Leninin silahdaşı, Stalinin türmə dostu, Beriyanın düşməni –Orconikidzenin ölümünün müəmmaları
Onun ölümü ilə bağlı yazılan rəydə aşağıdakılar əks olunub:
“Son iki ildə Qriqori (Serqo) Orconikidzenin səhhətində ürəyi ilə bağlı problemlər olub və bununla bağlı onun həkimlərə müraciəti haqqında rəsmi sənədlər mövcuddur. Həmçinin 1929-cu ildə keçirdiyi vərəm xəstəliyindən sonra onun bir böyrəyi əməliyyat olunaraq çıxarılıb. Bu əməliyyatdan sonra Orconikidzenin digər böyrəyində inkişaflı patoloji proseslər aşkar edilib.
18 fevral 1937-ci ildə Orconikidzenin günorta saatlarına qədər həkimlərə müraciəti qeydə alınmayıb. Heç bir şikayəti olmasa da həmin gün saat 17-30-da gündüz istirahəti zamanı o, infarkt keçirib və bir neçə dəqiqə ərzində bu infarkt təbii ölümlə nəticələnib...”
Rəyə SSRİ səhiyyə komissarı (naziri) Qriqori Kaminski, Kremlin müalicə-sanitar idarəsinin rəisi Xodorkovski, həmin idarənin baş məsləhətçisi, tibb elmləri doktoru Levin, Kreml ambulatoriyasının növbətçi həkimi Mets imza atıblar.
Partiya təxəllüsü Serqo olan Qriqori Orconikidzenin ölümü ilə bağlı rəsmi açıqlama məhz bu cür təqdim edilib.
Amma çox keçməmiş məsələnin qeyri-rəsmi tərəfləri üzə çıxmağa başlayıb, Orconikidzenin ölümünün əsl səbəbləri haqqında fərqli versiyalar səsləndirilib.
Sonralar Serqo Orconikidzenin həyat yoldaşı Zinaida Qavrilovna öz xatirələrində 1937-ci ilin 18 fevral gününü belə xatırlayıb:
“Həmin gün Serqonun əhvalı çox yaxşı idi. Ümumiyyətlə, o, nikbin bir insan idi, bədbinliyə qapılmağı sevməzdi. Günortadan sonra o, bir az istirahət edəciyini bildirdi və öz otağına keçdi. Mənzilimiz böyük idi, hətta elə vaxtlar olurdu ki, qohumlarımızın, qonaqlarımızın evimizə gəlməyindən bir neçə dəqiqə sonra xəbər tuturduq. Saat 17:30-da atəş səsi eşitdim. Dərhal Serqonun otağına keçdim. O, artıq keçinmişdi.
Təxminən yarım saatdan sonra Stalin və bütün ətrafı bizə gəldilər. Tanımadığım adamlar da var idi aralarında. Həmin adamlar 10-15 dəqiqənin içində bütün mənzildə təmizlik işləri apardılar. Döşəməni, Serqonun otağındakı şkafları xüsusi məhlul əlavə olunmuş su ilə sildilər. Serqonun yatağının yanındakı tumbanın içində və üstündə nə var idisə hamısını götürdülər. Bundan sonra təşrif buyuranlar mənzili tərk etdilər.
Stalin qapıdan çıxanda məni çağırdı, olduğundan da bir az ciddi xəbərdarlıq etdi:
“Ölümün baş verməsinin təfərrüatları ilə bağlı bir kəlmə də danışmamalısan, yalnız rəsmi məlumatdan başqa. Əks-halda bunun nəticəsi yaxşı olmayacaq. Sən məni yaxşı tanıyırsan.
Mən heç nə demədim. Çünki nələrin baş verəciyini anlayırdım...”
Orconikidzenin dəfni təntənəli keçirilib. Onun yandırılmış nəşinin külünü Stalin, Mikoyan, Molotov, Jdanov və digər Kreml məmurları çiyinlərində daşıyıblar, şüşə qabdakı kül Kreml divarlarına yerləşdirilib, üzərinə xatirə lövhəsi vurulub.
Cəmisi bir neçə gündən sonra Mərkəzi Komitənin plenumunda Stalin Orconikidzenin fəaliyyətini sərt tənqid edib. Növbəti bir ildə isə onun həyat yoldaşı, iki qardaşı sürgünə göndərilib, bacısı və digər qardaşı güllələnib. Bir sözlə Orconikidzenin ən yaxın adamlarına ən amansız cəzalar tətbiq edilib.
Maraqlıdır, Orconikidzeyə qarşı bu münasibət hansı səbəblərdən yaranıb?
Serqo Orconikidze 1886-cı ildə Gürcüstanda, Kutaisinin Qoreşa kəndində anadan olub. İki illik təhsildən sonra qohumları onu Tiflisə aparıblar. 1901-1905-ci illərdə o, Tiflisdə feldşer məktəbini bitirib. Gənc yaşlarından inqilabi fəaliyyətə qoşulub, bir neçə dəfə həbsə salınıb, sürgünə göndərilib.
Orconikidze ilə Stalin 1907-ci ildə Bakıda, Bayıl türməsində, 3 nömrəli kamerada tanış olublar və aralarında sıx dostluq münasibəti yaranıb. Qeyd edək ki, sonralar Stalin hakimiyyətdə olduğu vaxtlarda onlar bir-birlərinə “sən” deyə müraciət ediblər. Dostluq münasibətləri o qədər yaxın olub ki, Stalinin həyat yoldaşı Nadeyda Alliluyeva intihar edən gecə Orconikidze və Kirov səhərə qədər Stalinin mənzilində qalıblar.
Serqo Orconikidze SSRİ-nin yaradılması işində Leninin ən yaxın silahdaşlarından olub. Xüsusilə də Zaqafqaziyada sovet hökumətinin qurulmasında əsas fiqurlardan biri sayılıb. O, bolşevik partiyasının imici naminə öz həmyerliləri ilə konfliktlərdən də çəkinməyib. 20 oktyabr 1922-ci ildə isə Orconikidze ilə gürcü siyasətçiləri arasında növbəti insident yaşanıb. Həmin gün Tiflisdə keçirilən görüşdə Mərkəzi Komitənin üzvü Kabaxidze Orconikidzeni təhqir edərək onu Stalinin eşşəyi adlandırıb. Bu ifadəyə Orconikidze onu sillələməklə cavab verib. İnsident haqqında Leninə məlumat verilib. Lenin Orconikidzeni əl qaldırmağına görə ciddi cəzalandırmaq istəsə də, Stalin bunun qarşısını alıb. Məsələnin araşdırılması Dzerjiniskiyə həvalə olunub, o, Stalinin göstərişi ilə məsələni Orconikidzenin xeyrinə həll edib.
1922-ci ildə Serqo Orconikidze Zaqafqaziya Diyar Partiya Komitəsinin birinci katibi vəzifəsinə təyin edilib. O, bu vəzifədə 1926-cı ilə qədər işləyib.
1926-cı ildən 1930-cu ilə qədər Orcinikidze Mərkəzi Partiya Nəzarəti Komissiyasına rəhbərlik edib. Daha sonra iki il Xalq Təsərrüfatı Ali Sovetinə başçılıq edən Orconikidze 1932-ci ildə SSRİ-də yeni yaradılan Ağır Sənaye Komissarlığına komissar təyin olunub.
Araşdırmaçıların qənaətinə görə, SSRİ-də iqtisadiyyatın inkişafında Orconikidze müstəsna xidmətlər göstərib. Maşınqayırmada, aviasiya sənayesində, elektrik enerjisi həcminin artırılmasında, yeni zavodların inşası və istismara verilməsində Orconikidzenin gərgin əməyi sayəsində SSRİ-də ən yüksək göstəricilər əldə olunub.
Yüksək xidmətlərinə, Stalinə sonsuz sədaqətinə baxmayaraq 1930-cu illərdə SSRİ-də hökm sürən mürəkkəb vəziyyət, baş verən hadisələr Orconikidzedən də yan keçməyib. Keçmiş bolşeviklərin kütləvi şəkildə xalq düşməni adı ilə repressiyaya məruz qalması Orconikidzeninin ciddi narazılığına səbəb olub. Bir neçə dəfə o, bu məsələ ilə bağlı Stalinlə diskussiya aparsa da heç bir nəticə hasil olmayıb.
O cümlədən Orconikidze həmin dövrdə Zaqafqaziya Diyar Partiya Komitəsinin birinci katibi işləyən Lavrenti Beriyanın qanuna zidd iş prinsipini kəskin şəkildə tənqid edib. Təbii ki, bu da Beriyanı növbəti “tədbirlərə” əl atmağa məcbur edib ki, o, Moskvaya hər gəlişində Orconikidzenin Zaqafqaziyada işlədiyi müddətdə “özbaşınalığı”, buraxdığı kobud “səhvlərin” törətdiyi fasadları Stalinə çatdırıb.
Anastas Mikoyan sonralar bu haqda yazıb:
“Orconikidze son vaxtlar çox gərgin görünürdü. Bunun səbəbini soruşanda dedi ki, mən Stalinə sədaqətliyəm, ona qarşı heç vaxt çıxa bilmərəm, amma Stalin bunu anlamır, o, Beriyaya inanır. Onu da bildirdi ki, Stalinlə bu haqda ciddi söhbəti olacaq. Orconikidze sözü birbaşa deməyi bacaran şəxs idi. Onun komandada olması çoxlarına sərf etmirdi. Xüsusilə də Beriya Stalin komandasında önəmli mövqe tutmaq üçün Orconikidze ona ən böyük maneə idi və o, bütün imkanlarından istifadə edib onu sıradan çıxarmağa çalışırdı...”
Məhz bu gərgin şərait Orconikidzenin ölümü ilə nəticələnib. Stalin bunu “Orconikidzenin ürəyi partladı” kimi ifadə edib.
Nikita Xruşşov isə öz xatirələrində Orconikidzenin ölümü haqqında fikirlərini belə bölüşüb:
“Stalin hakimiyyətinin ən dəhşətli faktlarından biri də Serqo Orconikidze ilə bağlıdır. Stalin onun bütün yaxınlarını, qohumlarını məhv etdi, Orconikidzenin özünü isə ölüm həddinə çatdırdı...”
Beləliklə, sovet hakimiyyətinin qurucularından biri, Leninin silahdaşı, Stalinin türmə dostu olan 50 yaşlı Serqo Orconikidzenin ölümünün əsas səbəbi müəmmalı qalıb.
İlham Cəmiloğlu