O, uzun illər ABŞ və Meksikada axtarış siyahısında birinci yerdə idi. Onun yaxalanması üçün atılan addımlar iki qonşu ölkəni dəfələrlə bir-birinə qarşı qoymuşdu. 2013-cü ildən qaçan Rafael Karo Quintero iki həftə əvvəl necə yaxalandı? Film kimi əməliyyatın ilk dəfə ortaya çıxan detalları...
Yenixeber.org: ABŞ Narkotiklərlə Mübarizə İdarəsinin Xüsusi İşçi Qrupunun illərdir axtardığı Rafael Karo Quinteronun Meksikanın şimal-qərbindəki cəngəlliklərdə yaşadığı müəyyən edilib. Onu gizləndiyi yerdən çıxarmaq məqsədilə dəfələrlə planlar hazırlanıb və əməliyyatlar həyata keçirilib.
“Washington Post” xəbər verir ki, iyulun ikinci həftəsində tutulan 69 yaşlı Karo ABŞ Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən axtarışda olanlar siyahısında illərlə birinci yerdə olub.
1985-ci ildə idarənin agenti Kiki Kamarenanı öldürməkdə və narkotik alverində ittiham edilən Karo 2013-cü ilə qədər məhbusluq həyatı yaşayıb. Sərbəst buraxıldıqdan sonra yenidən narkotik ticarəti ilə məşğul olub.
ABŞ və Meksika hakimiyyəti Karonun ələ keçirilməsini çətin qazanılmış qələbə kimi qiymətləndirir. Lakin bu istiqamətdə atılan addımlar 10 ilə yaxındır ki, iki ölkə arasında ən böyük problemlərdən biri olub.
2020-2021-ci illərdə ABŞ Narkotiklərlə Mübarizə İdarəsinin rəhbəri vəzifəsində çalışmış Timoti Şi “Washington Post”a açıqlamasında deyib ki, Karo illər əvvəl tutulmalı və ABŞ-a narkotik daşınmasını dayandırmalı idi. O bildirib ki, rəhbər olduğu müddətdə Karonun "AXTARILIR" posterini ofisinin qapısında asılı saxlayıb.
2013-2022-ci illər arasında Rafael Karo Quinteronun başına əvvəlcə 5, sonra isə 20 milyon dollar mükafat qoyulub. ABŞ rəsmilərinin sözlərinə görə, həmin müddət ərzində ABŞ və Meksika Karonun tutulması üçün 12 əməliyyat keçirib, lakin hər dəfə uğursuzluğa düçar olublar.
ABŞ rəsmiləri Meksika hökumətindəki bəzi yüksək vəzifəli şəxslərin Karo Quinteroya məlumat sızdırdığını, hətta kartel liderinin hökumət tərəfindən qorunduğunu iddia edib.
Meksika prezidenti Andres Manuel Lopez Obradorun sözçüsü Xesus Ramires isə bu ittihamları rədd edib. Ramirez “Washington Post”a açıqlamasında 2020-ci ildə tutulan Santa Rosa de Lima kartelinin liderini və digər həbsləri xatırladıb, "Bizim narkotik kartellərinə mərhəmətimiz yoxdur" deyib. “Lakin biz ABŞ tərəfindən torpaqlarımıza zərər verəcək müharibə xarakterli əməliyyatların həyata keçirilməsini istəmirik”, - Ramirez bildirib.
ABŞ rəsmilərinin sözlərinə görə, onlar Karo Quinteronun Meksika ordusu bazasından cəmi bir neçə kilometr aralıda yerləşən Sinaloa kəndində yaşadığını çoxdan bilirlər. Karo hər yerə motosikletlə gedir, onu hər həftə yenilənən mühafizəçilər əhatə edirmiş.
ABŞ hökuməti dəfələrlə Karo Quinteronu tutmaq üçün yüksək səviyyəli cəhdlər edib. Məsələn, Trampın prezidentliyinin son günlərində baş prokuror Vilyam P.Barr Meksikanın xarici işlər naziri Marselo Ebrardla görüşündə bu məsələni qaldırıb.
"Mən meksikalılara Quinteronun tutulmasının bizim prioritetlərimizdən biri olduğunu söylədim. Bunun ABŞ Narkotiklərlə Mübarizə İdarəsi üçün böyük əhəmiyyəti var idi, çünki narkotik ticarətinin əsas oyunçularından biri zərərsizləşdiriləcəkdi” - Barr “Washington Post”a bildirib.
Təxminən 2021-ci ilin yanvarında iki ölkə Karonun tutulması üçün birgə əməliyyat tədbirləri planlaşdırmağa başlayıb. Bu, kartel liderinə qarşı 10-cu əməliyyat olacaqdı.
Karonun Sinaloadakı köməkçiləri ABŞ agentlərinə məlumat ötürsələr də, əvvəlki cəhdlərdə olduğu kimi bu dəfə də əməliyyat uğursuzluqla nəticələnib.
Meksika rəsmilərinin sözlərinə görə, Karonun adamları hər şeyə nəzarət edir, dağlarda pilotsuz təyyarələri müşahidə altında saxlayırlar. Onlar çox ehtiyatlıdırlar.
ABŞ rəsmiləri isə deyir ki, Meksika ərazisinin 30-35 faizi dövlətin nəzarəti altında deyil və bu ərazilərdə cinayətkar təşkilatlar tüğyan edir. Karo Quintero isə bu faktın ən güclü nümunəsi hesab olunur.
Bəs Karo Quintero sonda necə ələ keçib?
Meksika Hərbi Dəniz Qüvvələrinin kontr-admiralı Xose Orozko dəniz piyadalarının aylardır Karo Quinteronu izlədiyini və Hərbi Dəniz Qüvvələrinin kəşfiyyat bölməsinin kartel liderinin yerini müəyyən etdiyini bildirib.
Əməliyyatla bağlı məlumatı olan ABŞ rəsmisi isə öz açıqlamasında qeyd edib ki, Karo Quintero istintaqındakı son dalğa ən azı 8 ay əvvəl başlayıb. ABŞ agentləri Meksika dəniz piyadalarına kəşfiyyat məlumatı və dəstək veriblər. Meksika lideri Lopez Obrador və ABŞ prezidenti Co Bayden iyulun 12-də Vaşinqtonda görüşüblər. Bu görüşdən sonra Meksikanın yüksək rütbəli hərbçiləri hərəkətə keçib. ABŞ Narkotiklərlə Mübarizə İdarəsinin rəsmiləri əməliyyatı kənardan izləyiblər, Karo tutularkən onlar hadisə yerində olmayıb.
Meksika rəsmiləri isə həbsin dövlət başçılarının görüşü ilə bağlı olması fikrini rədd edirlər.
Əməliyyatla bağlı fikirlər fərqli olsa da, hər iki tərəf bir detalda razılaşırlar: Dəniz piyadaları kəndə gələndə Karo kolluqda gizlənməyə çalışıb və onu Maks adlı it tapıb.
Xarici mediada yer alan məlumatlara görə, hazırda Karo Quinteronun mühakimə olunmaq üçün ABŞ-a göndərilib-göndərilməyəcəyi, həmçinin 20 milyon dollar mükafatın kimlər arasında bölüşdürüləcəyi müzakirə olunur.(musavat)
Nigar Cəfərli