Duayt Eyzenhauer və Georgi Jukov - onların adı II dünya müharibəsinin tarixinə qalib sərkərdələr kimi düşüb. Amerkalı ordu generalı ilə sovet marşalının siyasi baxışları fərqli olsa da, müharibədən sonra onların arasında dostluq münasibətləri yaranıb...
Yenixeber.org: Müharibə illərində Jukovla Eyzenhauerin münasibətləri yalnız rabitə vasitəsi ilə olub. Onlar ilk dəfə müharibədən sonra, 1945-cı ilin mayın 20-də görüşüblər. Sərkərdələr həmin gün Berlində qələbənin şərəfinə verilən ziyafətdə bir masa arxasında əyləşiblər. Müasirlərinin yazdıqlarına görə, Jukovla Eyzenhauer həmin ziyafətdə çox mehriban və səmimi görünüblər. Məhz bu ziyafətdən sonra yüksəkçinlilər bir-birlərinə dost deyiblər.
Stalin 24 iyun 1945-ci ildə Moskvada keçirilən qələbə paradına Eyzenhaueri şəxsi qonağı kimi dəvət etsə də, səfər zamanı onu bütün tədbirlərdə Jukov müşayiət edib. Ordu generalının xahişi ilə onlar Leninqrad şəhərinə də səfər ediblər. Səfərin sonunda Eyzenhauer Jukovu ABŞ-a dəvət edib. Jukov bu dəvəti məmnunniyyətlə qəbul edib və marşalın bu səfəri 1946-cı il üçün planlaşdırılıb. Amma Stalin Jukovun Amerikaya səfər etməsinə heç bir səbəb olmadan icazə verməyib.
Ümumiyyətlə, Jukovun Eyzenhaurlə dostluq münasibəti Kremlin ürəyincə olmayıb. Əks qütblərin tanınmış simalarının yaxınlığı Mərkəzi Komitədə birmənalı qarşılanmayıb. Ancaq buna baxmayaraq, qalib sərkərdələr mütəmadi olaraq məktublaşıblar. Məktublar səfirliklər vasitəsi ilə ünvana çatıdırılıb ki, həmin məktublardakı yazılar həm ABŞ prezidentinə, həm də sovet liderlərinə məruzə edilib.
Əslində bu məktublarda heç bir siyasi və hərbi mövzuda ifadələr yer almayıb. Məsələn, 1946-cı ildə Jukovun məktubunda aşağıdakı mətn əksini tapıb: “Ümid edirəm ki, bizim dostluğumuzun ömrü uzun olacaq. Mən buna şübhə etmirəm. Siz məni dost adlandırmısınız. İcazə verin, mən də sizə dost deyə müraciət edim...”
Jukov bu məktubla birlikdə Eyzenhauerə sovqat da göndərib. Ağ ayı dərisi, qiymətli əşyaları saxlamaq üçün kiçik sandıqça və rus mətbəxinə məxsus delikates ərzaq məhsulları səfirlik vasitəsilə amerikalı generala çatdırılıb. Eyzenhauer məktub vasitəsi ilə Jukova minnətdarlığını belə bildirib: “Sizin göndərdiyiniz sovqatı yaxınlarımla bölüşdüm və qürurla onlara bildirdim ki, bu sovqatı mənə böyük dostum Jukov göndərib. Ümid edirəm, yaxın zamanlarda biz görüşəcəyik...”
ABŞ-SSRİ münasibətləri gərginləşəndə də dostlar arasında münasibət davam edib. 1955-ci ildə Jukovla Eyzenhauer növbəti dəfə Cenevədə konfransda görüşüblər. Bu görüşdə də ordu generalı sovet marşalını böyük dost adlandırıb. Həmin ilin sonunda Eyzenhauer Jukova növbəti məktubunu ünvanlayıb: “Cenevədəki konfransda görüşümüzdən çox məmnun qaldım. Arzu edirəm ki, bu cür görüşlər davamlı olsun. Söhbətlərimizin birində qeyd etmişdiniz ki, balıq ovuna böyük həvəs göstərirsiniz. Bunu nəzərə alaraq sizə “amerikasayağı” bir tilov göndərirəm. Həmin tilovla siz daha çox qənimət əldə edəcəksiniz və daha çox zövq alacaqsınız. Sizə fəaliyyətinizdə uğurlar diləyirəm...”
Tilov, digər kiçik hədiyyələr və məktub səfirlik vasitəsilə Jukova çatdırılıb və bu haqda dərhal Nikita Xruşova da məruzə edilib. Xruşov sərkərdələrin dostluğuna olduqca mənfi yanaşıb. O, bu haqda marşala üstüörtülü xəbərdarlıq da edib: “İmperialistlərə bel bağlamaq ən böyük yanlışlıqdır, kommunistlərlə kapitalistlərin dostluğu mümkün deyil. Əgər belə bir dostluq mövcuddursa, demək, onun arxasında qaranlıq mətləblər dayanır...”
Qeyd edək ki, Eyzenhauer 1953-cü ildə ABŞ-ın prezidenti seçilib. 1955-ci ildə isə Jukov SSRİ-nin müdafiə naziri vəzifəsinə təyin olunub. Xruşov marşalı 1957-ci ildə nazir vəzifəsindən uzaqlaşdırıb. Bunun əsas səbəbi Jukovun qətiyyəti və böyük nüfuz sahibi olması olub ki, Xruşov Jukovun birinci kürsüyə sahib olacağından ehtiyat edib. İkinci əsas cəbəb isə marşalın ABŞ prezidenti Eyzenhauerlə dostluq münasibətləri olub. Xruşov elə düşünüb ki, bir qalib sərkərdə Amerika prezidenti seçilibsə, bu hadisə SSRİ-də də təkrar oluna bilər.
Jukovun nazir vəzifəsindən uzaqlaşdırılması Eyzenhauer üçün gözlənilməz hadisə olub. 1959-cu ildə Xruşov Amerikaya səfər edəndə Eyzenhauer “yumşaq” formada sovet liderindən bu haqda soruşub:
- Mən elə düşünürdüm ki, nümayəndə heyətinin tərkibində böyük dostum Jukovu da görəcəyəm.
Xruşov prezidentin nəyə işarə etdiyini dərhal anlayıb və kinayəli təbəssümlə Eyzenhauerə cavab verib:
- Sizin böyük dostunuz sizin göndərdiyiniz tilovla balıq tutmağa getdi, odur ki, narahat olmağa dəyməz.
Xruşovun Amerika səfərindən sonrakı illərdə sərkərdələrin münasibətləri, demək olar ki, tam kəsilib. Bəzi versiyalara görə, Jukovun Amerikaya göndərdiyi məktublar Xruşovun göstərişi ilə səfirliklərdə qəbul edilməyib.
Dostluq əlaqələri kəsilsə də, həm Eyzenhauer, həm də Jukov öz memuarlarında biri-biri haqqında yüksək fikirlər yazıblar.
Qeyd edək ki, Eyzenhauer 1969-cu ildə 78 yaşında, Jukov isə 1974-cü ildə 77 yaşında vəfat edib.
İlham Cəmiloğlu