ATƏT-in Minsk Qrupunun həmsədrləri BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Nyu Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirlərini görüşdürməklə öz vasitəçilik missiyalarını bərpa etmiş oldular. Halbuki müharibədən sonra Azərbaycan rəhbərliyi artıq Minsk Qrupunun xidmətlərinə ehtiyac olmadığını bildirirdi, ölkə ictimaiyyəti də yavaş-yavaş onların mövcudluğunu unutmağa başlamışdı.
Yenixeber.org: ATƏT-in Minsk Qrupunun prosesə qayıtması ABŞ və Fransanın tələbi idi. Bu barədə prezidentlər Bayden və Makron başda olmaqla, ABŞ və Fransa rəsmiləri dəfələrlə mövqe ifadə ediblər. Rusiya isə 44 günlük müharibədən sonra regionda mövqelərini gücləndirərək sülh və əməkdaşlıq prosesinin yeganə moderatoru qismindədir. Bu səbəbdən, Minsk Qrupunun aktivləşməsi əslində Moskvaya lazım deyil, bununla belə, o, həmsədrlərin öz fəaliyyətlərini davam etdirməsinə etiraz etmir.
Tərəflərin mövqelərinə gəlincə, Ermənistan Azərbaycanla dialoqa getmək üçün bir neçə şərt irəli sürüb. Onlardan biri Azərbaycanda saxlanılan erməni hərbçilərinin buraxılmasıdır. Ermənistan onları hərbi əsir sayır, amma Azərbaycan bu şəxsləri terrorçu kimi Cinayət Məcəlləsi ilə mühakimə edib.
Ermənistanın digər tələbi budur ki, Azərbaycan sərhəddə – Qaragöl istiqamətində tutduğu mövqelərdən geri çəkilsin. Azərbaycan isə işğaldan sonra öz sərhədlərini bərpa etdiyini bildirir və mübahisəli məsələlərin delimitasiya-demarkasiya prosesində həll oluna biləcəyini deyir.
İrəvan danışıqlarda “Dağlıq Qarabağın statusu” məsələsinin də müzakirəyə çıxarılması tələbini irəli sürür, Azərbaycan isə bunu qətiyyətlə rədd edir.
Prezident İlham Əliyev bu həftə Türkiyənin “Anadolu” dövlət xəbər agentliyinə müsahibəsində Minsk Qrupunun roluna toxunarkən bildirib ki, onların fəaliyyətində yeni məsələlər ortaya çıxmalıdır:
“Dağlıq Qarabağ münaqişəsi bitdi. İndi nə etmək olar? Etimad tədbirləri, yollar açmaq, dəhlizlər açmaq, sülh prosesini dəstəkləmək, Ermənistan-Azərbaycan münasibətlərini tənzimləmək, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalamağa çalışmaq. Məncə, onların fəaliyyət dairəsi bundan ibarət olmalıdır. Yoxsa, olmayan Dağlıq Qarabağın statusu ola bilərmi? Əlbəttə, yox”.
İlham Əliyev Fransanın “France-24” televiziya kanalına müsahibəsində isə deyib ki, Azərbaycan Ermənistanla dialoqa başlamağa hazır olduğunu bir neçə dəfə açıq şəkildə bildirib:
“Söhbət təkcə dialoqun başlanmasından getmir, eyni zamanda, Azərbaycan və Ermənistan arasında gələcək sülh razılaşmasının üzərində aparılacaq işdən də gedir. Müharibə bitib, münaqişə öz həllini tapıb. Biz regionu daha da proqnozlaşdırıla bilən, sabit və təhlükəsiz regiona çevirmək üçün yeni fəaliyyətə başlamalıyıq. Hər iki ölkənin xarici işlər nazirlərinin görüşü bu səylərin yaxşı göstəricisidir”.
Prezident əlavə edib ki, Azərbaycan sərhədlərin delimitasiyası və demarkasiyası üzrə danışıqlara hazır olduğunu bildirsə də, qarşı tərəfdən cavab almayıb. Onun sözlərinə görə, ermənilərə muxtariyyət verilməsi artıq müzakirə mövzusu deyil: “Bu gün Qarabağda Rusiya sülhməramlılarının məsuliyyət zonasında yaşayan ermənilər ölkəmizdə yaşayan digər etnik qrupların nümayəndələri kimi Azərbaycan vətəndaşlarıdır”.
Beləliklə, Azərbaycan və Ermənistanın, eləcə də Bakı ilə ABŞ və Fransanın problemə baxışında ziddiyyətlər var. Minsk Qrupu bu şəraitdə əvvəlcə hansı məsələlər üzrə vasitəçilik edəcəyini tərəflərlə razılaşdırmalıdır. Ermənistan “Dağlıq Qarabağın statusu” deyir, Azərbaycan isə ümumiyyətlə, bu anlayışı qəbul etmir. Bakının mövqeyi belədir ki, həmsədrlərlə birgə işlənilməli məsələ iki ölkə arasındakı mövcud problemlərdir, bunun xaricində heç bir mövzu ətrafında dialoq aparmaq fikrində deyil.
Nəticə olaraq qeyd etmək olar ki, Minsk Qrupunun müzakirələrə başlaması heç də prosesin 1 il əvvəl qaldığı yerdən davam edəcəyi anlamına gəlmir. Məlum olduğu kimi, vəziyyət müharibədən sonra kardinal şəkildə dəyişib. Həmsədrlərdən biri – Rusiya Qərbin prosesə aktiv şəkildə qayıtmasında maraqlı deyil. Çünki bu halda Kremlin bölgədə dominantlığını təmin edən sülhməramlıların tərkibi məsələsi də gündəmə gətirilə bilər. Xatırladaq ki, münaqişənin həlli ilə bağlı müharibədən əvvəlki təkliflərdə sülhməramlı qüvvələrin BMT mandatı altında, region ölkələrinin və həmsədrlərin iştirakı olmadan formalaşdırılması ideyası irəli sürülürdü. Hazırda Rusiyanın əlində nə beynəlxalq mandat var, nə də Azərbaycanın verdiyi mandat. Bununla belə, Moskva sülhməramlı missiyasını hansısa ölkə ilə paylaşmaq niyyətində deyil.(pressklub)
Turqut