Yenixeber.org: Qabaqcıl siyasi ənənələrdə belə bir yazılmamış qanun var ki, siyasi fəaliyyətlə məşğul olan şəxs ən azından siyasi əqidəsinə bağlı, sədaqətli, gündə bir fikrə düşmək, eyni insan haqqında bu gün tərif yağdırıb, sabah söyüş söymək kimi mərəzlərdən xali olmalıdır. Amma 30 illik müstəqillik dövründə ölkəmizdə baş verən ictimai-siyasi hadisələrin fonunda bunu Azərbaycan siyasətinə şamil etmək olduqca çətinlik yaradır. Ən faciəlisi də odur ki, belə insanların bir çoxu parlamentdə xalqımızı təmsil etmək üçün mandat alıblar. Məsələn, başlayaq adı gələndə normal vətəndaşın istər-istəməz parlamentimizə görə təəssüf hissi keçirdiyi Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayevdən.
HEÇ UZAĞA GETMƏYƏK.
Yaxın 3-4 ildə bu adamın verdiyi açıqlamalar, paylaşdığı statuslar rəhmətlik Süleyman Dəmirəlin “Dünən dediyim dünəndə qaldı” mənasına gələn məşhur kəlamına 5 yox, 15 təpik vuracaq səviyyədədir. Ən bariz nümunələrdən biri odur ki, deputat E.Musayev indi hamının “vurmaq” üçün növbəyə dayandığı akademik Ramiz Mehdiyev haqqında vaxtilə bunları deyib: “Ramiz Mehdiyev hər yoldan keçənə cavab verəcəksə, o zaman biz kimik? Nə deyib ortada gəzirik? Ramiz Mehdiyev elə bir şəxsiyyətdir ki, onun söylədiyi hər fikir mükəmməlliyin belə öhdəsində (???) durur və bu dəyərli insanın mövqeyi, cəsarəti, kişiliyi məncə çoxları üçün örnək olmalıdır….” və yaxud “Sənin bütün ətrafın Ramiz Mehdiyevin bir atılan dırnağına dəyməz”. Amma E.Musayevin son zamanlar verdiyi müsahibələrində söylədiyi fikir normal insanların dodaqlarını uçuqladacaq növdəndir: “Ramiz Mehdiyevin yanında olanlar bizdən deyillər”.
Tez-tez özü kimi mövqeyini dəyişən mətbuat orqanlarında guya orijinal fikir kimi siyasi cəhətdən bəsit ifadələrlə gündəmdə qalmaq və fəal olduğunu göstərmək istəyən Elşən Musayev bu gün adı çəkiləndə söyməyə hazır olduğu Azərbaycan Prezidentinin sabiq köməkçisi Əli Həsənov haqqında da zamanında bunları deyib: “Bu insan, mərdliyin və mübarizliyin simvollarındandır. Üstəlik, hər zaman üzdədir, gərgin mübarizələrin önündədir və elə bu səbəbdən də nankorların və şərəfsizlərin hədəfindədir… Bəli, çoxları üçün rahat yol budur – Susmaq… Əli Həsənov ədalətsizliyə, riyakarlığa qarşı susmur… vicdan rahatlığı ilə yaşamağın, üzərimizdəki insanlıq və vətəndaş məsuliyyətinin nə olduğunu bizlər Əli müəllim kimi ləyaqətli insanlardan öyrənmişik. O mayaklar, o şərəf etalonları var olduqca mübarizəmiz davam edəcək!”
YA SÖZÜNƏ SAHİB DUR… YA DA HEÇ OLMASA SUS!
Qeyd oldunduğu kimi, yeni siyasi konfiqurasiyanın ortaya çıxdığı ilk növbədənkənar parlament seçkilərinin “evlərə şənlik” Elşən Musayev kimi “sonucları” var. Amma digərlərinə nisbətən xeyli gənc olan bu mandat sahibinin günün günorta çağı xalqın gözünə kül üfürməyi sadəcə ürək bulandırır. Qardaşım, səni buqələmun kimi, gündə bir rəngə dönüşməyə məcbur edən nədir? Siyasi konyunkturun dəyişməsi? Siyasi konyunktura xidmətin də bir həddi-hüdudu var axı? Onda sənin vaxtilə mərhum Heydər Əliyevin parlamentdə çıxışının qarşısını almaq üçün ayaq döyəcləyən, hakimiyyətə qaydıdandan sonra isə mədhiyyələr yağdırıb siyasi reabilitasiyadan keçən, hətta indinin özündə də parlamentdə təmsil olunan simasız insanlardan nə fərqin oldu?
Bu yerdə Elşən Musayevə belə bir məsləhət vermək olar: Ya sözünə sahib dur, ya da əməlinə! Amma nə yazıq ki, vaxtilə riyakarlığa qarşı çıxış edən Elşən Musayev kimilərə bu məsləhət də yaraşmır. Onun sözünə sahib durması “siyasi meyit”ə çevrilməsinin başlanğıcı ola bilər. İndiki halda demokratik maarifçiliyimizin qeydinə qalan partiya rəhbəri üçün, özünün dediyi kimi, ən rahat çıxış yolu susmasıdır.
Bütün bunlar öz yerində. Maraqlısı odur ki, dövlətimiz və maarifçiliyimizin qeydinə qalmaq üçün heç bir iş görməyən, əksinə göz önündə olan əməlləri ilə xalqımıza zərərdən başqa bir xidmət göstərməyən, özünün də xəbərsiz olduğu “demokratik maarifçilik” ideyasının “təbliğatçısı”nın fəaliyyəti
DÖVLƏTƏ NEÇƏYƏ BAŞA GƏLİR?
Milli Məclimizin bəzi səmimi üzvlərinin öz çıxış və müsahibələrində qeyd etdikləri kimi, deputatların aylıq gəlirləri 5-8 min manat arasındadır. Bura bölgələrdən olan deputatların onu seçən xalqın problemləri ilə maraqlanmaq, ən azından seçicilərin gözünə görünmək üçün rayonlara etdikləri səfərlərinin qarşılandığı ezamiyyət xərcləri də daxildir. 111 saylı Zaqatala-Balakən seçki dairəsindən deputat seçilən Elşən Musayev də ən azı ayda 7-8 min pul alır. İldə 100 min manata qədər hesablanan bu məğləğin üstünə onun partiyasına da ayrılan (2021-ci ilin dövlət büdcəsindən siyasi partiyalara 4 milyon manat vəsait ayrılıb. Bu hesabla parlamentdəki 11 siyasi partiyanın hər biri 145,4 min manat pul alır) pulu da gələndə Elşən Musayevin bir çağırış dövründə fəaliyyəti 1 milyon 250 minə yaxın dövlət vəsaitinə başa gəlir.
Əlqərəz, dövlət büdcəsinə olduqca baha başa gələn Elşən Musayevə xərclənən pula 5 il ərzində ən azı 200 ailənin dolanışığını təmin etmək, aztəminatlı ailənin üzvü olan 250 tələbəni dövlət hesabına oxutmaq olar. Zənnimcə, Elşən Musayev kimi deputatlara xərclənən pullar bu cür xeyir və savab işlərə yatırılsa, gələcəyimiz üçün daha faydalı olar. Çünki onun kimi gündə mövqeyini dəyişən şəxslərin parlamentdə oturması nə hakimiyyətə, nə dövlətə, nə xalqaa, nə də parlamentə xeyir və hörmət gətirir.(aztoday.az)
Orxan Məmmədli
Yenixeber.org olaraq qarşı tərəfin cavab haqqını tanıyırıq.