Nazim Cəfərsoy: “Helikopter qəzası texniki nasazlıq səbəbdən də olsa, ölkədaxili siyasi mübarizənin bir parçası da olsa, İran istəyəcək ki, hadisəni xarici faktorla əlaqələndirsin”
Yenixeber.org: İran Prezidenti Seyid İbrahim Rəisinin həlak olduğu helikopter qəzası dünya gündəminin əsas müzakirə mövzularındandır. Rəisidən başqa helikopterdə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Şərqi Azərbaycan vilayətinin qubernatoru Mələk Rəhməti və Təbriz şəhərinin cümə imamı Seyid Məhəmməd Əli Haşimi də olub. Heyət üzvlərindən heç kim sağ qalmayıb. Prezidentin və digər rəsmilərin ölümü ilə bağlı İranda beş günlük matəm elan olunub. Rəisi və digər rəsmilər bu gün dəfn ediləcəklər.
Qeyd edək ki, Rəisinin helikopteri mayın 19-da günorta saatlarında İran lideri ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında görüşdən sonra Şərqi Azərbaycan əyalətinə sərt eniş edərək yerə düşüb. İlkin məlumata görə, helikopter qatı duman və elektron nasazlıq səbəbindən idarəetməni itirib, dağın yamacına düşüb və alovlanıb. Pilot səhvi və təxribat versiyaları da mövcuddur.
Rəisinin həlak olduğu helikopter qəzası ilə bağlı bir çox versiya irəli sürülür. İlkin versiya qəzanın helikopterin nasaz və əlverişsiz hava şəraiti səbəbindən baş verdiyi olsa da, İranda bəzi qüvvələr bunu sui-qəsd, kənar müdaxilə nəticəsində qətl kimi də qiymətləndirirlər.
Yeri gəlmişkən, dünən İran hökuməti ölkə Prezidentinin helikopter qəzasında həlak olması ilə bağlı təcili bəyanat yayıb. Hökumət əmin edib ki, “faciəyə baxmayaraq, ölkənin idarə olunmasında pozuntulara yol verməyəcəklər”.
Nazirlər Kabineti həmçinin Rəisini dövlət başçısı kimi tərifləyib: “O, zəhmətkeş və yorulmaz, ölkənin inkişafı və tərəqqisi yolunda ancaq böyük İran xalqına xidmət etmişdir. O, vədinə sadiq qaldı və canını millət naminə qurban verdi”.
İranın birinci vitse-prezidenti Məhəmməd Moxber ölkədəki seçkilərə qədər prezident səlahiyyətlərini icra edəcək. İran xarici işlər nazirinin müavini Əli Baqiri Kani isə ölkənin Xarici İşlər Nazirliyinin rəhbərliyi vəzifəsini icra edəcək.
Ekspertlər İran Prezidentinin və rəsmilərinin həyatına son qoyan qəza ilə bağlı şərhlərində bildirirlər ki, bu hadisə qonşu ölkənin siyasi sistemində dəyişikliyə səbəb olacaq.
“Qafqaz Strateji Araşdırmalar Mərkəzi”nin sədr müavini, politoloq Nazim Cəfərsoy bizimlə müsahibəsində deyib ki, birincisi, araşdırılmalıdır ki, bu qəza necə, hansı şəraitdə baş verib:
-İkincisi, bundan sonra İranda yeni siyasi proses başlayacaq. Yeni prezident seçkiləri 50 gün içərisində keçirilməlidir. Bununla yanaşı, İran siyasi sistemində güclər nisbətinin yenidən tənzimlənməsi prosesi baş verəcək. Təbii ki, siyasi prosesə qəza ilə bağlı məsələlər təsirsiz ötüşməyəcək.
