Günə şox pis xəbərlə başladıq. Azərbaycan Televiziyasının operatoru, 1989-cu il təvəllüdlü Sirac Abışov, AZƏRTAC-ın əməkdaşı, 1982-ci il təvəllüdlü Məhərrəm İbrahimov (Əlioğlu) və Kəlbəcər rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev Kəlbəcər rayonu ərazisində xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olublar.
Yenixeber.org: Hadisə ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin mətbuat xidmətləri birgə məlumat yayıb. Məlumatda deyilir ki, Ermənistan silahlı qüvvələri beynəlxalq humanitar hüququn əsas norma və prinsiplərini, o cümlədən 1949-cu il tarixli Cenevrə konvensiyalarının tələblərini kobud şəkildə pozmaqla ərazilərimizi minalayaraq vətəndaşlarımıza qarşı cinayət əməllərini davam etdirir:
“Belə ki, 4 iyun 2021-ci il tarixdə, saat 11 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu “Kamaz” markalı sərnişin avtomobilinin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində 3 nəfər – Sirac Abışov (Az TV telekanalının operatoru), Məhərrəm İbrahimov (AZƏRTAC xəbər agentliyinin əməkdaşı), Arif Əliyev (RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) həlak olmuş, digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdirilmişlər”.
Rəsmi açıqlamada qeyd olunur ki, dərhal prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilərək məhkəmə-tibb ekspertizası təyin edilib və digər prosessual hərəkətlər yerinə yetirilib:
“Faktla bağlı Azərbaycan Respublikası Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və digər maddələri ilə cinayət işi başlanılmışdır. Hazırda intensiv istintaq-əməliyyat hərəkətləri həyata keçirilir”.
Şübhəsiz ki, baş verən hadisəyə görə ilk növbədə işğalçılar məsuliyyət daşıyır. Əraziləri minalayan və sülhdən sonra minalanmış yerlərin xəritəsini Azərbaycana verməkdən imtina edən erməni tərəfi beynəlxalq humanitar hüququn normalarına zidd davranışını davam etdirir. Lakin başqa bir sual da ortaya çıxır: minatəmizləmə prosesi başa çatmadan jurnalistlərin işğaldan azad olunmuş ərazilərə ezam olunması və orada sərbəst fəaliyyətinə icazə verilməsi nə qədər doğrudur? Bu kimi faciələrin qarşısını almaq üçün Azərbaycan dövləti nə etməlidir?
Hüquqşünas Ələsgər Məmmədli hadisədən çox üzüldüyünü söylədi:
“Öncə onu deyim ki, çox üzücü hadisədir. Xatırladım ki, Azərbaycan tərəfi bir həftə öncə gecə mina döşəyən terrorçuları, hərbçiləri yaxalayarkən bütün dünya ölkələri, xüsusilə də Fransa hərbi əsirləri geri qaytarmağımızı tələb edirdilər. Halbuki həmin əsirlər bugünkü ölüm hadisələrinin səbəbkarlarıdır. Bu hadisələr hələ də davam edir”.
Hüquqşünas hesab edir ki, Azərbaycan çox qərarlı addımlar atmalı, sərhəd ərazilərində gecə görmə qurğuları, müşahidə kameraları quraşdırmalı və sərhədi pozan terrorçuları zərərsizləşdirməlidir: “Onları əsir kimi götürüb, sonradan problem yaratmaq lazım deyil”.
Hərbi eskpert Abuzər Əbilov bildirdi ki, Azərbaycan xeyli vaxtdır Ermənistandan basdırılmış minaların xəritələrini tələb edir:
“Lakin Ermənistan tərəfi həmin xəritələri Azərbaycana verməkdən imtina edir. Burada yalnız Ermənistan tərəfini günahlandırmaq lazım deyil. Azərbaycan ərazisindəki sülhməramlıların da günahı az deyil. Onlar Kəlbəcər ərazisindən Ermənistan qoşunları və digər şəxslərin çıxarılması müddətinin uzadılması üçün Azərbaycana müraciət etmişdilər. Bu müddət ərzində bütün dünya gördü ki, ermənilər nələr törətdi. Evlərin yandırılması, təbiətə ziyan vurulması, infrastrukturun məhv edilməsi, yol və kommunikasiyaların minalanması həyata keçirilib”.
Ekspertin sözlərinə görə, Azərbaycan tərəfi özünün sərhədlərini müəyyən etməklə məşğuldur:
“Ermənistanın kəndlərinə gedən bir sıra yollar var ki, Azərbaycan həmin yolları nə minalayır, nə də əhalisinə hansısa maneçilik törədir. Lakin Azərbaycan dəfələrlə beynəlxalq ictimaiyyətə müraciət etsə də, beynəlxalq ictimaiyyət bu problemdən yan qaçmaqdadır. Onlar terrorçuların qaytarılması məsələsinə reaksiya göstərir, ancaq bundan vacib olan məsələ ərazilərdə minalardan təmizlənməsi, orada insanların normal yaşamasıdır”.
A.Əbilov hesab edir ki, jurnalistlərin həmin ərazilərdə olması vacibdir:
“Çünki onlar gərək ermənilərin törədikləri vəhşilikləri lentə alsınlar, həm beynəlxalq ictimaiyyətə təqdim etmək, həm də tarix üçün bunu sənədləşdirsinlər. Lakin bundan sonra daha ciddi və diqqətli olmaq, hərbçilərlə birlikdə hərəkət etmək lazımdır. Maksimum çalışmaq lazımdır ki, yoxlanılmamış yerlərdən, yol kənarlarından və digər maraq yarada biləcək yerlərdən uzaq duraq. Su quyuları, evlərin kənarları, yol kənarları, maraq doğura biləcək obyektlər və sair bu kimi yerlərdə çox diqqətli olmaq vacibdir”.(pressklub)
Ülviyyə Şahin