Bayden Blinkenin gizli saxladığı "Rusiya planı"nı açdı: Ağ Ev "siyasi bazarlıq"da Rusiyadan Putini istəyir
ABŞ və Qərbin təlimatlarını icra edəcək "demokratik Rusiya" modeli qarşısında indi yeganə və ən böyük əngəl məhz Putin hakimiyyətidir; Rusiya siyasi dairələri ABŞ və Qərbin bu modeli ətrafında "siyasi bazarlığa" razılıq versələr, prezident Vladimir Putinin hakimiyyətdən kənarlaşdırılmasından dərhal sonra Kremlə qarşı əksər sanksiyalar ləğv oluna bilər...
Yenixeber.org: ABŞ və Qərbin Ukrayna savaşından hansı gözləntiləri ola biləcəyi olduqca böyük maraq doğurur. Qərb siyasi dairələri bu savaşın necə nəticələnməsini istəyirlər? İndi bu sualın mümkün cavabları beynəlxalq informasiya məkanında əsas müzakirə mövzuları sırasına daxildir.
Onu da qeyd etmək lazımdır ki, dünya liderlərinin son açıqlamalarının məzmunu Ukrayna savaşında ABŞ və Qərbin əsas hədəflərini təxmin etməyə imkan verir. Bu hədəflərdə Rusiya prezidenti Vladimir Putinin ön plana çıxarıldığı müşahidə olunur. Və belə situasiyada Rusiyanın ölkə daxilində önəmli təsirə malik olan siyasi-iqtisadi dairələrinin Kremlə münasibətdə hansı mövqedə dayanacağı hələlik məlum deyil.
Böyük Britaniyadan verilən açıqlamalarda Rusiyanın Ukraynaya qarşı işğalın dayandırılması tələb olunur. Ardınca isə Rusiya qoşunları Ukraynanı tam şəkildə tərk etməyənə və bu ölkənin ərazi bütövlüyü Kreml tərəfindən təmin olunmayana qədər sanksiyaların zəiflədilməyəcıyi vurğulanır. Və bu, rəsmi Londonun "siyasi bazarlıq" mesajı kimi görünür.
Məsələ ondadır ki, Böyük Britaniya Kremlin həmin tələbləri yerinə yetirəcəyi təqdirdə, Rusiyaya qarşı sanksiyaların zəiflədilə biləcəyinə eyham vurur. Halbuki Kremlin bunu qəbul etməsi hələlik o qədər də inandırıcı təsir bağışlamır. Çünki, bu halda, prezident Vladimir Putinin hərbi-siyasi kursu açıq şəkildə inkar edilmiş olacaq. Və bu, onu göstərir ki, rəsmi London Rusiyaya "siyasi bazarlıq" şərtləri təklif edərkən əslində, dolayısı ilə məhz prezident Vladimir Putini hədəfə almış olur.
Maraqlıdır ki, Qərb siyasi dairələrində prezident Vladimir Putinin hakimiyyətdən kənarlaşdırılmasına yönəlik mövzular artıq daha həvəslə müzakirə edilməkdədir. Hətta prezident Vladimir Putinin hakimiyyətinə qarşı heç bir konkret planlarının olmadığını bəyan etdiklərində belə, əslində, Kreml sahibini açıq hədəfə çıxartmış olurlar. Və bu baxımdan, ABŞ-ın dövlət katibi Entoni Blinkenin açıqlaması da qətiyyən istisna deyil.
Məsələ ondadır ki, ABŞ-ın dövlət katibi Ağ Evin Rusiyada siyasi rejim dəyişdirməklə bağlı hər hansı planının və niyyətinin olmadığını vurğulayıb. Onun fikrincə, ABŞ istəyir ki, prezident Vladimir Putin Ukraynada və ya hər hansı başqa ölkədə müharibə aparmaq gücünə sahib olmasın. ABŞ-ın dövlət katibi Ağ Evin nə Rusiyada , nə də başqa bir ölkədə siyasi rejimləri dəyişdirmək kimi stategiyasının olmadığına hər kəsi əmin etməyə çalışıb.
Təbii ki, ABŞ-ın dövlət katibi Entoni Blinkenin bu açıqlamasına yalnız sadəlövhlər inana bilər. Hər halda, Ağ Evin bir çox ölkələrdə ABŞ-ın maraqlarına uyğun olmayan siyasi hakimiyyətləri müxtəlif vasitələrlə dəyişdirdiyini dünyada bilməyən yoxdur. "Məxməri inqilablar" və yaxud lap elə "ərəb baharı", hətta İraqa, Suriyaya ABŞ qoşunlarının yeridilməsi dövlət katibi Entoni Blinkenin dediklərini tamamilə təkzib edir. Digər tərəfdən, Rusiyaya münasibətdə belə plan yoxdursa, onda Ağ Ev təmsilçiləri bu mövzunu niyə belə israrla müzakirə edib, aktual qalmasına çalışır?