Birinci sual belədir: niyə bu hadisə baş verdi? Bu suala üç cavab var. Birincisi, adi, hava şəraitinə görə texniki qəzadır. İkinci versiya odur ki, İran daxilindəki güc mübarizəsi yeni mərhələyə keçir. Üçüncüsü, bu, hansısa xarici qüvvənin törətdiyi terror aksiyasıdır. İran hansı versiyanın üzərində dayanarsa, İranın bundan sonra təhlükəsizlik, müdafiə və xarici siyasəti ilə bağlı hansı addımlar atacağını demək olar. Texniki nasazlıq səbəbindən bu qəzanın baş verdiyi versiyasının üzərində dayanılsa, o zaman daxildə də, xaricdən də sorğular başlayacaq, axı necə olur ki, Prezident köhnə, nasaz bir helikopterə mindirilib?! Amerikaya, İsrailə, ümumilikdə dünyaya meydan oxuyan bir ölkənin rəhbərinin mindiyi helikopterin texniki baxımdan çox geridə qalmış olması İranın hava sistemi, hava təhlükəsizliyi ilə bağlı ciddi suallar doğurur. Bu, İran daxilində də, dünyada da ciddi müzakirə predmetinə çevriləcək.
Daxili siyasi mübarizənin nəticəsi versiyası üzərində dayanılsa, o zaman ölkə daxilində gərginliklər artacaq. Rəisinin xarici siyasəti ilə bağlı əvvəllər tənqidlər səsləndirilirdi. Xüsusilə, parlamentdəki qruplar qəzada ölən xarici işlər naziri Abdullahianın addımlarını tənqid edirdilər. Onun hətta vəzifəsindən uzaqlaşdırılması məsələsi də gündəmə gəlmişdi.
Digər hadisədə versiya kimi, xarici qüvvələrin terror aktı versiyasının üzərində dayanılmasıdır. İran bu versiyanı üstün tutarsa, o zaman məsələ bir qədər də qəlizləşir.
- Helikopterin nasaz olması, Prezident və xarici işlər nazirinin eyni helikopterə minməsi də dünyada verilən əsas suallardan biridir. Eyni zamanda, Prezidentin helikopterini müşaiyət edən iki helikopter sağ-salamat təyinat məntəqəsinə eniş edib. Bu faktlar hansı mesajı verir?
- Əslində bu cür səfərlərdə texniki baxımdan baxılması gərəkən məqamlardan biri heyətdəki fiqurların eyni nəqliyyat vasitəsinə minməməsidir. Biz görürük ki, İranın iki əhəmiyyətli şəxsi eyni helikopterdə olublar. İki vacib dövlət adamının fərqli nəqliyyat vasitəsində olması təhlükəsizlik məntiqi baxımından doğru deyil. Buna niyə qərar verilib, araşdırma mövzusudur. Eyni zamanda, bildirilir ki, qəzaya uğrayan helikopterin pilotunun kimliyi məlum deyil. Bu da anlaşılan deyil. Prezidentin əyləşdiyi helikopterin pilotunun kimliyinin bilinməməsi mümkünsüzdür. Ola bilər ki, pilot Prezidentin mühafizə xidmətinə aid olub deyə, kimliyi bilinmir. Hər halda, qaranlıq məqamdır. Başqa bir məqam, Prezidentin Tehrandan Təbrizə, oradan isə Xudafərinə gəlib-getməsi məsələsidir. Nəticə etibarilə, Təbrizlə Xudafərin arasında məsafə o qədər də çox deyil, avtomobillə də hərəkət etmək olardı. Suallar çoxdur, cavablar isə müxtəlifdir. Əsas olan İranın araşdırmalarının nəticələrini hansı formada təqdim edəcəyidir.
- Artıq xarici qüvvələr ehtimalı artıq İran mediasında özünə yer alıb...
- Bu məqama ciddi diqqət yetirmək lazımdır. İrandakı dairələrə hansına hansı ölkənin adını çəkmək sərf edirsə, o ölkənin adını çəkməyə başlayıb. Manipulyasiyalar çox olacaq. Əgər helikopter qəzası texniki nasazlıq səbəbindən də olsa, ölkədaxili siyasi mübarizənin bir parçası da olsa, İran istəyəcək ki, hadisəni xarici faktorla əlaqələndirsin. Təbii ki, xarici faktor dedikdə ilk ağıla İranın problem yaşadığı ölkələr olacaq – ABŞ, İsrail. Düşünürəm ki, məsələni Azərbaycanla da hansısa formada əlaqələndirmək üçün İranda ciddi maraqlı qüvvələr var. İrandaxili siyasi gərginliyi pərdələmək üçün günahı başqalarının üzərinə atmaq siyasəti mümkündür. Eyni zamanda, İranla Azərbaycan münasibətlərinin normallaşmasını istəməyən qüvvələr də bizim ölkənin adını hansısa formada hallandıra bilərlər. Biz bu məsələdə diqqətli olmalıyıq.
- İran Nazirlər Kabineti bəyanat verib, “faciəyə baxmayaraq, ölkənin idarə olunmasında pozuntulara yol verilməyəcək”, deyə bəyanatdında vurğulayıb. Bununla yanaşı, ölkə rəhbərliyi təcili toplantı keçirib, idarəçiliklə bağlı qərarlar qəbul edib, Prezidentin və nazirin səlahiyyətlərinin icrası vitse-prezidentə, XİN başçısının müavininə həvalə olunub. İran hökuməti niyə belə tələsdi?
- Bu, təbiidir. Çünki ölkənin iki mühüm şəxsi – Prezident və xarici işlər naziri həyatını itirib. Ölkənin təhlükəsizliyi ilə bağlı təcili toplantı keçirmək, yeni dönəm üçün dəyərləndirmə aparmaq, vəzifələrin müvəqqəti də olsa həvalə olunmasını təmin etmək vacib idi. Əlbəttə, bunun nəticələr, görüləcək tədbirlər, hadisənin araşdırılması İranın bundan sonrakı siyasətinə, qərarlarına təsir göstərəcək. Yəqin ki, bu toplantılar Ali Dini Lider Seyid Əli Xameneinin rəhbərliyi ilə bir neçə dəfə keçiriləcək, qərarlar uzlaşdırılacaq. Bu proseslər İranı yeni mərhələyə aparır. Qəzanın texniki hissəsi ilə bağlı yəqin ki, komissiyalar yaradılacaq, araşdırmalar ciddi şəkildə aparılacaq.
- Bundan sonra İranda nələr gözlənilir?
- İranda daxili siyasət baxımından, iki proses bir-birinə qarışıb. Bunlardan birincisi İran siyasətində Xameneidən sonraya hazırlıq idi. Hazırlıq prosesinin ən əhəmiyyətli hissəsi ondan ibarətdir ki, Xameneinin sağlıq durumu ilə bağlı problemlər var. İranlı ekspertlər zaman-zaman bunu qabardırdılar və ehtimallar vardı ki, Rəisi bu posta hazırlaşır. Rəisinin qəzada həlak olmasından sonra güc tənzimlənməsi ilə bağlı proseslər sürətlənəcək. Çünki iki proses bir-birinə qarışdı. Xameneidən sonrakı İran dini təhlükəsizliyi, İran milli təhlükəsizliyi məsələsi həll olunmalıdır, həm də İrandakı günlük siyasi proseslərin aparılması üçün Prezident postunu kimin tutacağı dəqiqləşməlidir. Diqqətlə baxmaq lazımdır ki, İranda bu proseslər necə gedir. Bundan sonrakı 50 gün içərisində çox şeyə aydınlıq gələcək. İndidən demək ki, güc mübarizəsində kimlər hansı addımları atacaqlar, prezidentliyə namizəd kim olacaq, Ali Dini Lider postuna kimi düşünürlər, bunları söyləmək üçün tezdir.(AYNA)