Yaydan çıxan əhali, artan qiymətlər, azalan gəlirlər - bizi daha hansı “sürprizlər” gözləyir?
Yenixeber.org: Yay tətili bitmək üzrədir. Artıq məzuniyyətdə və tətildə olan insanlar geri dönməyə başlayıblar. Həyat yenidən qaynayacaq, valideynlər övladlarını məktəbə göndərəcək, tələbələr isə yeni tədris ilinə başlayacaqlar.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə yay aylarında daha çox inflyasiya qeydə alınıb və demək olar ki, hər həftə ərzaq və qeyri-ərzaq məhsullarının bahalaşması müşahidə olunur. Hətta bəzi məhsulların qiymətləri son üç ayda iki dəfəyə yaxın bahalaşıb.
Nəticədə gəlir yerləri azalıb, xərclər isə inflyasiya fonunda çoxalıb. Bu da öz növbəsində sosial-iqtisadi problemlərin qarşıdakı aylar üçün daha da dərinləşəcəyindən xəbər verir.
İnflyasi və qiymət artımları fonunda əhalini daha hansı “sürprizlər” gözləyir? Hökumət gözlənilən sosial-iqtisadi problemlərin qarşısını almaq üçün hansı addımları atacaq və atmalıdır?
Mövzunu ekspertlərlə müzakirə etmişik.
Milli Məclisin keçmiş üzvü, iqtisadçı alim Nazim Bəydəmirlinin sözlərinə görə, qiymət artımları əhalinin sosial durumuna ağır təsir göstərir və yoxsulluğun artımında katalizator rolunu oynayır: “Son dövrlər ərzaq və qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi artımlar baş verir. Azərbaycan hökuməti artımın yüksək səviyyədə olmadığını bəyan etsə də, əslində, bahalaşma çox yüksək səviyyədədir. Bunu görmək üçün iqtisadçı olmağa da gərək yoxdur. Hər gün daxil olduğumuz marketlərdə rəflərə diqqətlə nəzər yetirməklə fərqi aydın müşahidə etmək mümkündür”.
“Bahalaşmanı doğuran əsas səbəblərdən biri məmur oliqarxiyası və monopoliyadır. Ən çox qiymət artımına gedənlər də məmurlara bağlı olan sahibkarlıq subyektləridir. Hökumət bir tərəfdən də elan edir ki, pensiya və maaşlar artırmaqla inflyasiyanın təsirlərini minimuma endirir. Əslində isə bu maaş və pensiya artımları inflyasiyanı qarşılamır, onun çox cüzi bir hissəsini kompensasiya edir. Digər yandan özəl sektorda çalışan və ümumiyyətlə, işləməyən insanlar da var. Onları isə hər zaman olduğu kimi, bu dəfə də diqqətdən kənarda qoyurlar”, - deyə sabiq deputat bildirib.
İqtisadçı söyləyib ki, Dövlət Statistika Komitəsi həm ehtiyaclı insanların vəziyyəti, həm də inflyasiyanın səviyyəsi ilə bağlı şişirdilmiş rəqəmlər təqdim edir: “Çox təəssüf ki, Azərbaycanda sərbəst iqtisadiyyat mövcud deyil. Sözdə liberal bazar iqtisadiyyatına keçid etdiyimizi bəyan etsək də, reallıqda bütün məsələlər inzibati qərarlar və üsullarla həll edilir. Digər dövlət qurumları kimi, Dövlət Statistika Komitəsi də siyasi iradənin təsiri və təzyiqi altında hökumətin maraqlarına uyğun rəqəmlər elan edir. Bu isə öz növbəsində qətiyyən mövcud vəziyyəti əks etdirmir”.
“Bu gün qiymətlər sürətlə artır. Əhalinin gəlirlilik səviyyəsi isə aşağı düşür. İnflyasiya elə bir həddədir ki, əvvəlki dövlərlə müqayisədə əhali daha artıq vəsait xərcləməli olur. Bunun qarşılığında isə gəlirləri artmayıb, ya da çox cüzi artıb. Bütün bunları nəzərə alaraq söyləmək olar ki, qarşıdakı aylarda qiymət artımları və inflyasiya daha da yüksələcək. Nəticədə sosial problemlərdən əziyyət çəkən əhalinin maddi vəziyyəti daha da pisləşəcək”, - deyə Bəydəmirli vurğulayıb.
İqtisadçı ekspert Nemət Əliyev də gedişatdan narahatdır: “Bahalaşma bu şəkildə davam edərsə, bir müddət sonra əhali müflis ola bilər. Təkcə idxal məhsullarında deyil, istehsal olunan məhsulların da qiymətində ciddi bahalaşma müşahidə olunur. Zəruri qida məhsulları demək olar ki, hər gün bahalaşır. Un, şəkər, bütün ərzaq və qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi artımlar var”.
“Düzdür, bunun bir səbəbi dünyada gedən iqtisadi proseslərlə əlaqədardır. Digər səbəb isə məmurların biznesə müdaxiləsi və inhisarçılıqdır. Psixoloji faktorların da təsiri olmamış deyil. Hökumət cüzi maaş və pensiya artımlarına getməklə, inflyasiyanın təsirlərini aradan qaldırmır. Bu, yalnız kosmetik xarakterli dəstəkdir”, - deyə həmsöhbətimiz qeyd edib.
Mütəxəssis əmindir ki, belə davam edərsə, ölkədə sosial fəlakət yaşana bilər: “Heç şübhəsiz, bu proses əhalinin sosial durumunun daha acınacaqlı duruma düşməsinə səbəb ola bilər. Yaxşı olardı ki, hökumət bunu nəzərə alsın və ciddi addımlar atsın. Əhalini Allahın ümidinə buraxmaq çıxış yolu deyil”.
Əliyevin sözlərinə görə, enerji daşıyıcılarının dünya birjalarında bahalaşması hökumətə imkan yaradır ki, qiymət artımlarının qarşısını alsın: “Bunun üçün kifayət qədər resurslarımız mövcuddur. Biz neft və qaz ölkəsi olaraq müəyyən üstünlüklərə malikik. Bu, bizə imkan verir ki, bahalaşmanın qarşısını alaq. Təkcə məmur oliqarxiyasını və inhisarçılığı aradan qaldırmaqla bazarda rəqabət yarada, qiymətlərin təbii yollarla azalmasına nail ola bilərik. Bunun üçün isə ortada iradə olmalıdır. “Dünyada qiymətlər qalxıb”, “Biz məcburuq ki, idxal etdiyimiz məhsulların qiymətini qaldıraq” kimi açıqlamaları ciddiyə almayın. Bu bəyanatlar həqiqəti əks etdirmir. Bir daha söyləmək istəyirəm ki, Azərbaycan hökuməti istəsə, bunun qarşısını ala bilər. Görünür, istəmirlər, ya da maraqlı deyillər”.(AYNA)