Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

 “Özü yıxılan ağlamaz” -Xəyanət və sədaqət.

   

Yəqin ki, yer üzündə ömründə heç olmasa bir dəfə xəyanətlə üzləşməyən insan yoxdur. Bəlkə insanlara etibar etməmək daha düzgün yoldur? Amma həyat əksini sübut edir, nə qədər xəyanətə məruz qalsa da, dəfələrlə  xəyanət etsələr də, insan yenə də kiməsə inanacaq! İnanmaq, etibar etmək insanın sosial, mənəvi və həyati tələbatıdır. Xəyanət insan cəmiyyətinin qarşılaşdığı ən aktual problemlərdən biridir, onun çox dərin və müxtəlif səbəbləri vardır. Dünyanın bütün ölkələrində xəyanət hadisəsi rast gəlinir. Bəs insanlar nəyə görə xəyanət edirlər? Xəyanətin sosial-psixoloji səbəbləri varmı? Xəyanət edənlərə haqq qazandırmaq mümkündürmü?

 

Yenixeber.org: Xəyanət çox mənfi nəticələrə gətirib çıxara bilər, insanların çoxu, xüsusən gənc yaşlarda xəyanətə dözə bilmir, öz məğlubiyyətinin öhdəsindən gələ bilmir. Buna görə inanıram ki, kimsə kiməsə xəyanət etdikdə qarşısındakı insana böyük pislik edir. Psixoloqlar xəyanətin 3 formasını ayırd edirlər:1)fiziki, 2)psixoloji, 3)sosial xəyanət. Fiziki xəyanət insanın fiziologiyası ilə əlaqədar olan cinsi xəyanətdir. Psixoloji xəyanət müasir dünyada geniş yayılmış, yanında biri, qəlbində isə başqa biri olan xəyanətdir. Sosial xəyanətə isə həyatın bütün sahələrində rast gəlmək mümkündür.

Yəqin hər bir insan xəyanət qurbanı olmuş birinin nə qədər ağrı, hansı inanılmaz əzablar çəkdiyini görmüşdür. Bu, həyatda bir dəfə də olsa, xəyanətə məruz qalanlara daha yaxşı məlumdur. Ancaq çox adam xəyanətin nə olduğunu bilmir. Təcrübələrimiz və ağrılarımız bizə xəyanətin səbəblərini öyrədə bilmir, xəyanətin səbəblərini qəbul edə bilmirik, sadə və təbii suallara cavab verə bilmirik. Beynimizdə ancaq "niyə?" və “nə üçün?" sualları təkrar olunur. Cavab nə olsa da, bizi qane etmir. Səbəblər inandırıcı olsa da, ağrılar dayanmır. Cəmiyyətin əxlaqi və etik qanunları ilə xəyanət və xainlər qınanır. Xainlərin özləri isə bunu çox vaxt bilmirlər! Xainlər xəyanətlərini çox təbii qəbul edir, özünə haqq qazandırır. Amma, bütün bunlar insanı, yəni xəyanətə məruz qalmış insanı sakitləşdirmək, xəyanətlə barışmaq məsələsinə məcbur edə bilmir.

 

İnsanların bir-birinə güvənməsi çox gözəl bir şeydir. Dürüstlük və sədaqət insan cəmiyyətinin asayişini qorumaq üçündür. Xainlər yalnız özlərinə deyil, hər kəsə olan inamı öldürür. İnsanlar bir-birinə fərqli yollarla xəyanət edir. Mağazada birini aldatmaqdan başlamış, özünə olan güvəni xırda şeylərlə qırmaq xəyanət hesab olunur. Eyni ilə bir insanın ruhunu tamamilə alt-üst etmək, daxili dünyasını tamamilə məhv etmək səviyyəsində də xəyanət formaları var. İstər böyük, istərsə də kiçik xəyanət arxadan zərbədir. Ailəsini aldatmaqdan tutmuş, dostunu darda qoymaq, övladını tərk etmək, ata-anasına qoca və xəstə vaxtı yardım etməmək də xəyanət hesab olunur.

 

Bilmirəm siz mənimlə razılaşarsınızmı qadın məhəbbəti və etibarlılılığnın sonsuz olduğuna. Tale üzünə gülməyəndə belə qadınlar (biz əsil qadınlardan danışırıq) etibarlı və sədaqətli olduğunu daim subut edib. Taleyi üzünə gülən qadınların müsbət xüsusiyyətlərinin olması təbiidir. Taleyin ağır zərbələr vurduğu qadınların müsbət xüsusiyyətlərə malik olduğunun azmı şahidi olmusunuz? Taleyinə ağır sınaqlar yazılmış qadınlar bir zərbənin acısı getməmiş, başqa bir sınaq qarşısında qalmağa məhkum olur, lakin təbiətən vəfa və etibarlılıq xüsusiyyətlərnə sahib olduğuna görə yenidən  özünü bərpa edir. Nadir hallarda bir kişinin öhdəsində qalan övladları təkbaşına, gecələr işləyib gündüzlər övladlarının məktəbi, geyimi, yeməyi ilə məşğul olaraq tam boya-başa çatdırıb, hətta toy edib evləndirdiyinin şahidi olmaq olar. Belə qadınların isə sayı çoxdur. Hər kəsin qohum-qonşusu arasında belə qadınlar onlarladır. Uşaqları təkbaşına böyütmək deyəndə bir çoxları bunun nə demək olduğunu, bu prosesin nə qədər ağır olduğunu bəlkə dərk eləmir. Çünki, bunu dərk etmək üçün həyatın burulğanlarına düşmək lazımdır.  Bu həyatı tam reallığı ilə yaşamasan anlaya bilməzsən.

 

Ancaq həyat birgünlük deyil. Insan dünyaya xoşbəxt olmaq üçün gəlir və qadın adlanan məxluq kişisiz nə qədər xoşbəxt ola bilər, bu hamıya məlum olan məsələdir. Qadınlara məsləhət verərkən onların psixoloji vəziyyətini mütləq nəzərə almaq lazımdır. Qadın ailə qurmağa çalışırsa bu zaman hər kişiyə etibar edə bilməz. Bəzən qadınlar tək yaşayan subay kişilərə daha çox inanır və nəticədə pis vəziyyətdə qalırlar. Ümumiyyətlə tək yaşamağa alışan subay kişilər bir növ təbiətin səhvi hesab olunur. Onların psixologiyasında qarışıq proseslər mövcuddur və onlarla bir qədər ehtiyatlı olmaq lazım gəlir. Bu kişilər adətən evlənmir, ancaq qadınlardan istifadə edərək onları aldadır. Onu qeyd edim ki, bu bütün dünyada uzun illər tək yaşayan subay kişilər barədə psixoloqların gəldiyi nəticədir. Belə birinə aldanıb sonda ağlamağa məhkum olanlar əvvəlcədən bunu bilsələr yaxşıdır.

 

Bəzən tək qadınlar övladlarını kişilərə qurban verməklə uşaqların həyatını pozur və bununla dünyada ən böyük səhv etmiş olurlar. Bununla demək istəyirəm ki, dünyada ən yaxşı kişi qadın üçün övladından qiymətli olmamalıdır. Qadını yaradan allah onu ilk öncə ana olaraq yaratdığını qadın mütləq nəzərə almalıdır.

Mənim şəxsən tanıdığım bir qadın var, bu qadın ərindən ayrılıb və başqa bir kişi ilə yaşayır. Öz uşaqlarının taleyi ilə çox az maraqlanır, bütün vaxtını və sevgisini bu kişiyə verir. Lakin bu  acı bir səhvdir, lazım gələndə öz acı meyvələrini verəcək. Övladının həyatını sevdiyi kişiyə qurban verən qadın ana və qadın kimi heç nəyə dəyməz.  Əlbəttə ailəsi dağılmış hər bir qadının yenidən ailə qurmağa və xoşbəxt olmağa haqqı var, ancaq bu uşaqların həyatını korlayıb onlara mənəvi zərbə vurmaq hesabına başa gəlməməlidir. Öz övladlarının taleyinə biganə olan analar bunun acı nəticəsini mütləq görəcəklər. Əksinə tək qadınlar onların övladlarının taleyinə biganə olan kişilərlə əlaqə saxlamasalar daha yaxşı olar.

 

İnsan övladı xüsusən qadınlar nə qədər güclü olsa da sonunda bir etibarlı arxaya, həyatda öz arzu və istəklərinin reallaşmasına aparan yola möhtacdır. Həssaslıq və güclü intuisiya qabiliyyəti verilmiş qadınlar öz həyatlarını dəyişmək və xoşbəvt olmaq üçün yollar və vasitələr axtarışından usanmamalıdır.

Bununla belə, kişilər bir kəlmə ilə hara desən gedən qadınlara heç vaxt etibar eləmir və onlar bu qadınlardan ancaq xoş vaxt keçirmək üçün istifadə edir. Məlumdur ki, belə qadınlarla nadir hallarda evlənirlər, hətta evlənsələr belə onların ailəsi belələrini qəbul eləmir. Buna görə həyat qurmaq axtarışında öz qadın ləyaqətinizi qorumalısınız. Əks təqdirdə uduzan tərəf məhz siz olacaqsınız. “Özü yıxılan ağlamaz” amma, səhv edib məğlubuyyətin ağrısından ağlamaq təbiidir, siz ağlayanda göz yaşınızı silən olmayacaq.

 

Kədərli anlarınızda evdə uşaqlarınızla sərt davranmayın,  unutmayın ki, sizin  həyatınızda uşaqların heş bir günahı yoxdur. Əksinə  ata qayğısına möhtac olan uşaqlara bir qədər artıq qayğı ilə yanaşın. Məlum məsələdir, uşaqların böyüməsi üçün gecə-gündüz calışan fədakar anaların  qayğı və məhəbbətə daha çox ehtiyacı var. Lakin nə etməli, bu qadının taleyidir. Bu qayğı və məhəbbəti kimsə gətirib sizə verməyəcək, lazım gələrsə siz bu məhəbbət və qayğını mübarizə yolu ilə almalısınız. Ətrafdakı adamların sizə hörmətlə yanaşmasını tələb edin. Lazım gəldikdə öz dəyərinizi isbat edin, bu sizin haqqınızdır. Ya “bu taleyin hökmüdür, mənim alnıma belə yazılıbmış”, deyib tabe olmalısan, ya da “allah böyükdür,  məni o yaradıb o mənə mütləq bir yol açacaq“ deyib mübarizə aparmalısan.

 

Uşağınız var deyə şəxsi həyatınızın üstündən qara xətt çəkməyin, dünyada hər şeydən mütləq bir çıxış yolu var. Unutmayın öz doğma övladınız belə sizin özünüzə insan kimi hörmət etməyinizə biganə qalmayacaq. Dəyərsiz adamların qəlbinizi yaralamasına yol verməyin. Ləyaqətinizi və xoşbəxtlik haqqınızı bir an olsa belə unutmayın. Bu həyatdır və tək qalmaq da insanın bir qismətidir. Bütün bunların nə qədər çətin olduğunu bildiyiniz halda yenə təslim olmayın.

Heç bir kişiyə öz arzularınızı qurban verməyin. Əgər arzularınızı qurban versəniz axırda mütləq səhv etdiyinizə peşiman olacaqsınız. Əgər sizin böyük arzularınız varsa və sevdiyiniz kişi (və ya qadın) sizin arzularınıza hörmətlə yanaşmırsa, sizi heç nəyə qabiliyyəti olmayan bir qadın hesab edirsə siz özünüzü təsdiq etmək üçün mübarizə aparmalısınız.

Mənim bir tanışım var. Bu qadın həkimdir. Bir zaman ərinə xidmət etmək, onun yazı işlərinə kömək etmək üçün öz sənətini qurban verib, əri hüquq elmi üzrə dissertasiya yazarkən başqa ölkələrə getməli olduğundan onun yazılarını toplamaq, ailənin qayğısını təkbaşına çəkmək onun üzərinə düşüb. Sonda əri işini müvəffəqiyyətlə başa çatdırıb. Böyük uğurlar və müvəffəqiyyət bir çox kişilər kimi onun ərinin də dəyişməsinə səbəb olub. Bu həyatdır,  heç kim gözlənilməz hadisələrdən sığortalanmayıb. Qadın bir tanışından təsadüfən öyrənib ki, onun əri şəhərin başqa tərəfində yeni tikilən binaların birində ev alıb, başqa bir qadınla yaşayır və bir uşağı var. Belə belə işlər.. İtirilən ömür və vaxt üçün ağlamaq insana nə verir ki... Ağlamağa dəyməz, dünyada heç bir xəyanət qadının göz yaşına cavab verməz, döyüşmək, çalışmaq və qalib gəlmək. Unutmayın, siz allahın sevimli bəndəsisiniz.

Quşlar öz ruziləri üçün heç narahat olmurlar, yayda rahat yaşayır, qışda isə allahın isti yaratdığı ölkələrə uçur, orada öz həyatlarını davam etdirirlər. Həmişə də razı yaşayırlar. Sürülərlə yaşayan heyvanlarda da xəyanət yoxdur.  Bu, genetik səviyyədə heyvanlar arasında olmayan hadisədir.  İnsan quş deyil, onun dünyanı dəyişmək və adaptasiya etmək qabiliyyəti var. Biz insanlar təkcə qida və digər qida kimi vacib məsələlərlə kifayətlənmirik. Bizə öz istədiklərimizi almaq üçün çox şeylər lazımdır. Xəyanət və rəqabət də elə insanlar arasında olur, insanlar bir-birinə nə qədər yaxın olsalar, xəyanət də bir o qədər gözlənilməz və ağrılı olur.

Ağıllı və təcrübəli bir adamdan eşitdiyim məsləhət:dövran elə gətirib ki, heç kimə etibar etmək olmur, kimə güvənirsən səni aldadır. Əgər pul qazanmaq istəyirsinizsə, amma bunu etmək üçün köməyə ehityacınız varsa, bir az düşünün. Düz yolla pul qazanmaq çox çətindir, bu yolda hər kəsin köməyə ehtiyacı var, bu məlumdur. Amma, şərik işləyib pul qazanmaq daha çətindir. Tək çalışmaqla qazandığın pul az da olsa, yalnız sənə məxsus olur. Şərik işləyib pul qazanmaq daha asan olsa da, şərik işləyəcəyiniz adama ehtiyatla yanaşın ki, sonda əliniz boş qalmasın (sonda ağlamamaq üçün). Əgər şərik işləyəcəyiniz adamdan azacıq şübhələnirsinizsə, mütləq bu yoldan dönün. Düşünüb elə bir işlə məşğul olun ki, yalnız öz əlinizdən keçsin, nə qazansanız, min bərəkət!

“Özü yıxılan ağlamaz”. Bu atalar sözünü müxtəlif mənalarda qəbul etmək olar. Əslində çox vaxt insan özü yıxılır, ola bilər qəsdən yıxanlar da olur. Amma nə fərqi var, yıxılan adam ağlamalıdır, ağlamasa yəqin ağrılara dözə bilməz. Bəs yıxılanda yıxılanın əvəzinə kim ağlasın? Praktik psixologiya elmi ağlamağın əhəmiyyətini inkar etmədiyi üçün yıxılanın ağlamağına qadağa yoxdur.

Özünüzü güzgüdə necə görürsünüz? Gözəl, gülərüz, özündən razı. Normal halda belədir. Bəs normal haldan bir başqa hala keçəndə, məsələn xəyanətə uğrayanda sizi güzgü necə göstərir? Xəyanətə uğramış bir insanın üzü təxminən necə olur?  Bir az əvvəl gördüyünüz gözəl, gülərüz, özündən razı kimi, yoxsa? İndi əvvəlki adamın əksi yoxdur güzgüdə, yerində başqası dayanıb.  Çünki, insanın üzünün cizgilərini keçirdiyi sarsıntı bir anda dəyişə bilir. Ruhda hər şey incə şəkildə dəyişir: qısa müddətə  gözəllik, rahatlıq yox olur,  qəzəb, küskünlük, intiqam almaq istəyi insanı bütün energetik səviyyələrdə dəyişir. Güzgünün o tərəfində nə olduğunu heç düşünmünüzmü?

Necə fikirləşirsiniz, güzgünün o tərəfində məğlubiyyətlə barışmaq var, yoxsa?

                                   Fikirlərinizi aşağıda yaza bilərsiniz.                                              

_________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________

 Amaliya Murad

İnsan münasibətləri üzrə ekspert. İnsanın öz resurslarından istifadə etmək bacarığının inkişafı yollarını, şəxsiyyətlərarası münasibətlərdə ziddiyyətlərin və qarşıdurmaların səbəblərinin insanın düşüncə tərzindən asılılığının  araşdırmaçısı.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam