Əhməd İsmayılovun CƏNUB SÜFRƏSİ... -YE, ƏHMƏD, YE...
Hesabat deyiləndə ağıla ilk gələn mühasibat sənədləri olur
Yenixeber.org: Bu ayın əvvəlində Medianın İnkişafı Agentliyinin yaydığı bir xəbər diqqət çəkdi. Daha çox Bakıda, ADA Universitetində tədbirlər keçirən Agentlik bu dəfə rayondan xəbər vermişdi. Sən demə, MEDİA cənub zonasında region mətbuatı axtarmağa gedibmiş. Görünür, paytaxtdan əllərini üzüblər. “Oktyabrın 6-da Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “Regional Medianın İnkişafı” layihəsi çərçivəsində müzakirələrin aparılması məqsədilə Lənkəran şəhərində cənub regionunda fəaliyyət göstərən media nümayəndələri ilə görüş keçirilib” .
Media dərsi keçmək iddiasına düşənlərin özünün gərəkdir ki, dil bilgisi olsun, cümlə qurmağı bacarsın. Girişdəki cümlə Agentliyin yaydığı xəbərdəndir. Qabaqca bu xəbərin ilk cümləsindəki qüsurları göstərək. Cümlə belə olmalıdır: “Regional Medianın İnkişafı” layihəsi çərçivəsində müzakirələrin aparılması üçün Medianın İnkişafı Agentliyi cənub regionunda fəaliyyət göstərən media nümayəndələri ilə oktyabrın 6-da Lənkəran şəhərində görüş keçirib”.
MEDİA-nın cümləsindən isə belə anlaşılır ki, cənub regionundakı bütün mətbuat Lənkəranda fəaliyyət göstərir. Bir cümlədə 3 “ilə” də öz yerində…
Region mətbuatına dəstək yaxşı təşəbbüsdür. Ümumiyyətlə, mediaya dəstək alqışlanasıdır. Ancaq o dəstək tədbirlərlə, harasa səfərə gedib yeyib-içməklə bitməməlidir. Ən yaxşı dəstəksə mətbuat mühitinin yaradılmasıdır. Bu gün ölkənin paytaxtında normal media tapmaq mümkün deyil, heç bir dəstək olmayan vaxtlarda qəzet köşklərində mətbuat bolluğu vardı, indi nə qəzet köşkü var, nə mətbuat. Regionlarda isə qəzet köşkünü çıraqla da tapmaq çətindir.
Belə bir durumda “Regional Medianın İnkişafı” layihəsi üçün vəsait əldə etmək, rayona gedib tədbir keçirmək, üstəlik, region mediası nümayəndələri tapmaq əsl hünərdir. Çox təəssüf, MEDİA başbilənləri həmin tədbirdə cənub regionundakı hansı mətbuat nümayəndələrinin iştirak etdiyini paylaşdıqları xəbərdə yazmayıblar. Buna ehtiyac vardı. Həm oxucular cənub regionunda nə qədər mətbuat olduğunu, həm də o medianı kimlərin təmsil etdiyini biləcəkdi.
Az-çox jurnalistika sahəsinin adamlarının hər hansından Cənub zonasında mətbuat nümayəndəsi soruşsan, Zahir Əmənovun adını çəkəcək. Yaxşı ki, tədbirdən paylaşılan şəkillərdə onu da gördük. Unutmayıblar. Qalan kimlər var? Onları gərək təqdim edəydilər. Yoxsa AzTV-lərin, “Jalə” agentliklərinin bölgə müxbirlərini region mediası adına sırımağın, zalı təsadüfi adamlarla doldurmağın nə anlamı var? Aydındır, anlamı var: tədbir təəssüratı yaradıblar, ancaq region mediasına bunun heç bir faydası yoxdur. Yeri gəlmişkən, tədbiri “Pasha Holding” şirkətlər qrupuna daxil olan “Lankaran Springs Wellness Resort” hotelində keçiriblər…
Tədbirdən paylaşılan xəbərdə belə bir cümlə də var: “…Bununla yanaşı, layihə çərçivəsində Bakı Dövlət Universitetinin Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının dosenti Vəfa İsgəndərovanın təqdimatında 60-a yaxın region gəncinin iştirakı ilə “Media savadlılığı” mövzusunda təlim baş tutub”. Görünür, təlim iştirakçıları Regional İnkişaf İctimai Birliyinin könüllüləri olub. Agentlik bir səfərlə iki iş görüb, həm region mediasının problemlərini öyrənib, həm də 60-a yaxın gəncə Media savadı verib. KİVDF rəhbəri Vüqar Səfərlinin belə “media könüllüləri” yox idi, kim bilir, bəlkə, elə həm də buna görə onu işdən çıxardılar…
Kiçik bir araşdırmayla Cənub regionunda mətbuatın durumuna baxaq, Tədbir üçün seçilən Lənkəranda rayon qəzeti 2023-cü ildə hələlik cəmi bir dəfə çıxıb, o da Mətbuat Günündə – iyulun 22-də. 300 tirajla.
