Yenixeber.org: 38 il hakimiyyəti əldə saxlamaq ona asan başa gəlməyib. Ehtimal olunan sui-qəsd cəhdlərindən yayınmaq üçün Qnassinqbe Eyadema iş və yaşayış yerlərini tez-yez dəyişməyə məcbur olub. Hətta ən yaxın silahdaşları belə prezidentin hansı məkanda olduğundan xəbərsiz qalıblar. Rəsmi müşavirələrin, qeyri-rəsmi toplantıların yeri məmurlara görüşdən 20-30 dəqiqə əvvəl bildirilib. Toqo prezidenti Eyadema təhlükəsizliyini təmin etmək üçün bütün mümkün variantlardan istifadə edib.
1935-ci ildə Toqonun şimalında, Piya kəndində anadan olan Eyadema hakimiyyətə gələnə qədər hərbçi olub, o, 1953-cü ildən Fransa ordusunda xidmət edib. Vyetnamda, Əlcəzairdə, Nigeriyada hərbi əməliyyatlarda iştirak edən Eyadema 1960-ci ildən xidmətini Toqo ordusunda davam etdirib.
Müstəqilliyini yeni əldə etmiş Toqoda ordunun təşkilində və formalaşmasında Eyademanın xüsusi rolu olub. Məhz bu ərəfədə o, orduda özünə kifayət qədər çoxlu tərəfdarlar yığıb. Eyadema 1965-ci ildə polkovnik-leytenant rütbəsi alaraq ordunun qərargah rəisi vəzifəsinə təyinat alıb. Hərbçi olmasına baxmayaraq, ölkənin siyasi həyatındakı proseslərə müdaxilə edən Eyadema ordudakı çoxsaylı tərəfdarlarına arxalanaraq hakimiyyətə gəlmək iddiasına düşüb. Özünü cəmiyyətə peşəkar hərbçi, ölkəsinin ən ədalətli siması kimi təqdim edib tanıdan qərargah rəisi çox keçmədən prezident kürsüsünə əyləşməyə nail olub.
13 yanvar 1967-ci ildə Eyademanın rəhbərliyi ilə Toqoda hərbi çevriliş baş tutub və o, hakimiyyəti ələ keçirib. Eyadema islahatlara özündən başlayıb, özünə ordu generalı rütbəsi verib, prezident vəzifəsi ilə yanaşı, müdafiə naziri vəzifəsini də öz üzərinə götürüb. Hakimiyyətə gəldiyi gün Toqonun hökumət və parlamenti buraxılıb, konstitusiyada köklü dəyişiklik edilib. Eyadema bütün partiyaların fəaliyyətini dayandırıb və yeni Birləşmiş Toqo Xalq Partiyası yaradıb və bu partiyaya özü sədr seçilib.
Antikommunizm siyasi kursunu seçən Eyademanın əsas dəstəkçisi Fransa olub. O, bütün məsləhətlərini, göstərişlərini məhz Parisdən alıb. Eyadema təkcə siyasi məsələlərdə deyil, məişətində də Fransaya sevgisini gizlətməyib. Prezident xüsusilə xarici qonaqlarla görüşəndə istifadə etdiyi Fransa ətirlərini, Fransa istehsalı olan geyimlərini, ziyafətlərdə Fransa mətbəxinə verdiyi üstünlüyü açıq şəkildə nümayiş etdirib.
Eyademanı digər Afrika dövlərlərinin başçılarından fərqləndirən bir çox cəhətlər olub. O, ölkəsində hakimiyyətə qarşı çıxanları heç vaxt açıq repressiyaya məruz qoymayıb, kütlələr qarşısında edam tədbirləri keçirməyib. Ona qarşı çıxanlar sadəcə çox sakit şəkildə yoxa çıxıblar. Heç kimin ixtiyarı və cürəti çatmayıb ki, yoxa çıxanların aqibəti ilə maraqlansın. Eyademanın cəza tədbirləri də fərqli olub. O, qatı müxalifətçiləri timsahlara yem edib. Bu proses Eyadema üçün vazkeçilməz əyləncə olub.
Eyademmanı fərqləndirən cəhətlərdən biri də Toqoya səfərə gələnləri hava limanında şəxsən özü qarşılaması olub. O, hətta qeyri-rəsmiləri, tanınmış biznesmen və iş adamlarını da özü qarşılayıb. Həmişə şıq geyimdə olan və qızıl sağanaqlı qara eynək taxan Eyadema qonaqlara böyük ehtiramla yanaşıb. O özünü Fransa mədəniyyətinə sahib olan bir siyasətçi kimi göstərib.
Eyadema qonaqlarını ilk növbədə paytaxt Lomedəki iqamətgahı ilə tanış edib. Fransa mütəxəssisləri tərəfindən son dərəcə müasir dizayna, komforta uyğunlaşdırılmış bu iqamətgahı nümayiş etdirməklə o, Afrikada Avropa mədəniyyətininə daha çox üstünlük verildiyini sübut etməyə çalışıb.
O, hakimiyyətə gəldikdən sonra aylar ərzində özünü mifə çevirib. Ən kiçik ticarət köşklərindən tutmuş, ən böyük inzibati binalara qədər hər yerdə onun qızılı rəngdə çərçivəyə salınmış portretləri asılıb, saysız-hesabsız büstləri qoyulub, Eyademanın əksi olan döş nişanlarını, demək olar ki, hamı gəzdirib.
Prezident kütlələr qarşısına gözəl xanımların arasında çıxmağa daha çox üstünlük verib. Həmin xanımlar onun ətrafında rəqs ediblər, şənlik yaradıblar, bəzən Eyadema da bu rəqslərə qoşulub.
Hakimiyyətdə olduğu illər ərzində Eyademaya 7 dəfə sui-qəsd cəhdi edilib. Bu cəhdlərin heç biri baş tutmayıb. Prezident cəhdlərin baş tutmamasını “məni ilahi bir qüvvə qoruyur, mən qeyri-adi bir insanam, toxunulmazam” ifadələri ilə izah edib.
1974-cü ildə 24 yanvar günü Toqoda “Sər qüvvələri üzərində qələbə günü” elan edilib. Məhz həmin gün ölkədaxili uçuş zamanı prezidentin uçduğu təyyarə qəzaya uğrayıb. Təyyarədə olanlardan yalnız Eyadema sağ qalıb.
Zaman-zaman Toqoda Eyademanın diktatura rejiminə qarşı mübarizə güclənib. Eyadema sabitlik yaratmaq üçün islahatlar keçirməyə qərar verib. 1991-ci ildə siyasi partiyaların fəaliyyətinə icazə verilib, konstitusiyada dəyişiklik edilərək prezidentlik müddəti 5 il (iki dəfə seçilməklə) müəyyənləşdirilib. Həmin islahatlarda Eyadema hər ehtimala qarşı gələcəyi düşünərək öz oğluna da “gün ağlayıb”. Belə ki, prezidentliyə namizədlərin yaş həddində dəyişiklik edilib.
2005-ci ilin əvvəllərindən başlayaraq Eyademanın səhhətində problemlər yaranıb. Həmin ilin fevralın 5-də o, mülicə üçün öz şəxsi təyyarəsi ilə İsrailə uçub. Amma təyyarə mənzil başına çatmamış prezident təyyarənin saloninda vəfat edib.
Möcvud qanunvericiliyə görə, növbəti prezident seçkilərinə qədər Toqoda prezident səlahiyyətlərini Toqo Milli Assambleyasının (parlamentin) sədri Fambare Naçaba icra etməli imiş. Həmin ərəfədə isə o, Fransada səfərdə olub. Ordunun müdaxiləsi ilə Toqoya qayıtmaq istəyən Naçabanın təyyarəsi ölkəyə buraxılmayıb. Parlament isə təcili iclas çağıraraq köhnə tarixlə Eyademanın oğlu For Qnassinqbeni Milli Assambleyaya sədr seçib. Sonra isə oğul Qnassinqbe prezident seçilib. O, hazırda Toqonun birinci kürsüsündə əyləşir.
İlham Cəmiloğlu