olmaq istəyən siyasilərdə ümidləri daha da artıran məqamdır. İctimaiyyətdə belə bir fikir var ki, yeni çağırış Milli Məclisdə xeyli dəyişikliyin şahidi ola bilərik.

Siyasi icmalçı, dəfələrlə keçirilən seçkiləri yaxından müşahidə edən ekspert Nəsimi Məmmədli qarşıdan gələn seçkilərlə bağlı fikirlərini bizimlə bölüşüb. Deyib ki, növbədənkənar parlament seçkilərinin keçiriləcəyi gözlənilən idi:

- Çünki Konstitusiyaya əsasən, bu il seçkilər keçirilməli idi və onun əvvələ çəkilməsi də Bakıda keçiriləcək beynəlxalq COP29 tədbiri ilə əlaqələndirildi. Bura qədər normaldır. Amma məsələ burasındadır ki, bizdəki seçkilər yox, səsvermədir. Azərbaycan insanının parlamentdən gözləntisi yoxdur deyə, seçkilərə maraq da azdır. Vətəndaşlar Milli Məclisi dişsiz orqan hesab edirlər. Bu baxımdan seçkilərə iki aydan da az müddət qalmasına baxmayaraq, seçki ab-havası müşahidə edilmir. Vətəndaş düşünür ki, onun deputatı problemini həll etməyə qadir deyil. Hansısa deputat məişət səviyyəsində hansısa seçicisi sayılan vətəndaşın problemini həll edə bilər. Çünki onların əmək haqları yaxşıdır, müəyyən qədər biznes sahələri var və s. Bu, məsələnin bir tərəfidir.

Seçkilərə gəlincə, əlahiddə dəyişiklik gözlənilmir. Əslində, seçkilər öncəsi hər bir ölkə üçün həssas dönəm sayılır. Çünki parlament seçkiləri bir yarışdır, siyasi qüvvələrin mübarizəsinin pik zamanı sayılır. Amma bizdə bu, faktiki olaraq, müşahidə edilmir. Məsələn, seçkilərdən qabaq dizelin, benzinin qiyməti qalxdı, sərnişindaşımada qiymətlər qalxdı. Normalda seçkilərdən əvvəl iqtidarlar qiymət artımına getməməlidir ki, xal itirməsinlər. Amma Azərbaycan iqtidari narahat deyil, seçki öncəsini həssas dönəm kimi qiymətləndirmir, mübarizədə məğlub olmayacağını düşünür və rahatdır.

- Bu, müxalifətin zəif olmasının nəticəsidir?

- Əslində Azərbaycanda narazılıqlar mövcuddur. Yəqin ki, iqtidar da insanlarda narazılığın olduğunu bilir. Amma bu narazılığın etiraza çevrilməsi prosesi baş vermir. Son 30 ildə belə təsəvvür yaranıb ki, daha çox müxalif təşkilatlar etirazları təşkil etməli, cəmiyyətə təqdim etməlidir. Amma bizdə müxalifətin bunu təşkil etmək imkanları məhduddur. Ona görə müxalifəti günahlandırmaq da o qədər ədalətli deyil. Hər halda iqtidarın əlində kifayət qədər resurs var ki, güclü görünür. Eyni zamanda, Azərbaycan hökuməti hazırda sosial öhdəliklərini yerinə yetirə bilir. Məsələn, büdcə təşkilatlarında işləyənlər əmək haqlarını alırlar, pensiyaları vaxtında verə bilir, bəzi hallarda mükafatlandırmalar edir. Müəyyən qruplar üçün yaşama şəraiti yaradılıb. Ona görə də sosial partlayış yaxın dövr üçün gözlənilmir. Müxalifəti zəif salan məsələdən biri də məhz bu amildir.

- Bu dəfəki seçkilərin nəticəsini necə proqnozlaşdırmaq olar?

