Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

"Sehirli realizm"in qeyri-xətti ustası -Milorad Paviç dünya ədəbiyyatında yenilik etməyi necə bacardı

"Sehirli realizm"in qeyri-xətti ustası
Serbiyada rəsmi səfərdə olarkən Prezident İlham Əliyev Belqraddakı Taşmaydan parkında görkəmli serb yazıçısı Milorad Paviçin abidəsini ziyarət edib, önünə əklil qoyub. Kimdir Milorad Paviç, müasir ədəbiyyatda hansı yerə malikdir və onu dünyada məşhur edən nədir?
Yenixeber.org: Milorad Paviç 1929-cu ilin 15 oktyabrında Belqradda, öz təbirincə desək, “Dörd səmavi çaydan birinin sahilində, səhər saat 8:30-da heykəltəraş və fəlsəfə müəllimi ailəsində...” anadan olub. Əcdadlarının arasında yazıçılar da olub. Məsələn, 1766-cı ildə Paviçlər nəslindən olan Emerik Paviç şeirlər toplusunu nəşr etdirib, əmisi Nikola Paviç isə 20-ci əsrin ortalarının məşhur yazıçısı olub.

Milorad 1949-1953-cü illərdə Belqrad Universitetinin fəlsəfə fakültəsində təhsil alıb. Daha sonra Zaqreb Universitetində ədəbiyyat tarixi üzrə fəlsəfə doktoru dərəcəsini qazanıb. Paviç özünü tam şəkildə ədəbi yaradıcılığa həsr etməzdən əvvəl bir müddət müxtəlif universitetlərdə dərs deyib. O, serb yazıçısı və ədəbiyyatşünası Sava Damyanovun müəllimi olub. İlk şeirlər toplusu 1967-ci ildə nəşr edilib. 1971-ci ildə isə "Ay daşı" adlı növbəti şeirlər kitabını çap etdirib.


Bundan əlavə, Paviç qəzetlərdə işləyib, tənqidi əsərlər, qədim serb ədəbiyyatı və simvolist poeziya tarixinə dair monoqrafiyalar yazıb, Avropa dillərindən şeirlər tərcümə edib. Ona ən böyük şöhrəti isə “Xəzər sözlüyü” romanı gətirib. Yazıçı rus, alman, fransız, bir neçə qədim dili bilib, Puşkin və Bayronu serb dilinə tərcümə edib.

Onu məşhurlaşdıran qeyri-adi üslubu və hekayə anlatma forması idi. Hekayənin valehediciliyini birləşdirərək, eyni zamanda tarix, ilahiyyat, folklor və ədəbiyyat bilikləri ilə dolu intellektual nəsr yaradırdı ki, bunu da hər adam oxuyub anlaya bilməzdi. Paviç həm də oxucunu öz əsərlərinin həmmüəllifi edib, romana müxtəlif oxu üsullarını gətirib. Onun poeziyası ingilis dilinə tərcümə edilib və Müasir Yuqoslaviya Poeziyası antologiyasına daxil olunub.


Paviçin yazıçı həyat yoldaşı Yasmina Mixayloviç: "Böyük şair – bu, XX əsrin yarısına qədər dəbdə olan ifadə idi, insanlara xoş təsir bağışlayırdı, amma sonralar roman ədəbiyyatda başlıca janr olmağa başladı. Və Paviç də kiçik hekayələr yazmağa girişdi, amma həmin illərdə onun qələmə aldıqları heç kimin marağına səbəb olmurdu. O, “Xəzər sözlüyü”nü yazmağa başlayanda fikirləşirdi ki, əsərini heç kim oxumayacaq. Fəqət məhz bu əsər ona uğur qazandırdı. Paviç qəlbən şair idi. Əslində, o, həm alim, həm də şair idi. Hətta hekayələrini, romanlarını yazarkən belə şair idi. O, sanki yazdıqlarının içərisində dəniz qulduru idi, gözəgörünməz şəkildə bildiyini yeridirdi: gizli-aşkar şeirlərini romanlarında, hekayələrində ifadə edirdi...


Onun bir çox əsərləri ( “Xəzər sözlüyü”, “Küləyin iç üzü”, “Çay ilə çəkilmiş mənzərə” və s.) qeyri-xətti nəsr formasında yazılmışdır. Yasmina Mixayloviçin fikrincə, bu romanlar və hekayə topluları hipermətn şəklində daha yaxşı başa düşülür.

Yazıçı Aqşin Yenisey: “Xəzər sözlüyü” adından da göründüyü kimi, Xəzər hövzəsində baş verən tarixi hadisələrdən, daha dəqiq desək, xəzərilərin IX əsrdə dinlərini dəyişməsindən bəhs edir. Bu dövrdə xəzəri hökmdarı üç din arasında seçim etmək üçün musəviliyin, xristianlığın və islamın-nümayəndələri ilə görüşlər keçirir və özlərinə uyğun gələn ən yaxşı dini seçmək istəyirdi. Roman da bu üç dinə aid sözlərinin izahını verən süjetsiz bir əsərdir. “sehrli realizm” deyilən fantastika ilə gerçəklik arasında sərhədlərin olmadığı bir üslubda yazılıb.

Paviç özü də müsahibələrinin birində deyir ki, ən böyük məqsədi əvvəli-sonu olmayan, istənilən səhifəsində başlayan və istənilən səhifəsində bitən romanlar yazmaqdır. Yazıçının digər romanları da bu ədəbi məqsədə uyğun yazılıb. “Xəzər sözlüyü”də bir növ qədim dini kitablarda, məsələn, yəhudilərin “Kabbala”sında olduğu kimi bir-birinə o qədər də bağlılığı olmayan əhvalatlar toplusudur. Əsərin qəhrəmanları isə müdrik mistiklər, yuxu ovçuları, cürbəcür fantastik özəllikləri olan şəxslərdir. Paviç bu cür ağılüstü qəhrəmanları və əhvalatları təsvir etməklə özünün də dediyi kimi, yaşadığımız dünyanın özünün bir xaos içində olduğunu göstərmək istəyir”.



“Xəzər sözlüyü”nü Azərbaycan dilinə tərcümə edən yazıçı, kinodramaturq İlqar Fəhmi: "Yuqoslaviya ölkələrinin müəlliflərinin əsərələrində qəribə bir tendensiya var. Uzun illər Osmanlı imperiyasının tərkibində yaşayıblar. Müsəlman, şərq mədəniyyətinin onlara təsiri güclü olub. 20-ci əsrdə onların tarixlərini, poeziyalarını incələyəndə məlum olur ki, Avropa mədəniyyəti ilə şərq mədəniyyətin qəribə bir sintezi var. Məsələn, “Xəzər sözlüyü” forma olaraq qərb, postmoderin bir romandır, amma dilində, poetikasına, təşbehlərində qəribə bir şərqilik var. Bu mənim çox xoşuma gəlmişdi. Heç bir Qərb yazıçısı o cür yaza bilmirdi. Adicə hadisəni belə danışarkən içində necə fərqli təşbehlərin, maraqlı gedişlər olduğunu görürük. Bir səhifəni oxuyursan və görürsən ki, bu, bizim adət etdiyimiz mətnlərdən deyil. Bir səhifə bəs edir ki, səndə o təəssürat yaransın.


Bizim bəzi oxucular deyirlər ki, çox ağırdır, hadisədən-hadisəyə keçir. Oxucuya çox ağır gəlmişdi. Mən romanın jurnal varinatını tərcümə etmişdim. Əsəri oxuduğum müddətdə 5-6 gün heç nə mütaliə edə bilmədim. Sanki beynini tam özünə bağlayır.
Həmin əsərdə maraqlı frazalar var idi. Məsələn, Paviç deyirdi ki, “yazıçı gərək əsərini nahardan əvvəl yazsın, oxucu isə nahardan sonra oxusun”. Çünki acqarna yazanda yazıçı uzunçuluq etməyəcək, oxucu isə nahardan sonra oxuyanda rahat olacaq.
Daha sonra işğal səhnəsi var idi. Deyir ki, “Tatar knyazı rus knyazlığını alma kimi dişləyib yedi. Dişlənmiş alma uzun illər knyazlıq kimi qalmışdı”. Həm rus knyazlığına işarə edir, həm də "Apple" şirkətinə toxunurdu. Bu əsəri oxuyanın gərək tarixi məlumatı da olsun”.


Yazıçının digər romanı isə həm üfüqi, həm də şaquli oxunması mümkün olan krossvord şəklində yazılmış “Çay ilə çəkilmiş mənzərə”dir. Roman Belqraddan Yunanıstana səyahət edən, İkinci Dünya Müharibəsi zamanı itkin düşən atasının izlərini tapmağa çalışan memar haqqındadır. Bu romanın mövzusu zaman, insan ruhu, sevgi, nifrət, qısqanclıq və ölümdür.

Aqşin yenisey: “Milorad Paviçin dilimizə çevrilən digər romanı “İstanbulda son məhəbbət” də eynən “Xəzər sözlüyü” kimi fantastika ilə gerçəkliyin iç-içə keçdiyi bir əsərdir. Paviç bu romanda üslub olaraq falcılığın öncəgörmə təcrübələrini tətbiq edib. Romanın hər fəsli bir kartın izahıdır.

Onun mövzuları daha çox türklərin tarixi ilə bağlıdır. Bu tarix nə qədər sehrli bir üslubla təqdim olunsa da, keçmişimizlə bağlı bəzi həqiqətlərin aydınlaşmasına xidmət edir. Sırf peşəkar ədəbiyyat üçün Paviçin romanları yeni təcrübələrdir. Bu təcrübəyə yiyələnib Azərbaycan romanında müxtəlif istiqamətlərə yol almaq olar. Çünki bu romanlar ədəbi monotonluqdan bir qaçışdır, həm də uğurlu qaçışdır”.


Paviçin bürcün bütün əlamətlərini səciyyələndirdiyi "Ulduz mantiyası" (2000) roman-astroloji məlumat kitabı müxtəlif dövrlərdən, reallıqlardan və talelərdən bəhs edir, sirli əvvəlki həyatları təsvir edir. 2004-cü ildə yazılmış “Unikal roman” adlı detektiv romanında müəllif tamamilə oxucuya romanın həmmüəllifi olmaq, öz variantını yazmaq üçün boş səhifələr buraxmaq və ya yüz mümkün sonluqdan birini seçmək imkanı verir.

O, həmçinin "Əbədiyyət və daha bir gün", "Üç üçün çarpayı" və "Şüşə ilbiz" pyeslərinin müəllifi olub.

İlqar Fəhmi: ”İndiki gənc nəslin zövqünə baxıram və düşünürəm ki, onların arasında Paviç o qədər də məşhur olmaycaq. Onu həqiqi intellektual təfəkkürü və zövqü olan, labrintləri və dolanbacları sevən adamlar oxuyacaq. Asan mətn deyil. Dünya üzrə son 7-8 ilin ədəbi əsərlərinə baxın, əsərlər maksiumum dərəcədə asanlaşıb. Bu da zahiri primitivliyə, çox sadə quruluşa gətirib çıxarır. Sanki qoruxurlar ki, bir az qəlizləşdirsələr, oxuyan olmayacaq. Oxucu o qədər dayazlaşıb ki... Bunun da təsiri internet texnologiyalarıdır, sürətli dəyişmədir. Bilirik ki, sürət olan yerdə heç vaxt dərinlik olmur. İndiki "Tik- tok" dövrüdür. Hər şeyə sürətlə baxıb keçirsən. Müəlliflər də çalışırlar ki, bu məsələlər çox dərin olmasın. Çünki əsər dərin olanda ani rabitə yaranmır. Amma Paviçin əsərləri məhz dayanan, düşünən, əsərin mahiyyətindəki tapmacaları, söz oyunlarını incəlikləri ilə ruhuna qəbul edən insanlar üçündür. Mən düşünürəm ki, Paviç həmişə intellektual təbəqənin yazıçısı olaraq qalacaq. Heç vaxt kütləvi olmayacaq”.


Paviç niyə "Nobel" mükafatı ala bilməmişdi?

Yazıçının xanımı: ”Bu, siyasi situasiya ilə bağlı idi. Çünki müharibə məsələləri vardı, Nobel mükafatı həm də xalqlara münasibətlə verilir. Bu isə həmin dövrdə siyasi cəhətdən mümkünsüz idi. Amma Paviç mükafatı almaq istəyirdi. O bilirdi ki, yazdıqları çox dəyərlidir. Paviç siyasi yazıçı deyildi. Paviçin mövqeyi və Balkanların siyasi durumu ilə bu mükafatı almaq, laureat olmaq həmin vaxt mümkünsüz idi”.

Yasmina Mixayloviç əlavə edir: “Yazıçı olmaq tənha olmaq deməkdir, yazıçılıq tənhalıqdan başlayır. Biz bir-birimizin yazılarını oxuyurduq, amma təklikdə yazırdıq. Yalnız eyni mövzu, eyni emosiyalar əsas aspektimiz idi, yazı tərzimiz isə tamam fərqli idi. Mən ona görə yazıçı olmaq istəyirdim ki, gələcəyi görüm, ancaq Paviç tarixçi idi, o, keçmişi görmək istəyirdi. Bunlar isə kifayət qədər fərqli məsələlərdir. Biz yaradıcılıq baxımdan eyni evdə yaşayan iki tənha idik”.


Paviç həyat yoldaşı Yasmina xanımdan 31 yaş böyük idi. Onların hər ikisinin ikinci evliliyi idi. Bu evlilikdən bir qız və bir oğlan övladları doğulmuşdu. 2009-cü il noyabrın 30-da Milorad Paviçin ürəktutmasından vəfat etməsindən sonra xanımı uzun illər onun ölümü ilə barışa bilməyib. Bu ağrıya məlhəm olan hadisələrdən biri də Azərbaycanın yazıçının şərəfinə abidə ucaltması olub.


Yasmina Mixayloviç: "Mən Azərbaycana 2 yazıçı kimi səfər etdim – həm öz yerimə, həm de Paviçin əvəzinə. Mən orada həm de Paviç idim. Azərbaycan hökuməti Belqradın mərkəzində Paviçin heykəlini ucaltdırdı. Ciddi mədəni münasibətlər yarandı və bu gün də davam edir. Paviç öləndən sonra mən bilmirdim nə necə olacaq, çünki onun ölümü məni sarsıtmışdı, amma onun heykəlinin ucaldılmasını mənə göydən göndərilən hədiyyə kimi qəbul etdim.

Paviçlə birgə mən öz qəlbimi, ruhumu itirdim. Bədənimin yarısını, ürəyimin, ruhumun bir hissəsini itirdim. Bu itkilərlə barışmaq çətindir...
Deyirlər, insanı unutmağa zaman lazımdır, amma bu fikirlə razı deyiləm. Paviç mənim qəlbimdədir, yaddaşımdadır, hər günümdədir. Çünki bizim uşaqlarımız var – bu, kitablardır. Kitablar bədii bağdır. Onun yazdıqları bizim aramızdakı körpüdür, o körpü isə dağılmır. Ona görə də Paviçi unutmaq mümkün deyil".

Şahanə Rəhimli

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam