Yenixeber.org: Taliban 2021-ci il avqust ayında Əfqanıstanda hakimiyyəti ələ keçirdikdən sonra beynəlxalq şirkətlərin əksəriyyəti bu ölkəni tərk edib. Xarici şirkətlər qeyri-müəyyənliyə və təhlükəsizlik problemlərinə görə Əfqanıstanı tərk ediblər. Buna baxmayaraq, Çin şirkətləri Əfqanıstanda çalışmaqdan çəkinmirlər. Pekinin Talibanla sıx dialoqu var. Çin şirkətləri Əfqanıstanı tərk edən şirkətlərin boşalan yerlərini doldurmağa çalışırlar.
Beynəlxalq aləmin diqqəti Rusiya-Ukrayna müharibəsinə yönələrkən Çin Əfqanıstandakı siyasi və iqtisadi mövqelərini möhkəmləndirib. Əfqanıstanda Çin vətəndaşlarının sayı artdığına görə, paytaxt Kabildə hətta çinlilərə aid məhəllə formalaşıb. Taliban qruplaşmasının anti-ABŞ siyasəti də Pekinin işinə yarayıb. Əfqanıstanın yatırımlara ehtiyacı var. Taliban hakimiyyəti ələ keçirdikdən sonra Əfqanıstan Mərkəzi Bankının xarici banklardakı 9.2 milyard dolları dondurulub. Əfqanıstanda ərzaq çatışmazlığı var, insanların qidalanma problemi mövcuddur. Talibanın bu ağır vəziyyətdə ümidi yalnız Çinədir.
Çin şirkətləri təhlükəsizliklə bağlı risqə getsələr də, Əfqanıstanda qazanclarını artırıblar. Çinli iş adamları Taliban silahlılarından ethiyat etmir, onlarla əməkdaşlığı genişləndiriblər. Talibanın rəhbərliyi çinli iş adamları üçün hər cür şərait yaradıblar. Talibanı idarə edənlər çinli iş adamların Əfqanıstanda yaranan problemlərini qısa müddətdə həll edirlər.
40 milyon əhalisi olan Əfqanıstan çinli iş adamları üçün münbit bazardır. Əfqanıstanın zəngin və hələ istifadə olunmayan yeraltı zənginlikləri də çinli iş adamlarını bu ölkəyə cəlb edib. Pekin ayrıca, “İpək yolu” layihəsində Əfqanıstanın imkanlarından istifadə etməyi planlaşdırıb. Çin bu istiqamətdə layihənin reallaşması üçün on milyardlarla dollar xərcləyəcək. Çinin “Xinjiang Central Asia Petroleum and Gas” şirkəti Əfqanıstanda neft istismar edəcək. Çin çirkəti Talibanla 25 illik müqavilə imzalayıb. Çin şirkəti birinci il 150 milyon dollar, sonrakı illərdə 540 milyon dollar yatırım qoyacaq.
Çinin Talibanla sıx əlaqələrinə və yatırımlarına baxmayaraq, Pekinin Kabildən tələbləri də var. Pekinin Talibandan əsas tələbi silahlı uyğurların Əfqanıstandan çıxarılmasıdır. Həmin uyğurlar Əfqanıstanın şərq hissəsində qərarlaşıblar. Taliban Pekinə vəd verib ki, silahlı uyğurlara dəstək verməyəcək, ancaq onların ölkədən çıxarılması çətindir. Pekin ehtiyat edir ki, həmin silahlı uyğurlar Əfqanıstan ərazisindən Çinə silahlı hücumlar təşkil edə bilərlər. Taliban Çinlə münasibətlərdə problem istəmir, ancaq silahlı uğurları tərksilah edə də bilmir.
“Atlas” Araşdırmalar Mərkəzi