- Birincisi onu demək lazımdır ki, bizdə parlamentin formalaşmasında vətəndaş amili üstün deyil. 2020-ci ilin seçkilərində beynəlxalq mandat altında seçkiləri müşahidə etmişəm. Düzdür, hava çox sərt idi, fevral ayı idi, seçici fəallığının aşağı olmasını bununla əlaqələndirmək olar. Amma seçki elə bir prosesdir ki, vətəndaşın normalda taleyi həll edilir. Ona görə də vətəndaşların seçkilərdə aktivliyi lazımdır. Lakin ötən parlament seçkilərində seçici fəallığı aşağı idi.

Bu seçkilərdə də seçici fəallığının aşağı olacağı qənaətindəyəm. Çünki əvvəldə də dedim, vətəndaşın seçkilərin onun taleyində dəyişiklik edəcəyinə inamı azdır. Müxalifətin də güclü resursu yoxdur ki, vətəndaşları seçki məntəqələrinə gətirə bilsin. Məncə, əlahiddə dəyişiklik gözlənilmir. Əvvəlkilərdən fərqlənməyən seçkilərin baş tutacağını güman edirəm.

- Məsələn, illərin deputatı, sonuncu seçkilərdən sonra vitse-spiker olan Adil Əliyev icra başçısı təyin edildi, deməli, parlamentlə vidalaşdı. Uzun illərin deputatı olan digər şəxslərin də bu seçkilərdə mandat qazanmayacağı barədə məlumatlar var. Bu amilləri nəzərə alsaq, demək olmazmı ki, Milli Məclisin tərkibində xeyli dəyişiklik ediləcək, yeni deputatları görəcəyik?

- Bu, sima dəyişikliyidir, ideya olaraq dəyişiklik gözlənilən deyil. Milli Məclisin proseslərə təsirinin artması, həqiqi parlamentin olması istəyinin olduğunu düşünmürəm. İqtidarı dəstəkləyən, iqtidarın kursunu dəstəkləyən bir deputatın yerinə başqa bir adın mandat alması dəyişiklik anlamı vermir. Yaxud da, iqtidar partiyası illərdir deputatı olan bir şəxsin yerinə başqa bir şəxsin namizədliyini irəli sürürsə, bu, dəyişiklik demək deyil.

Burada yenə də vətəndaşın düşüncəsinin önəmi var. Vətəndaş da Milli Məclisdə kimin olmasını əhəmiyyətli saymır. Bu gün parlamentdə xeyli gənc, 5 il bundan qabaq mandat alan deputatlar var. Amma mən və vətəndaş bir dəfə də görməyib ki, onlar haradasa çıxış etsin və cəmiyyətin, insanların problemlərini gündəmə gətirsinlər. Ötən çağırış Milli Məclisdə 7-8 nəfər var ki, onlar həqiqətən də millət vəkilləridir, demokratik seçkidə də mandat ala bilərlər. Ad çəkmək istəmirəm, amma həmin deputatlar milli mövqeli adamlardır, siyasiləşiblər, ictimaiyyət qarşısında məsuliyyətlərini dərk edirlər. Amma mütləq çoxluq – gənclər, yaşlılar fərqi yoxdur, ictimai məsuliyyətini dərk etmir, deputat funksiyalarını yerinə yetirmirlər.

Ola bilər ki, təxminən indiki tərkib 10 faiz dəyişsin. Kimsə yaşına, kimsə səhhətinə, kimsə də başqa məsələyə görə mandat qazana bilməsin. Həmin deputatların yerinə başqa o düşüncədə şəxslərin parlamentdə olması nəyi dəyişəcək?! Ona görə də, ola bilər ki, adlar dəyişsin, amma bu, cəmiyyət üçün faydalı olmayacaq. Çünki bu dəyişiklik konseptual siyasətlə həyata keçirilən dəyişiklik deyil. Dəyişiklik vizual ola bilər, mahiyyətin dəyişəcəyi gözlənilmir.(AYNA)

Anar Bayramoğlu

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam