Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Qurşaqdan aşağı siyasət…

Hüquq-mühafizə orqanları və siyasi hakimiyyət özəl həyata kobud müdaxilə və qanun pozuntusu faktlarına niyə reaksiya vermir?

Yenixeber.org: Sosail şəbəkələrdə Milli Şuranın sədri Cəmil Həsənlinin qızına aid məhrəm görüntülər yayılıb. Bu barədə professorun özü “Facebook”da məlumat paylaşıb. O, hadisəyə görə siyasi hakimiyyəti və xüsusi xidmət orqanlarını ittiham edib. “Mənim qızım Günel Həsənlinin 38 yaşı var və 10 ildən çoxdur ki, həyat yoldaşından ayrılıb. Onun öz şəxsi həyatı ola bilər və yenidən ailə də qura bilər. Bunu ona heç kim, o cümlədən mən də qadağan edə bilmərəm. Burada qeyri-adi bir şey yoxdur. Əxlaqsızlıq başqasının intim həyatına burun soxmaq, dövətin təhlükəsizlik orqanlarını buna səfərbər etmək və bundan siyasi şantaj vasitəsi kimi istifadə etməkdir”, – deyə C. Həsənli yazıb.

Hadisə cəmiyyətdə kəskin reaksiyalara səbəb olub. Siyasətçilər, ictimai xadimlər, jurnalistlər, sosial şəbəkə istifadəçiləri olayı pisləyib, siyasi mübarizədə bu cür mübarizə üsullarının yolverilməz olduğunu bildiriblər.

Xatırladaq ki, son bir ayda üçüncü dəfədir ki, belə hadisə baş verir. Bundan əvvəl Fransada yaşayan, hakimiyyət nümayəndələrinin ünvanına mütəmadı təhqirlər səsləndirən Məhəmməd Mirzəli adlı şəxsin bacısının yataq görüntüləri, daha sonra isə feminist fəal Nərmin Şahmarzadəyə aid olduğu bildirilən gizli yazışmalar faş edilmişdi.

Azərbaycanda ictimai-siyasi fəallara qarşı bu cür “qara” PR kampaniyası 2014-cü ildə ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinə Eldar Mahmudovun rəhbərlik etdiyi dövrdə geniş vüsət alıb. Müxalif siyasətçilər, jurnalistlər, QHT təmsilçiləri intim görüntülərlə şantaja məruz qalıb. Sonralar MTN-in rəhbərliyindəki cinayətkar şəbəkə ifşa olunaraq dövlət vəzifələrindən kənarlaşdırıldı, bəziləri həbs edildi, nazirlik isə ləğv olunaraq yerində Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradıldı. Həmin dövrdən keçən 6 il ərzində bu tip qaralama hadisələrinə demək olar ki, rast gəlinməmişdi. Adı çəkilən yeni qurumlar 44 günlük Vətən müharibəsində qələbənin əldə olunmasında çox mühüm rol oynayıblar, sıralarından şəhidlər veriblər.

Cəmil Həsənlinin qızına qarşı qanunsuz hərəkətin kimlər tərəfindən törədildiyi məlum deyil. Hansısa dövlət orqanının bu işdə əlinin olub-olmadığını bilmirik. Rəsmi qurumlar bu barədə iddialara hələ ki reaksiya verməyiblər.

Hadisəyə gəldikdə, bu, ən əvvəl vətəndaşın konstitusion hüquqlarının pozulmasına səbəb olmuş, Cinayət Məcəlləsində məsuliyyət nəzərdə tutulan cinayət əməlidir. Belə ki, Konstitusiyaya 2009-cu ilə keçirilmiş referendumda edilmiş əlavəyə görə, əməliyyat-axtarış tədbirləri keçirilən hallar istisna olunmaqla, digər hallarda şəxsin onun xəbəri olmadan və etirazına baxmadan izlənilməsi, video, foto çəkilişinə, səs yazılmasına və digər bu cür hərəkətlərə kütləvi informasiya vasitələrinin nümayəndələri və digər şəxslər tərəfindən məruz qalması yolverilməzdir. Cinayət Məcəlləsinin 156-cı (şəxsi həyatın toxunulmazlığını pozma) maddəsində isə yazılıb:

156.1. Şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi, qanunsuz toplanılması min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.

156.2. Eyni əməllər:

156.2.1. vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə;

156.2.2. məsafədən idarə edilən pilotsuz uçan aparatlardan istifadə etməklə törədildikdə 

üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Hüquqi baxımdan məsələ tamamilə aydındır: vətəndaş Günel Həsənlinin şəxsi həyatına müdaxilə edilərək özəl həyatına aid görüntüləri qanunsuz olaraq əldə olunub. Amma bu hadisəyə dövlət qurumlarının – Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin hələ ki, reaksiyası yoxdur. Halbuki hüquq-mühafizə orqanları dərhal hərəkətə keçib, fakt üzrə araşdırma aparmalı, cinayət işi açmalı, olayın hansı şəraitdə baş verdiyinə aydınlıq gətirməyə çalışmaqla cəmiyyət və Konstitusiya qarşısında öz vəzifə borclarını yerinə yetirməlidirlər. Məntiqlə, siyasi hakimiyyət bu cür mübarizə üsullarına qarşı olduğunu bəyan edərək faktın araşdırılması üçün hüquq-mühafizə orqanlarına çağırış etməli idi. Amma təəssüf ki, bu, hələlik baş verməyib.

Hadisənin siyasi tərəfinə gəldikdə, Günel Həsənli hökumətə müxalif olan Milli Şuranın sədrinin qızıdır. Cəmil Həsənli vaxtaşırı iqtidarın ünvanına sərt çıxışlar edir. Heç kimdə şübhə yoxdur ki, qızı məhz onun ictimai nüfuzuna zərbə vurmaq üçün bu cür “diqqətə” məruz qalıb. C.Həsənli hadisəni ailəsinə və özünə qarşı mənəvi terror hesab edir.

Siyasi mübarizədə bu cür yaramaz üsullara yenidən əl atılması, qurşaqdan aşağı zərbələrlə rəqibin sıradan çıxarılması cəhdləri heç kimə başucalığı gətirməyəcək. Bu, hər şeydən insan hüquq və azadlıqlarına, sivil siyasi mübarizə metodlarına vurulan ağır zərbədir. Bu cür hallar siyasi düşmənçiliyi, qütbləşməni, qarşılıqlı nifrəti və qisasçılıq hisslərini daha da gücləndirir, siyasi mədəniyyətin inkişafını əngəlləyir. Bu isə gələcəkdə proqnozlaşdırılması mümkün olmayan olaylara gətirib çıxara bilər. Ona görə də siyasi hakimiyyət və hüquq-mühafizə orqanları məsuliyyətlərini dərk edib, üzərlərinə düşən vəzifələri yerinə yetirməlidirlər. Cəmiyyət onlardan mövqe gözləyir. Azərbaycanda siyasi mübarizə Konstitusiya və qanunlar, etik çərçivə və çox danışılan milli-mənəvi dəyərlərə uyğun aparılmalıdır.(pressklub)

Turqut


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam