Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

ABŞ-ın “Rusiya planı”nın detalları açılır: Kremlin tam çöküşünün vaxtı dəqiqləşir

Kreml tezliklə sanksiyaların dağıdıcı təsirini bütün ölkəboyu hiss etməyə başlayacaq və buna paralel olaraq, Rusiyaya dəstək olmuş dövlətlərin cəzalandırılmasına start veriləcək; Rusiyanı uzun müddət savaşın içərisində tutmaqla, həm də Kremlin tam çöküşünü, hətta hakimiyyət dəyişikliyinə yönəlik prosesin başladılmasını planlaşdırırlar...

Yenixeber.org: Ukrayna savaşının nə vaxt sona çatacağı ilə bağlı müxtəlif ehtimallar irəli sürülməyə başlanılıb. Rəsmi Kiyev bu savaşın hələ bir neçə həftə davam edəcəyini və Rusiyanın döyüş meydanında çıxılmaz vəziyyətə düşməsindən sonra Kremlin qeyd-şərtsiz danışıqlar masası arxasına oturmaq məcburiyyətində qalacağını iddia edir. Bəzi Qərb ekspertləri isə savaşın təxminən yay aylarında kulninasiya mərhələsinə keçəcəyini vurğulayırlar. Və yekun nəticələrdə yalnız savaş meydanındakı vəziyyət deyil, həm də Rusiyaya qarşı sanksiyaların təsir effektinin də önəmli rol oynayacağını iddia edirlər.

Onu da qeyd edək ki, bütün bu ehtimalların içərisində ABŞ hərbi-siyasi dairələrinin proqnozları daha böyük maraq doğurur. Çünki Ağ Evə bağlı hərbi-siyasi dairələr Ukrayna savaşının bir neçə il davam edəcəyini vurğulayırlar. Ehtimallara görə, savaşın əsas nəticəsi yaxın bir neçə il ərzində Rusiya iqtisadiyyatının dərin böhrana düçar edilməsi və Kremlin gələcəkdə genişmiqyaslı müharibələr aparmaq baxımından, hərbi potensialını böyük ölçüdə tükətməsi ola bilər. Və belə bir situasiyanın yaranmasına qədər Ukrayna savaşının Rusiya üçün “bataqlıq” rolunu qoruyacağı ehtimal olunur.

FotoJet (44).jpg (37 KB) 

Maraqlıdır ki, Avropa Birliyinin ekspertləri Rusiya iqtisadiyyatının artıq böhran mərhələsinə sürətlə yaxınlaşdığını da vurğulayırlar. Onların hesablamalarına görə, Rusiyaya ixrac son bir ay ərzində 70 faiz azalıb. Yaxın aylarda Kreml hətta idxal prosesi ən minimal statistik rəqəmlərlə ifadə olunan Rusiya ilə baş-başa qala bilər. Üstəlik, Rusiyanın daxili mal dövriyyəsi də sürətlə daralmağa başlayıb. Və hesablamalara görə, bu ilin sonlarına doğru Rusiyanın daxili bazarı 11 faiz həcmində kiçilmiş olacaq.

Əlbəttə ki, bütün bunlar Rusiyaya heç də ümidverici gələcək vəd etmir. Rusiyanın xarici ölkələrə satdığı məhsulların həcminin də azaldığını nəzərə aldıqda, durumun daha fəlakətli görüntülər ala biləcəyi qətiyyən istisna deyil. Kremllə isti münasibətləri olan bəzi Asiya ölkələrinin də Rusiya ilə ticarət layıhələrini ixtisar etməyə başladığını nəzərə aldıqda, yaxınlaşan maliyyə böhranından danışmaq heç də yersiz görünmür. Çünki, qeyri-neft sektoru üzrə Rusiya büdcəsinə önəmli maliyyə daxilolmaları təmin edən Hərbi-Sənaye Kompleksinin istehsal etdiyi silahlar artıq alıcı itirməyə başlayıb. Məsələn, Hindistan Rusiyandan 48 ədəd “Mi 17” savaş helikopterlərinin alınmasını təxirə salıb.

Əslində, enerji sektoru üzrə situasiya da hər ötən gün xoşagəlməz ssenari ilə inkişaf etməkdədir. Avropa ölkələri hazırda Rusiya enerji resurslarından imtinaya hazırlıq mərhələsindədir. Rusiya enerji resurslarından ilk imtina edən ölkələrin sırasındasa, Asiya dövlətləri ön planda yer alır. Hindistan Avropa ölkələri ilə müqayisədə 30 faiz ucuz təklif olunan Rusiyanın “Urals” markalı neftini almaqdan imtina edib. Eyni zamanda, Pakistana da 30 faiz ucuz qiymətə anlaşdığı Rusiya neftini almaq niyyətində deyil. Və ABŞ-ın planlaşdırdığı çevrilişlə Pakistan baş naziri İmran Xanın devrilməsində də bu barədə anlaşmanın xüsusi rolu olduğu bildirilir.

abs-sanksiya.jpg (7 KB) 

Təbii ki, Asiya ölkələri sırasında Rusiya üçün ən önəmli siyasi-ideoloji müttəfiq ölkə rolunda hələlik yalnız Çin qalıb. Hələlik rəsmi Pekin ABŞ və Qərbin Ukrayna üzərindən Rusiyaya qarşı başlatdığı hərbi-iqtisadi savaşda Kremli dəstəklədiyini gizlətmir. Ancaq Çin də tədricən bu məsələdə öz üçün müəyyən “qırmızı cizgilər” müəyyən etməyə başlayıb. Bəzi məlumatlara görə, rəsmi Pekin son vaxtlar ciddi tərəddüdlər qarşısındadır və əgər, Rusiya yay aylarına qədər Ukrayna savaşından qalib ayrılmağı bacarmazsa, Kremllə eyni “batan gəmi”də yer almaq niyyətindən uzaqdır.

Belə anlaşılır ki, hazırda heç kim Rusiya ucbatından ABŞ və Qərbin sanksiyalarının hədəfinə çevrilmək istəmir. Xüsuslə də, bir neçə gün əvvəl Ağ Evdən verilən xəbərdarlıq mesajı Rusiyaya dəstək olmaq niyyətində olan dövlətləri tərəddüdlərə sürükləyib. Çünki, həmin xəbərdarlıqda vurğulanırdı ki, yaxın 2-3 həftə ərzində Rusiyaya sanksiyalardan yayınmaq imkanı açan ölkələrlə bağlı detallı məlumatlar ortaya çıxmış olacaq. Və belə addımlar atmış ölkələrə qarşı ağır embarqolar tətbiq olunacaq.

Göründüyü kimi, ABŞ və Qərbin sanksiya kampaniyasının indi ikinci mərhələsi başlamaq üzrədir. Buna qədər Rusiyaya qarşı sanksiyalar tətbiq olunurdu. İndi isə yaxın vaxtlarda Rusiyaya sanksiyalardan yayınmaq imkanları açmış ölkələrə qarşı embarqoların tətbiqinə başlanılacaq. Və bu, Rusiyanın dünyadan təcrid olunub, təklənməsi prosesini daha da intensivləşdirə bilər.

putin1646377325.jpg (86 KB) 

Onu da qeyd etmək lazımdır ki, bəzi Qərb siyasi mərkəzləri savaşın uzun müddət davam edəcəyini iddia etsələr də, Rusiyanın gələcək taleyi ilə bağlı da müxtəlif ehtimallar səsləndirirlər. Onların fikrincə, bu ilin sonlarına doğru, təxminən payiz aylarında Rusiya beynəlxalq sanksiyaların təsirini bütün ölkəboyu hiss etməyə başlayacaq.

Hesablamalara görə, Kreml hazırda istifadə etdiyi Rusiyanın ehtiyatlarını ilin sonlarına doğru tamamilə tükətmiş olacaq. O vaxta qədər ABŞ və Qərb Avropa ölkələri üçün Rusiya enerji resurslarına alternativ qaynaqları təmin etmək niyyətindədir. Bu mümkün olarsa, Qərbdə Rusiyanın çöküşünə qətiyyən şübhə etmirlər.

Belə anlaşılır ki, ABŞ və Qərb Rusiya iqtisadiyyatının iflasını payız ayları üçün proqnozlaşdırır. Ancaq Rusiyanı uzun müddət savaşın içərisində tutmaqla, həm də Kremlin tam çöküşünü, hətta hakimiyyət dəyişikliyinə yönəlik prosesin başladılmasını planlaşdırır. Və bu baxımdan, Rusiyaya qarşı konkret planlar üzərindən hərbi-siyasi əməliyyatın aparıldığı inkaredilməz reallıq kimi görünür.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam