AZƏRBAYCANA İŞĞALDAN MİRAS QALAN MİNA BƏLASI –Nə qədər müddətə tam təmizlənə bilər?
İkinci Qarabağ müharibəsinin başa çatmasından artıq yeddi aya yaxın vaxt keçsə də, hərbi qarşıdurmanın əsas elementlərindən biri olan minalanmış sahələr problemi aradan qaldırılmayıb: azad olunmuş torpaqlarda ölən və yaralananların statistikası artmaqda davam edir.
Yenixeber.org: “BBC” radiosu xəbər verir ki, bu hadisədən öncəki məlumatlara görə, İkinci Qarabağ müharibəsinin başa çatmasından sonra işğaldan azad olunmuş əraziləridə minalara düşmə nəticəsində 21 nəfər Azərbaycan vətəndaşı həlak olub, 85 nəfər ağır yaralanıb. Bu il insanların minaya düşməsi hadisələri əsasən Gədəbəy və Kəlbəcər rayonlarının ərazisində baş verib.
Minalar Əleyhinə Azərbaycan Kampaniyası təşkilatının bildirdiyinə görə, ümumilikdə bu il ərzində Azərbaycanın 59 vətəndaşının minalardan və partlamamış hərbi sursatlardan zərər çəkdiyi qeydə alınıb.
Bəs Azərbaycanın geri aldığı torpaqların minalardan təmizlənməsi nə qədər çəkə bilər?
Ötən il, müharibə bitəndən bir neçə gün sonra Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) rəsmiləri işğaldan azad edilmiş ərazilərin tamamilə minalardan təmizlənməsi üçün azı 10-15 il müddətin lazım olduğunu bildirmişdilər. Qurumun təmsilçili İdris İsmayılovun sözlərinə görə, bu o demək deyil ki, sakinlər evlərinə qayıtmaq üçün 10-15 il gözləyəcək.
Onun təbirincə, ilk öncə yaşayış yerləri minalardan təmizlənəcək, insanlar üçün təhlükəsiz sayıldıqdan sonra insanlar öz yurd-yuvalarına qayıda biləcək.
"Amma otlaqlar, əkin yerləri, meşə və dağ əraziləri də minalardan təmizlənməlidir ki, bunlar da illərlə vaxt aparacaq," - İdris İsmayılov deyib.
2019-cu ildə ANAMA-nın o dövrdə ki direktoru Qəzənfər Əhmədov təşkilatın fəaliyyəti müddətində, yəni 21i il ərzində 804 min kvadratmetr ərazinin mina və partlamamış hərbi sursatdan (PHS) təmizlədiyini bildirmişdi.
“Landmine Monitor Report” nəşrinə görə, Qarabağda minalanmış ərazilərin ümumi sahəsi 350 kv km-dən 830 kv km-dək ola bilər. Bu rəqəmlər dəyərləndirmə səciyyəlidir və növbəti dəqiqləşdirilmə işi aparıldıqdan sonra azalma istiqamətində dəyişə bilər.
“Azərbaycanda 2013-2017-ci illərdə 19,44 kvadrat km ərazi minalardan təmizlənib, bu isə ildə orta hesabla 4-5 kvadrat km ərazinin təmizlənməsi deməkdir”, LMR yazır.
Odur ki, ANAMA ekspertlərinin Qarabağın 10-15 ilə minalardan təmizlənə biləcəyi barədə proqnozu, necə deyərlər, optimist dəyərləndirmə, yəni ən minimal göstərici də sayıla bilər.
Minalar Əleyhinə Azərbaycan Kampaniyası təşkilatının rəhbəri Hafiz Səfixanov azad olunmuş torpaqların minalardan təmizlənməsi müddətinə dair dəqiq rəqəmin deyilməsinin hal-hazırda mümkün olmadığı qənaətindədir. O qeyd edib ki, əvvəllər belə rəqəmlər deyilirdi, çünki ərazinin çirklənmə səviyyəsi bilinmirdi və ona görə də təxmini belə deyilirdi.
"İşğaldan azad olunmuş ərazi çox böyükdür, minalarla və partlamamış hərbi sursatlarla çirklənmə səviyyəsi həddindən artıqdır. Bundan başqa ən əsas amil, bu ərazilərdə hələki heç bir təhqiqat aparılmayıb. Ona görə də hal-hazırda müddət bildirmək mümkün deyil", - Hafiz Səfixanov deyib.
Misal üçün, Yuqoslaviyanın dağılmasından sonra öz ərazisinin bütövlüyü uğrunda müharibə aparmış Xorvatiyada ərazilərin minalardan təmizlənməsi 20 ilə başa gəlib, Mozambikdə analoji iş 23 ilə görülüb.
Ukraynalı hərbi ekspert Mixail Jiroxova görə isə, minalardan təmizləmə işinə sərf olunan vaxt müharibənin davam etdiyi müddətdən təxminən 5 dəfə çox olur.
Bu qayda ikinci Qarabağ müharibəsinə tətbiq olunsa, onda son hərbi əməliyyatların getdiyi ərazilərin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi müddəti təxminən 7-8 ay çəkə bilər.
Amma nəzərə almaq lazımdır ki, Azərbaycanla Ermənistan arasında Qarabağ müharibəsi əslində 30 ilə yaxındır ki, davam edib və Azərbaycan həmin dövr ərzində işğal olunmuş ərazilərdə minaların basdırılması və istehkamların qurulması işinin aparıldığını bildirir.
“Landmine Monitor Report” dərgisi yazır ki, Azərbaycan hökumətinin və Dünya Bankının birgə araşdırması nəticəsində 2007-ci ilin sentyabr ayında, işğal olunmuş torpaqların minalardan təmizlənməsinə o dövrün qiymətləri ilə 600 milyon ABŞ dolları tələb olunduğu bildirilmişdi.
BMT-nin dəyərləndirməsinə əsasən, bu gün dünya boyu 70-dək ölkədə basdırılmış minaların ümumi sayı 100-120 milyon civarındadır. Hər gün orta hesabla dünyada 70-dək insan minaya düşür, minalardan zərər çəkmiş hər 3 nəfərdən biri isə uşaqdır.
Minalanmış ərazilərdə təsərrüfat fəaliyyəti aparmaq mümkünsüzdür, bu isə ərazisi kiçik, əhalisi sıx olan ölkələrin rifahına öz təsirini göstərir.
1996-cı ildə BMT-nin təşəbbüsü ilə humanitar məqsədlə "minalardan təmizləmə əməliyyatları üçün beynəlxalq standartlar" işlənib hazırlanıb. Bu standartların ərazilərin təmizlənməsi keyfiyyətinə dair əsas tələbi belədir: 20 sm-dək qalınlığı olan torpaq təbəqəsinin 99,6 faizi mina və partlayıcı maddələrdən təmiz olmalıdır.
Minaların aşkarlanması və zərərsizləşdirilməsi üçün mövcud texniki vasitələr bu qədər yüksək təmizlənməni təmin etmir və nəticədə, təmizlənmiş ərazilərin 80 faizdən çoxu insanın iştirakı ilə - əl ilə təmizlənir.
Mütəxəssislərin fikrincə, mövcud texnologiyalardan istifadə edərək, bütün planetin minalardan təmizlənməsi təxminən 1000 il çəkə bilər və 65-100 milyard dollara başa gələcək.
Ukraynalı hərbi ekspert Mixail Jiroxovun yazdığına görə, bir minanın aşkar edilib zərərsizləşdirilməsi 1000-5000 dollar məbləğə başa gələ bilər. Misal üçün, Ukraynanın müvəqqəti işğal olunmuş ərazilər və didərgin düşmüş vətəndaşların işi üzrə naziri Vadim Çernış hesab edir ki, Donbasın minalardan təmizlənməsi üçün 800 milyon dollar vəsait tələb olunacaq.
Postsovet məkanında baş verən münaqişələrdə döyüş əməliyyatları zamanı hərbi sursatların təxminən 40 faizi partlamamış qalır. Mixail Jiroxov bunu həmin əməliyyatlarda Sovet dövründən qalmış hərbi sursatlardan istifadə olunması ilə izah edir.
Ermənistanın Baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan, ötən ilin 44 günlük müharibəsi dövründə Rusiyanın İsgəndər raketlərinin yalnız 10 faizinin işlək olduğunu qeyd etmişdi.
“Köhnəlmiş hərbi sursatların utilizasiyası, yəni zərərsizləşdirilməsi işi çox bahalı olduğuna görə, ''Rusiya belə sursatları qonşularına sataraq yaxşı qazanc əldə edir, həm də köhnəlmiş sursatlardan öz yaxasını qurtarır'', Jiroxov yazır.
Hər bir ölkə hərbi əməliyyatlar apardığı zaman həmin ərazidəki hərbi xəritələrdə öz minaladığı ərazilərin yerini göstərir. Hücum və ya müdafiə vaxtı bu minalanmış ərazilərin xəritəsindən istifadə edilir. Məsələn, bir hissə təmizlənir və ordu həmin ərazidən keçib hücuma gedir. Müharibə başa çatdıqdan sonra minatəmizləmə ilə məşğul olan Azərbaycan müharibədən öncə mövcud olmuş təmas xətti boyu və işğalda olan ərazilərdəki minalanmış ərazilərin xəritəsini Ermənistandan tələb edib.
''Burada ən böyük çətinlik ondan ibarətdir ki, Ermənistan tərəfi bizə mina xəritələrini vermir, bundan imtina edir. Halbuki biz dəqiq bilirik ki, onlarda belə xəritələr var'' – deyə, Prezident İlham Əliyev bildirib.
“azpolitika”