Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Laçın tələsi -Sevinmək, bəli, tezdir, amma gözləməyə həmişə haqqımız var

Laçın dəhlizinin girəcəyində mini gömrük-keçid məntəqəsi quraşdırılacaq. Bu barədə Qarabağdakı Rusiya hərbi kontingentinin komandanı, general Volkov açıqlama verib. O, Azərbaycan tərəfi ilə müvafiq raziliğa gəldiklərini” deyib, əlavə edib ki, bu vaxta qədər “texniki vasitələri olmadığı üçün” dəhlizə keçiddə yükləri daha diqqətli yoxlamaq imkanları olmayıb.

Yenixeber.org: Xəbərin Azərbaycan cəmiyyətində birmənalı reaksiya doğurmamasının bir neçə səbəbi var. Ortaya xeyli sual çıxır və həmin suallarında çoxunun cavabı elə öz içərisindədir.

Birincisi“biz razılığa gəlimişik ki, …quraşdıraq” cümləsindəki quraşdırmaq missiyası kimə aiddir? Rusiya hərbçiləri öz postlarında yalnız özlərinin nəzarət edəcəyi keçid məntəqəsi quraşdırırlar? Yoxsa Azərbaycan dövlətinin ərazisinə keçidi təmin edən qanuni gömrük-keçid məntəqəsindən söhbət gedir? Volkov “biz” deyəndə yalnız özlərini, yoxsa Azərbaycan və Rusiya təmsilçilərini birgə nəzərdə tutur?

İkincisi, 44 günlük müharibənin bitməsindən və Rusiya hərbi kontingentinin əraziyə gəlməsindən iki il keçir. Doğrudanmı biz inanmalıyıq ki, bu iki ildə Rusiya keçiddə belə bir post quraşdırmaq istəyib, lakin buna texniki imkanı olmayıb? Axı Rusiyaya lazım olsaydı, oraya bir skaner gətirib qoymaq nə çətin iş idi ki? Belə çıxmırmı ki, bu “razılaşma” daha çox Azərbaycan tərəfinin istəyi ilə təmin olunub? Onu da nəzərə almaq lazımdır ki, müharibədən sonrakı dövr ərzində dəhliz vasitəsilə Qarabağa silah-sursat, Volkovun dediyi kimi, “qadağan olunmuş yüklər” keçirilməsinə, bəzi Ermənistan və digər ölkə rəsmilərinin istədikləri vaxt gəlib-getməsinə rəsmi Bakının etirazları olub. Sonuncu belə fakt keçən ay ərazidən 2021-ci ildə Ermənistanda istehsal olunmuş minaların tapılaraq, Rusiya hərbçilərinə təqdim edilməsi idi. Görünür, bu və digər bənzər faktlar, nəhayət, Rusiya hərbçilərinə ərazidə ən azından yeganə söz sahibi olmadıqlarını anlatmaq üçün bəs edib.

Üçüncüsü, Volkovun bu açıqlamasının İrandan Xankəndiyə gələn 14 diversant barədə mediada yayılan məlumatlardan dərhal sonraya təsadüf etməsi də diqqət çəkir. Həmin hadisənin Bakı və Moskva arasındakı diplomatik təmaslarda necə müzakirə olunduğu, ümumiyyətlə, müzakirə olunub-olunmadığı barədə bilgi yoxdur. 

İndi isə xronikaya nəzər salaq: 

– Noyabrın 24-də diversantlar əraziyə keçib;

– Noyabrın 26-da Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti ilə telefonla danışıb;

– Dekabrın 4-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiyaya işgüzar səfərə gedib, həmkarı Sergey Lavrovla görüşüb və iki ölkə arasında məsləhətləşmələrə dair anlaşma sənədi imzalanıb (sənədin mahiyyəti ayrıca təhlilin mövzudur);

– Dekabrın 5-də Prezident İlham Əliyev Rusiya Prezidentinin köməkçisi İqor Levitini qəbul edib (söhbət məhz Ermənistanla münasibətlərdən, regionda nəqliyyat-kommunikasiya xətlərinin açılmasından və Zəngəzur dəhlizindən gedib, yəni predmet üzrə);

– Dekabrın 6-da Prezident İlham Əliyev Dağıstan Respublikasının rəhbəri Sergey Məlikovu qəbul edib.

On gün ərazində bu qədər intensiv təmaslar olub və bu təmaslarda Qarabağ, Laçın dəhlizi, ərazidəki erməni silahlı birləşmələri barədə danışılmaması absurd olardı. Volkovun anons etdiyi “mini gömrük məntəqəsi” həmin təmasların nəticəsidir, böyük ehtimalla. Bütün hallarda, Laçın dəhlizinin girişində belə bir postun olmasının hətta müzakirəsi maraqlı situasiya yaradır. Bu post ya özü, ya da onun haqqında açılmış müzakirələr tələyə çevrilə bilər. Ayıq olsaq, ora başqaları düşəcək. 

Bəli, praktik olaraq Azərbaycanın bu imkandan necə istifadə edə biləcəyini zaman göstərəcək. Amma fakt budur ki, Rusiya iki ildir bölgədəki sərhədsiz hərəkət protokoluna yenidən baxmalı olub. İndi lap formal da olsa, gəlib-gedənləri yoxlamalı olacaqlar və nəticəyə görə cavabdehlik rəsmiləşir. Razıyam ki, sevinmək tezdir. Amma bunu gözləmək bizim haqqımızdır və ümid edək ki, zamanla gerçək olacaq.

Doğrudur, ölkəmizdə belə gömrük məntəqələri çox yerdə var, illərdir ordan nələrin keçirildiyi barədə çoxlarımızın, bəzən hətta dövlətin belə xəbəri olmayıb. Amma axı bir gün, onillər sonra olsa da, “məşhər günü” yetişəndə yaxasından yapışmağa, günahlandırmağa, izahat tələb etməyə cavabdeh qurumlar və adamlar tapılır! Dəstəylə həbs edib, mühakimə edirlər. Heç biri də etiraz edə bilmir. İndi Laçın dəhlizinə qoyulacaq skanerdən də nələrin keçirildiyini bəlkə də bir müddət bilməyəcəyik, amma bir gün Şuşa yolunda, Qarabağın başqa bir ərazisində Volkovun “qanunsuz yük” adlandırdığı hansısa dəlil tapılanda bunun artıq “ermənilərin özfəaliyyəti” olmadığı, skanerə nəzarət edənlərin fəaliyyəti olduğu üzə çıxacaq. Yapışmaq gücümüz olsa, yaxanı tanıyacağıq. Lap gücümüz olmasa belə, hüququmuz həmişə olacaq… 

Ümumiyyətlə, müharibədən sonrakı dövrdə Azərbaycanın Laçın dəhlizi ilə bağlı strategiyasında gömrük-keçid formatının nəzərdə tutulduğu barədə vaxtaşırı məlumatlar yayılırdı. İranla imzalanan niyyət protokolunda “üçüncü dəhliz” məsələsi ortaya çıxanda bu məsələ daha da aktuallaşmışdı. Belə görünür ki, Laçın dəhlizinin girişində quraşdırılacaq post həmin strategiya üçün vacib başlanğıc rolu oynaya bilər. 

Qabil Abbasoğlu


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam