Yenixeber.org: Kürd qızı Məhsa Əmininin öldürülməsindən sonra İranda bir andaca genişlənən aksiyalar dövlətin müxtəlif təzyiq qruplarına nəzarətini zəiflətdi. Üsyanın genişləndiyi bir dövrdə isə İran rəsmi mənbələrindən KİV-ə bir məlumat sızdırıldı:

“İraq sərhədindən ölkəyə kürd terrorçuları daxil olub. Onlar özləri ilə xeyli silah-sursat gətirib”.

Rəsmi Tehranın bu kəşfiyyat məlumatına reaksiyası çox sərt oldu. 24 sentyabrda İranın İnqilab Keşikçiləri Korpusu Şimali İraq Kürd Muxtariyyətində yerləşən “anti-İran qüvvələri”nə qarşı yeni hərbi əməliyyatlara start verdi. Bir həftədən çox davam edən əməliyyatda kürd terror qrupları və partiyaların qərargahları, habelə, təlim düşərgələri PUA və artilleriya atəşləri ilə vuruldu. 

İran və kürd terror qrupları arasında toqquşmalar oktyabr ayında da bütün şiddəti ilə davam etdi. Demək olar ki, hər gün Şimali İraqla sərhəd ərazilər bombalandı. Bununla paraleldə İran İnqilab Keşikçiləri korpusundan yeni bir təhdid mesajı gəldi:

“Bəzi qonşular sərhəd xətlərində mövcud olan münafiq və separatçı terrorçuları ölkədən çıxarıb regionu bu şeytanlardan təmizləməsə, İran silahlı qüvvələrinin xüsusi təyinatlı bölmələri birbaşa müdaxilə etməyə hazırdır” – korpusun 8 oktyabr tarixli bəyanatında deyilirdi.

Bu isə Şimali İraq Kürd Muxtariyyətinin İran tərəfindən işğal ediləcəyi, ya da ən yaxşı halda burada bufer zona yaradacağı mənasına gəlir. Bəs İranla bu terror təşkilatları arasında gərginliyin artması Azərbaycan üçün gələcəkdə hansı təhlükələr formalaşdıra bilər?

Təbriz Araşdırmalar İnstitutunun eksperti Babək Şahidi bizimlə eksklüziv açıqlamasında bu məsələ ilə bağlı qorxulu proqnozlar verib: 

“Məhsa Əmininin etnik kürd olması İranda baş verən aksiyalar fonunda ölkədəki kürdlərin siyasi aktivliyinin artmasına səbəb oldu. Bunu görən İKDP (İran Kürdüstanı Demokratik Partiyası) başda olmaqla kürd siyasi-militar qruplar mövcud vəziyyətdən istifadə etməyə qərar verdilər. KOMALA, İKDP və PKK terrorçuları İraq-İran sərhədini keçib, ölkəyə daxil oldu. Hətta bu təşkilatların üzvləri Kürdüstan bayrağı ilə Qərbi Azərbaycan ostanının xiyabanında yürüş təşkil etdilər. Soruşa bilərsiz ki, Güney Azərbaycanla Kürdüstan bayrağının nə əlaqəsi? Deməli, İKDP, KOMALA və PKK-nın İran Kürdüstanına dair yaratdıqları xəyali xəritələrdə Urmiya, Xoy, Sulduz, Tikantəpə, Üşnəviyyə kimi Azərbaycan şəhərləri Kürdüstanın tərkibində göstərilib. Vəziyyət çox kritikdir. Ölkəyə sızan kürd terrorçular özləri ilə xeyli silah da gətirib. Və onların bir qismini, iddialara görə, sivil dəstəkçilərinə paylayıb. Burada məqsəd, İrandakı iğtişaşlar dərinləşərsə, Kürdüstanı qurmaq üçün terror aktlarını artırmaq, gerilla savaşına başlamaq və yerli kürdləri təşkilatlandırmaqdır. Bu işdə ən böyük zərbə isə biz azərbaycanlılara dəyə bilər. Diqqət yetirsək, PKK\PYD Suriyanın şimalında həm ərəbləri, həm də türkmənləri köçə məcbur etdi. Onlar eyni işi İraqda, Kərkükdə də təkrarladılar və minlərlə türkmən yurd-yuvalarından didərgin düşdü. Təəssüf hissi ilə deyə bilərəm ki, molla rejiminin daxili nəzarəti daha da zəifləyərsə, eyni ssenari Güney Azərbaycanda da yaşana bilər. Kürdlər artıq burada bir çox şəhərlərimizi “özününküləşdirib”. Münbit şərait yetişəndə isə İraq və Suriyadakı təcrübələrini Güney Azərbaycanda da təkrarlamağa cəhd edəcəklər. Bu isə Azərbaycan və Naxçıvanla sərhəddə terrorçuların nəzarət etməsinə gətirib çıxara bilər”.

Mövzuyla bağlı təhlükəsizlik eksperti İlham İsmayıl isə Azərbaycan və onun sərhədləri üçün ciddi bir təhlükənin formalaşacağına inanmır:

“PKK\PJAK-a qarşı İranın çox sərt mövqeyi var və bu qruplar daha çox İraqla sərhəddə fəaliyyət göstərirlər. Onların İranın içərilərindən bu boyda ərazini maneəsiz keçib Güney Azərbaycana gəlmələri, burada təxribat törətmələri şəxsən mənə qeyri-mümkün görünür. Və əlavə edim ki, kürd terrorçulara Güney Azərbaycan və Naxçıvandan qabaq Sənəndəc vilayəti maraqlıdır. Onların əsas məqsədi orada bir müxtariyyat əldə etməkdir. İransa bu məsələdə heç cür güzəştə getmir və həm sərhəddə, həm də ölkənin daxilində onları rahat nəfəs almağa qoymur. Ona görə də mən bu təşkilatların İranda güclənəcəyinə və gələcəkdə Güney Azərbaycan şəhərləri və Naxçıvan üçün hansısa təhdid yaradacağına inanmıram” –deyə, İ.İsmayıl bildirib.

Lakin kürd terrorçuların güney Azərbaycan şəhərlərində əllərində Kürdüstan bayrağı və üzərilərində silahlarla gəzdiyini əks etdirən videogörüntülər var. Habelə, Türkiyə KİV-nin iddiasına görə İranın Azərbaycanla sərhəddə yaxın Germi, Biləsuvar, Meşkinşəhr və Muğan yaşayış məntəqələrində kürd terrorçuların təlim düşərgələri yaradılıb.

Beləliklə, İran PKK-sının Güney Azərbaycanda və Azərbaycanla sərhəddə fəallaşması təlaş doğurur. Eyni zamanda, kürdlərin, bu gün olmasa belə, molla rejiminin devrilməsindən sonra silahlanması, “İran Kürdüstanı” xəritəsi boyu əraziləri ələ keçirməsi və burada etnik təmizləmə siyasəti aparması təhlükəsi realdır. Axı, onlar eyni ssenarini Səddam rejimi devriləndə İraqda, Əsəd rejimi sarsılanda isə Suriyada reallaşdırıb. Belə bir vəziyyətdə Azərbaycanla Türkiyə qonşuluqda bir “Kürdüstan proyekti”nin formalaşdırılmasına imkan verə bilməz. Buna səbəb, əvvəla, sərhədlərin təhlükəsizliyi probleminin aktuallaşacağı ilə bağlıdır. Digər tərəfdən, PKK terroru bu torpaqlarda fəaliyyətə başlasa milyonlarla güney azərbaycanlının qaçmağa cəmi iki məmləkəti qalacaq: Türkiyə və Azərbaycan…

Bütün bunları nəzərə alaraq, deyə bilərik ki, gələcəkdə bu təhlükələrdən sığortalanmanın ən uğurlu yolu məhz Zəngəzur dəhlizidir. Bu dəhliz, əvvəla, terrorçuların ikinci vətənləri sayılan Ermənistanda gizlənmələrinin qarşısını alacaq. Bundan savayı, kürd terroru ilə 40 ildən çox mübarizə aparıb zəfər qazanan Türkiyə ilə Azərbaycanın Ermənistan üzərindən quru yolla əlaqəsi bölgədə terror təhdidini minimallaşdıracaq…(pressklub)

Nicat İsmayılov