Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Ərdoğan Baydeni taleyüklü sınağa çəkir: Ağ Ev Türkiyə-ABŞ müttəfiqliyini necə xilas edəcək

Ərdoğan-Bayden görüşü uğursuz olarsa, ABŞ-ın Türkiyəni tamamilə itirməsi tədricən geriyədönməz prosesə çevrilə bilər; Əgər, bu, baş verərsə, onda Ağ Ev öz strateji müttəfiqi Türkiyəni Rusiya ilə ortaq şəkildə ABŞ-ın beynəlxalq rəqibi roluna məcbur etmiş olacaq...

Yenixeber.org: Türkiyə-Rusiya münasibətlərinin yeni mərhələyə keçməsi beynəlxalq siyasi iradə mərkəzlərində ciddi narahatlıq doğurur. Hazırda iki ölkə arasında hərbi-siyasi və iqtisadi-ticari əlaqələrin sürətlə inkişaf etməsi bəzi dövlətlər tərəfindən təhlükə kimi qəbul edilir. Və yaxın gələcəkdə Türkiyə-Rusiya ortaqlığının belə davam edərsə, dünya üzərində ciddi təsir gücünə malik ola biləcəyi ehtimal edilir.

Xüsusilə də, Ərdoğan-Putin görüşünün nəticələri dünya düzəninə birbaşa təsir göstərə biləcək beynəlxalq proseslərin başlanğıcı olaraq, xarakterizə olunur. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iki ölkə arasında ticarət dövriyyəsinin 100 milyard dollara çatdırılması ilə bağlı niyyəti anons etməsi müəyyən müzakirələrə yol açıb. Əsas qənaət ondan ibarətdir ki, belə genişmiqyaslı ticarət dövriyyəsi hər iki ölkənin iqtisadiyyatını gücləndirə bilər. Və bu, həm də hər iki ölkənin hərbi-siyasi gücünün artması baxımından, önəmli maliyyə qaynağıdır.

Təbii ki, bütün bunlar Türkiyənin NATO üzrə müttəfiqi olan ABŞ daha çox narahat edir. Çünki Bayden administrasiyası hazırda Türkiyəyə qarşı təzyiq siyasətinə üstünlük verir. Nəticədə iki müttəfiq ölkə arasında ziddiyyətlər daha da dərinləşir.

Onu da qeyd etmək lazımdır ki, ABŞ və Türkiyə arasında ciddi problemlər mövcuddur. Bu problemlər prezident Co Baydenin hakimiyyətə gəlişindən sonra azalmaq əvəzinə daha da artıb. Hətta prezident Co Bayden hakimiyyətə gəldikdən dərhal sonra Türkiyəyə qarşı sanksiyaların tətbiqinə başlamışdı. Yəni, Türkiyənin Rusiyadan aldığı "S-400" zenit-raket kompleksləri ilə bağlı qarşıdurma indi münasibətlərdə böhran yaradıb.

Ona görə də, rəsmi Ankara və Ağ Ev arasında anlaşma mühitinin bərpası hələlik mümkünsüz görünür. Prezident Co Baydenin hakimiyyətə gəlişindən sonra ABŞ və Türkiyə arasında olan iki yüksəksəviyyəli təmas da qarşıdurmanın yumşalmasına yol açmayıb. Çünki hər iki yüksəksəviyyəli təmas uğursuz nəticələnib. İki ölkənin prezidentləri əvvəlcə NATO sammiti çərçivəsində görüşmüşdülər. İyun ayında keçirilən bu görüşdən hər iki tərəf əliboş ayrılmışdı.

Növbəti görüş sentyabr ayında BMT çərçivəsində baş tutmuşdu. Bu görüş isə yalnız ziddiyyətlərin daha da dərinləşməsi ilə nəticələnmişdi. Hətta sonuncu görüşdən sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın əvvəlki prezidentləri ilə heç bir ciddi problemin yaşanmadığını xatırlatdıqdan sonra indiki Ağ Ev sahibi Co Bayden ilə anlaşmağın çox çətin olduğunu vurğulamışdı.

Bütün bunlar ABŞ və Türkiyə arasında müttəfiqlik münasibətlərinin artıq "qırılma nöqtəsi"nə yaxınlaşdığını göstərir. Üstəlik, Ağ Ev sahibi ilə anlaşa bilməyən prezident R.T.Ərdoğanın elə sentyabrın sonunda dərhal Rusiya lideri Vladimir Putin ilə görüşməsi də qətiyyən təsadüfi deyildi. Rəsmi Ankara bununla Türkiyənin ABŞ üçün ciddi problemə çevrilə biləcək strateji alternativinin olması ilə bağlı Ağ Evə açıq mesaj vermiş oldu. Üstəlik, "Rusiyadan önəmli gözləntilərimiz var" deyən prezident R.T.Ərdoğan V.Putin ilə görüşdən məmnun ayrılmışdı. Hətta Türkiyə prezidenti Rusiyadan yenə də "S-400" raketləri almaq niyyətində olduqlarını bəyan etmişdi.

Təbii ki, Türkiyənin bu addımları ABŞ üçün olduqca xoşagəlməz siyasi manevrlər sayılır. Çünki, Türkiyənin ABŞ-dan uzaqlaşıb, məhz Rusiya ilə yaxınlaşması Ağ Evin beynəlxalq maraqlarına qarşı ciddi zərbəyə çevrilə bilər. Hər halda, bunun dünya düzənini dəyişə biləcək qədər ciddi proses olduğu inkaredilməz reallıqdır.

Ona görə də, bu ayın sonunda keçiriləcəyi gözlənilən G-20 ölkələrinin sammiti çərçivəsində yeni Ərdoğan-Bayden görüşünün nəticələri artıq indidən böyük maraq doğurur. Bəzi ehtimallara görə, bu görüşün atmosferi əvvəlkilərlə müqayisədə tamamilə fərqli ola bilər. Hər halda, bu dəfə ABŞ-ın Türkiyə qarşısında diqtə edən dövlət statusuna sadiq qalmaq cəhdi Ağ Evin ən böyük səhvi olardı. Bu baxımdan, Ağ Ev sahibinin öz mövqeyini nisbətən yumşaldaraq, Türkiyə prezidenti ilə anlaşmağa çalışa biləcəyi də qətiyyən istisna deyil.

Böyük ehtimalla bu dəfə hər iki tərəf özü üçün strateji xarakter daşıyan məsələləri daha ön plana keçirtməyə çalışacaq. Ancaq ABŞ əvvəlki dövrlərdən fərqli olaraq, indi Türkiyənin maraqlarına daha həssas yanaşmaq məcburiyyətində qala bilər. Hər halda, Ərdoğan-Bayden görüşü sayəsində ziddiyyətlər arxa plana keçirilməzsə, onsuz da artıq formal xarakter daşımağa başlayan ABŞ-Türkiyə strateji müttəfiqliyi böyük təhlükə ilə üzləşə bilər.

Ona görə də, böyük ehtimalla görüşdə müzakirə ediləcəyi elan olunan bütün mövzuların mütləq gündəmə gətirələcəyi o qədər də inandırıcı görünmür. Yəqin ki, hər iki ölkə üçün prinsipial əhəmiyyət daşıyan məsələlər ətrafında fikir mübadiləsi prioritet təşkil edəcək. Çünki hazırda dünyanın bəzi regionlarında Türkiyənin ABŞ-a dəstəyi Ağ Ev üçün böyük əhəmiyyət daşıyır. O cümlədən, ABŞ-ın Cənubi Qafqazdakı maraqları da indi Türkiyədən asılı vəziyyətə düşmüş kimi görünür. Və Ağ Ev bu regionda itirdiyi nüfuzunu yalnız Türkiyə üzərindən bərpa edə bilər.

Bütün bunları nəzərə aldıqda, Türkiyə lideri R.T.Ərdoğan ilə görüşdə prezident Co Baydenin daha proqmatik davrana biləcəyi qətiyyən istisna deyil. ABŞ-ın Türkiyəni tamamilə itirməsi Ağ Evin beynəlxalq hədəflərini təhdid edə biləcək önəmli faktor sayılır. Ona görə də ABŞ-ın öz strateji müttəfiqinin Rusiyanın yaxın tərəfdaşına çevriləmə təhlükəsinin qarşısını almağa cəhd göstərəcəyini ehtimal etmək olar.

Yəni, Ərdoğan-Bayden görüşündə Cənubi Qafqaz da daxil olmaqla, bəzi önəmli regionlarla bağlı problemlərə münasibətdə Türkiyə və ABŞ-ın mövqeyinin nisbətən bir-birinə yaxınlaşa biləcəyi qətiyyən istisna deyil. Bu baxımdan, qarşılıqlı güzəştlər tamamilə inandırıcı görünür. Və ABŞ Türkiyənin Rusiya ilə əks düşərgədə yer almaması üçün bütün imkanlardan istifadə etməyə çalışacaq.

Təbii ki, Ərdoğan-Bayden görüşü gözləntilərin əksinə olan nəticələrə də yol aça bilər. Bu halda, Ağ Evin Türkiyəni tədricən itirməsi geriyədönməz prosesə çevrilə bilər. Əgər, bu, baş verərsə, onda Ağ Ev öz strateji müttəfiqi Türkiyəni Rusiya ilə ortaq şəkildə ABŞ-ın beynəlxalq rəqibi roluna məcbur etmiş olacaq.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam