Ailələr niyə dağılır?:Səbəblər və səbəbkarlar
Yenixeber.org: Həyat çox mürəkkəbdir. Bəzən xoşbəxtliyini tapıb rahat yaşadığın zaman ağıla gəlməyən yerdən biri çıxır və sənin xoşbəxtliyini əlindən almaq istəyir. Çox vaxt da ala bilir.
Ailə quran hər bir qadın istəyir ki, həyat yoldaşı onu daim ön plana çəksin və hamıdan – ata, anasından, bacı-qardaşından üstün və yaxın hesab etsin. Hər an onu xatırlasın, hər yerdə ona üstünlük versin, hər işdə onunla hesablaşsın, o nə desə o cür olsun, hətta ər onun istəklərinə görə öz istəklərindən də imtina etsin. Çünki qadın bütün ömrünü onunla keçirməyə razılıq verib, öz ata evindən köçüb ərin evinə gəlib, həyatını ərinin istədiyi istiqamətdə dəyişib ona tabe olub.
Yaratdığı bir dünya xəyalla bərabər ər evinə köçəndən qısa bir müddət keçdikdən sonra bütün xəyallarının puç olduğunu hiss edir. Həyatının belə istiqamətdə dəyişməsi onu ruhdan salır, ailə həyatının mənasız və dəyərsiz olduğunu fikirləşir. Həyat yoldaşının evlilikdən qısa bir müddət keçəndən sonra dəyişdiyini hiss etdikdə dərdini hamıya danışmağa, ürəyini boşaltmağa çalışır və ya heç kimə heç nə danışmayıb depressiyaya düşür. Ərinə tez-tez ona xoşbəxtlik söz verdiyini xatırladır, sözünü unutduğunu, onu artıq sevmədiyini deyir.
Bu arzularla yaşamaq və həyatda istədyi kimi yaşamaq hər kəsin haqqıdır. Amma qadınlar da kişilər kimi evləndikdən sonra mütləq dəyişir. Özləri bunu hiss etməsələr, belə nişanlı olduqları günlərin həsrətini çəkərək özlərini keçmişə kökləyir, gələcəyə o qədər də ümid bağlamırlar. Hər gün şikayət edən, ərinin onu əvvəlki kimi sevmədiyini, ona hörmət etmədiyini deyən qadınlar səhv edir, ərini bu cür proqramlaşdırırlar. Hər gün işdən yorğun gələn, qadınından narazılıq və şikayət görən kişinin xasiyyəti mənfi tərəfə dəyişməlidir. Qadın çalışmalıdır ki, gündəlik həyatın burulğanından sonra ər evdə özünü sakit və rahat hiss etsin, evdə dincəldiyini, qiymətləndirildiyini bilsin. Əks təqdirdə qadın öz yuvasını soyudur. Bu vəziyyətdə rəqib axtarmaq, kimi isə günahlandırmaq lazım deyil. Günahkar qadın özüdür. Belə bir vəziyyətdə kişi ona xoş üz göstərən. onun qeydinə qaldığını büruzə verə bilən hər hansı bir qadının arxasınca gedə bilər və burada qəribə bir şey yoxdur. Rəqabət hər yerdə var.
Bizim ölkəmizdə qızların erkən yaşda ailə qurması və ya ailə qurmağa məcbur edilməsi geniş yayılmışdır. Bu ailələr çətin yollardan keçir və son nəticədə dağılır. Qadın savadsız olduqda, xörək bişirməkdən və paltar yumaqdan başqa bir iş bacarmadıqda bu daha ağır fəsadlara səbəb olur. Qeyd edəki ki, bu qızlar çox vaxt xörək bişirib paltar yumağı da bacarmırlar. Ər bu ailəni tərk etdikdə, belə qızlar çox çıxılmaz vəziyyətdə qalır. Düzdür, savadlı qadınlar da ailədə problemlər yaradır, öz çətin xarakteri ilə ailəyə dava-dalaş salır. Amma bu hal o qədər də çox rast gəlinmir. Savadlı, bacarıqlı qadınlar ailə həyatı onu qane etmədikdə boşanır və öz həyatını idarə edir.
İşləyən qadınların çoxu şikayət edir ki, iş yerimdə hamı mənə hörmətlə yanaşır, qədrimi bilirlər. Amma həmin qadına bir sual verilməlidir; sən iş yoldaşlarınla rəftar etdiyin şəkildə, ərinlə, ailənlə rəftar edirsənmi? Bəzi qadınlar evdə ərləri nə desə, buna qarşılıq bir cavab verməlidir, çığır-bağır salmalıdılar ki, uşaqları görsünlər ki, analarının sözü sözdür. Kişi bir söz dedikdə, qadın ikisini deyir, kişi əsəbləşən kimi qadın da qışqırmağa başlayır. Beləcə qadın, ailə həyatını döyüş meydanına çevirir.”
Ailədə maraqlarının toqquşması yəni, qadın və ya kişi üçün həyati əhəmiyyət kəsb edən dəyərlərin onun tərəf müqabili üçün qəbuledilməz olması faktı da özünü büruzə verir. Nəticədə onların ünsiyyəti, fikir mübadiləsində ortaq məxrəcə gələ bilməmələrinə səbəb olur. Ailə mühitinin harmoniyası pozulur, ciddi narazılıq, fikir ayrılığı yaranır. Ailədaxili münaqişələri doğuran səbəblər kifayət qədər mürəkkəb və rəngarəngdir.
Ümumiyyətlə bu səbəblər iki qrupa bölünür:
1.Ailə quranadək mövcud olan səbəblər
2.Ailə qurduqdan sonra yaranan səbəblər
1-ci qrupa daxil olan səbəblərə insanın tərbiyəsi, şəxsiyyəti, milliyyəti, dini və irqi aiddir. Əsas amillər aşağıdakılar hesab olunur:
1.Ailədə tərəf müqabillərdən birinin təhsildə və ya yaşda nəzərəçarpacaq dərəcədə (xüsusən, qadının kişidən yaşca böyük olması) fərqli olması
2.Tərəf müqabillərdən birinin spirtli içkiyə və narkomaniyaya meylliliyi və ya aludəçiliyi
3.Erkən yaşda nikaha daxil olma
4.Nikaha və ailəyə qeyri-ciddi münasibət
5.İlkin tanışlıq müddətinin çox qısa olması
6.Ailə qurduqdan sonra uşağın dünyaya gəlməsini tərəf müqabillərdən birinin istəməməsi
7.Valideynlərin nikahın bağlanmasına kəskin etirazı
8.Məcburi bağlanan nikah
9.Ciddi maddi problemlərin olması
Bu amillər ailə həyatının xüsusilə ilk illərində həlledici təsirə malik olur. Belə ki, dağılan ailələr və müvafiq olaraq boşananlar sırasında 1 ildən 3-4 ilə kimi birgə yaşayanlar nisbi çoxluq təşkil edir. Bu onu göstərir ki, risk amilləri qrupu ailə quranların həyatını bir çox cəhətdən təyin edir. Bəzən birinin acığına digərilə və ya dostluq xatirinə ailə quranlar da tapılır ki, bu da ümumilikdə ailə həyatına qeyri-ciddi münasibətdən xəbər verir. Hazırda qurulan ailələrin bir qisminin dağılması tendensiyası müxtəlif səbəblərlə izah edilir. Tərəf müqabillərinin ailə quranadək bəzən bir-birlərini yaxından tanıya bilməməsi, qadın və kişinin dünyagörüşündə meydana çıxan ziddiyyətlər nəticəsində yadlaşmanın baş verməsi və qarşılıqlı sevginin itirilməsi bu səbəblər sırasına aid edilir. Çox vaxt maddi tələblər sonsuz olur ki, bu da ailənin büdcəsinin imkanları xaricində olur. Maddi çətinliklər atrıq başqa bir mövzudur.
Ailələrin dağılmasının səbəblərindən biri də xarici müdaxilədir. Sakit yaşayan ailəni yaxın qohumları və ya ailənin “dostları” dağıda bilərlər. Kənar müdaxilələrin məqsədi və maraqları müxtəlif olur, bəzən də sadəcə maraq üzündən və ya pis hadisələrdən mənəvi qida alan adamlar tərəfindən həyata keçirilir. Ailəyə kənardan özünün pis məqsədi ilə müdaxilə edən adamlara qarşı mübarizə aparmaq çox çətindir. Əgər bu müdaxilə gizli aparılarsa mübarizə daha çətin olur. Öz xoşbəxtliyi uğrunda mübarizə aparan insan çox şey bilməlidir, həyat təcrübəsi və səbri olmalıdır. Əks təqdirdə məğlubiyyət qaçılmazdır. Nəzərə alsaq ki, iki sevən adamları ayırmaq bəzən çox asan, bəzən isə çox çətin olur, ayrılıq salmaq istəyən adam isə bu yolda hər şeyə hazır olur, mütləq ağıllı və təcrübəli olmalıyıq. Amma hamı təcrübəli olmur, insan gənc yaşlarında belə şeyləri bilmir, bilsə belə, təcrübəsizlikdən çox vaxt hamıya inanır. Ailəni dağıtmaq istəyən adama layiqli cavab vermək üçün ailəni qorumaq yollarını bilmək lazımdır. Bəzən isə xoşbəxt bir ailə mənasız bir xəyanət üzündən dağılır.
Müasir informasiya texnologiyalarından istifadə edərək gecə-gündüz çatlaşma vətəndaş nikahı ilə yaşayan və qanuni evliliklərin bitməsində əsas səbəblərdən biridir.
Xəyanət insan cəmiyyətinin qarşılaşdığı ən aktual problemlərdən biridir, onun çox dərin və müxtəlif səbəbləri vardır. Dünyanın bütün ölkələrində xəyanət hadisəsi rast gəlinir. Qəribə olsa da, dünyada qadınların daha çox xəyanət etdkləri barədə məlumatlar vardır. Kişilərin xəyanətinə də qadınların bais olduğu deyilir. Amma, qadınların xəyanətinə kişilərin səbəb olduğu daha doğrudur.
Psixoloqlar xəyanətin 3 formasını ayırd edirlər:1)fiziki, 2)psixoloji, 3)sosial xəyanət. Fiziki xəyanət insanın fiziologiyası ilə əlaqədar olan cinsi xəyanətdir. Psixoloji xəyanət müasir dünyada geniş yayılmış yanında biri, qəlbində isə başqa biri olan xəyanətdir. Sosial xəyanətin formaları müxtəlifdir, burda çox vaxt kişi qadına işləməyə icazə vermir, sanki qadın işləsə dünya dağılacaq. Amma, işləmədən də xəyanət etmək istəyən qadın bir yol tapa bilər, bu da təsdiqini tapmış bir faktdır (indi hər növ virtual münasibətlər mövcuddur).
Mənim düşüncəmə görə ciddi iş məqsədi və karyerası olmayan, gözəl ailəsi olan, əri işləməsnə icazə verməyən qadınlar bir az düşüncələr pis olmaz. Bu onların xeyrinədir. Heç bir iş həyatı, heç bir şan-şöhrət və göylərə ucalan karyera sonda bir ailə istisini əvəz edə bilməz. Yaxşı ailəni heç nəyə qurban vermək olmaz. Yaxşı ailə allahın qadına bir lütfüdür, qadın bunun qədrini bilməsə, öz ağlına lənət oxusun. Dünyada “qadın xoşbəxtliyi” deyilən bir termin var. Əgər allah sizə bunu qismət edibsə, allahın iradəsi əleyhinə getməyin. Aşağıdakı məlumatı nəzərinizə çatdırmaqla yaxşı ailəni gözünüz kimi qorumağı məsləhət görərdik:
ABŞ alimlərinin apardığı tədqiqat göstərib ki, yalnız ailə, ev işlərilə məşğul olan qadınlar dövlət və ya özəl sektorda çalışan xanımlarla müqayisədə daha az xəstələnir, onlar daha cavan qalır və çox yaşayır. Deməli, zərif cinsin nümayəndələri uzun illər təravətini, gümrahlığını, ruh yüksəkliyini və normal psixi durumunu qoruyub saxlamaq üçün onlar ya kollektivlə çalışmamalı, ya da ümumiyyətlə, işdən, karyeradan imtina etməlidir”.
Qadın və ya kişi, fərqi yoxdur, özünəinam hissini, psixoloji durumunu həmişə nəzarətdə saxlamalıdır. Evdə belə özünənəzarəti itirmək olmaz. Davranışınıza, geyiminizə fikir verməlisiniz. Bu o demək deyil ki, evdə toy paltarı geymək lazımdır, amma, hər halda evdəki adamlar hamıdan dəyərlidir, onlara hörməti unutmaq olmaz. Evdə tərəf müqabilinizin xoşuna gələn geyim tərzində gəzsəniz, ailə ocağınız daha isti olar. Tərəf müqabilinizin xoşuna gəlməyə çalışmaq bir sənətdir, bu sənəti öyrənmək ailəsini qorumaq istəyənlərin əsas məqsədi olmalıdır.
Qadın hiss etdikdə ki, ərinin həyatında başqa biri var, araşdırmağa başlayır və təsdiq olunur ki, o haqlıdır. Bu zaman nə etməli? Rəqibin ünvanını tapıb üstünə davayamı getməli? Əlbəttə, yox. Bu üsul özünü həmişə doğrultmur. Sakit, ayıq başla düşünüb mübarizəyə başlamaq lazımdır.
Biləndə ki, əriniz və ya sevdiyiniz adam sizə xəyanət edir, o dəqiqə vulkan kimi püskürməyin. Əgər siz onu itirmək istəmirsinizsə, soyuq başla işinizi yoluna qoymaq istəsəniz aşağıdakı təkliflərə nəzər salın:
1.Özünüzü əvvəlki kimi sakit aparın, qəti özünüzü o yerə qoymayın ki, nə isə bilirsiniz. Evə niyə gec gəldiyini, onda bir dəyişiklik hiss etdiyinizi qətiyyən soruşmayın. Əgər o normal bir insandırsa, sizin bu ağayanalığınızı görüb utanacaq, öz sədaqət borcunu yadına salacaq. Hər bir insan oğlu səhv edə bilər, səhvini başa düşüb sizdən üzr istəyə bilər. Bu siyasətdən istifadə edərkən tərəf müqabilinizin xarakterini nəzərə alın.
2.Xəyanətdən xəbərdar olduğunuzu bildirirsiniz. Evdə dava salıb, onun iş yerinə və xəyanətə səbəb qadının evinə gedəcəyinizi, onu rüsvay edəcəyinizi söyləyə bilərsiniz. Kişilərin əksəriyyəti bu cür hadisələrdən qorxur, onlar öz karyerasını qurban verməklə əlaqədar risk etmirlər. Bu halda bir qədər diqqətli olmaq lazımdır, əksər kişilər belə vəziyyətə düşdükdə ailəsini qoyub gedə bilər. Bu siyasət yalnız qəti qərara gəldikdən sonra istifadə oluna bilər:ya mən, yada o.
3.Xəyanət edən tərəflə açıq söhbət aparırsınız, “nəyin çatmır ki, məni qoyub başqasının yanına gedirsən?” çatmayan şeyləri düzəldəcəyinizə, ailənizi qoruyub saxlamaq üçün nə lazımdırsa edəcəyinizə söz verirsiniz. Çox vaxt belə səmimi söhbət fayda verir. Əgər tərəf müqabiliniz digər tərəflə əlaqələrini dərinləşdirməyibsə geri qayıdacaq.
Istər kişi, istər qadın güvənə bildiyi, hər zaman onunla birlikdə olacağını bildiyi biri ilə yaşamaq istəyir. Hər 3 əməliyyat fayda verməsə, özünüzü öldürməyə, canınızı fəda etməyə dəyməz.
Amaliya Murad: xüsusi olaraq yenixeber.org üçün
İnsan münasibətləri üzrə ekspert. İnsanın öz resurslarından istifadə etmək bacarığının inkişafı yollarını, şəxsiyyətlərarası münasibətlərdə ziddiyyətlərin və qarşıdurmaların səbəblərinin insanın düşüncə tərzindən asılılığının araşdırmaçısı.