“Lənkəran” qəzeti qabaqlar elə rayonda çap edilsə də, 1995-ci ildən Bakı mətbəələrində ayda iki dəfə səkkiz səhifə həcmində nəşr olunub. 2010-cu ildən rəngli buraxılır. Ötən əsrin 70-ci illərində isə həftədə üç dəfə dörd səhifə həcmində, 22 min nüsxə tirajla çap olunub. 2021-ci ildən isə ayda iki və ya bir dəfə 500 tirajla buraxılır. Lənkəran əhalisinin sayı 53 min nəfərdən çoxdur. Göründüyü kimi, mətbuata dövlət dəstəyi artdıqca tiraj və dövrilik aşağı düşüb.
“Astara” qəzeti ayda 2 dəfə nəşr olunur. 111 min nəfərdən çox əhalisi olan bu rayonda yerli qəzetin tirajı 500 nüsxədir…
“Lerik” qəzeti ayda bir dəfə nəşr olunmağa çalışır. İnternet resurslarından bəlli olur ki, qəzetin sonuncu sayı bu ilin martında çıxıb. Yəni hələlik bu il cəmi 3 nömrə işıq üzü görüb. Bu rayonun da əhalisinin sayı 87 min nəfərdən çoxdur. Qəzetin tirajı isə 400-500 nüsxədir.
Masallıda region mətbuatı adına Zahir Əmənovun rəhbəri olduğu “Cənub xəbərləri” qəzeti vardı. O zonada çox populyar olan qəzeti Zahir Əmənov cəmi 15 il (2002-2017) yaşada bildi. Baxmayaraq ki, bu 15 ilin 8 ilində mətbuata dövlətin qayğı göstərdiyi görüntüsü yaradan KİVDF adlı qurum vardı… İndi qəzet yoxdur, onun əvəzinə cenub.az, masallıda.az, arkivan.az, cənub-xəbər tv internet resursları var. Rayon icra hakimiyyətinin də “Yeni Həyat” adlı mətbuat orqanı fəaliyyət göstərir. Yeni qanunsa yerli icra hakimiyyətlərinə qəzet təsisçiliyini qadağan edir. Hə, Masallının əhalisi 229 min nəfərdən çoxdur…
Yeri gəlmişkən, tədbirlərlə bağlı hesabatlılıq da yoxdur. Baxmayaraq ki, qurumun saytında “Hesabatlar” alt bölməsi var.
Oktyabrın 9-da saytın “Hesabatlar” bölməsində “Medianın İnkişafı Agentliyinin sentyabr ayı üzrə hesabatı” başlıqlı video-rolik yerləşdirilib. Hesabat nədən ibarətdir? Əhməd İsmayılovun kiminləsə görüşü, harasa gül qoyması, çıxışı və s. Bir neçə örnək yetərlidir.
12.09.2023.“Medianın İnkişafı Agentliyinin Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli Azərbaycan Televiziyasının “Çıxışa doğru” verilişində qonaq olub, dezinformasiyaya qarşı mübarizədə medianın rolundan danışıb”.
15.09.2023.“Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov Media könüllüləri ilə görüşüb.
20.09.2023. .“Medianın İnkişafı Agentliyinin Kommunikasiya şöbəsinin müdiri – mətbuat katibi Səidə Şəfiyeva İctimai Televiziyaya müsahibə verərək media subyektləri və jurnalistlərin rəsmi mənbələrə istinad etməsinin əhəmiyyətindən danışıb.
27.09.2023. .“Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov və Agentliyin kollektivi Zəfər parkına gələrək 44 günlük Vətən müharibəsində respublikanın ərazi bütövlüyünün qorunması, bərpası və işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarının xatirəsini ehtiramla yad edib.
Hesabat deyiləndə ağıla ilk gələn mühasibat sənədləri olur. Layihələri hansı təşkilatlar maliyyələşdirib, büdcə və donor təşkilatların ayırdığı vəsait necə xərclənib və s. Agentliyin hər ay yaydığı hesabatlardasa gözə dəyən Natiqin harda qonaq olması, Əhmədin kiminlə görüşməsi, Səidənin hara müsahibə verməsidir. Bunun medianın inkişafına nə dəxli var?!
Qanun deyir ki, Agentlik “…maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə özlərinin rəsmi internet səhifələrində və ya mətbu orqanda dərc edir”.
P.S.Həmin xəbərdən bir cümləni az qala unutmuşdum: “Görüşdən əvvəl Medianın İnkişafı Agentliyinin nümayəndələri və tədbir iştirakçıları tərəfindən Lənkəranda Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, onun xatirəsi dərin ehtiramla yad olunub”.
Rövşən Hacıbəyli: //meydanTV//