Nəhayət, ABŞ dövlət katibi Entoni Blinken deyəsən, ABŞ prezidenti Co Baydenin martın 26-da Polşa ziyarəti zamanı “Vladimir Putin hakimiyyətə qala bilməz” deməsindən ya xəbəri yoxdur, ya da bu barədə danışmaq sərfəli deyil. Halbuki, ABŞ dövlət katibinin prezident Co Baydenin açıqlamalarından məlumatsız olma ehtimalı da qətiyyən real deyil. Böyük ehtimalla Ağ Ev bu mövzuda müxtəlif məzmunlu açıqlamalar verməklə, həm əsas niyyətini biruzə verməyə çalışır, həm də hədəf yayındırmağa cəhd göstərir.
Ancaq prezident Co Baydenin Polşada dedikləri qətiyyən hədəfi yayındırıla biləcək məzmun daşımır. Çünki, Ağ Ev sahibi açıq mətnlə bir tərəfdən prezident Vladimir Putini açağılamağa çalışır, digər tərəfdən isə onu təhdid edir: "Biz Ukrayna xalqının bir qəddar diktatorun planlarından daha güclü olduğunu necə nümayiş etdirdiyini görürük. Keçmiş imperiyanı bərpa etməyə çoxdan çalışan diktator öz məqsədlərinə çatmayacaq. Çünki insanlar onun dünyasında yaşamaq istəmirlər. Bu adam hakimiyyətdə qalmamalıdır".
Maraqlıdır, görəsən, ABŞ dövlət katibi Entoni Blinken Ağ Ev sahibi Co Baydenin bu açıqlamasının hansı mənanı daşıdığını necə izah etmək niyyətindədir. Hətta Ağ Ev sahibinin prezident Vladimir Putini "qəddar diktator" adlandırmasını belə, bir kənara buraxmalı olsaq, heç olmasa, dövlət katibi ABŞ prezidentinin "Bu adam hakimiyyətdə qalmamalıdır" deməsini necə anlamaq lazım olduğuna aydınlıq gətirsə, qətiyyən yersiz olmazdı. Və yəqin ki, bu halda, hər kəs ABŞ-ın Rusiya ilə bağlı əsl planları barədə təxmini anlayışa sahib olardı.
Halbuki prezident Co Baydenin Polşada verdiyi açıqlamada bütün bu məqamların geniş izahı da olmamış deyil. Hətta qoca Co ABŞ-ın Rusiya ilə bağlı hədəflərini o qədər açıq mətnlə izah edir ki, dövlət katibi Entoni Blinkenin əlavə şərh verməsinə də elə bir ehtiyac qalmır: "Biz Rusiyanın enerji resurslarından tamamilə imtina etməliyik. Biz avtokratın dünyanı şantaj etməsinə icazə verə bilmərik. Biz Rusiyanın demokratik dövlətə çevrilməsinə imkan verməyən islah rejimini məhv etməliyik".
Göründüyü kimi, qoca Co ABŞ-ın Rusiya ilə bağlı planlarını dövlət katibi Entoni Blinken kimi gizlətməyə qətiyyən ehtiyac duymur. Əksinə, Ağ Evin əsas hədəflərini hamının başa düşəcəyi kimi açıq mətnlə təqdim edir. Və bu baxımdan, Ağ Ev sahibi Co Baydenin ABŞ-ın dövlət katibi Entoni Blinkendən daha səmimi davrandığını da düşünmək olar.
Beləliklə, prezident Co Baydenin sayəsində indi bütün dünya bilir ki, ABŞ Rusiyanı tamamilə zəiflədib, superdövlət statusundan məhrum etmək, öz sərhədləri içərisinə sıxışdırılaraq, Qərbdən gələn təlimatları icra edən dövlətə çevirməyi hədəfləyir. Ağ Ev sahibinin "Rusiyanın demokratik dövlətə çevrilməsinə imkan verməyən islah rejimini məhv etməliyik" cümləsi isə əslində, ABŞ-ın "Rusiya planı"nın əsas şifrəsidir. Yəni, Rusiyanın Qərbin təlimatlarını icra edən dövlətə çevrilməsinə nail olmaq üçün ilk növbədə bu ölkədə "demokratik proseslər" adı altında daxili xaos yaratmaq vacibdir. Və bu variant vaxtilə - Yeltsin Rusiyasında artıq bir dəfə uğurla sınaqdan çıxarılıb.
Ancaq prezident Vladimir Putinin hakimiyyətə gəlişindən sonra Rusiya ABŞ və Qərbin nəzarətindən tamamilə çıxarıldı. Kreml öz imperiya siyasətinə yenidən geri dönüb, ABŞ və Qərbə beynəlxalq məkanda meydan oxumağa başladı. Ona görə də Ağ Evdə anlayırlar ki, ABŞ və Qərbin təlimatlarını icra edəcək "demokratik Rusiya" modeli qarşısında indi yeganə və ən böyük əngəl məhz Putin hakimiyyətidir.
Bu səbəbdən də, Ağ Evin əsas hədəfi məhz Rusiyada prezident Vladimir Putinin hakimiyyətdən uzaqlaşdırılmasıdır. Əgər, Rusiya siyasi dairələri ABŞ və Qərbin bu modeli ətrafında "siyasi bazarlığa" razılıq versələr, prezident Vladimir Putinin hakimiyyətdən kənarlaşdırılmasından dərhal sonra Kremlə qarşı əksər sanksiyalar ləğv oluna bilər.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert